![]() |
|
Slovakiyanın əfsanəvi futbolçusu və məşqçisi Yozef Adamets vəfat edib.
Report-un məlumatına görə, tanınmış mütəxəssis 76 yaşında Trnava şəhərindəki xəstəxanaların birində dünyasını dəyişib. Çexoslovakiya yığmasındakı çıxışı ilə məşhurlaşan veteran hücumçu təyyarədən qorxması ilə də ad çıxarıb.
Bildirilir ki, Y.Adamets Slovakiya yığmasına rəhbərlik etdiyi 1999 - 2002-ci illərdə Mərkəzi Amerikada keçirilmiş turnirə uçmaqdan imtina edib. O, 2000-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla səfər oyununa gələn zaman 5 saatlıq uçuş boyu təyyarənin tavanına baxaraq, dua edib.
Qeyd edək ki, 9 oktyabr 1999-cu ildə Bakıda baş tutmuş Azərbaycan – Slovakiya oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov "Diriliş Ərtoğrul" serialında rol alıb.
Qaynarinfo.az-ın məlumatına görə, idmançı serialın aktyorları, o cümlədən Ərtoğrul rolunu oynayan Engin Altan Düzyatanla görüşüb.
"Sanki mən də mövzunun içindəyəm" - deyə məşhur döyüşçü sosial şəbəkədəki hesabında yazıb.
Qeyd edək ki, Həbib Nurməhəmmədov oktyabrda ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş döyüşdə Konor Makqreqora qalib gələrək, çempion titulunu qoruyub.
Moskvada iki azərbaycanlı boksçunun iştirak etdiyi "boks gecəsi" keçirilib.
Axar.az xəbər verir ki, 75 kq çəkidə azərbaycanlı Hidayət Musayev Rusiyanın Barnaul şəhərini təmsil edən erməni Karen Avestisyanla qarşılaşıb.
8 raundluq döyüşdən sonra Musayev arbitrlərin hamısının səsini alaraq, qalib elan olunub.
Bu, H.Musayevin 4 boks gecəsində 4-cü qələbəsi olub.
Gecənin növbəti döyüşündə azərbaycanlı idmançı Kənan Hüseynəliyev (60 kq) filippinli rəqibinə qalib gəlib.
“Arsenal”dan ayrılması gündəmdə olan Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər.
Qol.az-ın yaydığı xəbərə görə, türk əsilli alman futbolçu “Başakşəhər”in maraq dairəsinə düşüb. Türkiyədə Prezident Rəcəb Tayyip Ərdoğanın klubu kimi tanınan İstanbul təmsilçisi 29 yaşlı oyunçunu heyətinə qatmaq istəyir. İddiaya görə, klubun prezidenti Göksəl Gümüşdağ bildirib ki, əgər Özil onların komandasında oynamaq istəsə, keçidi gerçəkləşdirmək üçün hər şeyi etməyə hazırdır.
Qeyd edək ki, “Başakşəhər” bundan əvvəl Emanuel Adebayor və Arda Turanı transfer edərək bütün diqqətləri üzərinə çəkmişdi.
"Barselona" "Real"ın istədiyi futbolçuya elçi düşüb.
Fanat.az xəbər verir ki, kataloniya klubu əzəli rəqibinin bir müddətdir heyətinə qatmağa çalışdığı Dortmund "Borussiya"sının gənc ulduzu Yadon Sançoy üçün hərəkətə keçib.
Real" bir müddət əvvəl 18 yaşlı yarımmüdafiəçi üçün almanlara 70 milyon avro təklif etmişdi. "Barselona" da bu günlərdə "Borussiya" ilə danışıqlara başlayıb.
Qeyd edək ki, ötən ilin yayında "Mançester Siti"dən "Borussiya"ya 7,84 milyon avroya transfer olunan Sançoy hazırda "Transfermarkt" 70 milyon avro qiymət qoyub. 18 yaşlı sol cinah oyunçusu cari mövsümdə oynadığı 24 rəsmi matçda 7 qol vurub və 11 məhsuldar ötürmə edib.
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi böyük beşlik" çempionatlarında son 11 mövsümdə ən azı 15 qol vuran ilk futbolçu adına sahib çıxıb.
Sportnet.az xəbər verir ki, argentinalı hücumçu 15-ci dəfə La Liqanın XVII turunda "Selta"ya 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada fərqlənib. O, 2008-2009 mövsümündə 23, 2009-2010 mövsümündə 34, 2010-2011 mövsümündə 31, 2011-2012 mövsümündə 50, 2012-2013 mövsümündə 46, 2013-2014 mövsümündə 28, 2014-2015 mövsümündə 43, 2015-2016 mövsümündə 26, 2016-2017 mövsümündə 37, 2017-2018 mövsümündə 34 top müəllifi olub.
"Selta" ilə matçdakı qol Messinin karyerasında İspaniya çempionatında 398-ci qol olub. O, La Liqa tarixinin ən yaxşı bombardiridir.
Qeyd edək ki, Lionel Messi bu mövsüm daha 4 qola Çempionlar Liqasında imza atıb.
Serbiya, Yunanıstan, Bolqarıstan və Rumıniya 2028-ci ildə futbol üzrə Avropa və ya 2030-cu ildə dünya çempionatlarına ev sahibliyi ilə bağlı birgə müraciət etmək üçün təşkilat komitəsi yaradıb.
Axar.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat verib.
Dövlət başçısı təşkilat komitəsinin yaradılması barədə qərarın Belqradda keçirilən dördtərəfli görüşdə qəbul olunduğunu bildirib. Prezident sənədlərin 2021-ci ilin dekabrına qədər təqdim edilməli olduğunu, qərarın isə 2022-ci ilin iyulunda açıqlana biləcəyini vurğulayıb.
Sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsində dəyişiklik edilib.
Axar.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, milli komanda Saypulla Absaidova tapşırılıb.
Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin əmri ilə təcrübəli mütəxəssis yenidən böyüklərdən ibarət yığmanın baş məşqçisi təyin olunub.
2009-2012 və 2015-2016-cı illərdə də əsas komandanın baş məşqçisi funksiyasını yerinə yetirən Saypulla Absaidov son iki ildə gənclərdən ibarət yığmada böyük məşqçi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, millinin sabiq baş məşqçisi Firdovsi Umudov bundan sonra fəaliyyətini sərbəst güləş üzrə vitse-prezident kimi davam etdirəcək.
Çempionlar Liqasında qrup mərhələsinin ən gözəl qolu bəlli olub.
Axar.az xəbər verir ki, azarkeşlər "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiçin "Tottenxem"lə səfər oyununda (4:2) vurduğu qolu ən yaxşı seçib.
Qeyd edək ki, ən yaxşı qol adına digər namizədlər Usman Dembele (“Barselona”) və Mauro İkardinin (“İnter”) “Tottenhem”in, Kristiano Ronaldonun (“Yuventus”) isə “Mançester Yunayted”in qapısından keçirdiyi toplar olub.
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab görüşü keçirilib.
Axar.az xəbər verir ki, "Sabah" "Qəbələ"ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
Hər iki görüşdə eyni hesabla qalib gələn "Qəbələ" yarımfinala yüksəlib. Növbəti mərhələdə rəqib saat 19:00-da başlanacaq "Keşlə" - "Qarabağ" görüşünün nəticəsinə əsasən müəyyənləşəcək. İlk matçda Ağdam komandası qalib gəlib - 1:0.