Azərbaycanda Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, 10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Bu da o deməkdir ki, ardıcıl 5 gün (aprelin 10,11,12,13 və 14-ü) iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.


Xankəndi yenidən qurulur, binalar əvvəlki görkəminə qaytarılır.

Artıq burada ictimai-iaşə obyektləri fəaliyyətə başlayıb. Buraya ilk köç isə Kərkicahana olacaq.

Daha ətraflı "ATV Xəbər”in süjetində:

Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 7 günlük tətil başa çatır.

Qeyri-iş günləri martın 20-də başlayıb və martın 26-da isə son qeyri-iş günü olub.

Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur. Bayramla əlaqədar 20, 21, 22, 23, 24, 25 və 26 mart qeyri-iş günləri idi.

Növbəti iş günü martın 27-dir.

Azərbaycanda Novruz bayramı qeyd edilir.

"Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir.

Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa Şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq.

Novruz bayramı ilə əlaqədar Azərbaycanda ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25 və 26-da iş olmayacaq.

Azərbaycanda martın 20-də havanın arabir yağıntılı olacağı, rayonlara qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində leysan xarakterli, intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-2° şaxta olacaq.

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

“Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, Novruz bayramının əsas mərasimlərindən olan ötən çərşənbə axşamı da arzuolunmaz hadisələr baş verdi. Belə ki, paytaxt ərazisində keçirilən çərşənbə mərasimləri zamanı iki nəfər bayram tonqalına yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Göstərilənlərlə bağlı FHN bir daha əhaliyə müraciət edərək, Novruz bayramı ilə əlaqədar aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Nəzərə alınmalıdır ki, küləkli havada tonqal yandırılması xüsusilə təhlükəlidir.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı “112”yə zəng edin!”

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. 

Qurum qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol və hava şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinməyi xahiş edir:

“Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”.

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.
Novruz bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.

Belə ki, Bakı şəhərində təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin olunub.

Bundan əlavə, bayram günləri ərzində TƏBİB-in tabeli tibb müəssisələrinin stasionar şöbələri və təcili yardım bölmələri fəaliyyətlərini təsdiqlənmiş növbətçilik cədvəllərinə uyğun olaraq həyata keçirəcəkdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı müəyyən edilib. 5 günlük iş həftəsində çalışan əməkdaşlar üçün 23 və 24 mart tarixləri həftələrarası istirahət günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq 25 və 26 mart tarixləri qeyri-iş günləridir. 6 günlük iş həftəsində çalışan əməkdaşlar üçün 24 mart həftələrarası istirahət gününə təsadüf etdiyindən 25 mart tarixi qeyri-iş günü olacaqdır.

Kamaləddin Qafarov: “NATO Azərbaycanın  sülh təşəbbüslərini dəstəkləyir”
“Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərdən biri də ölkənin milli mənafelərindən çıxış edərək, dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsidir. Təbii ki, bu baxımdan Azərbaycan üçün qardaş Türkiyənin də üzv olduğu və haqlı olaraq dünyanın ən güclü hərbi təşkilatı hesab edilən Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə tərəfdaşlıq münasibətləri mühüm əhəmiyyət kəsb edir”.

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

Deputatın fikrincə, martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqin ölkəmizə rəsmi səfəri çərçivəsində müzakirə olunan məsələlərin aktuallığı və əhatəliliyi bunu deməyə əsas verir ki, təşkilat özü də Azərbaycanla əlaqələrin genişləndirilməsində və inkişafında son dərəcə maraqlıdır. “ Azərbaycan özünün silahlı qüvvələrinin məhdud kontingenti ilə NATO-nun rəhbərliyi ilə müxtəlif ölkələrdə keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarında təmsil olunmaqla təkcə iqtisadi deyil, həmçinin hərbi sahədə də etibarlı tərəfdaş olduğunu sübut edib. Ölkəmiz 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarında, 2003-cü ildən 2008-ci ilədək İraqın Beynəlxalq Koalisiya Qüvvələri daxilində sülhməramlı missiyada və 2002-ci ildən 2021-ci ilə qədər Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib. Bu missiyaların gedişində Azərbaycan hərbçiləri olduqları ölkələrdə hava limanı, televiziya qülləsi, sursat anbarı kimi mühüm strateji obyektlərin mühafizəsini uğurla həyata keçiriblər. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, 30 ildən artıq davam edən Azərbaycan-NATO tərəfdaşlığını birmənalı olaraq müsbət qiymətləndirə bilərik.”

Fikirlərini davam etdirən K.Qafarov Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması təşəbbüsünün NATO Baş katibi tərəfindən dəstəkləndiyini diqqət mərkəzinə çəkib və bunun əhəmiyyətli məqam olduğunu vurğulayıb: “Öz çıxışında dövlətimizin başçısı bir daha diqqətə çatdırdı ki, bütün nüfuzlu beynəlxalq təşkilatlarla olduğu kimi, NATO ilə də uzun illər davam edən müzakirələrin gedişində Azərbaycan hər zaman suveren torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışıb. Lakin təəssüflər olsun ki, işğal dövründə aparılan danışıqlar heç bir nəticə vermədi. O cümlədən, 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticəsiz qaldı. Artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə apardığı İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Azərbaycan öz ərazisi üzərində tam suverenliyini bərpa etməklə, uzun sürən münaqişələrin necə həll edilə biləcəyinə dair nümunə yaratmış oldu. Məhz bu Qələbələrin nəticəsi olaraq, bu gün Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa heç vaxt olmadıqları qədər yaxındırlar. Yeri gəlmişkən, öz çıxışında NATO-nun Baş katibi də uzun illərin münaqişəsindən sonra Ermənistan ilə Azərbaycan arasında hazırda davamlı sülhə nail olmaq imkanı olduğunu təsdiq etdi və sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağımızla bağlı dövlət başçımızın sözlərini yüksək qiymətləndirdiyini vurğuladı. Bütün bunlar bir daha təsdiq edir ki, Şimali Atlantika Alyansı obyektiv olaraq Azərbaycanın haqlı tərəf olduğunu və torpaqlarının işğalına son qoymaq, eləcə də özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək məqsədilə həyata keçirdiyi tədbirlərlə beynəlxalq hüququ pozmadığını qəbul edir”.
Kamaləddin Qafarov: “Bu il Xankəndinin, Xocalının Novruz nisgilinə son qoyuldu”

“Bu il Azərbaycan xalqı Novruzu dövlət müstəqilliyimizin bərpasından sonra ilk dəfə olaraq ölkənin bütün ərazisində, o cümlədən Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Qarabağın və Şərqi Zəngəzurun bütün guşələrində böyük coşqu ilə qarşılayır”.

Bu sözləri Novruz bayramı münasibətilə mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Sovet dönəmində qeyd olunmasına ciddi qadağalar qoyulmuş Novruzun uzun illərdən sonra 1969-cu ildən respublikamızda yenidən təntənə ilə qeyd olunmasına başlanması, həmin il ilk dəfə respublikanın rəhbərliyinə gəlmiş Ümummilli Lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət və ənənələrinə tükənməz sevgisinin daha bir əyani nümayişi idi. “Ulu Öndər torpaqlarımızın işğaldan azad ediləcəyinə və xalqımızın bütün bayramlarını, o cümlədən Novruz bayramını həmin torpaqlarda da qeyd edəcəyinə hər zaman bütün qəlbi ilə, bütün varlığı ilə inanırdı. Ümummilli Lider 1998-ci ildə etdiyi çıxışlarından birində demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Bu tarixi çıxışdan 22 il sonra Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin bu vəsiyyətini də yerinə yetirdi. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarını torpaqlarımızdan qovdu, torpaqlarımızın 30 illik işğalına son qoydu. Daha iki ildən sonra isə, ölkəmiz özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi.”

Fikirlərini davam etdirən K.Qafarov daha sonra Novruzun fəlsəfi əsaslarından bəhs edərək bildirib ki, bu bayram həyatın və yeniliyin ən mükəmməl rəmzidir: “Novruz sözünün mənası yeni gün deməkdir. Həqiqətən də Novruz öz gəlişi ilə həyatımıza hər dəfə bir yenilik gətirir. Hələ lap qədim dövrlərdən insanlar canlı aləmin yaşamına böyük çətinliklər yaradan qarlı-şaxtalı qış fəslinin başa çatmasını, yazın gəlişini müxtəlif adlar, mərasim və rituallarla qarşılayıblar. Bəşər sivilizasiyasının ilk etnoslarından olan türkdilli xalqların, o cümlədən
azərbaycanlıların Novruz adı ilə qeyd etdiyi bu bayramın tarixi də qədim dövrlərə – Azərbaycanda İslamın meydana gəlməsindən xeyli əvvəllərə təsadüf edir. Ölkə Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbriklərdən birində demişdir: “Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir. Əcdadlarımızın müqəddəs yadigarı kimi bu bayram təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir.” Bu gün Novruz artıq siyasətdə də bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkül tapdığını nümayiş etdirir”.

Xəbər lenti