![]() |
|
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib.
məktubda deyilir:
“Zati-müqəddəsləri,
Müqəddəs Milad bayramı münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Mərhəmət, xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirən, yeni ruh gətirən bu nurlu bayram özünün bütün məramı ilə insanlar arasında qarşılıqlı anlaşmanı, dəstəyi və birliyi tərənnüm edir. Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan xristian icması tərəfindən bu bayramın daim xüsusi coşqu və yüksək əhval-ruhiyyə ilə qeyd edilməsi ölkəmizdə hökm sürən etnik-mədəni müxtəliflik, zəngin multikulturalizm ənənələrinin bariz təzahürüdür.
Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu, əsrlər boyu milli-mədəni rəngarənglik və tolerantlıq mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı etimad və hörmət şəraitində birgə yaşadığı nadir diyarlardan biridir. Biz bütün bunlarla fəxr edir və bu dəyərləri milli sərvət kimi qoruyuruq. Təsadüfi deyil ki, xalqlararası dostluğun və dinlərarası harmoniyanın, multikulturalizm və tolerantlıq ənənələrinin qorunması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olmaqla yanaşı ilk növbədə xalqımızın təbii yaşam tərzidir.
Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır. Yüz illər boyu Azərbaycanda məskunlaşıb vahid ailə kimi yaşayan xristian vətəndaşlarımız Vətənlərinin ictimai-siyasi və sosial-mədəni həyatının bütün sahələrində yaxından iştirak edərək doğma ölkəmizin rifahına böyük töhfələr verirlər. Ərazimizdə mövcud olan qədim xristian irsi, məbədlər, kilsələr və digər ibadət yerləri, məscidlər və sinaqoqlar kimi eyni səviyyədə Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Ölkəmiz eyni zamanda dünya mədəni irsinin incilərindən sayılan xristian abidələrinin qorunmasında fəal rol oynayaraq mədəniyyətlərarası dialoqu təşviq edir.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış münasibətlər bizi sevindirir. İkitərəfli əlaqələrimizin tarixi çoxsaylı qarşılıqlı səfərlər, daimi təmaslar və əlamətdar hadisələrlə zəngindir. Məmnunluqla qeyd etmək istərdim ki, ölkəmizdə sayca ikinci olacaq və Papa II İohann Pavelin şərəfinə ucaldılacaq yeni katolik kilsəsi ölkəmizdə katolik dini icmasına göstərilən böyük diqqət və qayğının təzahürü, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında yüksək səviyyəli əlaqələrin yeni rəmzidir.
Zati-müqəddəsləri,
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin möhkəmlənməsinə verdiyiniz töhfəyə görə Sizə təşəkkürümü bildirir, ölkəmizin multikulturalizm və tolerantlıq ənənələrini daim yüksək dəyərləndirdiyiniz üçün minnətdarlığımı ifadə edirəm.
Əminəm ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı səmərəli əməkdaşlıq bundan sonra da dünyada dinlərarası və mədəniyyətlərarası anlaşmanın təşviqi, ümumbəşəri dəyərlərin qorunub saxlanması, insanlar arasında həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək Sizə doğum gününüz və qarşıdan gələn Yeni, 2025-ci il münasibətilə də ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm”.
Prezident İlham Əliyev Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Dövlət başçısının müraciətini Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının Səfirlər Konfransında çıxışı, habelə xarici işlər naziri Marko Curiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkası zamanı baş verən faciəli hadisə ilə bağlı başsağlığı verib.
Azərbaycan Prezidentinin məktubunda deyilir:
"Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
Qeyd edək ki, ötən gün Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində 11 nəfər ölüb, 80-dək insan xəsarət alıb. Məlumata görə, avtomobili idarə edən şəxs saxlanılıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanından olduğu müəyyən edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistanın Baş Naziri Məhəmməd Şahbaz Şərifə məktub ünvanlayıb.
Məktubda deyilir:
Hörmətli cənab Baş nazir,
Əziz Qardaşım,
19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə qardaş Pakistan İslam Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm.
Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.
Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.
Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.
Qarşılıqlı inam, hörmət və dəstəyə əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Pakistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz qardaş Pakistanla siyasi, iqtisadi, ticari, nəqliyyat, hərbi-texniki, humanitar və digər sahələrdə çoxşaxəli əməkdaşlığımızı və strateji tərəfdaşlığımızı daim genişləndirməyə xüsusi əhəmiyyət veririk. İyul ayında ölkənizə həyata keçirdiyim dövlət səfəri əlaqələrimizin tarixində yeni səhifə açmışdır, bu səfəri ən xoş təəssüratlarla xatırlayıram.
COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi, Sizinlə mehribanlıq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadilələrini yüksək qiymətləndirirəm. 2025-ci ildə Sizin Azərbaycana dövlət səfərinizi səbirsizliklə gözləyir, bunun qardaşlıq münasibətlərimizin möhkəmlənməsinə, səmərəli birgə fəaliyyətimizin daha da dərinləşməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.
Bir daha Sizə minnətdarlığımı bildirir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
***
Azərbaycan Prezidenti İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisini Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkili və uğurlu nəticələri münasibətilə təbrik edib.
"Ölkə.az"ın məlumatına görə, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkili və uğurlu nəticələri münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Dost ölkənizin ev sahibliyi ilə keçirilən bu mötəbər tədbir zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə Misir Ərəb Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm. Siz təbrik mesajınızda qeyd etdiyiniz kimi Azərbaycanın təşkilata üzvlüyü ölkələrimiz arasında əlaqələrdə yeni səhifə açacaqdır.
Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.
Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.
Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.
Hörmətli cənab Prezident,
Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Misir münasibətlərinin və əməkdaşlığının hazırkı səviyyəsi məmnunluq doğurur. Keçən ilin əvvəlində Sizin Azərbaycana, cari ilin iyununda isə mənim Misirə səfərim dövlətlərarası əlaqələrimizin tarixində yeni mərhələnin əsasını qoymuşdu.
İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, birgə fəaliyyətimizin potensialından tam istifadə olunması, beynəlxalq strukturlar çərçivəsində səmərəli əməkdaşlığımızın genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
***
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana məktub göndərib.
"Ölkə.az"ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycanın yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə İran İslam Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm.
Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.
Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.
Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.
Fürsətdən istifadə edərək qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsi yolunda birgə səylərimizi davam etdiricəyimizə inamımı ifadə edirəm.
Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
***
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
"Ölkə.az"ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə qardaş Türkiyə Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm. Ölkəmizin D-8-ə qəbul olunmasının təşkilatın gücləndirilməsinə xidmət edəcəyi ilə bağlı sözlərinizə görə Sizə minnətdaram.
28 il bundan əvvəl Türkiyənin təşəbbüsü və liderliyi ilə yaradılmış bu təşkilat hazırda inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatı daxilində rolunun artması, iqtisadi-ticari əlaqələrinin şaxələndirilməsi və yeni imkanların yaradılması, beynəlxalq səviyyədə mövqelərinin güclənməsi istiqamətində səmərəli fəaliyyət göstərməkdədir.
Qahirədə D-8 təşkilatının genişlənməsi ilə əlaqədar ilk dəfə tarixi qərarın qəbul edilməsi Azərbaycana olan beynəlxalq etimadın göstəricisi və eyni zamanda bizim üçün xüsusi qürur mənbəyidir. Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.
Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.
Əziz Qardaşım,
Fəxr hissi ilə qeyd etmək istərdim ki, dərin tarixi köklər, ortaq milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək pillədə qərarlaşmışdır. Sarsılmaz dostluq və qardaşlığımız, siyasi, iqtisadi, ticari, hərbi, hərbi-texniki, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız və birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillərdəndir.
Noyabr ayında COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi yüksək qiymətləndirir, Sizinlə səmimiyyət, qarşılıqlı etimad və mehribanlıq şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.
Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Xəbər verdiyimiz kimi, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Vüsal Aslanov Prezident İlham Əliyevin Sərəncamı ilə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub.
Vüsal Aslanovun dosyesini təqdim edir:
V.Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və Təsərrüfat Hüquqi fakultəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb.
2004-cü ildən "Azərinşaatservis” MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb.
2005-2006 illərdə Hərbi Xidmətdə olub. 2006-2013 illərdə "Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.
V.Aslanov 2010-2014 illərdə "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə "Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, "Retro-Park” MTK-nin sədri vəzifəsində çalışıb. 09.10.2015-ci il tarixindən 20.07.2016-cı il tarixədək "Azərbaycan Dəmir Yolları” QSC-nin Sədrinin müşaviri kimi fəaliyyət göstərib.
Evlidir, 3 övladı var.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin olunub.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Qeyd edək ki, Prezident bu gün imzaladığı digər sərəncamla Zaur Hüseynovu “Bakı Metropoliteni”nin sədri vəzifəsindən azad edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyətini qəbul edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.
Azərbaycan və Türkiyənin qədim dövrlərə əsaslanan birgə hərb tarixinin inkişaf mərhələlərindən danışan müdafiə naziri hər iki qardaş ölkənin dövlət başçılarının şəxsi dostluq münasibətləri sayəsində hərbi əməkdaşlığımızın müasir dövrdə daha da inkişaf etdirilərək strateji müttəfiqlik səviyyəsinə çatdığını vurğulayıb.
Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq bildirən general-leytenant T.Altuğ səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını müdafiə nazirinə çatdırıb.
Görüşdə ölkələr arasında hərbi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin və ikitərəfli səfərlərin əhəmiyyəti vurğulanıb.
Görüşün sonunda regional təhlükəsizlik, hərbi əlaqələrin cari vəziyyəti və maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Milli Məclisdə Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə bağlı səlahiyyət verilməsi təklif olunub.
Bununla bağlı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin dekabrın 20-də keçirilən plenar iclasında çıxışı zamanı danışıb.
O qeyd edib ki, bununla əlaqədar qanun layihəsi qəbul oluna bilər.
“Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə onları məsuliyyətdən azad etmək səlahiyyəti verən qanunun qəbul olunmasını təklif edirəm”, - deputat vurğulayıb.