![]() |
|
“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah Avstriya “Salzburq”nun formasını geyinən yəhudi futbolçu Munas Dabburun transfer ediləcəyi təqdirdə klubdan gedəcəyini bildirib.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Yerusalem Post” qəzeti yazıb.
Qəzetin iddiasına görə, çıxdığı son 30 rəsmi oyunda 20 qol vuran Dabbur “Liverpul”un baş məşqçisi Yurgen Kloppun transfer siyahısında yer alıb. Misir-İsrail arasında olan münasibətlərə görə, Salah bu transferin baş tutacağı təqdirdə ingilis klubunu tərk edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Qəzet bildirib ki, 2014-cü ildə Salah “Bazel” klubunda oynayarkən “Makkabi Təl-Əviv”lə keçirilən görüşdə rəqib oyunçuların əlini sıxmaq əvəzinə ayaqqabılarının ipini bağlamışdı.
Dekabrın 26-da İtaliya A Seriyasında 18-ci turun oyunları keçirilib.
Axar.az xəbər verir ki, turun gözlənilməz hesabı “Atleti Azzurri İtalia” stadionunda qeydə alınıb. Son çempion “Yuventus” səfərdə “Atalanta” komandasının qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Gərgin keçən qarşılaşmada hesabı erkən qolla Turin təmsilçisi açıb. Miralim Pyaniçin ötürməsindən sonra top “Atalanta” klubunun müdafiəçisi Berat Djimsitinin ayağına dəyərək qapıdan keçib – 0:1. Qoldan sonra irəli atılan meydan sahibləri matçın 24-cü dəqiqəsində hesaba tarazlıq gətirib. Duvan Sapata fərdi ustalığı sayəsində rəqibin iki müdafiəçisini keçərək qapıya qüvvətli zərbə endirib – 1:1.
Fasiləyə komandalar heç-heçə ilə yollanıb.
Qarşılaşmanın ikinci hissəsinin 56-cı dəqiqəsində “Atalanta” klubu hesabda önə keçib. Duvan Zapata adını tabloya yazdıraraq oyunda dublun rəsmiləşdirib – 2:1. Matçın 78-ci dəqiqəsində “qoca sinyora” hesabı bərabərləşdirməyə nail olub. Belə ki, Miralim Pyaniçin künc ötürməsindən sonra “Atalanta”nın cərimə meydançasında yaranmış qarışıqlıqdan Kristino Ronaldo dəqiq baş zərbəsi ilə istifadə edib. Bu, “Yuventus”un ulduz oyunçusunun cari mövsümdə vurduğu 12-ci qoldur. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Frosinone” – “Milan” – 0:0
“Fiorentina” – “Parma” – 0:1
“Bolonya” – “Latsiyo” – 0:2
“Kalyari” – “Cenoa” – 1:0
“Sampdoriya” – “Kievo” – 2:0.
Qeyd edək ki, tura “Roma” - “Sassuolo”, “Torino” - “Empoli”, SPAL - “Udineze” və “İnter” - “Napoli” oyunları ilə yekun vurulacaq.
Rusiyanın Sankt-Peterburq şəhərində şahmat üzrə rapid yarışlarına start verilib.
Axar.az xəbər verir ki, kişilər arasında 206, qadınların yarışlarında 124 şahmatçının mübarizə apardığı yarışların ilk günündə 5 turun oyunları keçirilib. Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarov 5 turun nəticəsinə görə 4 xal toplayıb. O, bu nəticəyə görə turnir cədvəlində 5-ci yerdədir. Qədir Hüseynovun aktivində 3,5, Rauf Məmmədovun isə 3 xalı var. 4-cü turun nəticələrinə görə Gülnar Məmmədova 3, Günay Məmmədzadə 2,5, Zeynəb və Türkan Məmmədyarova bacıları isə hərəyə 2 xal qazanıblar.
Turnir cədvəlinin lideri 4,5 xalla iranlı Alireza Firoujadır. Qadınların turnirində isə 4 xalla Çin şahmatçısı Vencun Cu liderlik edir.
Yarışlar dekabrın 28-dək keçiriləcək. Kişilərin yarışları 15, qadınların turnirin isə 12 turdan ibarətdir.
Blits üzrə dünya çempionatı isə dekabrın 29-30-da təşkil ediləcək.
“Qəbələ”nin baş meneceri Zaur Əzizov sabiq futbolçuları Dodonun komandaya qayıdacağı ilə bağlı xəbərə münasibət bildirib.
Klub rəsmisi Qol.az-a açıqlamasında braziliyalı yarımmüdafiəçini baxışa dəvət etdiklərini təsdiqləyib. Lakin Z. Əzizov 31 yaşlı futbolçunun başqa təklifi də olduğunu və buna görə hələlik yekun qərarını vermədiyini söyləyib:
“Biz Dodo ilə mütəmadi olaraq əlaqədəyik. Klubdan ayrılmasından bir neçə il keçməsinə baxmayaraq, demək olar ki, ay ərzində bir neçə dəfə danışırıq. O, hələ bir müddət əvvəl “Qəbələ”yə qayıtmaq istədiyini demişdi. Mən də son danışıqlarımızın birində bildirdim ki, istəyirsənsə, bu şərtlərlə hazırlığa qoşula bilərsən. Əsas şərt də odur ki, fiziki baxımdan hazırlıqlı, komandamıza xeyir verə biləcək formada olmalıdır. Ondan sonra bizə konkret olaraq, “hə” və ya “yox” deməyib. Hələ ki, gözləyirik. Düşünürəm ki, başqa təklifi də olduğu üçün götür-qoy edir”.
Əzizov Dodonun son vaxtlar aşağı səviyyəli klublarda çıxış etməsinə baxmayaraq, “Qəbələ”yə xeyir verə biləcək futbolçu olduğunu düşünür: “Dodonu kifayət qədər təcrübəli futbolçu hesab etmək olar. Uzun müddət “Qəbələ”də oynayıb. O, klubu, biz də onu tanıyırıq. Karyerasında intizam yaratsa, istənilən komandamıza kömək edə biləcək səviyyəyə çata bilər. Son vaxtlar klubsuz qalmayıb, sadəcə, aşağı liqalarda oynayıb. Yəni, oynaması dəqiqdir. Özü də son dönəmdə sabit çıxış edib. Buna görə də tanıdığımız, hörmət etdiyimiz, kluba kifayət qədər uğur qazandırmış futbolçu olaraq, Dodonu məşqlərə dəvət etməkdə heç bir problem görmürük. Amma bu, o demək deyil ki, Dodo dəqiq gələcək”.
Qeyd edək ki, Dodo 2011/2016-cı illərdə "Qəbələ"də çıxış edib. O, "qırmızı-qaralar"dan ayrılandan sonra Braziliyanın "Joinvil" və Yunanıstanın AEL klublarında çıxış edib.
UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçının Azərbaycan paytaxtında keçirilməsi ilə əlaqədar Bakıda açılan “Avropa Liqası Muzeyi”ndə növbəti imza günü təşkil edilib.
AZƏRTAC xəbər verir ki, muzeyin budəfəki qonağı Azərbaycan milli komandasının və “Qəbələ” klubunun yarımmüdafiəçisi Təmkin Xəlilzadə olub.
Muzeyin ziyarətçiləri və futbolsevərlər yarımmüdafiəçi ilə fotoşəkillər çəkdirib, onun imzasını alıblar.
“Avropa Liqası Muzeyi” ilə tanış olan T.Xəlilzadə komandasının ən böyük rəqibi olan “Qəbələ” klubunun azarkeşləri ilə də görüşüb.
T.Xəlilzadə 2014-cü ildə Ağdamın “Qarabağ” klubunun heyətində Azərbaycan çempionu adı qazanıb.
Dekabrın 26-da İngiltərə Premyer Liqasının 19-cu turuna start verilib.
Axar.az xəbər verir ki, turun görüşləri arasında gözlənilməz nəticə “King Pover” stadionunda qeydə alınıb. Sonuncu çempion “Mançester Siti” səfərdə “Lester Siti” komandasının qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ev sahiblərinin heyətində Mark Albrayton (19) və Rikardo Pereyra (81) fərqləniblər. Qonaqların yeganə qolunun müəllifi Bernardo Silva (14) olub.
Beləliklə, Pep Qvaridolanın yetirmələri son dörd oyunda üçüncü dəfə məğlub olaraq, ikinci pilləni də əldən veriblər.
Belə ki, doğma meydanda “Bornmut”u 5:0 hesabı ilə darmadağın edən “Tottenhem” turnir cədvəlində ikinci pilləyə yüksəlib.
Çempionatın vahid lideri “Liverpul” isə ev oyununda “Nyukasl”ın qapısından dörd cavabsız top keçirib. “Liverpul”un heyətində D.Lovren (11), Məhəmməd Salah (47, p) Xerdan Şaqiri (79) və Fabinyo (85) fərqləniblər.
Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
“Fulham” – “Vulverhempton” – 1:1;
“Börnli” – “Everton” – 1:5;
“Kristal Palas” – “Kardiff” – 0:0;
“Mançester Yunayted” – “Haddersfild” – 3:1.
Tur çərçivəsində bu gün “Brayton”-“Arsenal”, “Votford”-“Çelsi”, dekabrın 27-də isə “Sauthempton”-“Vest Ham” oyunları keçiriləcək.
Hazırda “Liverpul”un 51, “Tottenhem”in 45, “Mançester Siti”nin 44 xalı var.
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib.
Report-un məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Azərbaycanın bu il də müxtəlif beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini və idmançıların fərqli ölkələrdə təşkil edilən turnirlərdə fəxri kürsüyə yüksəldiklərini vurğulayıblar.
Daha sonra müxtəlif nominasiyalar üzrə ilin qalibləri təltif olunublar. Mükafatları A.Rəhimov və Ç.Hüseynzadə ilə yanaşı, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, deputatlar, eləcə də idman ictimaiyyətinin tanınmış simaları təqdim ediblər.
İlin məşqçiləri
1. Vaqif Feyzullayev - güləşçi Eldəniz Əzizlinin məşqçisi
2. Fərhad İsmayılov - stolüstü tennis komandasının məşqçisi
3. Tərlan Həsənov - cüdoçu Hidayət Heydərovun məşqçisi
İlin ən yaxşı hakimləri
- Vaqif Hüseynağa oğlu Əliyev (həndbol)
- Anar Tofiq oğlu Babanlı (boks)
- Vahid Əlış oğlu Nəzərov (ağır atletika)
İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə
- Gimnastika Federasiyası
- Cüdo Fedarasiyası
- Velosiped Federasiyası
İlin ən yaxşı federasiyası
- Güləş Federasiyası
İlin yekunlarına görə ilin ən yaxşı komandası
- Qızlardan ibarət stolüstü tennis üzrə yığma komanda
İlin yekunlarına görə ən yaxşı idman həkimi
- Aytəkin Sahib qızı Rüstəmova (ldman həkimi nəzarəti şöbəsinin
müdiri)
İlin ən fəal veteranı
- Elmira Petrovna Safonina (qılınc oynatma, veteran)
İlin ən yaxşı idman qurguları
- Abşeron Olimpiya İdman Kompleksi
- Göygöl Olimpiya İdman Kompleksi
Bədən tərbiyəsi və idman sahəsi üzrə ilin elm adamı
Dilqəm Qasım oğlu Quliyev (ADBTİA - elmlər doktoru)
İlin ən yaxşi idman verilişlərinin jurnalisti (təşkilatçisi)
- Namiq MirRəşid oğlu Abbasov (ARB24 kanali)
İlin ən yaxşi ldman televiziya verlişləri kanalı
- Xəzər TV
İlin ən yaxşi idman agentliyi
- Rekord.az
İlin ən yaxşı televiziya verilişləri layihəsi
- "Bol idman" (İctimai TV)
Fəxri diplom
- Şahin Qaçay oğlu Mahmudov
- Fariz Abdulla oğlu Nəcəfov ("Qəbələ" Klubu)
- Rafiq Hüseyn oğlu Rəhimov (veteran güləşçi)
- Nadir İsa oğlu Əzizov (Kikboksinq Federasiyası)
- Elşən Qara oğlu Abbasov (Kikboksinq Federasiyası)
2018-ci ilin yekunlarına görə ilin ən yaxşı komandası: Azərbaycan milli olimpiya komandası
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə
1. Yelizaveta Luzan (bədii gimnastika) - I yer
2. Vüqar Talıbov (cüdo) - I yer
3. Turan Bayramov (sərbəst güləş) - I yer
4. Tarmerxan Babayev (ağırlıqqaldırma) - II yer
5. Cavad Ağayev (taekvondo) - III yer
6. Şahanə Nəzərova (qadın güləşi) - III yer
7. Nurlan Səfərov (boks) - III yer
Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 2018-ci ilin yekunlarına əsasən, təsis etdiyi mükafatlar:
Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi: Rövnəq Abdullayev
Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı: Orxan Qoca
Ədalətli oyun prinsiplərinə sadiq hakim: Emin Şaxtaxtinski
Ədalətli oyun prinsiplərinə sadiq məşqçi: Mariana Vasilyeva
Ədalətli oyun prinsiplərinə sadiq idmançı: Eldəniz Əzizli
Ədalətli oyun prinsiplərinə sadiq səfir: Fərid Mansurov
Aliyə Alkova, Rakif Əliyev, Zöhrə Əskərova, Səmayə Məmmədova və Elşən Şirinov dövlət qulluğundakı səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif ediliblər.
İlin ən yaxşı idmançıları
1. Eldəniz Əzizli (yunan-Roma güləşi) - Dünya və Avropa çempionu
2. Bayram Mustafayev (paracüdo) - Dünya çempionu
3. Hidayət Heydərov (cüdo) - Dünya və Avropa çempionatının mükafatçısı
4. Cəbrayıl Həsənov (sərbəst güləş) - Dünya və Avropa mükafatçısı
5. Radik İsayev (taekvando) - Avropa çempionu və Dünya Kubokunun mükafatçısı
6. Mixail Malkin (tamblinq) - Avropa çempionu
7. Pərviz Həsənov (dama) - Gözdən əlillər arasında dünya və Avropa çempionu
8. Şəhriyar Məmədyarov (şahmat) - Dünya reytinqində 3-cü yerin sahibi
9. Elxan Əliyev (kikboksinq) - Avropa çempionatının mükafatçısı
10. Rafael Ağayev (karate) - dünya çempionatının mükafatçısı və Avropa çempionu
Aliyə Alkova, Rakif Əliyev, Zöhrə Əskərova, Səmayə Məmmədova və Elşən Şirinov dövlət qulluğundakı səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təltif ediliblər.
Fransanın PSJ klubunun futbolçusu Çupo Motinqin evi qarət olunub.
Sportnet.az xəbər verir ki, 29 yaşlı hücumçu bir ay ərzində ikinci dəfə belə halla üzləşib.
Kamerunlu oyunçuya dəymiş zərərin miqdarı və oğurlanmış əşyaların sayı bəlli deyil.
Çempionlar Liqasının qrup mərhələsinin V turunda noyabrın 28-də baş tutan PSJ - "Liverpul" matçında da Motinqin evi qarət olunub. Həmin vaxt hücumçuya 600 min avro ziyan dəyib.
Qeyd edək ki, daha öncə PSJ-nin kapitanı Tiaqo Silvanın da evindən oğurluq edilib. Braziliyalı müdafiəçinin evindən bir neçə bahalı əşya, 600 min avro məbləğində saat götürülüb. Oyunçuya dəyən ziyan isə 1 milyon avroya bərabərdir.
İdmançı könüllü olaraq dopinq qəbul etdiyini etiraf edərsə, onun cəzası yüngülləşə bilər.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Ş.Hüseynli bildirib ki, ancaq könüllü etiraf etməsə, dopinq aşkar olunan idmançıya heç bir güzəşt olmayacaq.
Direktor əlavə edib ki, dopinq aşkar olunan idmançılar agentlik ilə əməkdaşlıq edərsə, onun da cəzası yüngülləşə bilər: “Əgər dopinq aşkar edilən idmançı bizə əhəmiyyətli informasiya versə və bunun nəticəsində dopinq pozuntusu aşkar edilsə, həmin idmançının cəzası yüngülləşə bilər”.