![]() |
|
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,6% artaraq 1,8434 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0184 manat, Türkiyə lirəsi 0,6% bahalaşaraq 0,0532 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) yeni təyinat olub.
“APA-Economics” xəbər verir ki, Arif Quliyev DVX-də yeni yaradılan vergi ombudsmanı xidməti baş idarəsinə ilk dəfə rəis təyin edilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi ombudsmanı xidməti baş idarəsi ötən ilin sonu yaradılıb.
Məlumata görə, baş idarənin yaradılmasında əsas hədəf vergi orqanlarında vergi ödəyicilərinin hüquqların qorunması üçün preventiv tədbirlərin görülməsi və bu sahədə səmərəliliyin artırılmasıdır. Bu strukturun yaradılması sahibkarların qarşılaşdığı məsələlərin həllində onlara əlavə dəstək verilməsi məqsədi daşıyır.
Qlobal bazarlar qışın isti keçməsi səbəbindən həddindən artıq qaz təklifi ilə üzləşib.
Bu barədə CNBC analitik məlumatlara istinadən yazır.
Morgan Stanley-in proqnozlarına görə, yaxın illərdə qaz bazarında təklif uzun illərin rekorduna çatacaq çatacaq. Bankın strateqləri qeyd edirlər ki, hazırda dünyada ildə 150 milyon tondan çox mayeləşdirilmiş təbii qaz (LNG) hasil etmək üçün potensial yaradılır və bu, tədarükün daha da artmasına və qiymətlərin aşağı düşməsinə səbəb olacaq.
S&P eksapertləri bildirirlər ki, təbii qaz qiymətləri ABŞ, Avropa və Şimali Asiya kimi Şimal yarımkürə regionlarında qışın mülayim keçməsi səbəbindən aşağı düşür. Belə ki, ABŞ-da (dünyanın ən böyük LNG istehlakçısı) arxada qoyduğumuz qış mövsümü müşahidələr tarixində ən isti, Avropada isə ikinci ən isti qış oldu. Nəticədə isitməyə və qaza olan tələbat kəskin şəkildə azaldı.
Ekspertlərə görə, yanacağın ucuzlaşmasından ən çox Avropa ölkələri qazanacaq. Rusiyadan qaz tədarükünün kəsilməsindən sonra AB-yə LNG idxalı üçdə bir artıb və aşağı qiymətlər yanacağın əlçatan olmasını təmin edir. Aşağı xərclər həm də Hindistan və Taylandın xeyrinədir, burada idxal olunan qaz ümumi enerji təchizatının 30-50 faizini təşkil edir.
Qeyd edək ki, 2024-cü ilin mart ayında Asiya-Sakit okean regionu ölkələrinə LNG tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 24 milyon tona çatıb. Kpler analitiklərinin fikrincə, idxal artım templərində liderlər Çin, Hindistan və Tayland olub. Birincisi, 2023-cü ilin mart ayı ilə müqayisədə alışları 22 faiz, ikincisi isə demək olar ki, 30 faiz artırıb.(musavat.com)
Dünya birjalarında neft bahalaşır.
"Brent" neftinin iyun fyuçerslərinin qiyməti 0,41 dollar artaraq 1 barel üçün 87,83 dollara çatıb.
ABŞ-ın Qərbi Texas (WTI) xam neftinin may fyuçersləri isə əvvəlki sessiyada oktyabrın 27-dən bəri ən yüksək bağlanışa çatdıqdan sonra 0,41 dollar bahalaşaraq 1 barel üçün 84,12 dollara yüksəlib.
Bahalaşmaya səbəb dünyanın ən böyük neft istehlakçısı olan Çin və ABŞ-da tələbin yaxşılaşa biləcəyinə dair əlamətlər və Yaxın Şərqdə regiondan gələn tədarükə təsir edə biləcək münaqişənin genişlənməsinə dair artan narahatlıqlar olub.
Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilsə də, artıq bu rəngdə olan avtomobillərə tələbat artıb.
Nəqliyyat eksperti Aslan Əsədov "Xəzər Xəbər"ə bildirib ki, sözügedən avtobillərin qiymətində də artım qaçılmaz olacaq. Hətta indiki bazarda bu qiymət artımı özünü müəyyən qədər göstərir.
Yeni qərardan sonra ölkəyə gətirilən avtomobillər arasında da mühərrik həcmi kiçik olan qırmızı rəngli avtomobillərin də sifariş sayında artım müşahidə olunur.
Avtomobil daşınmaları üzrə mütəxəssis Hüseyn Məmmədli onu da əlavə edib ki, qırmızı rəngi avtomobil sifarişləri ümumi satışın 5-7 faizini təşkil edirdisə, indi 15-17 faizini təşkil edir.
Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb.
Bunu Trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər.
Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır.
Bəs bu nə dərəcədə qanunidir?
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Trend-ə açıqlamasında bildirib ki, bəzi binalarda MTK rəhbərliyinin özü, ya da zirzəmilərindəki parklanma yerlərini almış şəxs icarəyə verə bilir:
"Bəzən çoxmənzilli binalar tikilərkən parklanma mütləq nəzərə alınmalıdır. Çünki paytaxtda insan sayı getdikcə artır. Bu səbəbdən də avtomobillərin sayı artır. Belə olduqda hər binanın mənzil sayına görə avtopark yeri olmalıdır. Yeni tikilən binaların birinci mərtəbələrində ictimai-iaşə obyektləri açılır. Bura gələn şəxslərin böyük əksəriyyəti avtomobillə gəlir. Lakin həmin obyektlərin avtomobil saxlamaq üçün yeri olmur. Bu da böyük problemlərdən biridir. Bakının Baş Planına əsasən, binalar söküləndə belə hallar mütləq nəzərə alınmalıdır.
Park yerləri özəl mülkiyyətdirsə və icarəyə verilirsə, belə halda istədiyi qiyməti qoya bilər. Qanunla bu qadağan deyil. Bununla bağlı hər hansısa tarif olmadığından sui-istifadə halları qaçılmazdır".
Hüquqşünas Arif Nəzərov isə bildirib ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), və s.) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.
"Həmçinin, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Göründüyü kimi, mövcud qanunvericiliklə çoxmənzilli binanın zirzəmi hissəsində olan avtodayanacaqlar mənzil mülkiyyətçilərinin ümumi mülkiyyətinə aid edilməyib.
Bununla əlaqədar, mənzil mülkiyyətçiləri ilk növbədə çoxmənzilli binanın layihə sənədinə diqqət yetirməlidirlər. Əgər sözügedən sənəddə zirzəmi hissəsi avtodayanaq kimi layihləndirilibsə, dayanacaqların satışı həyata keçirilə bilər və həmin dayanacaqlara görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması mümkündür", - deyə hüquqşünas qeyd edib.
Qeyd edək ki, 1 aprel tarixindən etibarən Azadlıq meydanınındakı yeraltı dayanacaqda avtomobil park etmək üçün yeni tariflər tətbiq olunacaq.
0-1 saat üçün 1 AZN, 1-3 saat üçün 2 AZN, 3-6 saat üçün 3 AZN, 6-12 saat üçün 5 AZN, 12-24 saat üçün 10 AZN ödəniş tələb olunacaq. Bundan başqa, təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödəniləcək. "Qonşular" paketinə görə 75 AZN ödəniləcək.
Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb. Yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.
Gündəlik tariflər aşağıdakı kimi olacaq:
0-2 saat - 1 manat;
2-4 saat - 2 manat;
4-6 saat - 3 manat;
6-10 saat - 4 manat;
10-12 saat - 5 manat;
12-24 saat - 8 manat.
Aylıq tariflər isə belə olacaq:
Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat);
Bütün günü (24 saatlıq) - 120 manat (60 manat);
Qonşular tarifi - 50 manat (20 manat).
Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.
Qeyd edək ki, bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.
Tikinti və inşaat bazarında müəyyən dərəcədə bahalaşma gözlənilir. Bu haqda “Yeni Sabah”a danışan daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov açıqlama verib.
Ekspert bildirib ki, tikinti şirkətləri arasında rəqabət azalıb:
“Yaxın keçmişə nəzərə salsaq, görərik ki, ölkədə qiymət artımı əsasən tikinti materiallarının, bəzi strateji malların bahalaşması nəticəsində başladı. Bildiyimiz qədər, işğaldan azad olunan ərazilərdə 2020-ci ildən sonra kütləvi inşaat başladıqda, ələxsus, armatur kimi və digər kütləvi inşaat mallarının qiymətində artım müşahidə olundu. Məsələn, armatur 60-65 faiz bahalaşdı. Bu isə böyük bir göstəricidir. Bu artım nəticəsində tikinti şirkətləri qiymətləri qaldırmağa başladılar. İkinci təkan isə inşaat sektoruna tətbiq olunan yeni normativlər oldu. Tikinti həcmi azaldı. Şirkətlər əvvəllər 1 hektar sahədə 50 min kvadrat metrlik bir bina inşa edirdilərsə, bu göstərici iki dəfəyə qədər azaldı. Rusiya və Ukrayna ərazisindən ölkəyə kütləvi axın isə tikinti şirkətlərinin qiymətləri artırmasının üçüncü səbəbi oldu. Bütün qiymətlərin bahalaşmasında əsas rolu tikinti şirkətləri oynayır ki, qiymətlərin artım səbəbi də məhz bu müəssisələrdir. 2022-ci ilin sonuna kimi bu tendensiya davam etdi”.
Elnur Azadov mənzil bazarında 10 faiz bahalaşma olacağını qeyd edib:
“Vətəndaşların çoxu yığım kapitalını toplaya bilmədikləri üçün 2022-2023-cü illərdə ipotekaya müraciətlər 2 dəfə çoxaldı və bazarda ajiotaj başladı. Bir çox insanlar düşündü ki, qiymət artımı getdikcə davam edəcək. İnşaat həcmi isə bir çox illərdən fərqli olaraq, artmadı. Əksinə bu tendensiyada azalmağa başladı. Bir sıra səbəblərdən tikinti şirkətlərinin əlində olan rəqabət və satışa çıxarılan mənzil sayı da azaldı. 2023-cü ilin sonuna kimi bazarda aktivlik davam edirdi. Dekabr ayının ikinci yarısından etibarən bazarda durğunluq hiss olundu və fevral ayından ipoteka qiymətlərində artım başladı. Lakin bazarın hansı dərəcədə dəyişəcəyi ilə bağlı hələlik ciddi proqnoz vermək mümkün deyil. İnşaat həcmi və rəqabət az olduğu üçün tikinti şirkətləri orta hesabla 10 faiz civarında qiymətləri qaldıracaqlar. Bu da mənzil bazarında qismən öz əksini tapacaq”.
Son iki aydır ki, Bakının avtomobil bazarlarına satış üçün həddindən artıq avtomobil gətirildiyindən əraziyə giriş səhər saat 11-dən dayandırılır. Xüsusilə xaricdən gətirilən avtomobillərin sayı kəskin artıb.
Xezerxeber.az-ın məlumatına görə, avtomobil bazarı üzrə ekspert Sərxan Qədirov deyir ki, son zamanlar xaricdən avtomobil sifariş edənlərin sayı çoxalıb.
S.Qədirovun fikrincə, bazarların dolu olmasının səbəbi alverçilərin bir neçə maşını satışa çıxarmasıdır. Çünki heç də hər kəs xaricdən avtomobil almağa üstünlük vermir. Səbəb isə sifariş verilən avtomobilin gözlənilən vəziyyətdə gəlməməsidir.
Elə sürücülər də xaricdən sifariş verilən avtomobillərdə problemlərlə qarşılaşdıqlarını deyirlər.
Qeyd edək ki, ötən il ərzində Azərbaycana xarici ölkələrdən 90 mindən çox avtomobil idxal edilib.
Dünya üzrə 2022-ci ildə rekord miqdarda elektron tullantı istehsal edilib.
Birləşmiş Millətlər Təşkilatının son hesabatına görə, dünyada bir ildə yaranan elektron tullantıların miqdarı 62 milyon tona yüksəlib. Bu isə adambaşı təxminən 8 kiloqram elektron tullantıya bərabərdir.
Mütəxəssislərin fikrincə, hər il milyardlarla elektron cihaz atılır ki, onların əksəriyyəti istismar müddətinin yarısına belə çatmayıb. Bu cihazların daxilindəki xammalın dəyərinin 91 milyard dollar olduğu təxmin edilir. Bununla belə, bütün bu elektron tullantıların yalnız dörddə biri təkrar emal olunur.
Statistikaya görə, 2030-cu ilə qədər elektron tullantıların miqdarının üç dəfə arta biləcəyi bildirilir.
"Daxili bazarı təchiz etməkdə çətinliklər, idxal inhisarçılığı, fantastik qiymətlər və məhsul qıtlığı Rusiyadan idxal asılılığından xilas ola bilməyən ölkələrin iqtisadi mənzərəsi olacaq".
Bu fikirləri Musavat.com-a iqtisadçı Eldəniz Əmirov bildirib.
"Rusiya benzin ixracına qadağa tətbiq etdiyi gün (25 fevral) bunun səbəbinin Rusiyaya tətbiq edilən sanksiyalar olduğuna dair yazmış və müsahibələr vermişdim. Dünən isə "Forbes" jurnalında Rusiyanın Energetika və Maliyyə İnstitutunun sözçüsü Sergey Kondratyev Rusiyanın neft emalı sənayesinin yay aylarında ölkədə benzin qıtlığına səbəb ola biləcək ciddi problemlərlə üzləşəcəyini yazıb. Onun sözlərinə görə, sanksiyalar neft emalı zavodlarında xarici avadanlıq və komponentlərin çatışmazlığı səbəbindən təmir işlərini çətinləşdirir. Böyük ehtimal ki, Kondratyevi bu etiraflara görə bağışlamayacaqlar. Halbuki, o, hələ yumşaq ifadələr seçmişdi.
Rusiyada təkcə neft deyil, bütün emal və istehsal sahələri getdikcə tənəzzüllə üzləşəcək. Çünki hər emal və istehsalın arxasında xaricdən idxal edilən çiplər, yüksək texnoloji avadanlıqlar, yarımkeçiricilər və digər müxtəlif komponentlər dayanır. Odur ki, Rusiyadan idxal asılılığı olan ölkələr də bunun mənfi tərəfini getdikcə daha çox hiss edəcəklər. Hansı ölkələr ki, bu problemi fürsətə çevirməyi bacaracaqlar, Rusiyadan asılılığı daxili emal və istehsal gücü hesabına azaldacaqlar, o ölkələr ciddi anlamda qazanacaqlar.
Amma hansı ölkələr ki, Rusiyadan olan asılılığı yalnız başqa ölkələr hesabına ödəməyi düşünəcək və öz istehsal, emal sənayesinə diqqət ayırmayacaq, o dövlətlər üçün nəinki idxal problemi əbədi qalacaq, hətta bir gün daha ciddi və daha dərin böhran yaşayacaqlar", - ekspert vurğulayıb.