![]() |
|
Bakı sakininin evindən illərdir əziyyət çəkib hazırladığı qurğu oğurlanıb.
Xəzər Xəbər-in məlumatına görə, zərərçəkmiş Tahir Əliyev deyir ki, bir müddət əvvəl prostat vəzi xərçənginin müalicəsi üçün qurğu düzəldib. Həmin qurğunu Günəşli qəsəbəsində yaşadığı evdə saxlayıb. Sonra isə oradan köçərək Nizami rayonu, Əlif Hacıyev 35 ünvanında məskunlaşıb. Köç ərəfəsində yeni ünvana gətirdiyi qurğu bir müddət sonra oğurlanıb.
Zərərçəkən iddia edir ki, həmin qurğunu evində usta işləyən şəxslər oğurlayıb.
Tahir Əliyevin sözlərinə görə, evdə qiymətli məişət əşyalarının olmasına baxmayaraq, onlar oğurlanmayıb.
Zərərçəkmiş artıq məsələ ilə bağlı Nizami rayon 25-ci polis bölməsinə ərizə ilə müraciət edib. Ancaq hələ də qurğunu oğurlayan şəxs və ya şəxsləri tapmaq mümkün olmayıb.
Məsələ ilə bağlı polis bölməsindən bildirildi ki, faktla bağlı toplanan sənədlər rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Hazırda qurğunu oğurlayan şəxslərin araşdırmaları davam etdirilir.
Qeyd edək ki,Tahir Əliyev iddia edir ki, onun bu qurğusu prostat vəzi xərçəngini yox etmək gücünə malikdir. O, qurğusuna patent almaq üçün hələ bir müddət bundan əvvəl aidiyyati qurumlara müraciət də edib.
Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Axar.az xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə baş tutan prosesdə Orxan Nadirovun vəkili Hüseyn Eynullayev müdafiə nitqi ilə çıxış edib.
Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən zərərçəkmişə dəyən ziyan tam şəkildə ödənilib. Onun sözlərinə görə, eyni zamanda Orxan Nadirov məhkəmədə səmimi ifadələr verib və bu işin obyektiv araşdırlmasına öz etirafedici ifadələri ilə bir növ köməklik göstərib.
Vəkil qeyd edib ki, Orxan Nadirov əməlindən peşmandır.
Vəkil bu halları nəzərə almaqla, məhkəmədən Orxan Nadirov barəsində həbslə bağlı olmayan hökm verilməsini məhkəmədən xahiş edib.
Daha sonra Orxan Nadirov söz deyib. O, əməlindən peşman olduğunu bildirib.
Sonra müşavirə keçirən hakim heyəti hökm elan edib.
Hökmə əsasən, Oran Nadirov barəsində şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
O, 1000 manat məbləğində cərimə olunub.
İttihama görə, Orxan Nadirov dostu Kamran İsayevlə birlikdə Dövlət Miqrasiya Xidmətindən Türkiyə vətəndaşları üçün iş icazəsi almaq adı ilə dələduzluq edib.
Oran Nadirov bu adla Bakıda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri Əli Muradovdan qarşı 11 min 960 manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib.
Qeyd edək ki, Orxan Nadirov bu iş üzrə məhkəməyə gəlmədiyi üçün Binəqədi rayon Məhkəməsi onun barəsində axtarış qərarı çıxarıb.
O, oktyabrın 5-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb. O, ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.
Xatırladaq ki, İlhamə Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell”şirkəti qarşıdan gələn Yeni İl münasibətilə öz abunəçilərini xüsusi kampaniya ilə sevindirir. Yeni kampaniyanın şərtlərinə əsasən, 1 GB və daha iri həcmli İnternet paketini əldə edən hər bir "Bakcell" abunəçisinə eyni həcmdə PULSUZ 4G trafik hədiyyə olunacaq.
Axar.az xəbər verir ki, 5 dekabr 2018-ci il tarixindən 31 yanvar 2019-cu il tarixinə qədər keçiriləcək kampaniya sayəsində abunəçilər 20 qiqabayta qədər PULSUZ 4G İnternet əldə edə biləcəklər. Kampaniya “Bakcell”in 1 GB-dən 20 GB-dək həcmində olan sərfəli internet paketlərin geniş çeşidinə şamil edilir.
Kampaniyada iştirak edib “Bakcell”dən xüsusi Yeni İl hədiyyəsi almaq üçün, abunəçilər sadəcə kampaniya ilə əhatə olunmuş internet paketlərinin birini (1 GB, 1.5 GB, 3 GB, 5 GB, 10 GB, 20 GB) əldə etməlidir. PULSUZ 4G İnternet trafiki dərhal onların istifadə etdiyi nömrənin balansına yükləniləcək.
Həmçinin qeyd etmək lazımdır ki, kampaniya müddətində "Bakcell" abunəçiləri yaşadıqları əraziyə yaxın olan "Bakcell" Müştəri Xidməti Mərkəzinə və ya “Bakcell”in diler dükanına yaxınlaşıb öz köhnə SİM kartını yeni 4G SİM-kartı ilə PULSUZ dəyişə bilərlər.
Pulsuz internet yalnız "Bakcell" şirkətinin 4G şəbəkəsində 30 gün ərzində istifadə oluna bilər. Həmin müddət ərzində abunəçilər ölkənin ən sürətli və ən geniş 4G/LTE şəbəkəsinin üstünlüklərindən yararlana biləcəklər. "Bakcell" şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə istifadə imkanı verir. Bu isə o deməkdir ki, sözügedən texnologiya sayəsində "Bakcell" abunəçiləri yüksək həllolma əmsalı ilə 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil tətbiqetmələrindən istifadə edə bilirlər.
“Bakcell”in 4G şəbəkəsi 1700 baza stansiyası ilə Azərbaycanın 40-dan çox çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir
Qeyd edək ki, 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.
Dövlət Gerbinin oturulan, ayaq basılan yerlərdə təsvir edilməsi qadağan olunur.
Axar.az xəbər verir ki, bu barədə yeni hazırlanan "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsində əks olunub.
Belə ki, qanun layihəsində bildirilir ki, Dövlət Gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə olunmalıdır.
Dövlət Gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır. Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Cinayət Məcəlləsinin 324-cü maddəsində göstərilib ki, (Dövlət Bayrağı və ya Dövlət Gerbi barədə təhqiredici hərəkətlər) Azərbaycan Respublikasının Dövlət Bayrağı və ya Azərbaycan Respublikasının Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qanun layihəsinə dəyişikliklər Milli Məclisin dekabrın 18-də keçiriləcək iclasında müzakirə ediləcək.
Şəki rayonunda qaydaları pozan sürücülərə qarşı reyd keçirilib.
Report-un məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki regional şöbəsi və Dövlət Yol Polisi əməkdaşlarının keçirdiyi tədbir sürücülərin əhaliyə xidmətinin şəffaf və yüksək səviyyədə təmin olunması məqsədi daşıyır.
Belə ki, şəhərdaxili küçələrdə postlar qurulub, yükdaşıma, sərnişindaşıma, taksi fəaliyyəti, qeyri-qanuni sərnişin daşınması ilə məşğul olan sürücülər müəyyənləşdirilib. Reyd zamanı 100-dən çox avtonəqliyyat vasitəsi saxlanılıb, 25 sürücü haqqında isə müvafiq tədbirlər görülüb.
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 13-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 12-si axşam şimal və qərb rayonlarından başlayaraq dekabrın 14-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Prezident İlham Əliyev övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
"Qafqazinfo" xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq, övladlığagötürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də övladlığagötürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məqsədilə qərara alınır:
1. Müəyyən edilsin ki, övladlığagötürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılmasını, övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq verilməsini və həmin şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanın müəyyənləşdirilməsini, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsini, övladlığagötürmə sahəsində vahid nəzarəti, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasını təmin etmək məqsədilə Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmasını və 2019-cu il iyunun 1-dən fəaliyyətə başlamasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinin və ehtiyatlarının siyahısına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. övladlığagötürmə sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, eləcə də onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun və övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının işçilərinin say həddinin artırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsini stimullaşdıran tədbirlərə, dəstəkləyici mexanizmlərə, habelə övladlığagötürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.4. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş altsistemin yaradılması və fəaliyyəti ilə bağlı maliyyələşdirməni iki ay müddətində təmin etsin;
3.5. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan altsistemin fəaliyyətini təmin etmək məqsədilə onunla digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin və elektron xidmətlər göstərilməsinin “Elektron hökumət” portalı vasitəsilə təşkili üçün tədbirlər görsün.
5. Bu Fərmanın 1-ci hissəsi 2019-cu il iyunun 1-dən qüvvəyə minir.
Kanada Azərbaycan Təşkilatları Assambleyası və Kanada Azərbaycanlıları İncəsənət Cəmiyyəti Torontonun Skarboro rayonunun mərkəzində yerləşən erməni kilsəsinin və erməni gənclər evinin qarşısında Kanadanın dövlət bayrağı ilə yanaşı, Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz yaradılmış qondarma rejimin də bayrağının asılması ilə əlaqədar yerli qurumlara etiraz bəyanatları ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, bəyanatda deyilir ki, Azərbaycanın işğal olunmuş ərazisində yaradılmış qondarma rejimin də bayrağının asılması beynəlxalq hüquq və prinsiplərin, xüsusən də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə və beynəlxalq təşkilatların hazırladığı digər sənədlərdə göstərilmiş qaydaların pozulması deməkdir.
Bununla bağlı dərin narahatlığını bildirən Azərbaycan icması Toronto şəhər rəhbərliyini bu həssas məsələyə biganə qalmamağa çağırıb: “Bu məsələyə etiraz edən cəmiyyət üzvlərinin əksəriyyəti əslində, Ermənistanın hərbi qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarından qovulmuş və sonradan Kanadaya köçmüş Azərbaycan əsilli kanadalılardır. Hazırda bu insanlar kilsə və Gənclik Mərkəzinin yaxınlığında yaşayırlar və hər səhər işə getmək üçün bu “bayraqların” önündən keçməlidirlər. Bu “bayraq” insanlığa qarşı qəsdən törədilmiş cinayəti, soyqırımı təmsil edir!
Bəyanatda Azərbaycan icması Kanada kimi bir ölkədə belə ədalətsizliyin baş verə biləcəyinə qəti etirazını bildirərək işğalçı Ermənistanın Silahlı Qüvvələrinin “bayrağı” şəklində narahatçılıq simvolunun endirilməsini xahiş edir.
Erməni təxribatının qarşısının alınması ilə bağlı Kanada Azərbaycan Təşkilatları Assambleyasına daxil olan 16 diaspor təşkilatının imzaladığı etiraz məktubu Toronto şəhər meri Mayor Con Tori, şəhər müşaviri Şelley Karol, Parlamentin üzvü, Kanadanın İrsi və Multikulturalizm naziri Pablo Rodrigez və digər məsul şəxslərə, eləcə də qurumlara göndərilib.
Daxili İşlər naziri Ramil Usubov işdən çıxarılan rəis müavininə vəzifə verib.
“Qafqazinfo”nun Unikal.org-a istinadən verdiyi məlumata görə, R.Usubovun müvafiq əmri ilə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov Yevlax Rayon Pasport və Qeydiyyat şöbəsinə rəis təyin edilib.
Xəbəri DİN-dən təsdiqləyiblər.
Qeyd edək ki, bir neçə gün öncə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavinləri - şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini polis polkovnik-leytenantı Ərşad Əhmədov, xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov tutduqları vəzifədən azad edilmişdi.
Azərbaycanda 2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz artıb.
“Qafqazinfo”nun məlumatına görə, cari ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz artıb.
Ay ərzində düyü, un, qoyun əti, kolbasa məmulatları, balıq məhsulları, süd məhsulları, pendir və yumurta, kərə, zeytun və qarğıdalı yağları, banan, armud, xiyar, pomidor, badımcan, göy lobya, soğan, kartof, qəhvə, çay və kakao, tütün məmulatları və spirtli içkilərin qiymətlərində artım, manna və qarabaşaq yarması, makaron məmulatları, limon, portağal, naringi, alma, heyva, nar, xurma, kivi, kələm, göyərti, çuğundur, yerkökü və sarımsağın qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində qeyri-ərzaq mallarından geyim, ayaqqabılar, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, minik avtomobilləri üçün ehtiyat hissələri, dəftərxana ləvazimatları, zərgərlik məmulatlarının qiymətlərində artım, kondisioner, mobil telefon, televizor, fotoaparatlar və planşet tipli kompüterlərin qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Noyabr ayında oktyabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmizlənməsi, təmiri və kirayəsi, ictimai iaşə və stomatoloji xidmətlərin qiymətləri artıb, ölkə daxilində istirahət turlarının, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə azalıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.