![]() |
|
Prezident İlham Əliyev dekabrın 3-də Mavritaniya İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sid Əhməd əl-Bekaye Hamadinin etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Türkiyə Azərbaycana yeni səfir təyin edib.
Qaynarinfo bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkənin xarici nümayəndəliklərində çalışacaq və səfirlik vəzifəsini icra edəcək şəxslərə yeni vəzifələrini çatdırıb.
Məlumata görə, Birol Akgün Türkiyənin Bakıdakı yeni səfiri təyin edilib.
Birol Akgün Türkiyənin Maarif Fondunun rəhbəridir. Türkiyənin Azərbaycandakı hazırkı səfiri isə Cahit Bağçıdır.
Dekabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasının Məşhəd şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
"Əlahəzrət,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Birləşmiş Ərəb Əmirlikləri Sizin rəhbərliyiniz altında böyük uğurlara imza ataraq dünyanın inkişaf etmiş və böyük nailiyyətlər qazanmış ölkələrindən birinə çevrilmişdir.
Qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək üzərində qurulmuş Azərbaycan-BƏƏ dövlətlərarası münasibətləri hazırda dinamik və hərtərəfli inkişaf etməkdədir. Fəal siyasi dialoqumuz bütün sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır. Cari il ərzində Sizin Azərbaycana həyata keçirdiyiniz iki səfər qardaşlıq münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir.
Son dövrdə ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, əməkdaşlığımızın inkişafında yeni istiqamətlər müəyyən edilmişdir. Enerji sektorunda, xüsusilə də yaşıl enerji sahəsində atdığımız önəmli addımlar məmnunluq doğurur. Bu xüsusda ölkənizin “Masdar” şirkətinin bərpaolunan enerji sahəsində Azərbaycandakı səmərəli fəaliyyətini ayrıca vurğulamaq istərdim.
Eyni zamanda Azərbaycanın COP29 sədrliyi ilə BƏƏ-nin COP28 sədrliyi arasında təşəkkül tapmış uğurlu əməkdaşlıq münasibətlərini təqdir edir, ölkələrimizin bundan sonra da iqlim fəaliyyətinin irəli aparılması istiqamətində birgə çalışacağına inamımı ifadə edirəm.
Əminəm ki, Azərbaycan-BƏƏ dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
***
Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Laos dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Cari ilin oktyabrında Sizinlə Kazanda səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.
İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq əlaqələrimizin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.
Fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə Qvineya-Bisaunun Ətraf mühit naziri Viriato Kassama da daxildir.
Avropa Parlamenti noyabrın 28-də Gürcüstanda 26 oktyabrda keçirilən parlament seçkilərinin nəticələrini tanımamaq qərarına gəlib. Qurum seçkilərin legitimliyinin ciddi qanun pozuntuları ilə zərər gördüyünü qeyd edərək, beynəlxalq ictimaiyyətin bu nəticələri qəbul etməməli olduğunu vurğulayıb. Qəbul edilən qətnamədə deyilir: “Seçkilərin nəticələrini tanımaq mümkün deyil. Buna görə də Avropa Parlamenti bu seçkiləri rədd edir və onların bir il ərzində yenidən keçirilməsini tələb edir. Təkrar seçkilər daha yaxşı seçki mühiti, müstəqil və qərəzsiz seçki idarəçiliyi ilə beynəlxalq nəzarət altında keçirilməli, şəffaf və ədalətli proses təmin olunmalıdır”.
Qətnamənin lehinə 444 deputat səs verib, 72-si əleyhinə, 82-si isə bitərəf qalıb. Avropa Parlamenti, həmçinin “Gürcü Arzusu” partiyasının liderlərinə, o cümlədən Bidzina İvanişvili, İrakli Kobaxidze, Şalva Papuvaşvili, İrakli Qaribaşvili və Kaxa Kaladzeyə qarşı sanksiyalar tətbiq edilməsini tələb edib. Bu çağırışın Gürcüstanın daxili siyasətində və Avropa ilə münasibətlərində ciddi gərginliklər yarada biləcəyi deyilir. Avroparlament həmçinin Gürcüstan hökumətini demokratik standartlara əməl etməyə və seçki prosesindəki qüsurları aradan qaldırmağa çağırıb. Bu qərar isə Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaşmaq istəyinə mənfi təsir göstərə bilər. Belə çıxır, hansısa ölkədə seçkilərdə yalnız Qərbin “5-ci kolon”u (antimilli qüvvələr) qalib gəlməlidir ki, o, legitim sayılsın? Rəsmi Tiflisin cavabı nə olacaq, erkən seçkilər keçirilə bilərmi?
Vüqar İskəndərov
Deputat Vüqar İskəndərov “Yeni Müsavat”da Avropa Parlamentinin bu qərəzli addımını bu cür şərh etdi: “Hesab edirəm ki, Avropa Parlamentinin noyabrın 28-də qəbul etdiyi qərar bu qurumun mahiyyətini bir daha ortaya qoyur. Məlum olduğu kimi, Avropa Parlamenti həmin qərarla Gürcüstanda 26 oktyabrda keçirilən parlament seçkilərinin nəticələrini tanımamaq qərarına gəlib. Qurum seçkilərin legitimliyinin ciddi qanun pozuntuları ilə zərər gördüyünü qeyd edərək, beynəlxalq ictimaiyyətin bu nəticələri qəbul etməməli olduğunu vurğulayıb”.
V.İskəndərov bildirib ki, Avroparlament bununla əslində, müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq metodunun davam etdiyini ortaya qoyub: “Hesab edirəm ki, bu qərardan belə nəticə çıxarmaq olar. ”Beşinci kolon" uğur qazanmayıb deyə Avropa Parlamenti Gürcüstandakı seçkilərin nəticəsini tanımır. Belə çıxır ki, hansısa ölkədə seçkilərdə yalnız Qərbin “5-ci kolon”u, yəni antimilli qüvvələr qalib gəlməlidir ki, o, legitim sayılsın? Lakin bu qərarın Gürcüstan hakimiyyəti üçün nə önəmi, nə də təsiri olacaq. Gürcüstan Qərbin təqdim etdiyi “resept”dən imtina edərək, müstəqil siyasət yürütməkdə davam edəcək".
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva Qərbin qonşu ölkədə əvvəlki zamanlara nisbətən hakimiyyət dəyişikliyi etmək şanslarını bu dəfə daha zəif sayır: “Avropa Birliyinin Gürcüstandan istədiyi Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır. Axırıncı seçkilərdən əvvəl də, sonra da Qərbin qara buludları Tiflisin başının üstünü almışdı. Qəribə də olsa Gürcüstanda beşinci kolonun başçısı prezident Salome Zurabişvilidir. O, uzun müddət Fransa Xarici İşlər Nazirliyində çalışıb. Yəni Fransanın, Qərbin tapşırıqlarının Gürcüstandakı əsas icraçısıdır. Xanım prezident sonuncu aksiyalarda da müxalifətin yanında idi. Amma əlində yetərli səlahiyyət olmadığı üçün proseslərə və İvanişvili cəbhəsinə tutarlı təsir göstərə bilmir. İndi Gürcüstanda durum son dərəcə həssasdır. Faktiki olaraq cəmiyyət iki hissəyə parçalanıb. Siyasi fikir ziddiyyətləri daha da geniş haçalanarsa, bu vətəndaş qarşıdurması ilə nəticələnə bilər. Qərbin də istədiyi budur. Qoca qitə Gürcüstanı Kremlə asanlıqla təslim etmək istəmir. Ona görə də qonşu ölkəni daxildən parçalamaq niyyətindədir. Fikrimcə, proseslərin bu cür davamı Gürcüstan dövlətçiliyini də zədələyə bilər. Ona görə də hazırkı iqtidar daha sərt addımlar atmağa məcbur qalacaq. Söhbət müxalifət mitinqlərindəki əsas katalizatorların qandallanmasından, hətta hazırkı prezidentin həbsə atılmasından gedir. Rusiyameyilli Gürcüstan hakimiyyətinin artıq belə bir təcrübəsi var. Keçmiş prezident Mixael Saakaşvilinin hələ də dəmir barmaqlıqlar içərisində saxlanılmasını nəzərdə tuturam. Qərb İvanişvili hakimiyyətini dəyişməyin çətin olduğunu anlayır. Çünki hakim partiyanın əsas dəstəkçisi Moskvadır. Əgər Qərbin çevriliş cəhdi baş tutsa, o zaman Kremlin cavabı daha sərt olacaq. Gürcüstan Abxaziya və Cənubi Osetiyanı tamamilə itirəcək. Məncə, erkən seçkilər olmayacaq. ”Gürcü arzusu" ya qalib kimi gürcülərin gələcək taleyinə işıq tutmağa çalışacaq, ya da Qərb cəbhəsindən olanlar Rusiya ilə Gürcüstanı üz-üzə qoyaraq Cənubi Qafqazda ikinci “Ukrayna ssenarisi”ni yazacaqlar. Aksiyalar daha şiddətli hal alarsa, o zaman qan tökülməsi qaçılmaz olacaq ki, bu da Gürcüstan tarixinə “qara və qanlı demokratiya” səhifəsinin yazılması ilə nəticələnəcək".
Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüşüb.
Bu barədə “Report”un Rusiya bürosu məlumat yayıb.
Milli Məclisin növbəti iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.
Musavat.com-un xəbərinə görə, cari məsələlər zamanı çıxış edən deputat Vüqar Bayramov bildirib ki, sosial təminatın daha da gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir:
“Bu, özünü dövlət büdcəsinin sosial yönümlü xərclərinin dinamik olaraq artmasında da göstərməkdədir. Belə ki, Vətən müharibəsindən sonra, 2021-ci ilin dövlət büdcəsində sosial yönümlü xərclərin məbləği 12 milyard 202 milyon manat idisə, bu göstərici 2022-ci ildə 13.7 milyard manat, 2023-cü ildə 15.2 milyard manat, 2024-cü ildə 15 milyard 539 milyon və nəhayət, 2025-ci il üçün 16 milyard 909 milyon manat nəzərdə tutulub.
Göründüyü kimi, sosial yönümlü xərclər hər il əvvəlki ilə nisbətən artımla icra edilib. Bu, eyni zamanda 2021-ci illə müqayisədə illik sosial ayırmaların gələn il 4 milyard 707 milyon artırılacağı deməkdir. Digər tərəfdən, son 5 ildəki sosial paketlərin maliyyələşdirilməsinə əlavə olaraq 7 milyard manat vəsait ayrılıb. Bu müddətdə həmçinin Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manata yaxın vəsait yönəldilib və 2025-ci ilin proqnoz göstərici nəzərə aldıqda bu rəqəm 22 milyard manatadək yüksələcək”.
V. Bayramov daha sonra qərəzli və doğru olmayan sosial rəqəmlərə guya istinad edərək müqayisələr aparan marjinal və populist siyasi qüvvələrin diqqətinə ölkələrin rəsmi statistikasına əsaslanan bir sıra real göstəriciləri çatdırmaq istədiyini söyləyib:
“2025-ci ildə Azərbaycanın dollar ifadəsində 10 milyard dollarlıq sosial ayırmaları Cənubi Qafqazın digər iki ölkəsinin birgə sosial xərclərindən 2,2 dəfə çox olacaq. Eyni zamanda, Azərbaycanın yalnız sosial büdcəsi Ermənistanın xarici borclar və qrantlar ilə formalaşan ümumi büdcəsindən 67 faiz çoxdur. Əlavə müqayisəyə ehtiyac varmı? Bu baxımdan, yanlış müqayisə aparmağa cəhd edənlər diqqətli olsunlar və onların saxta rəqəmləri heç bir halda Azərbaycanda güclənən sosial təminat sisteminə kölgə sala bilməz”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mərkəzi Nəbatat Bağında yaradılan şəraitlə bağlı ətraflı məlumat verdi.
Qeyd edək ki, dövlətimizin başçısı Mərkəzi Nəbatat Bağında görülən işləri daim diqqət mərkəzində saxlayıb. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə - 2023-cü ilin iyul və bu ilin iyun ayında Mərkəzi Nəbatat Bağında görülən işlərlə tanış olmaları bunu bir daha təsdiq edir.
Bildirildi ki, əsaslı yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib.
Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.
Məlumat verildi ki, bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb. Nəbatat Bağında piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Bağın ərazisində iki restoran fəaliyyət göstərəcək. Həmçinin bağda labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası, avtomobillər üçün parklanma yeri də yaradılıb. Köhnə giriş zonası öz tarixi üslubunda təmir edilib. Yeraltı su anbarları, nasosxanalar və qazanxanalar inşa edilib. Ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, ümumi sahəsi 26 hektar olan yaşıllıqların suvarma sistemləri yenilənib.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları əsasında Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri ölkəmizdə bitki biomüxtəlifliyinin qorunmasına və səmərəli istifadəsinə göstərilən xüsusi diqqətin bariz nümunəsidir.
Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun mühafizəsi məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı ekoloji təmizliyin qorunması, elmi araşdırma, tədris və maarifləndirmə baxımından mühüm əhəmiyyətə malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan bitki kolleksiyaları yalnız onların mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.
Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınıb, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulub. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır.
Müstəqil siyasət yürütdüyü üçün Azərbaycana qarşı qərəzli olan Avropa təsisatları ölkəmizlə bağlı ən müxtəlif böhtanlar uydururlar. Son vaxtlar bəzi Qərb və Avropa media quruluşları da bu “xora” qoşulub. Əlbəttə, onlar müxtəlif siyasi dairələrin tapşırıqlarını icra edirlər.
Bu böhtanlardan biri də odur ki, Azərbaycan guya Rusiyadan qaz idxal edib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bununla bağlı bildirib ki, “Politico”nun Avropa nəşri Azərbaycandan üzr istəmək və saxta məlumatları əks etdirən məqaləsini təkzib etmək əvəzinə, Avropa və dünya ictimaiyyətini çaşdırmaq üçün dezinformasiyalar yaymağa davam edir. Musavat.com xəbər verir ki, bu barədə Hikmət Hacıyev X səhifəsində yazıb. “Politico”nun məqaləsində Azərbaycan mediasına istinadən yazılıb ki, “Azərbaycan bu il Rusiyadan 141,6 milyon kubmetr qaz idxal edib”. Lakin qeyd olunan məsələ idxal deyil, mübadilə əməliyyatıdır. Qonşu dövlətlər arasında belə mövsümi mübadilələr baş verir və bu, normaldır. Təəssüf edirəm ki, məqalədə mübadilə və idxal arasında fərq qoyulmur", - H.Hacıyev yazıb. O, Avropa Komissiyasının enerji məsələləri üzrə sözçüsü Tim Makfinin (Tim McPhie) “Aİ bazarlarını təmin edən Cənub Qaz Dəhlizi Azərbaycanın daha geniş təbii qaz sisteminə deyil, yalnız Azərbaycanın qaz yataqlarına bağlıdır” sözünü xatırladıb. “Aİ rəsmisinin bəyanatı doğrudur və biz bununla tam razıyıq. Azərbaycan 2024-cü ildə Rusiyadan qaz idxal etməyib. "Politico" orada olmadığını bilə-bilə qaranlıq otaqda qara pişik axtarışındadır. Buna uyğun bir Azərbaycan atalar sözü var: “Yalançını evinə qədər qovmaq lazımdır”, - Prezidentin köməkçisi qeyd edib.
Bu yalançı rəyi formalaşdırmaqla Avropa təsisatları nəyə nail olmaq istəyir? Ən vacib məsələ isə odur ki, Rusiyaya sanksiyalar tətbiq edildikdən sonra Ermənistan sanksiya tətbiq edilmiş məhsulların realizəsi, öz üzərindən Rusiyaya və müxtəlif istiqamətlərə ötürülməsi ilə məşğuldur. Bunu təsdiqləyən kifayət qədər faktlar var və bunu heç bir real əsası olmadığı halda Ermənistanla Rusiya ticarət dövriyyəsinin fantastik həddə artması da təsdiqləyir. Qərb Ermənistanın bu saxtakarlığına, antisanksiya hərəkətlərinə göz yumur, ancaq mübadilə əməliyyatını idxal kimi qələmə verərək, Azərbaycana böhtanlar yağdırır.
Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov bu ittihamı, sadəcə, gülünc sayır: “Biz istər COP29 ərəfəsində, istərsə də mühüm beynəlxalq tədbirin keçirildiyi müddətdə ayrı-ayrı Qərb rəsmilərinin, eləcə də media qurumlarının Azərbaycanla bağlı qərəzli və böhtan dolu mövqeyinə şahidlik etdik. Və əslində bunu gözləyirdik də. Çünki ölkəmizdə keçirilən hər bir beynəlxalq tədbir öncəsi anti-Azərbaycan dairələrin fəallaşmasına artıq adət etmişik. Müxtəlif siyasi dairələrin sifarişlərini yerinə yetirən "Politico"nun “Avropanın Azərbaycan qaz oyunları - Rusiya üçün xoş xəbərdir” adlı məqaləsi də ölkəmizlə bağlı növbəti qarayaxma kampaniyasının tərkib hissəsidir. Məqalədə müəllif Azərbaycanın enerji strategiyasını sual altına almağa çalışaraq, guya ölkənin Avropaya qaz ixracını dəstəkləmək üçün Rusiya qazını idxal etdiyini iddia edib. Enerji sektorundakı real vəziyyəti bilən hər kəs qəbul edər ki, Azərbaycanın Rusiya qazından asılılığı ilə bağlı ittihamların heç bir əsası yoxdur və bu, sadəcə, beynəlxalq ictimai rəydə ölkəmizlə bağlı mənfi obrazın formalaşması cəhdidir. Belə ki, Azərbaycana 2024-cü il ərzində Rusiyadan ötürülən 141.6 milyon kubmetr qaz idxal deyil, mübadilə əməliyyatıdır. Bu miqdarda qazın ümumi dəyəri cəmi 26 milyon ABŞ dolları edir və ölkəmizin müvafiq il üçün ümumi qaz ixracının 1 faizindən də aşağı həcmindədir. Bu isə o deməkdir ki, Azərbaycanı Rusiya qazından asılılıqda ittiham etmək çox gülüncdür. Rəsmi statistikaya da baxsaq görərik ki, Azərbaycan 2024-cü ildə 20,7 milyard kubmetr qaz ixrac edib, bunun da 10,6 milyard kubmetri Avropaya çatdırılan qazdır. Bütün bu həcmlər tamamilə daxili hasilat gücü hesabına təmin olunub. Üstəgəl beynəlxalq ekspertlərin də hesablamalarına görə ölkəmizin qaz ehtiyatları 2,5 trilyon kubmetr həcmində qiymətləndirilir ki, bu da bizim qazla bağlı haradansa asılı olmağımızla bağlı fikirlərin yalan və böhtan olduğunu bir daha sübut edir. Məqalənin böhtandan ibarət olduğunu təsdiqləyən digər faktorlar da mövcuddur. Belə ki, Azərbaycanın enerji siyasəti kifayət qədər şəffafdır. Ölkəmiz beynəlxalq sertifikatlaşdırma standartlarına ciddi şəkildə əməl edir və qazın mənşəyi ilə bağlı hər hansı manipulyasiyanı tamamilə istisna edir. Azərbaycan qazının hasilat və ixracı beynəlxaq audit təşkilatı tərəfindən də yoxlanılır. “Politico” və onun kimi nəşrlərin Azərbaycanı Rusiyaya bağlamaq cəhdləri yerinə Ermənistan-Rusiya münasibətlərinə nəzər salması daha məntiqli olardı. Belə ki, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi son bir neçə ildə, xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda həndəsi silsilə ilə artır. Belə ki, göstəricilər 2021-ci ildə 2,6 milyard, 2022-ci ildə 5 milyard, 2023-cü ildə 7,4 milyard və bu il 14 milyard təşkil edib. Bu nəyin hesabına baş verir? Təbii ki, Ermənistanın Rusiyanı Qərbin sanksiyalarından yayındırması hesabına. Artıq hər kəs bilir ki, Ermənistan şirkətləri Rusiyanın mallarını öz ölkəsi üzərindən idxal-ixrac edir. Qərbdən və digər ölkələrdən Ermənistan üzərindən Rusiyaya zəruri mallar, avadanlıqların daşınması artır. O cümlədən Rusiyanın qızılı, brilyantı və digər məhsullarının xaricə ixrac olunmasında da Ermənistan yaxından iştirak edir. Rusiyanı sanksiyalardan yayındırmaq istəyən ölkələrə qarşı aqressivlik nümayiş etdirən Qərb isə söhbət Ermənistandan gedəndə niyəsə lal, kar və kor olur. Şübhəsiz ki, bütün bunlar ikili standartların, xristian təəssübkeşliyinin və islamafob siyasətin göstəricisidir".
Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlı qeyd etdi ki, Azərbaycana qarşı bu cür dezinformasiyalar zaman-zaman olub: “Rusiyadan qaz idxalı ilə bağlı iddianın konkret hədəfləri var. Birincisi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin bərpasında etibarlı tərəfdaş imicini bu cür yalan xəbərlərlə zədələmək istəyirlər. İkincisi, bu cür hücumlarla Avropa bazarında ölkəmizin mövqeyini sarsıtmağa çalışırlar. Üçüncüsü, enerji anlaşmalarında Azərbaycanın üzərinə qeyri-real öhdəliklər qoymaq istəyi ola bilər. Bu hədəflərə nail olmaq istəyənlərin Avropanın enerji bazarında maraqları olan qüvvələr olduğu istisna edilməməlidir. Təbii ki, hər zaman olduğu kimi, bu məsələ də erməni diasporu/lobbisinin iştirakı da istisna deyil. Halbuki Prezidentin köməkçisi Hikmət Hacıyevin təqdim etdiyi faktlar belə informasiyaların saxta olduğunu açıq şəkildə göstərir. 2024-cü ildə Rusiyadan Azərbaycana qaz idxalı olmadığı halda, belə iddianın irəli sürülməsi qeyri-peşəkarlıq yox, məhz təxribat cəhdidir və konkret hədəfləri var. Və bəllidir ki, bu cür dezinformasiyaların hədəfi nəyinsə şəffaflığını təmin etmək, yaxud Qərbin maraqlarına uyğun olmayan nələrinsə qarşısını almaq deyil. Əks təqdirdə, Ermənistanın sanksiyaların dəlinməsində Rusiyaya verdiyi dəstəyə göz yumulmazdı. Son iki ildə - Ukrayna müharibəsi başlandıqdan sonra Ermənistan Rusiyanın sanksiyalardan yayınmasında ciddi rol oynayıb. Bunu iki ölkə arasındakı ticarət dövriyyəsinin fantastik həddə artması da sübut edir. Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi 2020-ci ildə 2,3 milyard, 2021-ci ildə 2,6 milyard dollar idisə, 2022-ci ildə 91,7 faiz artaraq, 5,05 milyarda, 2023-cü ildə isə 7,4 milyard dollara çatdı. Bu il 16 milyard dollar olacağı gözlənilir. Bu, məhz Ermənistanın Rusiyaya lazım olan məhsulları idxal edərək, Moskvaya göndərməsinin nəticəsidir. Qərb ölkələri bunu görməzdən gəldikləri halda, Azərbaycana qarşı dezinformasiyalar yaymaqla məşğuldurlar”.