![]() |
|
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib.
fətvada deyilir:
"Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya və ölkə müsəlmanlarını təbrik edir, Uca Allah-Təaladan müqəddəs orucluq ayında ibadətlərimizin qəbula yetməsini diləyir.
Qazılar Şurası bu ilki Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/20 saylı 18 fevral 2025-ci il tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcək, inşallah!
Ərəfəsində olduğumuz on bir ayın sultanı olan Ramazanın gəlişi xalqımız üçün bu il də çox əlamətdardır. Şükürlər olsun ki, Qarabağ Fatehi kimi tarixi ad qazanan Prezidentimizin fədakar səyləri və müdrik siyasəti sayəsində biz Ramazanı qalib xalq, böyük Zəfər niyyətinə yetişmiş millət kimi qarşılayırıq.
Mübarək ayın verdiyi bu fürsətdən istifadə edərək suverenlyimizin və ərazi bütövlüyümüzün bərpası, əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin olunması, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir həyat şəraitinin qurulması, bərpa edilmiş məscidlərimizdə azanların verilməsi, bayram namazlarının qılınması naminə fövqəladə uğurlara imza atmış dövlət başçısı Prezident İlham Əliyevə, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik. Bu möhtəşəm Zəfərin təcəllisi naminə canından keçən bütün şəhidlərimizə Uca Allahdan rəhmət diləyir, qazilərimizə şəfaət və səadət arzulayırıq.
Əziz müsəlman qardaş və bacılar! Bu ilki Ramazan xalqımızın qədim bayramı Novruz günlərinə təsadüf edəcəkdir. Şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır, çünki İslamın təməl prinsiplərindən olan oruc ibadəti ilk növbədə Allahın əmridir. Allahın rəhmət və bərəkətinin gəlişinə görə oruclular üçün ruhu və qəlbləri sevindirən Ramazan da, təbiətin Rəbbül-Aləm tərəfindən yenidən oyanışının rəmzi olan Novruz da mübarək bayramlar qismindədir.
Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq savab əməllərdəndir və bu ənənəvi əməllər mahiyyəti etibarı ilə Novruz adətləri ilə eynidir.
Çərşənbələr daxil olmaqla Novruz bayramı gecəsində açılan süfrələr iftarın saatlarına uyğun olmalıdır. Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin, QMİ-nin hazırladığı moizə və xütbə kitablarına əsaslanaraq dindarlarımıza Ramazanda mənəvi-əxlaqi dəyərlər, vətənpərvərlik və dövlətçiliyə sədaqət məfkurəsi təbliğ olunsun. Xüsusi olaraq bir daha dindarlarımıza və din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə süfrə açılması Allahın hökmü, Peyğəmbərin əmri ilə şəri baxımdan qəbul edilməyən böyük günahdır.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Əhalimizin və bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur. İnşallah, Qafqaz Müsəlmanları İdarəsi Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsaslanaraq Eydül-Fitr – Ramazan bayramının hilalın görünüşünə görə 30 Mart tarixinə təsadüf edəcəyini bildirir, müəyyən dəyişikliklər olacağı təqdirdə əlahiddə məlumat veriləcək".
Hazırda ölkə ərazisində müşahidə edilən kəskin və yağıntılı hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Müraciətdə deyilir:
“Soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini bir daha diqqətə çatdırırıq. Belə ki, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.
Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı tövsiyə edirik. Hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.
Bununla yanaşı, yolların buz bağlaması hallarında piyadalar ayaqqabını sürüşməyə qarşı hazırlamalı, ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət etməlidirlər. Buzlu yolda sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun, yıxıldığınız halda isə qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur”.
Daxili İşlər Nazirliyi tərəfindən polis-vətəndaş münasibətlərində operativliyin artırılması və vətəndaşyönümlü xidmətlərin təkmilləşdirilməsi məqsədilə ötən il istifadəyə verilən E-Polis tətbiqinə yeni funksiyalar əlavə edilib.
Bu barədə Daxili İşlər Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, artıq bu tətbiq vasitəsi ilə vətəndaşlar sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün onlayn qaydada müraciət edə biləcəklər. Bunun üçün mobil tətbiqə daxil olaraq ”yeni” müraciət bölməsinə keçid etməli və sürücülük vəsiqəsinin dəyişdirilməsi xidmətini seçməlidirlər. “Müraciət et” düyməsini sıxdıqdan sonra sürücülük vəsiqəsinə aid məlumatlar avtomatik olaraq pəncərədə əks olunacaq.
Vətəndaş dəyişdirilmə səbəbini qeyd etməli və sürücülük vəsiqəsini təhvil alacağı məntəqəni müəyyənləşdirməlidir. Sürücülük vəsiqəsində əks olunacaq şəkil üçün vətəndaş şəxsiyyət vəsiqəsində olan şəkili seçə və ya yeni şəkil yükləyə bilər. Yeni şəkil seçimində vətəndaşın üzü aydın görünməli və şəkil ağ fonda çəkilməlidir. Əgər hazırkı sürücülük vəsiqəsində vətəndaş eynəklidirsə, yeni şəkil də eyni formada çəkilməlidir. Növbəti mərhələdə dövlət rüsumu onlayn şəkildə ödənilir və sürücülük vəsiqəsinin dəyişdirilməsi “müraciətlərim” xanasında “gözləmədə” statusu şəklində görünür.
Müraciət edilən məntəqədə sürücülük vəsiqəsi operator tərəfindən hazırlandıqdan sonra status “hazırdır” olaraq dəyişdirilir. Bundan sonra vətəndaş məntəqəyə yaxınlaşaraq yeni sürücülük vəsiqəsini əldə edə bilər.
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.
Bu barədə İdarədən məlumat verilib.
Bildirilib ki, plkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş formada xidməti fəaliyyətini davam etdirir.
Xüsusilə magistral yollarda nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol polisi əməkdaşları fasiləsiz xidmət aparır. Eyni zamanda, aidiyyəti qurumlarla birgə yolların təmizlənməsi və nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər görülür.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara təhlükəsizlik qaydalarına ciddi əməl etməyi bir daha xatırladır.
Sürücülər sürət həddini hava və yol şəraitinə uyğun seçməli, qəfil manevrlərdən çəkinməlidirlər.
Avtomobillərin texniki vəziyyəti, xüsusilə şinlərin vəziyyəti yoxlanılmalı, əyləc sisteminin işlək olduğuna əmin olunmalıdır.
Görüş məsafəsinin məhdudlaşdığı hallarda yaxın işıqları yandırmaq və digər nəqliyyat vasitələri ilə təhlükəsiz məsafə saxlamaq vacibdir.
Dumanlı havada və ya buzlu yollarda sürücülər xüsusilə ehtiyatlı olmalı, sərt tormozlamadan çəkinməlidirlər.
Piyadalar da yolun görünməsinə və sürücülərin onları vaxtında görə bilməsinə diqqət etməlidirlər.
Yol hərəkəti qaydalarına əməl olunması hər kəsin təhlükəsizliyi üçün mütləqdir!
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını ehtiyatlı olmağa və qaydalara ciddi riayət etməyə çağırır.
İndiyə qədər 40 plastik cərrahın sənədi Xüsusi Təftiş Komissiya tərəfindən təftiş edilib.
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Xüsusi Təftiş Komissiyasının indiyə qədər 5 iclası keçirilib və komissiyaya 96 plastik cərrah sənəd təqdim edib.
"Təftiş komissiyasının fəaliyyətinin sonunda Səhiyyə Nazirliyinin rəsmi saytında plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq", - nazir əlavə edib.
Fevralın 26-sı axşamdan 27-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Yağıntıların yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.
Fevralın 26-sı axşamdan 27-si səhərədək havanın temperaturu 1-3 dərəcə şaxta olacaq.
Gözlənilən hava şəraiti ilə əlaqədar gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki yaşı 60 ili ötmüş 2 mərtəbəli, 4 binanın sakinləri köçürülür.
Sakinlər iddia edir ki, bununla bağlı Binəqədi rayon 145 saylı Mənzil Kommunal və Texniki Xidmətlər Sahəsinə çağrılıblar və onlara xəbərdarlıq edilib.
49 ailənin yaşadığı bina sakinlərinə yaşadıqları mənzillərin qəzalı vəziyyətdə olduğu deyilib.
Onlara hər kvadrat metrə görə, 1660 manat kompensasiya ödəniləcəyi bildirlib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirildi ki, həmin yaşayış binasının qəzalı vəziyyətdə olması təsdiqlənib. Bu binalar sıx tikilmiş fərdi evlər zonasında yerləşir və bu səbəbdən yerində çoxmərtəbəli binanın tikintisi mümkün deyil. Bina sakinlərinin yaxın müddətində dövlət vəsaiti hesabına köçürülməsi, binaların isə sökülərək ərazinin abadlaşdırılması planlaşdırılır.
"Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna əsasən, qiymətləndirici şirkətlər tərəfindən verilən qiymət təklifi əsasında mənzillərin faktiki sahəsinin hər kvadrat metrinin dəyəri hesablanaraq 1660 manat müəyyənləşdirilib.
"Orqanizm üçün ən faydalı yağlar təmizlənməmiş (rafinə olunmamış) yağlardır".
Xarici KİV xəbər verir ki, bu sözləri rusiyalı diyetoloq Tatyana Solntseva deyib.
Onun sözlərinə görə, rafinə olunmamış yağlar salatlara əlavə olunur və parlaq aromaya malikdir, bu da bəzən insanlara xoş gəlməyə bilər. Lakin bu, onların tərkibində yüksək miqdarda faydalı maddələrin olması ilə bağlıdır. Rafinə olunmuş yağlar isə emaldan keçdiyi üçün bəzi faydalı xüsusiyyətlərini itirir:
“Rasionda yağların müxtəlifliyi sağlam qidalanmanın əsasını təşkil edir. İstifadə etdiyimiz yağ növləri nə qədər çox olsa, orqanizmimiz üçün bir o qədər yaxşıdır. Lakin bu, rafinə olunmamış zeytun, çətənə və balqabaq yağlarını çox miqdarda istehlak etmək demək deyil. Onların istehlakı orta səviyyədə olmalıdır".