![]() |
|
Prezident İlham Əliyev Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşməsi məqsədilə ali təhsildə tətbiq olunan yeni məzmunlu proqramların əhatə dairəsinin və keyfiyyətinin artırılması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Bu baxımdan, ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış və 2014-cü ildən fəaliyyətə başlayan SABAH proqramı çərçivəsində ali təhsil sistemində yeni məzmunlu proqramların tətbiqi təcrübəsi özünü doğruldur. Bu proqram çərçivəsində tədrisin mütərəqqi forma və metodlarının tətbiqi, ixtisas üzrə kompetensiyalara tam yiyələnmənin təmin olunması, dərinləşdirilmiş xarici dil tədrisi, tələbələrə əlavə təqaüd verilməsi, onların xarici mübadilə proqramlarında iştirakı imkanlarının artırılması, tələbəyönümlü tədrisin və tədrisdənkənar fəaliyyətin təşkili kimi üstünlüklər gənclərin ali təhsilin yeni məzmunlu təhsil proqramlarına marağını daha da artırıb.
Sərəncamla ali təhsil sistemində kəmiyyət əsaslı maliyyələşdirmədən keyfiyyət əsaslı maliyyələşdirməyə keçidin təmin olunması və maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qərara alınır:
- SABAH proqramının əhatə dairəsi 2025‒2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndirilsin.
- SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsaitlər hesabına təmin edilsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi:
- mülkiyyət formasından asılı olmayaraq, ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı tələbləri müəyyən etsin;
- hər növbəti tədris ili üçün SABAH proqramı təşkil ediləcək ali təhsil müəssisələrinin siyahısını, təhsilalanların sayını, hər bir təhsilalana düşən illik təhsil xərcinin miqdarını və ilkin mərhələdə tədrisin təşkili ilə bağlı digər xərclərin (yeni məzmunlu təhsil proqramlarının hazırlanması, tədris infrastrukturunun və maddi-texniki bazanın formalaşdırılması və s.) maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin həcmini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etsin.
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib.
Yol-xeber.az Səhmdar Cəmiyyətə istinadən xəbər verir k, Arif Ağayev ADY sədrinin müavini vəzifəsinə təyin edilib.
Bundan əvvəl ADY sədrinin müşaviri vəzifəsində çalışan A. Ağayev sərmayələrin idarə olunması, beynəlxalq maliyyə qurumları ilə əlaqələr və strateji hədəflərin icrasına nəzarətə məsul olub.
Qeyd edək ki, A. Ağayev Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr və magistr, Böyük Britaniyanın Kembric Universitetini isə biznesin idarə edilməsi üzrə magistr dərəcəsi ilə bitirib.
Müxtəlif illərdə “ATL” Şirkətlər qrupu, “SAQA” gəmi təmiri şirkəti və fərqli beynəlxalq məsləhətçi şirkətlərdə çalışıb, biznesin inkişafı, regional layihələr üçün maliyyə təhlilləri, sahibkarlığın inkişafı və kommersiya təhlili kimi istiqamətlərdə böyük təcrübə əldə edib.
A. Ağayevin ADY-nin sədr müavini vəzifəsinə təyin edilməsi şirkətdə maliyyə və strateji planlaşdırma, əməliyyatların optimallaşdırılması, tərəfdaşlıq münasibətlərinin inkişafı və korporativ idarəetmənin yaxşılaşdırılması kimi sahələrə mühüm töhfə verəcək.
Yeni təyinat ADY-də uğurla davam etdirilən kadr islahatlarının, eləcə də şirkətdə peşəkar, xüsusilə beynəlxalq təcrübəyə malik şəxslərin karyera irəliləyişinə dəstək verilməsinin göstəricisidir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fələstinin Milli Günü münasibətilə təbrik edib.
Bu barədə XİN-in “X” sosial şəbəkəsində hesabında paylaşım edilib.
“Fələstin dövlətini və bütün fələstinliləri Milli bayramı münasibətilə təbrik edirik!”, - paylaşımda vurğulanıb.
“Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Azərbaycan Konstitusiyası ilə bağlı bəlli bir açıqlama verdi. Biz hesab edirik ki, həmin açıqlamalar beynəlxalq ictimaiyyəti çaşdırmaqdan başqa bir işə xidmət etmir”.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, dünən XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə həmin açıqlamaya çox detallı bir cavab hazırlayaraq təqdim edib: “Həmin açıqlamada addım-addım Ermənistan tərəfinin açıqlamasının əsassız olması göstərilib”.
Qeyd edək ki, A.Hacızadə “X”də yayımladığı açıqlamada bildirib ki, Paşinyanın guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması barədə parlamentdə dediklərinin əsası yoxdur: “Nikol Paşinyan bununla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”.
Azərbaycan Respublikasının Energetika Nazirliyi və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) tərəfindən regionda bərpa olunan enerjinin tətbiqini sürətləndirmək və yaşıl sənayeləşməni təşviq etmək məqsədilə Mərkəzi Asiyada enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib.
COP29 çərçivəsində təşkil edilən Forumda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərindən olan nazirlər, nazir müavinləri iştirak ediblər.
Forumda Mərkəzi Asiya ölkələrində artan enerji tələbatını ödəmək, enerji mənbələrinin müxtəlifliyini təmin etmək, iqtisadi artımı dəstəkləmək və iqlim məqsədlərinə nail olmaq üçün “yaşıl enerji”dən istifadəni artırmağın yolları müzakirə edilib. Bu məqsədlərə çatmaq istiqamətində “Orta Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” (APRECA) adlı proqram təsis edilib. Proqram Mərkəzi Asiya ölkələrinin potensialını səfərbər edərək regional əməkdaşlıq çərçivəsində investisiyaların genişləndirilməsini, regionlararası əlaqələrin gücləndirilməsini və sosial-iqtisadi faydaların artırılmasını hədəfləyir.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, Mərkəzi Asiyada enerji keçidi üzrə İnvestisiya Forumu regionda dayanıqlı enerji transformasiyasını sürətləndirmək, bərpa olunan enerji sahəsində əməkdaşlığı dərinləşdirmək və strateji layihələrin reallaşdırılması üçün investorları cəlb etmək baxımından mühüm platformadır:
“Azərbaycan Mərkəzi Asiya ölkələri ilə “yaşıl enerji” keçidində güclü əməkdaşlığa böyük önəm verir. Bu çərçivədə ölkələrimizin enerji təhlükəsizliyini və enerji təchizatında strateji mövqeyini gücləndirmək üçün Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulması istiqamətində işbirliyinə başlamışıq. COP çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan yaşıl enerji tərəfdaşlığı sazişi, Səudiyyə Ərəbistanının üçtərəfli layihəyə qoşulması bu istiqamətdə atılan strateji addımlardan biridir və beynəlxalq enerji əməkdaşlığına, yaşıl investisiyaların cəlbinə güclü təkan verəcək. Biz Forum vasitəsilə bütün investorları və potensial tərəfdaşları bu tarixi dəyişimin bir hissəsi olmağa dəvət edirik”.
IRENA-nın baş direktoru Francesco La Camera isə Mərkəzi Asiyanın zəngin bərpa olunan enerji resursları, strateji coğrafi mövqeyi və qonşu regionları birləşdirən “yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində davam edən səylərinin regionun dəyişən enerji mənzərəsinin önündə yer almaq üçün mühüm imkanlar yaratdığına diqqət çəkib:
“APRECA regionun öz potensialını səfərbər etməsi üçün hərtərəfli, ölkələrin rəhbərlik etdiyi, ambisiya, planlaşdırma və icranı birləşdirən mühüm bir fürsət təqdim edir”.
Qeyd edək ki, Forum Mərkəzi Asiyada enerji keçidinə dair investisiya və maliyyə siyasətləri, maliyyə ehtiyacları və prioritetləri, iqlim maliyyəsi üçün çərçivələr və digər maliyyə alətlərinə dair müzakirələrlə iki gün davam edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.
"Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan hər zaman Fələstin xalqının azadlığı və müstəqilliyini dəstəkləmişdir. Ölkəmiz münaqişənin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla “iki dövlət” prinsipi əsasında sülh yolu ilə həllinin tərəfdarıdır. Biz bundan sonra da BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi vasitəsilə və ikitərəfli əsasda Fələstinə humanitar dəstək göstərəcəyik.
İnanıram ki, xoş ənənələr üzərində qurulmuş dostluq əlaqələrimiz və əməkdaşlığımız bundan sonra da uğurla inkişaf etməyə davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və əmin-amanlıq arzulayıram".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Braziliya Federativ Respublikasının vitse-prezidenti Jeraldu Alkmin ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də Şimali Makedoniya Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Monteneqronun Prezidenti Yakov Milatoviç ilə görüşüb.
"Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.