olkeye-gelen-turistlerin-sayi-keskin-artib

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 167 ölkəsindən 341,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 46,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, gələnlərin 26,8 faizi Rusiya Federasiyası, 19,9 faizi Türkiyə, 9,8 faizi İran, 6,9 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2,7 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Pakistan, 2,1 faizi Küveyt, 1,8 faizi Özbəkistan, 1,5 faizi Türkmənistan, hər birindən 1,3 faiz olmaqla Oman və Ukrayna, 1,1 faizi Belarus, 11,2 faizi digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 73,9 faizini kişilər, 26,1 faizini qadınlar təşkil eedib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 4,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,8 dəfə, Hindistandan - 2,7 dəfə, Qırğızıstandan - 2,6 dəfə, Bəhreyndən - 2,5 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Tacikistandan - 2,4 dəfə, Filippindən - 2,0 dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Özbəkistandan - 1,9 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İordaniyadan - 1,8 dəfə, İtaliyadan - 1,8 dəfə, Türkmənistandan - 1,7 dəfə, Misirdən - 1,7 dəfə, Yəməndən - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, İrandan - 1,6 dəfə, Polşadan - 47,7 faiz, Türkiyədən - 38,8 faiz, Fransadan - 38,5 faiz, Ukraynadan - 31,7 faiz, Pakistandan - 28,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 27,6 faiz, Almaniyadan - 27,0 faiz, Gürcüstandan - 24,5 faiz, ABŞ-dan - 24,3 faiz, Moldovadan - 23,9 faiz, Rusiya Federasiyasından - 21,5 faiz, Niderlanddan - 20,9 faiz, Belarusdan - 14,0 faiz, Böyük Britaniyadan - 13,9 faiz, Qətərdən - 11,9 faiz artıb.
Ətraflı

2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 68,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 11,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 31,4 faiz artaraq 122,8 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,6 faizi hava, 31,0 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 36,0 faiz artaraq 296,5 min nəfər olmuşdur. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 38,5 faiz, Gürcüstana gedənlərin sayı 32,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 30,6 faiz, Türkiyəyə gedənlərin sayı 30,1 faiz artıb.

Azərbaycan vətəndaşlarının 37,9 faizi Türkiyəyə, 21,9 faizi Rusiya Federasiyasına, 9,7 faizi Gürcüstana, 8,5 faizi İrana, 22,0 faizi digər ölkələrə səfər edib. Gedənlərin 68,2 faizini kişilər, 31,8 faizini qadınlar təşkil edib.

2024-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,7 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Avtoqəzalar və digər hadisələr zamanı şəxsin avtomobilindən çox, qarşı tərəfə dəymiş ziyan qarşılanır. Bu icbari avtomobil sığortasının tələbi ilə bağlıdır. Bir çox hallarda avtomobil sahibləri bu vəziyyətdən şikayət edirlər.

Belə qəzalar zamanı dəymiş zərərin tam və dolğun şəkildə qarşılanması üçün kasko sığortasından istifadə etmək lazımdır. Azərbaycanda isə bir çox vətəndaşlar bu sığorta növünün imkanlarından xəbərsizdir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov icbari və kasko sığortası arasında başlıca fərqlərə aydınlıq gətirib:

“Kasko və icbari avtonəqliyyat sığortası arasındakı ən əsas fərq birincinin könüllü olmasıdır. Amma avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası isə bizim avtomobili yox, qəza və ya hər hansı bir hadisə zamanı zərər vurduğumuz qarşı tərəfə 5000 manata kimi ödənişlə bağlı məsuliyyəti nəzərdə tutur. Ən əsas fərq odur ki, kasko, yəni könüllü sığorta şəxsin özünün iradəsi ilə tərəflər arasında bağlanan müqavilə əsasında baş verir”.

Ekspert bir çox əsas sığorta şirkətinin kasko sığortası xidmətinə maraqlı olmadığını da diqqətə çatdırıb:

“Burada qeyd olunduğu kimi, avtomobil sahibləri könüllü sığortanı ona görə etdirməlidirlər ki, şəxsin öz maşınına dəymiş zərəri aradan qaldırmaq üçün təklif edilən risklər qarşılansın. Hazırki dövrdə ölkəmizdə avto-kasko müqaviləsinə daha az maraq göstərilir. Bunun səbəbi odur ki, hazırda böyük sığorta şirkətləri daha çox avto-icbarinin və qeyri-həyat sığorta növlərinin üzərində qurulub. Bu şirkətlər könüllü kasko sığorta məhsulunu müştərilərə təqdim etməyə daha az maraqlıdır”.

"İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikliyin bir sıra mühüm tələbləri var. Dəyişikliyə əsasən, bank tərəfindən ipotekaya xitam verilərsə, bu halda əmlak ipoteka sahibinin, yəni vətəndaşın sərəncamında qalacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, nəzərə alsaq ki, dəyişiklikdən öncəki, yəni mövcud qanuna əsasən, əmlak kreditorun, yəni ipoteka vermiş qurumun, bankın və ya İpoteka və Kredit Zəmanət Fondunun sərəncamında qalırdı.

"Amma yeni dəyişiklik imkan verəcək ki, əmlak ipotekanı götürən şəxsin sərəncamında qalsın. Bu da, təbii ki, onların hüquqlarının qorunması və əmlaka sahib olması baxımından çox vacibdir.

İkinci mühüm məqam ipotekada zaminlərlə bağlıdır. Belə ki, dəyişikliyə əsasən, ipoteka götürən şəxs dünyasını dəyişirsə, o zaman onun vəfatından sonra miras sahibliyi dəyişənə qədər olan dövrdə zaminlik dayanır.

Praktiki olaraq bu, zamin duran şəxslərin hüquqlarının qorunması baxımından vacibdir. Digər məqam varisliklə bağlıdır. Mövcud qaydalara əsasən, ipoteka götürən şəxs dünyasını dəyişirsə, onun öhdəliklərini onun vərəsəsi həyata keçirir. Amma yeni qaydalara əsasən, vərəsə mirasdan imtina edirsə, bu halda vərəsə krediti qaytarmak öhdəliyinə malik olmur”, - deyə o əlavə edib.

Qeyd edək ki, "İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikliyə əsasən, ipotekaya xitam verilən hallar genişlənir. Belə ki, ipoteka saxlayan (bank) tələbdən və ya ipotekadan imtina etdikdə, ipotekaya xitam veriləcək. Hazırda qanuna əsasən, bank ipotekaya xitam verirsə, əmlak bankın mülkiyyətinə keçir. Dəyişikliyə əsasən, bank ipotekaya xitam verirsə, əmlak ipoteka götürənin, yəni vətəndaşın sərəncamına keçir.

Hazırda qüvvədə olan qanunun 48-ci maddəsinə (İpotekaya xitam verilməsi) əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir:

- ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;

- əsas öhdəliyə xitam verildikdə;

- tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;

- ipoteka predmeti məhv olduqda;

- bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

- Bu qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.

Paytaxtda yeni aeroport tikiləcək. Yeni hava limanı Ələt Azad İqtisadi Zonasında yerləşəcək.

Bu barədə AzTV süjet hazırlayıb.

Bildirilib ki, hava limanının 2026-cı ilin birinci rübünə kimi fəaliyyətə başlayacağı gözlənilir.

Hava limanının illik yükaşırma gücü ilkin mərhələdə 500 000 ton, daha sonra isə 1,5 milyon tona qədər artacağı planlaşdırılır. 

Daha ətraflı videoda:

Şəxsi həyatını sosial şəbəkələrdə paylaş fenomen ol. Bu gün gənclərin bir çox qəhrəmanı sosial şəbəkə fenomenləridir.

Dünyada influenserlər qazandıqları puldan dövlətə vergi ödəyirlər.

Azərbaycan qanunvericiliyində də influenserlərin vergi ödəməsi nəzərdə tutulur, amma təcrübə göstərir ki, onların çoxu bu pulu dövlətə ödəmirlər.
Daha ətraflı "İTV Xəbər Yekun”da:

Tıxac problemi həddindən artıq ciddi məsələdir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, diqqətçəkən çəkən məsələ Bakı-Sumqayıt yolundakı tıxacdır.

Millət vəkili Naqif Həmzəyev də ictimai nəqliyyat sahəsindəki problemləri qeyd edib.

Miləət vəkili Fəzail Ağamalı isə tıxac olan istiqamətlərə metro salınmasını təklif edib. O, parklanma sahəsindəki problemlərə diqqət çəkib.

Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev isə qarşıdakı hədəfləri açıqlayıb. Bildirib ki, 2030-cu ilə qədər Bakıda səfərlərin 30-40%-nin şəxsi minik avtomobilləri, qalanının isə ictimai nəqliyyatla reallaşdırılması hədəflənir.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,3% artaraq 1,8598 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0187 manat, Türkiyə lirəsi 0,6% ucuzlaşaraq 0,0531 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

Son zamanlar ətin qiymətində yenidən artım müşahidə olunur. Ətin bahalaşması qəssablar arasında narazılığa səbəb olub.

Onlar diri heyvanın alış qiymətinin günü-gündən artmasından şikayətçidirlər.

 "Adam var, bir ayda 300 manat maaş alır. Gəlir, yeddi kilo ətə 150 manat pul verir. O pulla necə dolansın? Mən 30 ilə yaxındır qəssab işləyirəm, gələn alıcıya ətin qiymətini deməyə utanıram”, - qəssab bildirib.

Onlar ətin bahalaşmasının səbəblərindən birinin də bütün rayonlarda diri heyvanların satışı bazarının hər gün təşkil olunması ilə əlaqələndirirlər. Halbuki əvvəlki illərdə heyvan bazarları həftədə yalnız bir gün təşkil olunurdu. Qəssablar bu ənənənin bərpa olunmasını istəyirlər.

İqtisadçılar isə bildiriblər ki, qiymət artımı bazarların hər gün təşkil olunması ilə bağlı deyil.

Əksinə, bu amil rəqabəti çoxaldır və qiymətin düşməsinə səbəb ola bilər. Qeyd olunub ki, heyvan bazarlarının hər gün təşkil olunması həm tez-tez baş verən xeyir və şər məclisləri, həm də restoranların sayının artması ilə bağlıdır. Odur ki, heyvan bazarının həftədə bir dəfə təşkil olunması bu tələbatı ödəmək üçün yetərli olmaya bilər.

Ətraflı Baku TV-nin süjetində:

Son iki həftə ərzində həm kriptovalyuta bazarında, həm də “Bitcoin”in (BTC) qiymətində bir neçə dəfə ciddi dalğalanmalar müşahidə olundu. Martın 7-dən etibarən isə bu kriptovalyutanın dəyəri 65-66 min dollar arasında dəyişir.

Beynəlxalq ekspertlər ötən həftəki qiymət dəyişiklərini Spot Bitcoin ETF-lərə maraq və axının artması ilə bağlamağa çalışırlar. Onların dediyinə görə, bu maraq nəticəsində “Bitcoin”in bazar dəyəri 1,3 trilyon dolları ötüb.

Bəs BTC-nin kəskin bahalaşması və ardınca ucuzlaşması nə ilə bağlıdır?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran kriptovalyuta bazarı üzrə mütəxəssis Elnur Quliyev, bahalaşmanı bazardakı güclü ajiotajla əlaqələndirib. Onun sözlərinə görə, qorxuya düşən bəzi sahibkarlar həftə boyu kütləvi surətdə BTC almağa çalışırdı:

“Buna görə də əsas hədəf, qiymətin 69 min dollara qədər qalxması idi ki, bu tarixin ən yüksək hədəfi sayılır. Hətta bir çoxları bunun daha yüksək qiymətə çatmasını gözləyirdi. Treyderlərin 90 faizi də bu dəyərin yaxın vaxtlarda korreksiya olunacağını və 69 500 - 69 700 dollara qədər bahalaşacağını bildirirdi. Gözlənilən kimi də oldu və BTC-nin dəyəri 69 200 dollara çatmadan geriyə düşdü. Bu da onu göstərir ki, treyderlər gəlirlərini fiks etdirdilər. Bu da onu göstərdi ki, bu dəyərə qədər əldə edilən qazanc bütün kripto hesablarına 100 faizlik təsir etdi”.

Müsahibimiz belə hesab edir ki, hazırda böyük spekulyativ komponentdən başqa “Bitcoin”in dəyərinin bu qədər sürətli artması üçün hər hansı ciddi əhəmiyyət kəsb edən fundamental səbəb yoxdur:

“Düzdür, “Spot Bitcoin ETF” fondları vasitəsilə kriptovalyuta bazarına güclü kapital axını davam edə bilər, amma indiki vəziyyətdə qlobal makroiqtisadi mənzərədə investisiya tələblərinin formalaşmasında həlledici rolu ABŞ Federal Ehtiyatlar Sistemi (FES) oynayır. FES ümumi investisiya mühitinə uçot faiz dərəcəsi qərarı və Bank Müddətli Maliyyələşdirmə Proqramı (Bank Term Funding Program) ilə təsir edir.

Böyük ehtimal ki, yaxın aylarda uçot faiz dərəcəsi endiriləcək. Uçot dərəcəsinin aşağı salınması maliyyə bazarında dolların likvidliyini artırır, kreditlər ucuzlaşır və nəticədə investisiya mühitinə müsbət təsir edir”.

“Gənc investorlar riskə gedirlər”

Sözügedən durumun iqtisadi artımı sürətləndirdiyini söyləyən ekspert düşünür ki, bu da biznesə və vətəndaşlara aşağı faiz dərəcələri vasitəsilə daha ucuz pul əldə etməyə imkan verəcək:

“Ucuz pul investorları risk tələblərini azaltmağa və yeni texnologiyalara, startaplara və kriptovalyutalar da daxil olmaqla digər riskli aktivlərə investisiya etməyə təşviq edir. Bu faktor potensial investorları çətin seçim qarşısında qoyur. Xüsusən də, yaşı 35-dək olan investorların əksəriyyəti son illərdə daha çox və daha tez qazanmaq üçün nisbətən riskli aktivlərə investisiya etməyi üstün tuturlar”.

Qeyd edək ki, son vaxtlar “Spot Bitcoin ETF”lərdə də ciddi oyunlar baş verdi və “Bitcoin”ə həm maraq artdı, həm də ciddi investisiya axını baş verdi.

E.Quliyev də “Spot Bitcoin ETF”lərin də bu məsələdə böyük təsirlərə malik olduğunu təsdiq etdi:

“Hamı elə düşünürdü ki, bu ETF-lərin təsiri az olacaq. Ancaq sonrakı proseslər göstərdi ki, son bir ay ərzində bu fondlar yüksək gəlirli oldular və ciddi kapital axını başlandı. Digər tərəfdən isə bəzi topdan kriptovalyuta satan şirkətlər BTC-nin bitdiyini elan etdilər və bu da ajiotajı yaradan səbəblərdən biri oldu. Buna görə sərmayədarların çoxu birjalara axın etdilər və böyük sərmayələr yatırdılar. Bu da o deməkdir ki, BTC-yə tələbat daha artacaq”.

Bəzi ekspertlər isə belə hesab edirlər ki, son 69 min dollarlıq göstərici çox şişirdilmiş rəqəmdir və birjalardakı əsl dəyəri 46-47 min dollar arasındadır. Bu fikir nə qədər doğurdur?

“Əgər BTC-nin sırf maya dəyəri nəzərdə tutulursa, bu, mayninq göstəricidir və ölkədən ölkəyə dəyişir. Yəni, elə ölkə var ki, qiymət 12 min, elələri də var ki, 25 min və ya 45 min dollardır. Qiymətlərə təsir edən əsas amil tələb və təklifdir. Əgər tələb varsa, qiymət də bahalaşacaq, hətta 100 min dollardan da baha olacaq. Bu da normal bir haldır”.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel bildirib ki, Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildən baza faiz dərəcəsini "ehtiyatla” azaltmaq niyyətindədir.

ABŞ Senatının Bank Komitəsində keçirilən dinləmədə o qeyd edib ki, artıq daha da güclü iqtisadi artım, sabit əmək bazarı və inflyasiyanın azaldılmasında davamlı irəliləyiş müşahidə edilir.

Əgər iqtisadiyyat bu yolda inkişafa davam edərsə, biz inanırıq ki, daralma siyasətinin yumşaldılması prosesi bu il ərzində ehtiyatla başlaya bilər", - Pauell cavab verib.

Xatırladaq ki, cari ilin yanvarın 31-də Pauell FED-in mart ayında keçiriləcək növbəti iclasında faiz dərəcələrini azaltmağa qərar vermə ehtimalının az olduğunu deyib. Eyni zamanda o, ABŞ-ın bu ilin sonunda baza faiz dərəcəsini endirməyə başlaya biləcəyini də vurğulamışdı.

Qeyd edək ki, FED yanvarın sonunda baza dərəcəsini 5,25-5,5 faiz səviyyəsində saxlayıb. Görəsən, FED uçot dərəcəsini azaldarsa, bu manata necə təsir edəcək?

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, FED-in uçot dərəcəsini aşağı salması və yaxud qaldırmasının manatın məzənnəsinə birbaşa şəkildə heç bir təsiri yoxdur:

"FED-in faizləri azaltması dünyada dolları ucuzlaşdıracaq. Bu Amerikanın strategiyasına uyğundur. Çünki ucuz dollar ABŞ-a daha çox ixrac etməyə imkan verir. Uçot dərəcəsi indi tarixi maksimum səviyyədədir. Bu da Amerika iqtisadiyyatında kreditləşməni bahalaşdırdığından müəyyən durğunluq yaradır.

Uçot dərəcəsinin aşağı salınmasının birbaşa manata heç bir təsiri yoxdur. Çünki Azərbaycanda manat inzibati qaydada tənzimlənir. Uçot dərəcəsi artanda da onun manata təsiri olmadı. FED-in uçot dərəcəsi 0-0,25 faiz dərəcəsində olan vaxtı manat indiki məzənnə ilə 1,70 manat idi.

İndi uçot dərəcəsi 5,5 faiz dərəcəsindədir, amma manatın məzənnəsi yenə də 1,70 səviyyəsindədir. Yəni FED-in qərarlarının manata birbaşa təsiri olmur. Manatın gələcəyi və məzənnəsinə təsir edən yeganə meyar neft qiymətləri və Mərkəzi Bankın inzibati tənzimləmə mexanizmidir.

Manatın gələcəyilə bağlı hər hansı bir qərar veriləcəksə, bu yalnız neftin qiyməti və Mərkəzi Bankın strategiyasına uyğun olaraq veriləcək”.

Xəbər lenti