Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında İlaxır çərşənbə ilə bağlı paylaşım edib.

"Paylaşımı təqdim edirik:

444430

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində göstərilən xidmətlərlə bağlı əhaliyə müraciət edib.

Yol-xeber.az-a daxil olan müraciətdə deyilir:

“Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, avtomobillərin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri 24 saat, nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması və təyin olunmuş imtahanların keçirilməsi məqsədilə isə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsi, eləcə də regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərəcək. Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək istər qeydiyyat-imtahan, istərsə də texniki baxışla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər”.

Ermənistanı tərk edən Qarabağda qeydiyyatda olan ermənilərdən 7825-i geri qayıtmayıb. 

Yol-xeber.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu, rəsmi məlumatdır, amma qeyri-rəsmi məlumata görə bu say daha çoxdur.

Nəşrin yazdığına 2023-cü ilin sentyabrından 2024-cü il martın 4-dək Qarabağ qeydiyyatında olan 13 619 vətəndaş Ermənistanı tərk edib, onlardan yalnız 5 794-ü geri qayıdıb.

Məlumatda o da qeyd olunur ki, 101 848 Qarabağdan köçən erməni Ermənistanda qeydiyyatdadır.  Hökumətin məlumatına görə, Ermənistanda 8277 qarabağlı ailəsinin mənzili var.

Cari ildə yaz fəsli Azərbaycana martın 20-də saat 07:06-da daxil olacaq.

Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində yaz fəsli başlayacaq.

Qeyd edək ki, Şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-də saat 00:50-də baharı yay əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73,1 dərəcə) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.

Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri yeni sahələri əhatə edəcək”
“Azərbaycan dövlətinin qonşu ölkələrlə bağlı həyata keçirdiyi siyasətində Gürcüstanla münasibətlər hər zaman xüsusi diqqət mərkəzində olub. Birmənalı şəkildə deyə bilərik ki, hazırda ölkəmizin enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit ölkə kimi çıxış edir”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. “Ölkələrimiz və xalqlarımız arasında olan dostluq və mehriban qonşuluq əlaqələrinin qədim tarixi var və iki ölkə bu gün bir-biriləri üçün həm də mühüm strateji tərəfdaşdır. Bu strateji tərəfdaşlığın inkişafı və genişləndirilməsi daim hər iki ölkənin rəhbərlərinin diqqət mərkəzində saxladıqları məsələdir. Bu baxımdan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin martın 16-da ölkəmizə səfəri də mühüm əhəmiyyət kəsb edir.”

K.Qafarov Azərbaycan ilə Gürcüstanın bir-birilərini bütün beynəlxalq təşkilatlarda dəstəkləmələrinin vacib göstərici olduğunu qeyd edib: “Cənab Prezident İlham Əliyevin martın 16-da mətbuata bəyanatla etdiyi çıxışında Azərbaycan-Gürcüstan münasibətlərini səciyyələndirən bir çox mühüm məqamlara dair açıqlamalar yer alıb. O cümlədən, dövlətimizin başçısı bildirib ki, həm Azərbaycan, həm də Gürcüstan bütün dövrlərdə bir-birilərinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermiş, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birini dəstəkləmişlər. Prezidentimiz xüsusi olaraq vurğulayıb ki, heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları bütün ölkələr üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. BMT Nizamnaməsi hər bir ölkənin özünü müdafiə etmək hüququnu tanıyıb və Azərbaycan da məhz bu hüquqdan istifadə edərək 2020-ci ildə ərazi bütövlüyünü bərpa etmişdir. Dövlət başçımızın dediyi kimi, Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var. BMT Baş Assambleyasının 2020-ci, 2021-ci və 2022-ci ildə keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verib. Əlbəttə ki, beynəlxalq təşkilatlarda Azərbaycan və Gürcüstanın bir-birilərinə verdikləri dəstək ölkələrimiz arasında əlaqələrin genişlənməsinə və inkişafına misilsiz töhfə verir.”

K.Qafarov Azərbaycan və Gürcüstanın birgə layihələrdə yer almaqla Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynadıqlarını vurğulayaraq, bu amilin ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından xüsusi önəm kəsb etdiyini bildirib: “Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan ilə Gürcüstan arasında olan dostluq və əməkdaşlıq əlaqələri bu gün Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Məlumdur ki, bu gün beynəlxalq aləmdə formalaşan geosiyasi vəziyyətin fonunda enerji təhlükəsizliyi məsələləri təkcə Avropa İttifaqı üçün deyil, bütün ölkələr üçün ön plana çıxır. Bu gün ölkələrimizi energetika sahəsində ənənəvi istiqamətlərdən başqa, “Yaşıl enerji dəhlizi” layihəsi də birləşdirir. Bu sahədə Gürcüstan və Azərbaycan Avropa ölkələri ilə sıx əməkdaşlıq edir və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Ondan sonra konkret işlərə start veriləcək. “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilməsi bütün tərəfdaş ölkələrin enerji təhlükəsizliyini daha da gücləndirəcək” .

Novruz bayramı ilə əlaqədar martın 19-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Xatırladaq ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə bölgələrdə yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Kamaləddin Qafarov: “Novruz bayramı Xankəndiyə də gəldi”
“Artıq dördüncü ildir ki, Azərbaycan xalqı Vətən torpaqlarını işğaldan azad etmək üçün mərdliklə döyüşmüş, tarixi Qələbəyə imza atmış, qəhrəman şəhidlərinin, qazilərinin canı-qanı bahasına ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib və qürurlu xalq olaraq yaşayır. Artıq dördüncü Novruzdur ki, Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda bayram tonqalları qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində Novruz tonqallarını alovlandıran cənab Prezident İlham Əliyev bu il Novruzun yolunu Xankəndi şəhərində alovlandırdığı bayram tonqalı ilə işıqlandırdı”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat bildirib ki, dövlət başçısının xalqa ünvanladığı bayram təbrikində qeyd olunduğu kimi, bu tonqal erməni separatizmindən bu torpaqların birdəfəlik təmizlənməsi işində qoyulan son nöqtə oldu. “Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatının gedişində böyük qəhrəmanlıq göstərdi. 2020-ci ildə Şanlı Ordumuzun rəşadəti sayəsində 30 illik işğala son qoyuldu. Ərazilərimizin çox hissəsi azad edildi. Altı ay bundan əvvəl keçirilmiş antiterror əməliyyatı nəticəsində isə ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu gün Azərbaycan Novruzu özünün istisnasız bütün suveren ərazisində indiyədək görünməmiş ruh yüksəkliyi və coşqu ilə qeyd edir.”

K.Qafarov qeyd edib ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etməklə, əslində, bütün bölgəyə sülh gətirmiş oldu: “İşğal dövründə Azərbaycan öz ərazilərini məhz sülh yolu ilə azad etmək üçün çox səylər göstərib, danışıqlarda iştirak edib. Lakin bütün bu danışıqlar heç bir nəticə verməyib. Dövlət başçımızın dediyi kimi, həmin dövrdə bir çox paytaxtlardan siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Təbii ki, bu səylər heç də bölgəmizdə sülhün qorunmasıma yönəlməmişdi. Tam əksinə, Azərbaycan torpaqları işğal altında qaldıqca, bütün Cənubi Qafqaz hər an qızışa biləcək potensial münaqişə ocağı idi. Çünki Azərbaycan xalqı öz tarixi ərazilərinin əbədi işğalda qalmasına yol verə bilməzdi və vermədi də. Tarix özü Azərbaycan Prezidentinin haqlı olduğunu sübut etdi və göstərdi ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət digər ölkənin qanunsuz olaraq işğal altında saxladığı ərazisindən öz xoşu ilə çıxmaq istəmirsə, bu zaman yeganə yol hərbi yoldur. Azərbaycan da beynəlxalq hüquqa əsaslanaraq, məhz bu yolla öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi və bununla da BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını təmin etdi. Cənubi Qafqazda sülhün bərqərar olması üçün əsl möhkəm zəmin də məhz bundan sonra yarandı. Bu gün Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa heç zaman olmadıqları qədər yaxındırlar. Sadəcə bunun üçün Ermənistan hökuməti də öz iradəsini nümayiş etdirməli və xarici siyasətini kənar qüvvələrin deyil, öz ölkəsinin və xalqının milli maraqlarına uyğun qurmalıdır. Yalnız bu halda bu ölkə də Azərbaycanın müəllifi olduğu reallıqların yaratdığı imkanlardan yararlanmaq şansı əldə edə biləcək”.

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 34 ailə - 123 nəfər köçürülüb.

 Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib.

 

 

 

 

Azərbaycanda metro, taksi və avtobusdan istifadə edənlərlə bağlı rəqəmlər açıqlanıb.

Xezerxeber.az-ın xəbərinə görə, dövlət statistika komitəsinin yanvar-fevral ayları üzrə hesabatına görə, qeyd olunan dövrdə nəqliyyatçılar 294,4 milyon sərnişinə xidmət göstəriblər.

Bəs sakinlər daha çox hansı ictimai nəqliyyat növündən istifadə edirlər?

Ekspertlərin fikrincə, son üç ildə taksidən istifadə edənlərin sayı xeyli artıb. Hətta bu rəqəm statistika komitəsinin açıqladığı rəqəmlərdən daha çoxdur. Çünki belə məlumatlar taksi sifarişi bazalarından götürülür. Lakin bir çox bölgələrdə taksi operatorları fəaliyyət göstərmir, qeyri-rəsmi taksi daşımaları ilə məşğul olan xeyli sayda sürücü var. Bu səbəblə taksidən istifadə edənlərin sayı daha çoxdur. Bu göstərici isə digər ölkələrlə müqayisədə yüksəkdir. Taksidən istifadənin çox olmasına görə, Azərbaycan regionda liderlərdən hesab edilə bilər. Bu isə metro və avtobusun yetərli olmadığının göstəricisidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə “TikTok” sosial şəbəkəsinin mümkün qadağası ilə bağlı qanun layihəsini dəstəkləyib.

Azərbaycanda da “TikTok” platformasının fəaliyyətindən narazılıqlar var.

ABŞ-də sözügedən platformanın istifadəsinə qoyulan qadağa müzakirələrə səbəb olub.

Bəs Azərbaycanda “TikTok” platformasının fəaliyyəti dayandırıla bilərmi?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə əlaqə saxladıq.

ETX-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı dövlət səviyyəsində müzakirə aparılmır.

Qeyd edək ki, ABŞ-də sözügedən təşəbbüsün məqsədi platformanın Çin tərəfindən idarə olunan istənilən qurum, o cümlədən hazırda “TikTok”a sahib olan “ByteDance” şirkəti ilə əlaqələrini kəsməkdir.

Xəbər lenti