ADY-də yeni təyinat olub

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib.

Yol-xeber.az ADY-yə istinadən xəbər verir ki, qurumun yeni yaradılmış Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsinə Heydər Cəfərli təyin olunub.

Heydər Cəfərli 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2009-2011-ci illərdə Potsdam Universitetində “İqtisadiyyat və biznes”, 2011-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər”, 2016-2018-ci illərdə isə Drezden Texniki Universitetində “Layihə idarə edilməsi” ixtisasları üzrə magistratura pilləsində təhsil alıb.

Peşəkar fəaliyyəti dövründə Dövlət Məşğulluq Xidməti (indiki Dövlət Məşğulluq Agentliyi) və “Aqro-Azərinvest” MMC-də rəhbər vəzifələrdə çalışıb.

2018-ci ildən ADY-nin müxtəlif struktur bölmələrində rəhbər vəzifələrdə işləyən Heydər Cəfərli 2023-cü ilin avqustundan Kommersiya departamentinin müdir müavini olub və müdiri vəzifəsini icra edib.

Yolların buz bağlaması davam edəcək

Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Yol-xeber.az"a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az qar yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 2-6° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 13-18° şaxta, yüksək dağlıq ərazilərdə 20-25° şaxta, gündüz 5-10° şaxta olacaq.

Yolların buz bağlaması davam edəcək.

Sabah pensiyalar artımla tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 25-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılmasını nəzərdə tutub.

Bu barədə fond məlumat yayıb.

"Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılıb, habelə fevralın 1-dən minimum pensiya artırılaraq 280 manatdan 320 manata çatdırılıb. Fevral ayının pensiyaları da yeni artımlarla birgə ödəniləcək, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq",- məlumatda qeyd olunub.

Ballıcaya növbəti köç karvanı yola salındı

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

"Report məlumatına görə, köç karvanı Ağdam rayon ərazisindəki nəzarət-buraxılış məntəqəsindən 22 ailədən ibarət 95 nəfər olmaqla yola salınıb.

Doğma yurdlarına köçən Ballıca sakinləri Azərbaycanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələ də daxil olmaqla, Ballıcaya ümumilikdə köçürülən ailələrin sayı 112-ə (562 nəfərə) çatıb.

Qarlı havada 40-dan çox avtobus qəzalarda zədələnib

Azərbaycanda qarlı və şaxtalı hava şəraitinin olması səbəbindən Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar nəticəsində zədələnib.

Bu barədə Yol-xeber.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, məhz avtobus sürücülərinin peşəkarlığı sayəsində bu qəzalarda sərnişinlər arasında xəsarət alan olmayıb: “Yol hərəkəti iştirakçılarının avtobusların maneəsiz şəkildə sərnişin daşımlarını həyata keçirməsinə şərait yaratmasını xahiş edirik”.

Həmçinin bildirilib ki, ötən gün qarlı və şaxtalı hava şəraitinin olmasına baxmayaraq avtobus sürücüləri vətəndaşları mənzil başına təhlükəsiz çatdırmaq üçün səylə çalışıblar.

Bu yollarda sürət həddi bərpa edildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın qeyd olunan yollarında (Heydər Əliyev prospekti istisna olmaqla) dünən axşam bir daha endirilən 10 km/saat sürət həddi yenidən artırılıb.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mərkəzinin əməkdaşları tərəfindən hazırda mövcud hava şəraiti ilə əlaqədar Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə ümumilikdə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.

Bununla yanaşı, bütün tablolarda “buzlu yol” işarəsi qoyulub.


Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MSSR Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir.
Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlamışdır. 1958-ci ildən Çeşməbasar səkkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləmiş, 1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad Rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.
1976–1978-ci illərdə Naxçıvan MSSR əhaliyə məişət xidməti naziri işləmişdir. 1978-ci ildən Ordubad, 1980-ci ildən Culfa Rayon Partiya Komitəsinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri işləmişdir.
1990–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, Azərbaycan Respublikası Milli Məclisinin I (1995–2000), II (2000–2005), III (2005–2010), IV (2010–2015), V (2015–2020), VI (2020) çağırış deputatı olmuşdur. Milli Məclisin Hesablama Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini olmuşdur. Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsində işləmişdir.
4 avqust 2020-ci ildə vəfat etmiş, I Fəxri Xiyabanda dəfn olunmuşdur.
ALLAH RƏHMƏT ELƏSİN.

Yol-xeber.az-ın Təsisçisi və baş redaktoru Rasim Məmmədov

Sabah da qar yağacaq

Fevralın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya xidmətindən məlumat verilib.

Bakı və Abşeronda hava proqnozu

Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Yollar buz bağlayacaq?

Havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.

Gecə və səhər yollar buz bağlayacaq.

Rayonlarda gözlənilən hava şəraiti

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Ən çox şaxta harda olacaq?

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 19-24° şaxta, gündüz 3-8° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

DYP qara görə sürücülərə müraciət etdi

Daxili İşlərə Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edibh.

İdarədən verilən xəbərə görə, müraciətdə deyilir:

"Sinoptiklərin məlumatına əsasən əlverişsiz havanın fevralın 24-dək davam edəcəyi, ayrı-ayrı yerlərdə qar yağacağı, yollarda görünüşün məhdudlaşacağı gözlənilir.

Hazırda qeyri-sabit hava şəraiti nisbətən sabitləşsə də, ötən gündən yağan qarın yaratdığı çətinliklər hələ də qalmaqdadır. Xüsusilə dağlıq və dağətiyi rayonlarda, eləcə də külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yolun buz bağlaması sürüşmə ehtimalını artırır.

DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir".

20 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Fevralın 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

 Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, fevralın 22-si saat 10:00-a olan məlumatına əsasən gözlənildiyi kimi, ölkə ərazisinin bəzi bölgələrində, eyni zamanda Bakıda və Abşeron yarımadasında yağan qarda fasilə yaranıb, digər rayonlarda isə Balakən, Sarıbaş, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Naxçıvan, Şahbuz, Culfa, Gədəbəy, Göyçay, Beyləqan, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Astarada davam edir.

Yağan qarın hündürlüyü Zaqatalanın dağlıq ərazilərində (Əlibəy) 80 sm, Qaxda (Sarıbaş) 55, Lerikdə 37 sm, Şəkidə 34, Oğuzda 22, Balakəndə 20, Qırızda 19, Kəlbəcər və Qəbələdə 18, Şamaxı, Daşkəsən, Şahbuzda 15, Şahdağda 16, Xaltan və Astarada 14, Naxçıvan, Laçın, Qubadlı, Altıağac, Göygöl, Gədəbəydə 12, İsmayıllıda 11 sm, Xınalıq, Kəlvəz, Şuşada 10, Qusar, Göyçayda 9, Yardımlıda 7, Xankəndi, Xocalı, Quba, Lənkəran və Zərdabda 6, Ağsu, Qobustan, Biləsuvarda 5, Tərtər, İmişlidə 4, Culfada 3, Füzulidə 2, Şərur, Kürdəmirdə 1, Bakıda və Abşeron yarımadasında isə 7 sm-dir.

Havanın minimmal temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 4, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb.

Yaranan fasilədən sonra 22-si axşamdan yenidən qarın yağması gözlənilir.

Xəbər lenti