![]() |
|
Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına müraciət edib.
Müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları!
Sizi – Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarını səmimi-qəlbdən salamlayır, konfransın işinə uğurlar arzulayıram.
ICAPP Asiya regionunda 370-dən çox siyasi partiyanı bir araya gətirən nüfuzlu beynəlxalq təşkilat olaraq, dövlətlərin aparıcı siyasi partiyaları səviyyəsində aktual regional və qlobal məsələlərin müzakirə edildiyi, fikir və təcrübə mübadiləsinin aparıldığı əhəmiyyətli platformadır. ICAPP-ın yaratdığı geniş diskussiya mühitinin əhatə dairəsi təkcə Asiya ilə məhdudlaşmır, onun tədbirlərində müntəzəm olaraq Afrika, Avropa və Latın Amerikası ölkələri siyasi partiyalarının da təmsilçiləri iştirak edirlər.
Beynəlxalq münasibətlər sistemində ciddi təlatümlərlə müşayiət olunan yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə siyasi partiyaların və beynəlxalq təşkilatların müxtəlif səviyyələrdə öz mövqelərini və hadisələrə təsir imkanlarını yenidən dəyərləndirmələrinə ehtiyac yaranmışdır.
Dövlətlərin üzləşdikləri müasir qlobal çağırışlar arasında sülh və təhlükəsizlik problemləri beynəlxalq münasibətlərin bütün sahələrinə və iştirakçılarına təsir göstərən ən aktual məsələlərdəndir. Bu həm də 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində uzun illər məruz qaldığı hərbi təcavüzə son qoyaraq ərazilərini işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddət ərzində icra edilməyən dörd qətnaməsinin tələblərini həyata keçirmiş Azərbaycan, eləcə də bütün Cənubi Qafqaz regionu üçün həssas və prioritet məsələdir.
Tarixi təcrübə göstərir ki, münaqişələr əbədi davam edə bilməz. Azərbaycanla Ermənistan arasında da beynəlxalq hüquqa, ədalət prinsipinə əsaslanan sülhün, təhlükəsizliyin təmin edilməsi dövrün və zamanın tələbidir. Bu baxımdan, siyasi partiyaların beynəlxalq sülhə və təhlükəsizliyə töhfə vermək məqsədilə bilik və təcrübələrinin mübadiləsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi təqdirəlayiqdir.
Bugünkü tədbirin Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə eyni vaxtda keçirilməsi əlamətdar hadisədir və öz yubileyini dost siyasi partiyalarla birlikdə qeyd edən YAP-ın beynəlxalq əməkdaşlığa, xarici tərəfdaşlara verdiyi önəmin göstəricisidir.
Ümidvaram ki, Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə keçirilən bu konfrans çərçivəsində faydalı və məhsuldar müzakirələr aparılacaq, bölgədə, eləcə də dünyada sülhün, təhlükəsizliyin təşviqində siyasi partiyaların fəallığının artırılması sahəsində səmərəli istiqamətlər müəyyənləşdiriləcəkdir.
Belə bir məqsədə xidmət edən fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram".
Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib.
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə çıxış edib.
Bakıda Yeni Azərbaycan Partiyasının 30 illiyi ilə bağlı tədbir keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Bununla bağlı görüntüləri AzTV yayıb.
Həmin videonu təqdim edirik:
Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli Kasım-Jomart Kemeleviç,
Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə növbədənkənar seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Səsvermənin nəticələri xalqınızın Sizə olan böyük inam və etimadının bariz təzahürü, qardaş Qazaxıstanın hərtərəfli inkişafı yolunda fəaliyyətinizə verilən yüksək qiymətdir.
Qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Qazaxıstan dövlətlərarası əlaqələrini şərtləndirən başlıca amillərdəndir. Bu gün çoxşaxəli münasibətlərimizin və əməkdaşlığımızın qarşılıqlı hörmət və etimad ruhunda inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə məsul fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".
Prezident İlham Əliyev YAP-ın yaradılmasının 30-cu ildönümü ilə bağlı Bakıda keçirilən tədbirdə Fransa-Ermənistan münasibətlərindən danışıb.
Dövlət başçısı çıxışı zamanı bildirib ki, Fransa Ermənistana himayədarlıq edir.
“Onlar biri-birinə bacı deyirlər. Qardaş da deyə bilərdilər, amma nədənsə bacı deyirlər”.
“Bu gün biz Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30-cu ildönümünü qeyd edirik. Bu münasibətlə YAP-ın bütün üzvlərini ürəkdən təbrik edirəm”.
Bu sözləri YAP-ın yaradılmasının 30-cu ildönümü ilə bağlı Bakıda keçirilən tədbirdə Prezident İlham Əliyev deyib.
O, YAP-ın yaranmasını tarixi hadisə adlandırıb:
“O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdi. Bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdi.
Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər. Məhz buna görə ulu öndərə müraciət ünvanlanmışdır. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi. Onların tarixi qərarları ölkəmiz üçün yeni səhifə açılmasına gətirib çıxardı. Ulu öndərin sədrliyi ilə keçirilmiş bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır”.
Bakıda Yeni Azərbaycan Partiyasının 30 illiyi ilə bağlı tədbir keçirilir.
Yol-xeber.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Həmin videonu təqdim edirik:
“Biz Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-rəsmi əlaqələri davam etdirməyi planlaşdırırıq”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin Praqada keçirilən sammiti çərçivəsində oktyabrın 6-da yerli telekanallara müsahibə zamanı bildirib.
“Biz Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-rəsmi əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, artıq bir müddətdir belə əlaqələr davam etdirilir. Və düşünürəm ki, bu əlaqələr hələ də Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali tərəfindən tam mənada başa düşülməsinə gətirib çıxaracaq ki, Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa yol yoxdur. Azərbaycan vətəndaşı kimi yaşamaq lazım olduğunu hesab edənlər düşünürəm ki, peşman olmayacaqlar. Və bu kiməsə hansısa səbəblərdən uyğun gəlmirsə, o zaman onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər”, - deyə suallardan birinə cavab verən dövlət başçısı qeyd edib.
Daha ətraflı süjetdə:
Politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik:
- ABŞ dövlət katibi Entoni Blinken növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. O, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanla danışmışdı. Bu söhbət də Ermənistana xəbərdarlıq xarakterində oldu. Sizcə, İran, Fransa və Rusiyanın davam edən sülh danışıqlarını pozmaq cəhdləri qarşısında ABŞ nə edə bilər?
- Zənnimcə, hələlik ABŞ-ın mövqeyi düzgün görünür. Həqiqətən də Blinkenin Paşinyana zəngi xəbərdarlıq xarakteri daşıyırdı. Çünki ABŞ bölgədəki gəlişmələri diqqətlə izləyir. ABŞ peyklərdən, eləcə də agentura şəbəkəsindən istifadə edərək, bölgədə, xüsusən də iki ölkə arasındakı təmas nöqtəsində suyun kim bulandırdığını müəyyənləşdirib. Buna görə də, Blinken etik formada Paşinyana xəbərdarlıq etdi ki, sülhyaratma prosesini pozmasın.
Azərbaycan və onun prezidentinin mövqeyi isə bəllidir. Biz bu məsələlərin həlli ilə bağlı hansısa qarışıqlıq yaratmaq istəmirik. Prosesi pozmağa çalışan İran və Fransadır, eləcə də onların çaldıqları havaya oynayan Ermənistan və onun başçısı Nikol Paşinyandır.
Yəqin ki, ABŞ nə baş verdiyini yaxşı bilir. Nikol Paşinyanın gah İrana, gah da Rusiyaya qaçaraq bölgədə qarışıqlıq yaratmaqla vaxt udmağa çalışması göstərir ki, sözdə sülhdən danışsa da, fəaliyyəti başqa yöndədir.
Hələ ki, ABŞ-ın prosesə müdaxiləsini lazımlı hesab edirəm. Çünki ABŞ Avropa Birliyi ilə tandem formasında çalışır, hər halda yaranan ehtimal budur. Üstəgəl, Avropa Birliyi və ABŞ açıq formada Rusiyanın bölgədəki mövqelərini zəiflətməyə və sülhyaratma prosesinə müdaxilə imkanlarını heçə endirməyə çalışır. Bu baxımdan, indiki məqamda ABŞ-ın fəaliyyəti qənaətbəxş görünür.
- Bəs Fransa öz müttəfiqlərindən – ABŞ və Avropa Birliyindən niyə fərqli düşünür?
- Ümumiyyətlə, Fransa özünü nə qədər sivil və mədəni ölkə kimi göstərməyə çalışsa da, əslində, millətçi və şovinist dövlətdir. Avropanın ən millətçi xalqı Fransada yaşayır. Fransızlar hələ XVIII əsrdən başlayaraq, müstəmləkə siyasəti yürüdürlər. Yetmişə yaxın xalq Fransanın bu müstəmləkə siyasətinin qurbanı olub, onlar bu dövrdə soyqırımı və kütləvi qırğınlara məruz qalıblar.
Bu ölkənin qanlı müstəmləkə siyasətinin son akkordları 1950-60-cı illərdə Əlcəzairdə vurulub. Həmin illərdə 1.5 milyon əlcəzairli Fransanın soyqırımı siyasətinin qurbanı olub. Bu, inkaredilməz tarixi faktdır. Əlcəzair buna öz siyasi qiymətini verib.
Ümumiyyətlə, Fransa destruktiv fəaliyyətlər yaratmağı sevən, müəyyən dövlətləri əlində alətə çevirərək, onlar vasitəsilə yaratdığı qarışıqlıqda öz maraqlarını həyata keçirməyə çalışan dövlətdir. Bu ölkənin milli ideologiyasında əsas yeri tutan prioritetlərdən biri islamofobiya və türkofobiyadır. Bu gün Azərbaycanın Fransa ilə iqtisadi, ticari və mədəni əlaqələri yüksək səviyyədə olmasına baxmayaraq, bu ölkə bizə də xəyanət etdi. Bu da Fransanın digər prezidentlərindən daha millətçi olan və peşəkar siyasətdən uzaqda dayanan Makronun sayəsində oldu.
Makron özündən əvvəlki Fransa prezidentlərindən daha çox ermənipərəstdir, daha çox anti-türk və anti-müsəlmandır. Məhz onun hakimiyyəti dövründə Fransanın türk və müsəlman dövlətlərinə qarşı düşmənçilik siyasəti daha açıq formada özünü göstərir. Bu baxımdan, Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi bədnam, iftira dolu və heç bir fakta söykənməyən qətnaməsi istehzalı təbəssüm doğurur. Azərbaycan parlamentinin Senatın bu addımına qarşı cavabı kifayət qədər tutarlı və yerindədir.
Hesab edirəm ki, Azərbaycan bundan sonra Fransanın “parçala, hökmranlıq et” prinsipinə əsaslanan siyasətinə qarşı ciddi mübarizə aparacaq. Eyni zamanda, bu dövlətin siyasətindəki islamofobiya və türkofobiyanı ifşa etmək üçün böyük qüvvə sərf etməli olacaq. Zənnimcə, son ermənipərəst addımları bizi yox, Fransanın özünü uduzanların tərəfinə aparacaq.
- Ümumiyyətlə, Fransa ermənilərdən aldığı pulların əvəzini verməyə çalışır, yoxsa bir güc kimi bölgə ilə bağlı hansısa hədəfləri var?
- Fransa yüz ildir ki, ermənipərəst siyasət həyata keçirir. Amma Makrona qədər bu siyasət kifayət qədər ehtiyatlı aparılırdı. Əlbəttə, o dövrdə də qapalı formada bu siyasət davam etdirilib. Həyata keçirmək mümkün olmasa da, Fransa tərəfindən ermənilərin maraqlarının təmin edilməsi yönündə cəhdlər olub. Amma son iki ildə Fransanın ermənipərəst siyasəti illeqal və konstrativlikdən çıxaraq, leqal bir formaya çevrilib. Həyasızcasına faktları təhrif edirlər, təcavüzkarı müdafiə edərək, Azərbaycanın olmayan təcavüzündən danışırlar və bizi müxtəlif sanksiyalarla hədələyirlər. Halbuki neft və qazına görə Azərbaycana yalavaran onlardır.
Desəm ki, Fransa ağlını itirib – yanılmaram. Fransanın başında siyasətdə naşı və intellektual səviyyəsi aşağı olan bir şəxs dayanır. Həmin şəxs prosesləri idarə etməyi bacarmır. Üstəgəl, onun zəif siyasətindən istifadə edən müəyyən millətçi dairələr Senatda və dövlətin digər orqanlarında meydan sulayırlar. Xalqlararası nifaqı genişləndirmək və qızışdırmaq üçün əllərindən gələni əsirgəmirlər.
Fransa Senatının bu qətnaməsi sülhə xidmət edən yox, müharibəyə çağırış qətnaməsidir. Bu, bölgəni qarışdırmaq və xalqları üz-üzə qoymağa cəhddir.
Zənnimcə, Fransanın bu destruktiv fəaliyyəti onun Avropa Birliyi və NATO-dakı müttəfiqləri tərəfindən də təqdir edilmir. Fransa tamamilə ağlını itirmiş bir ölkəyə bənzəyir. Onların anti-Azərbaycan siyasəti öz başlarında çatlayacaq.
- Bu həssas məqamda ABŞ dövlət katibinin müavini Karin Donfridin Azərbaycanla bağlı açıqlaması da diqqətçəkəndir. O, Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığın ABŞ üçün prioritet olduğunu dedi. Amerika rəsmisinin bu açıqlamasını necə şərh etmək olar?
- Məncə, bu, Azərbaycanın qlobal təhlükəsizliyin təmin olunmasındakı müsbət rolunu təqdir və etiraf etməkdir. Azərbaycan bölgədə dünya nizamına qarşı mübarizə aparan İran kimi qəddar bir ölkənin qarşısında dik dayanaraq, onunla mübarizə aparır. Azərbaycan Rusiyanın regiondakı pozucu fəaliyyətini neytrallaşdıran bir siyasət aparır. Üstəgəl, Azərbaycan Avropanın enerji təminatı və təhlükəsizliyində, eləcə də logistik təminatında çox mühüm rolu olan beynəlxalq iqtisadi layihələri həyata keçirir.
Azərbaycan Avropanın enerji təminatında artan rolu ilə qitənin Rusiya asılılığından xilas olması üçün əlindən gələni edir. Buna görə də Amerika Azərbaycanın bölgədə oynadığı konstruktiv və dinamik rolu təqdir edir, qiymətləndirir. Bu səbəbdən də ABŞ elan edir ki, bu yolda Azərbaycana hər cür dəstək verməyə hazırdır. Yəni Azərbaycanın yanındadır.
Azərbaycan İsraildə səfirlik açır.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Toplantıda "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirə olunacaq.
Azərbaycan BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəlik təsis edir.
"Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Toplantıda "Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirə olunacaq.
Bundan əlavə, Azərbaycanın Keniya və Albaniyada səfirlik açması məsələsi Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Azərbaycanın Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək.