![]() |
|
Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) 2018-ci il üçün “Qlob Sokker Avards”ın mükafatçılarını müəyyən ediblər.
Axar.az xəbər verir ki, “Yuventus” futbol klubunun hücumçusu Kristiano Ronaldo ən yaxşı futbolçu mükafatına layiq görülüb. Portuqaliyalı futbolçu bu mükafatı beşinci dəfədir alır ki, bu da rekord göstəricidir. Ronaldo həmçinin “İlin ən yaxşı qolu” mükafatını qazanıb.
Mükafatlar bir neçə nominasiyada təqdim edilib. “Ən yaxşı məşqçi karyerası” nominasiyasında italiyalı Fabio Kapello qalib olub. İlin ən yaxşı klubu “Atletiko” hesab edilib.
“Yuventus”da işləyən Fabio Parattiçi ən yaxşı idman direktoru seçilib. İlin ən yaxşı agenti nominasiyasında Jorje Mendeş qalib gəlib.
Mükafatlandırma mərasimi Dubayda keçirilib.
PSJ-nin futbolçusu Neymarın Yeni il bayramı yaddaqalan olub.
Qol.az xəbər verir ki, Rio-de Janeyroda parti təşkil edən braziliyalı hücumçu bayramı 26 xanımla qeyd edib.
Şənlikdə Neymarın dostları - "Barselona"lı Artur Melo, braziliyalı futbolçu Lukas Lima və sörfçü Qabriel Medina da iştirak edib.
“Qalatasaray” futbolçuları Sərdar Əziz və Ərən Dərdiyokla yollarını ayırır.
Goal.az-ın xəbərinə görə, bu barədə İstanbul təmsilçisinin baş məşqçisi Fateh Terim klubun rəsmi İnstaqram səhifəsinə açıqlamasında məlumat verib:
“Sərdarı da, Ərəni də çox istəyirəm və onların karyeralarına, istedadlarına hörmət edirəm. Ancaq bundan sonra bərabər çalışmağımız mümkün olmayacaq. Bizə uyğun futbolçular olmadıqlarını düşünürəm. Bu, bir günlük, bir oyunluq mövzu deyil. Mövsümün qalan hissəsində bizimlə olmayacaqlar. Yolları açıq olsun”.
Azərbaycan millisinin üzvü Tiflisdə keçirilən yeniyetmələr arasında idman dırmanması üzrə açıq çempionatda gümüş medal qazanıb.
Axar.az xəbər verir ki, Azərbaycanın yığma komandası yarışda üç idmançı ilə təmsil olunub. Boldrinq üzrə yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi ilə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) “Gömrükçü” idman klubunun təmsilçisi Mədinə Abdullayeva uğurla çıxış edib. 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında qüvvəsini sınayan təmsilçimiz gümüş medala sahib olub.
Mədinə Abdullayeva ötən il ölkəmizdə idman dırmanmasının çətinlik növü üzrə keçirilən DGK İSM “Gömrükçü” idman klubunun açıq beynəlxalq birinciliyində də gümüş medal qazanıb.
Rusiyalı Həbib Nurməhəmmədov Qaydasız Döyüş Çempionatının (UFC) reytinqində bir pillə geriləyib.
Report xəbər verir ki, 30 yaşlı samboçu üçüncü pilləyə enib. O, yerini ABŞ idmançısı Con Consa verib. İlk sırada isə amerikalı Deniel Kormye qərarlaşıb.
Qeyd edək ki, Konor Makqreqor 9-cu yerdədir. ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində yüngül çəkidə H.Nurməhəmmədova uduzan irlandiyalı döyüşçü də bir pillə geriləyib.
2018-ci ildə AMADA tərəfindən 35 antidopinq qayda pozuntusu qeydə alınıb. Bu pozuntuları idmanın ağır atletika (2), güləş (12), boks (5), cüdo (3), velosiped idmanı (2), voleybol (2), taekvondo (7) və atletika (1) növləri üzrə qeyri-əlverişli analiz nəticəsində aşkarlanıb. Əlavə olaraq, ağır atletikada 1 atipik nəticə aşkar edilib.
Axar.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) 2018-ci ilə dair illik hesabatında qeyd olunub.
Hesabatda bildirilib ki, il ərzində 1 dəfə dopinq nəzarətindən imtina, 8 dəfə isə məkan məlumatı pozuntusu halları baş verib. Qeyri-əlverişli analiz nəticələrinin bir çoxu anabolik steroid təşkil edib və idmançıların 25 faizi azyaşlı olub. Ümumilikdə 2018-ci ildə 35 antidopinq qayda pozuntusu baş verib və 35 yekun qərar açıqlanıb.
“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi dəyişməz qalıb.
Report xəbər verir ki, 46 yaşlı mütəxəssis 2018-ci ilin yekun siyahısında 1073 xalla 458-ci sırada yer alıb. Komandası Azərbaycan Premyer Liqasında çıxış edən daha bir mütəxəssis də “minlik”də qərarlaşıb. Bu, “Neftçi”yə rəhbərlik edən Roberto Bordindir. İtaliyalı məşqçi 123 xalla 961-ci pillədə qalıb.
Qeyd edək ki, siyahıya 14840 xalla İspaniyanın “Barselona” komandasının baş məşqçisi Ernesto Valverde başçılıq edir.
“Çelsi” “Borussiya Dortmund”un futbolçusu Kristian Pulişiçi transfer edib.
Goal.az xəbər verir ki, londonlular ABŞ millisinin 20 yaşlı cinah yarımmüdafiəçisi üçün 64 milyon avro ödəyiblər. Lakin o, yeni klubuna yayda qoşulacaq.
Pulişiç 2019-cu ilin iyununa qədər icarə əsasında Dortmund komandasının formasını geyinəcək.
Qeyd edək ki, Pulişiç 2016-cı ilin yanvarından “Borussiya”da çıxış edir.
Qarışıq döyüş sənətləri üzrə şirkətlə bağladığı müqavilə əsasında yapon kikboksçu Tenşin Nasukava ilə şou döyüşünə çıxan amerikalı boksçu Floyd Meyvezer rəqibini təxminən 2 dəqiqə ərzində nakauta salıb.
Qaynarinfo xəbər verir ki, Tokioda keçirilən döyüşdə 20 yaşlı rəqibi üzərində asan qələbə qazanan Meyvezer döyüş boyunca gülümsəməsi ilə diqqətlərdən yayınmayıb.
Döyüşün əvvəlində rəqibinə yüngül zərbələr vuran və əsasən müdafiə olunan amerikalı boksçu daha sonra ardıcıl zərbələrə başlayıb və 1 dəqiqənin tamamında yapon döyüşçünü yerə sərib. Yerə yıxıldıqdan 5-6 saniyə sonra ayağa qalxan Nasukava matça davam edib. Amma Meyvezerin zərbələrinə uzun müddət dözə bilməyib. 45 saniyə sonra qarnına və üzünə aldığı zərbələrlə yerdə qalıb.
Ayağa qalxan yapon döyüşçü Meyvezerin ardıcıl zərbələri ilə matçın bitməsinə 50 saniyə qalmış yenidən yıxılıb. Məşqçilərin rinqə çıxmasından sonra hakim matçı bitirərək amerikalı boksçunu qalib elan edib.
Bununla da Meyvezer məğlubiyyətsizlik rekordunu 51 döyüşə (peşəkar olmayan oyunlar daxil) yüksəldib. 41 yaşlı boksçu bu matçdan 9 milyon avro qazanıb.
Türkiyəli tanınmış pəhləvan 45 yaşlı Mahsuni Sevimli tikintidən yıxılaraq dünyasını dəyişib.
Axar.az xəbər verir ki, yağlı güləş idman növü ilə məşğul olan pəhləvan İstanbulda usta işlədiyi tikintidə 13 metrdən lift boşluğuna yıxılıb. Dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.