Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş verən partlayış nəticəsində xəsarət alan 4 nəfərin (2-si böyük, 2-si uşaq olmaqla) müalicələri Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrində davam etdirilir.

Bu barədə sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslərə Təcili Tibbi Yardım Xəstəxanasında, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə isə Uşaq Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilir.

1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir.

Ötən gün Bakıda sexdə baş verən partlayış-yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 16 nəfərin müalicəsi davam etdirilir.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 12 nəfərdən 3-nün vəziyyəti ağır stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qalır.

Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 4 nəfərin müalicəsi davam etdirilir: "Onlardan birinin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir".

Xatırladaq ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu gün səhər saatlarında Yasamal rayonu ərazisində avtobuslar hərəkət etməkdə çətinlik çəkib. 

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Dünən gecədən havanın şaxtalı keçməsi səhər saatlarında Yeni Yasamal massivi ərazisində avtobusların hərəkətində problem yaradıb.

Yolların buz olması səbəbindən avtobuslar hərəkət edə bilməyib. Nəticədə sərnişinlər avtobusları tərk etmək məcburiyyətində qalıblar.
Görüntüləri təqdim edirik:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “HYUNDAI” markalı avtomobilin idarəetməni itirərək yol kənarında dayanmış “ZİL” markalı sudaşıyan avtomobilə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış “HYUNDAI” markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsönsürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücü xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bakıda mebel sexində partlayış: Yanğın məhdudlaşdırılıb - YENİLƏNİR - FOTO/CANLI YAYIM

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın məhdudlaşdırılıb.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilir, hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

***

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında mebel sexində baş verən partlayışdan sonra məhdudlaşdırılmasına çalışılan yanğın yenidən güclənib.

Bu barədə Oxu.Az-ın hadisə yerində olan müxbiri məlumat verir. 

***

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında mebel sexində baş verən partlayış və yanğınla bağlı hadisə yerinə müxtəlif aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Oxu.Az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də yanğın baş verən əraziyə gəlib.

 

***

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında mebel sexində baş verən yanğınla mübarizə davam edir.

Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hazırda partlayışlar davam edir. Partlayışların səbəbi müəyyənləşdirilməyib.

***

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı hazırda baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları hadisə yerindədirlər.

Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Qeyd olunur ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

***

Bakıda sexdə partlayış-yanğın nəticəsində iki nəfər ölüb.

APA xəbər verir ki, xeyli sayda xəsarət alan var.

***

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.

***

Mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.

DİN-in mətbuat xidmətindən "Ölkə.az"a bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

***

Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

***

7-ci mikrorayon ərazisində güclü partlayış baş verib.

Axar.az xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə olub.

Partlayışın ardınca ərazidən qatı tüstü qalxıb.

 

 

 

Paytaxt ərazisinə külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs Biləsuvarda saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının Nərimankənd kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Siyəzən rayon sakini Sədrəddin Musayev saxlanılıb. Ona məxsus idman çantasından 5 kiloqram tiryək, 1 kiloqram metamfetamin və 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Araşdırma zamanı S.Musayevin aşkarlanan narkotik vasitələri xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi və satışının təşkil olunmasından ötrü Bakı şəhəri ərazisində sonradan deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

 

 

 

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir.

DTX-nin Mətbuat xidmətindən bildirilib ki, son illər region dövlətləri arasında baş verən proseslərdən sui-istifadə edərək Azərbaycan Respublikasının və digər ölkələrin vətəndaşlarını Ukrayna vətəndaşları adı altında müxtəlif dövlətlərdə yaşaya, sığınacaq ala, vizasız sərbəst hərəkət edə bilmələri üçün qanunsuz yolla Ukrayna dövlətinə aid rəsmi sənədlərlə təmin edən transmilli mütəşəkkil cinayətkar dəstənin əməlləri ifşa olunmuşdur.

Aparılan araşdırmalar zamanı, Ukraynanın Lvov şəhərində yaşamış Nuriyev İbadət Qəhrəman oğlu, Türkiyə Respublikasının İstanbul şəhərində yaşamış Bağırov Fərid Vaqif oğlu və digərlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin yanvar ayından etibarən ayrı-ayrı şəxslər üçün Ukraynaya məxsus pasport, şəxsiyyət və sürücülük vəsiqələrini, o cümlədən digər sənədləri qeyri-qanuni yolla hazırlayıb, hər birini 30.000 ABŞ dollarınadək müxtəlif məbləğlərdə pul vəsaiti müqabilində satmaları müəyyən edilmişdir.

DTX tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində həmin şəxslərin saxlanılaraq Azərbaycan Respublikasında istintaqa cəlb edilmələri təmin olunmuş, hüquq verən və vəzifədən azad edən vəsiqə və digər rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz hazırlama, bu cür saxta sənədləri satma və digər cinayət əməllərinə görə onlara ittiham elan edilmişdir.

Araşdırmalarla həmçinin müxtəlif dövlətlərdə saxta sənədlərlə hərəkət edən şəxslər müəyyənləşdirilmişdir.

Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Balakəndə ağır yol qəzası olub.

Yol-xeber.az xəbər verir ki, hadisə Talalar kəndi ərazisində baş verib. Ruhin Varansovun idarə etdiyi “Ford” markalı avtomobil ilə Nurşad Məmmədovun idarə etdiyi “VAZ-2107” toqquşub. Nəticədə “VAZ”dakı 4 sərnişin xəsarət alıb.

Onlardan 3-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, 40 yaşlı N. Əhmədovanın isə müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda qandonduran cinayət hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə, 14 yaşına çatmamış qızını 500 manata satan anaya və qadının bu təklifinə “hə” deyərək yeniyetməyə təcavüz edən şəxslərə hökm oxunub.

Hadisə 2020-ci ilin noyabrında baş verib.

Belə ki, bir neçə il əvvəl atası ölən yeniyetmənin anası İradə Məmmədova (ad-soyad şərtidir) özünün də intim münasibətdə olduğu tanışına 2007-ci il təvəllüdlü qızına seksual xarakterli zorakılıq hərəkətləri etməsini təklif edib. Qarşı tərəf 500 manat müqabilində bununla razılaşıb. Yeniyetmənin anası isə qızının evdən qaçmaması üçün evin giriş qapısını açarla kilidləyib və açarı özüylə götürüb.

Yeniyetmə 1994-cü il təvəllüdlü Namiq Sərdarova (ad-soyad şərtidir) qarşı çıxıb, amma anasının tanışı cibindən bıçaq çıxardaraq onu ölümlə hədələyib və çirkin əməlinə zorla nail olub.

Qadın bu təklifi, eyni zamanda özünün də intim münasibəti olduğu Novruz Əkbərov (ad-soyad şərtidir) adlı tanışına da edib və qızını satmaqla bağlı təklifinə müsbət cavab alıb. Nəticədə yeniyetmə qız bu dəfə anasının müşayiəti ilə zorlanıb.

Yeniyetməyə qarşı təcavüz həm Namiq, həm də Novruz tərəfindən dəfələrlə təkrarlanıb. Hadisənin üstü isə qızın əmisi tərəfindən həkimə aparılmasından sonra açılıb.

Hökmə əsasən, qızını satan qadın 12 il, Namiq Sərdarov 12 il, Novruz Əkbərov isə 13 il azadlıqdan məhrum edilib. Hər üç şəxs əməllərinin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Hacıqabul, Ucar və Kürdəmirdə fərdi təsərrüfatlardan silsilə oğurluq edən dəstə ifşa olunub.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Hacıqabul rayonunun Padar qəsəbəsi və Atbulaq kəndi ərazisində yerləşən 2 fərdi təsərrüfatdan 6 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 4 000 manatdan artıq maddi ziyan vuran üç nəfər saxlanılıb.

Araşdırmalarla onların Ağdam rayon sakini Əvəz Qurbanov, Bərdə rayon sakini Fariz İbrahimov və Tovuz rayon sakini Akif Quliyev olduqları müəyyən edilib.

Həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, adları çəkilən şəxslər ötən ilin noyabr ayı ərzində Ucar və Kürdəmir rayonları ərazisində analoji cinayət əməlini törədərək 3 fərdi təsərrüfatdan 6 xırdabuynuzlu və 3 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurublar.

Üç rayon ərazisindən ümumilikdə 16 heyvan oğurlayan Əvəz Qurbanov, Fariz İbrahimov və Akif Quliyev heyvanları sonuncuya məxsus nəqliyyat vasitəsi ilə Bakı şəhəri apararaq F.İbrahimov işlətdiyi ət məhsullarının satışı məntəqəsində satıblar, əldə etdikləri pulları isə öz aralarında bölüblər.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ə.Qurbanov, F.İbrahimov və A.Quliyev bundan əvvəllə törətdikləri müxtəlif cinayət əməllərinə görə məhkumluq həyatı yaşayıblar.

Xəbər lenti