Ölkəsinə, Millətinə və Dövlətçiliyinə Həsr Edilmiş Ömür

12 dekabr tarixi, Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyan bir gündür. Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi xadim Heydər Əliyevin anım günüdür. Heydər Əliyev, yalnız Azərbaycanın deyil, bütün türk dünyasının və beynəlxalq aləmin diqqətini çəkən bir lider kimi tarixə düşmüşdür. Onun ömür yolu, millətə xidmətin, dövlət quruculuğunun və müasir Azərbaycanın banisi kimi göstərdiyi fəaliyyətlərin əvəzolunmaz nümunəsidir.

Heydər Əliyevin Həyat Yolu: Əzmkarlıq və Liderlik

Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Uşaqlıqdan öz zəhmətsevərliyi, çalışqanlığı və yüksək intellekti ilə seçilmişdir. Gənclik illərindən etibarən xalqına və dövlətinə xidmət etməyi özünün əsas missiyası hesab edən Heydər Əliyev, Sovet dövründə yüksək vəzifələrdə çalışaraq, Azərbaycanın maraqlarını qorumağa çalışmışdır.

1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi və ölkənin inkişafı üçün yeni bir mərhələ başladı. O, qısa müddət ərzində iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və digər sahələrdə mühüm islahatlar həyata keçirmiş, Azərbaycanı SSRİ məkanında ən qabaqcıl respublikalardan birinə çevirmişdir.

Müstəqil Azərbaycanın Banisi

Heydər Əliyevin müstəqil Azərbaycanın siyasi arenasına qayıdışı xalqın istəyi və tələbi ilə mümkün olmuşdur. 1993-cü ilin iyununda Azərbaycan ağır siyasi və iqtisadi böhran içində idi. Bu çətin günlərdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev, ölkədə sabitlik və təhlükəsizlik mühitini bərpa etdi.

Onun rəhbərliyi ilə qəbul edilən 1995-ci il Konstitusiyası müasir dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeyi gücləndi, neft-qaz strategiyası ilə ölkənin iqtisadiyyatına yeni nəfəs gətirildi və dünya Azərbaycanı etibarlı tərəfdaş kimi tanımağa başladı.

Heydər Əliyevin Təhsilə və Mədəniyyətə Diqqəti

Heydər Əliyevin ən böyük xidmətlərindən biri təhsilə və mədəniyyətə göstərdiyi diqqət olmuşdur. O, Azərbaycan xalqının gələcəyini təhsilli, savadlı gənclikdə görürdü. Onun təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gənc dünyanın nüfuzlu ali məktəblərinə göndərildi. Eyni zamanda, milli dəyərlərin qorunması və inkişafı üçün çoxsaylı tədbirlər həyata keçirildi.

Heydər Əliyev həm də incəsənətin böyük himayədarı idi. Mədəni irsimizin qorunması və dünyaya tanıdılması üçün çoxşaxəli işlər gördü. Onun təşəbbüsü ilə milli bayramlarımızın, xüsusən də Novruzun beynəlxalq səviyyədə qeyd edilməsi ənənəsi yaradıldı.

Heydər Əliyevin Hərbi Siyasəti və Ordunun Qurulması

Heydər Əliyev güclü ordunun güclü dövlətin təməli olduğuna inanırdı. Onun səyləri nəticəsində müstəqil Azərbaycanın Milli Ordusu formalaşdırıldı, hərbi sahədə islahatlar həyata keçirildi. Bu gün Azərbaycanın Qarabağda qazandığı möhtəşəm Zəfər də Heydər Əliyevin başladığı uzaqgörən siyasətin bəhrəsidir.

Şəhid Ailələri və Sosial Ədalət

Heydər Əliyev hər zaman şəhid ailələrinə və müharibə iştirakçılarına xüsusi diqqət göstərirdi. Onun sosial siyasətində şəhid ailələrinin, qazilərin və digər həssas təbəqələrin hüquqlarının qorunması mühüm yer tuturdu.

Heydər Əliyevin İrsi: İlham Əliyevin Liderliyində Yaşayan Dəyərlər

Heydər Əliyevin siyasi irsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyev atasının qoyduğu strateji xətt üzrə Azərbaycanın inkişafını təmin edərək, ölkəni güclü, müasir bir dövlətə çevirmişdir. Qarabağın azadlığı, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və iqtisadi uğurlar bu siyasətin nəticəsidir.

Xalqın Qəlbində Əbədi Yaşayan Lider

Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlər, onun adı ilə əbədiləşmişdir. O, yalnız böyük bir dövlət xadimi deyil, həm də insanları vətəninə bağlılıqla ruhlandıran bir şəxsiyyət olmuşdur. Bu gün Azərbaycan xalqı Heydər Əliyevi sevgi və ehtiramla yad edir, onun ruhu qarşısında baş əyir.

Heydər Əliyevin anım günü, bizə onun dəyərlərini yenidən xatırlamaq və gələcək nəsillərə ötürmək üçün bir fürsətdir. Onun ömrü Azərbaycan xalqına və dövlətinə həsr olunmuş, hər addımı ölkənin müstəqilliyi və rifahı üçün atılmışdır. Bu böyük liderin adı və irsi, Azərbaycan xalqının yaddaşında və tarixində əbədi yaşayacaqdır.

Bakı Təşəbbüs Qrupu Roma Papasına müraciət etdi

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Roma Papası Fransiskə müraciət ünvanlayıb.

Müraciət Korsikanın dekolonizasiyası prosesinə dəstək üçün edilib:

Müraciətdə deyilir:

"Sizin sülh, ədalət və bütün xalqların ləyaqətinə daima göstərdiyiniz sarsılmaz dəstəyinizi yüksək qiymətləndirərək, dərin minnətdarlıq hissi ilə bu məktubu Sizə ünvanlamaqdan qurur duyuram.

Mən, 2023-cü ilin iyul ayında Bakıda keçirilmiş Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısı çərçivəsində təsis edilmiş beynəlxalq qeyri-hökumət təşkilatı olan Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru kimi sizə bu məktubu yazmaq şərəfinə nail olmuşam. Qeyd etmək istərdim ki, təşkilatın əsas məqsədi dekolonizasiya proseslərini dəstəkləmək, müstəmləkəçilik və müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaqdır.

Təsisçilər tərəfindən QH-nin nizamnaməsində qeyd edilir: "Xalqların xarici əsarətə, hökmranlığa və istismara məruz qalması əsas insan hüquqlarının pozulmasıdır, BMT Nizamnaməsinə ziddir və tez bir zamanda aradan qaldırılmalı olan bir şərdir".

BTQ, hələ də müstəmləkəçilikdən əziyyət çəkən ölkə və ərazilərdən olan müstəqillik tərəfdarlarının siyasi partiya və hərəkatlarından nümayəndələri bir araya gətirən beynəlxalq platformadır. Lakin bəşər tarixinə damğasını vurmuş saysız-hesabsız fəlakətlər arasında müstəmləkəçiliyin XXI əsrdə də dini, etnik, coğrafi və mədəni sərhədləri aşaraq davam etdiyini müşahidə etmək dərin məyusluq doğurur.

BTQ-nin Qoşulmama Hərəkatı çərçivəsində yaradılması təsadüfi hadisə deyil. Əksinə, bu, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə və hazırda QH "Troyka"sının üzvü olaraq Azərbaycanın fəal iştirak və töhfəsinin məntiqi davamıdır.

Beynəlxalq hüquqa əsaslanan fəaliyyəti nəticəsində BTQ, BMT qərargahları daxil olmaqla dünyanın müxtəlif ölkələrində təxminən 20-ə yaxın beynəlxalq konfrans təşkil etmişdir.

Noyabrın 11-dən 22-dək Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BTQ xüsusilə öz aktivliyi ilə seçilmişdir. Müasir dünyada müstəmləkəçilik və neo-müstəmləkəçilik təcrübələrini qınayan təxminən 10 tədbir təşkil edilmişdir. Tədbirlərdə Korsika, Kanaki (Yeni Kaledoniya), Martinik, Fransız Qvianası, Qvadelup, Boneyr, Sent-Martin və Mayotdan olan nümayəndələrin iştirakı böyük töhfə vermişdir.

Sizin dekolonizasiya prosesinə göstərdiyiniz diqqət beynəlxalq ictimaiyyətə məlumdur. 30-31 mart tarixlərində Vatikan şəhərində keçirilmiş "Müstəmləkəçilik, Dekolonizasiya və Yeni-Müstəmləkəçilik: Sosial Ədalət və Ümumi Rifah Perspektivi” adlı forumda söylədiyiniz sözlər çox təsirli idi: "Xalqların güc vasitəsilə və ya mədəni və siyasi nüfuzla əsarət altına alınması və istismarı cinayətdir.”

Zati-müqəddəsləri,

Dekabrın 15-də Korsikaya planlaşdırdığınız səfəriniz barədə bu yaxınlarda xəbər tutdum. Kardinal Fransua-Xavier Bustillonun dediyi kimi "Korsika katolik dini ənənəsini qoruyub saxlamış bir torpaqdır" və bu xalq müasir idarəetmə dinamikaları qarşısında öz unikal kimliyini, mədəniyyətini və dəyərlərini qorumaq üçün uzun müddətdir mübarizə aparmaqda davam edir.

Korsikanın tarixi onun dilində, adət-ənənələrində və fərqli irsində təcəssüm olunan mədəni zənginliklərlə doludur. Lakin xarici hökmranlıq çox vaxt xalqın öz milli kimliyini və suverenliyini qoruyub saxlamaq səylərinə maneə törədir. Bu yaxınlarda Korsika xalqı hətta Korsika Assambleyasına adanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini tələb edən müraciət də təqdim etmişdir. Bundan başqa, 19 noyabr 2024-cü ildə Marsel İnzibati Apelyasiya Məhkəməsinin qadağa qərarından sonra Korsika yenidən öz dilində danışmaq hüququndan məhrum edilmişdir.

Dekolonizasiya təkcə siyasi proses deyil, bu, bütün xalqlar üçün Allahın bəxş etdiyi ədalətin bərpasına doğru əxlaqi və mənəvi bir yoldur.

Adaya səfəriniz zamanı Korsikadakı vəziyyəti nəzərə almanızı xahiş edirəm. İnanıram ki, sizin varlığınız təkcə Korsika xalqına deyil, həm də müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlara ümid işığı olacaqdır.

Kilsəyə rəhbərlik etdiyiniz bu çətin dövrlərdə Allahın hikməti və lütfü sizinlə olsun”.

İlham Əliyev Maykl Tuçini və Bernard Kaminetskini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 11-də Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) prezidenti Maykl Tuçini və Komitənin yeni seçilmiş prezidenti Bernard Kaminetskini qəbul edib.

Məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Azərbaycan Respublikasının İlham Əliyev Keniyanın Prezidenti Uillyam Samoei Rutoya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Biz Keniya ilə əlaqələrimizin inkişafına böyük əhəmiyyət veririk. Azərbaycan ilə Keniya arasında diplomatik münasibətlərin qurulmasından ötən iyirmiillik dövr ərzində ikitərəfli əlaqələrimiz genişlənmiş, müxtəlif sahələrdə əməkdaşlığımız dinamik inkişaf etmişdir.

İnanıram ki, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş dövlətlərarası münasibətlərimizi daha da möhkəmləndirmək, qarşılıqlı maraq doğuran bir sıra sahələr üzrə əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Prezident həmkarını təbrik etdi
İrəvan Bakının daha bir şərtini yerinə yetirməyə hazırdır

Ermənistan və Azərbaycan - hər iki tərəf kommunikasiyaların açılması məsələsində məqbul olacaq qərarlara gələ bilərlər.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiya xəbər agentliyinə müsahibəsində deyib.

Sərhədlərin delimitasiyası prosesində irəliləyiş olduğunu qeyd edən Mirzoyan bildirib ki, bu, Azərbaycanla münasibətlərin normallaşması prosesində müsbət xəbərdir.

Kommunikasiyaların açılmasına gəldikdə Mirzoyan deyib: “Biz Ermənistan mallarının Azərbaycan ərazisindən və əksinə, Azərbaycan mallarının Ermənistan ərazisindən tranzitini təşkil edə bilərik. Birinci mərhələdə biz dəmir yolu tranzitini bərpa edə və onu tədricən genişləndirə bilərik”.

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığında deyilir: "Cari ilin 9 dekabr tarixində, İsparta vilayətində təlim uçuşu zamanı UH-1 tipli helikopterin qəzaya uğraması nəticəsində altı hərbi qulluqçunun şəhid olması barədə xəbər məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Baş vermiş qəzada şəhid olmuş qəhrəman türk hərbçilərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".

Prezident fərman imzaladı

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında sentyabrın 3-də Buxarest şəhərində imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişə düzəliş protokolu təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Energetika Nazirliyi protokol qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstana bildiriş göndərməlidir.

Azərbaycan yeni güc mərkəzində - 3 trilyon dollar, 331 milyon əhali...

Rusiya “altılıq” platformasını hərtərəfli struktura çevirmək üzərində işləyir; 3+3 formatında olan ölkələrin ümumi iqtisadiyyatı dünyanın 5-ci ən böyük ekonomik gücü deməkdir - Tiflis ”daşı ətəyindən tökəcəkmi”?

İkinci Qarabağ savaşından sonra regionda sülh və əməkdaşlığın möhkəmlənməsi, bölgədə stabilliyin təmin edilməsi üçün müxtəlif variantlar təklif edildi. Bunlardan ən praqmatiki və bölgə üçün uzunmüddətli sülhü, əməkdaşlığı, təhlükəsizliyi təmin edəcək 3+3 formatı idi.

Azərbaycanın dövlət başçısının irəli sürdüyü ideya qardaş Türkiyənin rəhbərliyi tərəfindən də dəstəkləndi, eyni zamanda Rusiyanın da müsbət münasibəti oldu. Bu mənada ideyanın gerçəkləşməsi istiqamətində 2022-2023-cü illərdə müxtəlif görüşlər keçirildi, lakin nəticə olmadı. Prosesi tormozlayan əsas səbəblərdən biri də Gürcüstan-Rusiya münasibətləri ilə bağlı oldu. Gürcüstan həmin dönəmdə Qərbin təsiri ilə Rusiyanın olduğu formatda yer almaqdan imtina edirdi. Lakin indi şərtlər dəyişib, Gürcüstan Qərbin boyunduruğundan çıxıb, müstəqil siyasət yürütməyə, bu kontekstdə Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır. 

Sergey Lavrov Səudiyyə Ərəbistanına səfər edib

Rusiyanın birinci diplomatı Sergey Lavrov isə yaxın keçmişdə bildirib ki, bu platformanın qapıları Gürcüstan üçün də açıqdır və Tiflisin iştirak etməsi zəruri hesab olunur. Gürcüstanın bu formatda iştirak etməsinə dair çağırışlar təkcə Rusiyadan deyil, həm də Türkiyədən də dəfələrlə səsləndirilib. Ancaq Gürcüstan hökuməti Rusiyanın bölgədəki hərbi varlığı və işğalına görə bu əməkdaşlıqdan imtinanı davam etdirir. Bu formatda indiyədək xarici işlər nazirlərinin Moskva, Tehran və İstanbulda üç görüşü keçirilib. Lakin Azərbaycan və Türkiyə istisna olmaqla 3+3 formatının iştirakçıları heç də hamısı eyni mövqeyi təmsil etmirlər. Halbuki beynəlxalq arenada olan mövcud vəziyyət tərəflərin müzakirələr aparmasını daha zəruri edir. 

Mixail Qaluzin: “Aİ-nin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və  anti-Rusiya xarakteri alır” - Oxu.az

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bugünlərdə deyib ki, Rusiya Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq və qarşılıqlı əlaqəni genişləndirmək məqsədi daşıyan 3+3 formatını hərtərəfli struktura çevirmək üzərində işləyir. Qaluzin vurğulayıb ki, Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin bütün sahələrdə normallaşmasına sadiq qalır. O, artıq öz effektivliyini sübut edən 3+3 platformasının əhəmiyyətini vurğulayıb. “Rusiya Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq üçün ölkələr arasında əməkdaşlığın koordinasiyası üçün 3-3 formatını effektiv bir mexanizm olaraq nəzərdən keçirir". Bunu da Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb. Zaxarovanın bildirdiyinə görə, bu platforma regionda qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün bir fürsətdir. Xüsusilə ticarət-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlıq potensialının böyük olduğu vurğulanır. Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanı birləşdirən bu platforma bölgədəki münaqişələrin həlli və sabitliyin təmin edilməsi üçün zəruri addım kimi qiymətləndirilir.

Yeni format təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Hesablamalara görə, 3+3 formatında olan ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir. Bu yeni format 331 milyon nəfər əhalisi ilə dünyada 3-cü, ərazisinə görə isə birincidir. Bəs sanksiyalar altında olan Rusiya üçün böyük iqtisadi əhəmiyyət kəsb edən bu planı baş tuta bilərmi? Gürcüstan "daşı ətəyindən töküb" bu layihəyə qoşulacaqmı? Ermənistan necə, Rusiyanın olduğu regional platformada iştirakla bağlı hansı mövqe sərgiləyəcək? Onsuz da İrəvan Avrasiya İqtisadi Birliyində də var...

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yeni Çağ Media

Qabil Hüseynli

Professor Qabil Hüseynli bu layihənin reallaşmasını Zəngəzur dəhlizinin açılması aspektindən də perspektivli sayır. Onun sözlərinə görə, “altılıq” platforması region üçün dayanıqlı sülh və sabitlik anlamına gəlir. “Bu bölgənin öz "şengen zonası" olmaq fürsətləri yarana bilər. Çünki ölkələrin mədəni-tarixi, coğrafi bağlılıqları var. Türkiyə və Azərbaycan bu ideyanın gerçəkləşməsinin əsas həmmüəllifləridir. Rusiya və İran da əməkdaşlıqda maraqlıdır. Sadəcə, Gürcüstanı hansısa formada razı salmaq lazımdır. Əgər Moskva “Gürcü Arzusu” ilə anlaşaraq Abxaziyanın qaytarılmasına şərait yaratsa, tezliklə Tiflisi də 3+3 formatında görə bilərik”, - deyə Q.Hüseynli belə proqnozlaşdırır. Onun fikrincə, Ermənistan da gec-tez bu platformaya gələcək və reallıqları dərk etməkdədir: “Paşinyan Türkiyə və Azərbaycansız iqtisadi açılımın mümkün olmadığını anlayır. Madam ki, bu həqiqəti qəbul edir, deməli, həm 3+3 formatında iştirak etməli, nəqliyyat kommunikasiyalarının blokadadan çıxması və Zəngəzur dəhlizinin açılması üçün addımlar atmalıdırlar. Yerdə qalan ölkələrlə bağlı problem yoxdur. Əksinə, Rusiya və İran kimi sanksiya altında olan qonşularımızın bu platformaya daha çox ehtiyacı var. Çünki sanksiyaların yaxın illərdə aradan qaldırılması gözlənilmir. Hətta Ukrayna böhranı atəşkəslə başa çatsa belə, yenə Rusiyaya iqtisadi təzyiqlərin davamı gələcək".

Q.Hüseynliyə görə, bu formatın bir təşkilat kimi fəaliyyəti də gələcəkdə mümkündür: “Azərbaycan çoxşaxəli iqtisadi əməkdaşlıq siyasəti həyata keçirir. Biz hamı ilə bərabərhüquqlu əməkdaşlıq tərəfdarıyıq. Bu gün müxtəlif platformalarda iştirak edirik və regional layihələrin də genişlənməsini istəyirik. Sadəcə, bu prosesə problem yaradan tərəflər var. Misal üçün, Qərb Ermənistanı Rusiyanın olduğu yerlərdən uzaqlaşmağa çağırır. Hərgah Rusiyasız Ermənistan iqtisadiyyatı məhv olar. Avropa Birliyinin, ABŞ-ın verdiyi qəpik-quruşla Ermənistan saxlamaq olmaz. Baxın, ermənilər ruslara sanksiyalardan yayınmağa kömək edir, ticarət dövriyyəsi 10 milyardı keçir. O baxımdan, Ermənistan, eləcə də Gürcüstan 3+3 formatına gəlməlidir. Bundan özlərini izolyasiya etsələr, itirən tərəf olacaqlar, biz 2+2 formatı da qura bilərik”.

Ermənistan Azərbaycandan üzr istəməlidir – Korotçenko

Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtması beynəlxalq hüquq baxımından tamamilə ədalətlidir.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko “Moskva-Bakı”ya müsahibəsində Azərbaycan prezidentinin beynəlxalq konfrans iştirakçılarına dünənki müraciətində qaldırdığı Ermənistandan qovulmuş azərbaycanlıların geri qaytarılması zərurəti mövzusunu şərh edərkən deyib.

“Ermənistan ərazisindən qovulmuş azərbaycanlılar və onların övladları geri qayıtmalı, İrəvan hökuməti Azərbaycandan rəsmi üzr istəməli, təzminat ödəməli və azərbaycanlıların Ermənistana qaytarılması prosesini açmalıdır. Bu mövzu İrəvanda anlayışla qarşılanacaqmı? Yox. Onlar sualın özünü belə müzakirə etmək istəmirlər. Halbuki həqiqət həmişə qalib gəlir. İrəvanın azərbaycanlılarla dialoq aparmasının zəruriliyi mövqeyi getdikcə üstünlük təşkil edəcək. İndiki Ermənistan əsasən monoetnik dövlətdir. Bu isə millətçiliyin və milli eqoizmin böyüməsi üçün münbit zəmindir”, - o bildirib.

Əli Əsədov qərar imzaladı

“Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısı”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısı” genişləndirilib.

Belə ki, sözügedən siyahıya aşağıdakı məzmunda 17-24-cü hissələr əlavə edilib:

- İnsanın psixofiziki reaksiyalarının qeydi üçün çoxkanallı registratorlar;

- Radioyayım qurğularının olduğu yerin müəyyən edilməsi və nəzarətdə saxlanılması üçün nəzərdə tutulmuş radioavadanlıq daxil olmaqla, ötürülən məlumatın və gizli yerləşdirilmiş texniki vasitələrin aşkar edilməsi üçün çoxfunksiyalı texniki vasitələr;

- Akustik məlumatın məsafəyə ötürülməsi, işlənilməsi, gücləndirilməsi və dəyişdirilməsi üçün texniki vasitələr;

- Video və (və ya) audio məlumatın gücləndirilməsi, işlənilməsi, yazılması, saxlanılması və əks etdirilməsi üçün kiçik ölçülü (50x50x50 mm-dən az) texniki vasitələr;

- Təsvirin ötürülməsi, optik və ya optik-elektron dəyişdirilməsi üçün texniki vasitələr; 22. Radioyayım tezlik diapazonlarından kənarda işləyən ötürücü-qəbuledici radioavadanlıq;

- Telefon danışıqlarının çoxkanallı (2 və daha çox xətlərdən) qeydini (yazılmasını) aparan texniki vasitələr və proqram təminatları;

- Radioefirdə nəzarət və axtarış həyata keçirilməsi üçün gizli daşınan radiopelenqasiya və radionaviqasiya vasitələri.

Xəbər lenti