![]() |
|
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür.
O, 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub.
1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib.
Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Dövlət televiziyasında mövcud olan senzura Çingiz Mustafayevi 215 kl studiyasını yaratmağa təşviq edib.
Onun reportajları əsasən cəbhədən olduğuna görə, 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul ediblər.
Ç.Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi kadrlarla tanıyıb.
O, 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub. Bu, həm də onun öləndən sonra da yaşayacağına işarə idi.
Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.
“Ötən 2 ilin göstəriciləri ilə müqayisədə 2023-cü ilin qar örtüyündə azalmalar müşahidə olunur”.
“Trend” xəbər verir ki, bunu “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.
O bildirib ki, ölkə ərazisində son 7 ildə buzlaq sahələri orta hesabla 18 % azalıb: “Ötən ilin avqust ayına nisbətən dağ göllərinin sahəsində 4,2 % azalma qeydə alınıb. Son illər apardığımız müşahidələrə əsasən, Kür çayı dənizə deyil, dəniz Kür çayına axır. Türkiyə ərazisində başlayan Kür çayı Neftçala rayonu ərazisində dənizlə qovuşa bilmir. Bu, zamanla su resurslarımızın azalmasına səbəb olacaq”.
Sabahdan Bakının mərkəzinə Badamdar istiqamətindən daxil olan yol bağlı olacaq.
Bu barədə Bakı ŞBPİ-nin Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsindən üzü Mikayıl Əliyev (Bakı Şəhər Dövlət Yol Polis İdarəsi, Yeni Yasamal və Kənar Dairəvi yol) istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Belə ki, kənar dairəvi yol ilə hərəkətdə olan nəqliyyat vasitələri şəhərin mərkəzinə doğru yalnız Yeni Yasamal ərazisinə daxil olmaqla hərəkət edə bilərlər.
Qeyd edilib ki, Badamdar şossesindən üzü mərkəz istiqamətinə hərəkət isə sərbəst olacaq.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev 32 ildən sonra qardaşı, Milli Qəhrəman Çingiz Mustafayevin I Qarabağ müharibəsi zamanı şəhid olduğu Əsgəran rayonunun Naxçıvanik kəndində yollanıb.
O Naxçıvanikə getməkdə əsas məqsədinin qardaşının şəhid olduğu yer barədə hazırlanan materiallarda səhvə yol verilməsi olduğunu bildirib:
“Son vaxtlar onunla bu döyüşdə olmayan, ümumiyyətlə Naxçıvanikdə olmayan, yazı yazıb video çəkənlər millətə qardaşım Çingizin həlak olduğu yer barədə düzgün olmayan məlumatlar veriblər. Bunu belə qoymaq olmazdı. Külli miqdarda yerli və xarici Çingizsevərlər onu ziyarət etmək istəyəcək və buna görə də Çingizin Şəhid olduğu yeri dəqiq bilməlidirlər! Bu idi amalım. Yerinə yetirdim!
Çingizin həlak olduğu yerlə əlaqəli videolar təəssüf ki, Naxçıvanikə girişdə çəkilib.
Ç.Mustafayevin şəhid olduğu yer fotoda işarələnmiş ərazidir
Buna bir neçə səbəb var. Kiməsə daxil olmağa imkan vermirdilər, kimsə özü gəlmək istəmirdi. Ona görə ki, bu zona hələ də təhlükəlidir, minalar var.
Müdaxilə etməkdə məqsədim ondan ibarətdir ki, kəndin əvvəlində Çingizin şəhid olması haqqında məlumat verilir. Kəndin sonunda - dayandığım yerdə həmin səngərdən qalan bir hissə olan yerdə çəkiişi aparmaq o deməkdir ki, bizim əsgərlərimiz kəndin girişində deyildilər və kəndi tam şəkildə götürmüşdülər.
Çingiz Mustafayevin şəhid olduğu yer fotoda
Böyük bir şücayət göstərərək kəndi bir müddət saxlamışdılar. Bu, həmin yerdir. Çox təəssüf ki, əməliyyat nəticəsində Naxçıvanik kəndi ələ alınandan sonra arxadakı təpələr hələ də erməni işğalçılarının əlində qalmışdı.
Bizim əsgərlərimiz sığınacaq taparaq məhz bu mövqelərdən birbaşa “irəli” siqnalını eşidərək təpələri götürməyə bir gün nail olmuşdular. Lakin şiddətli döyüşlər nəticəsində sonra bu mövqeləri buraxmalı olmuşdular”.
V.Mustafayev qardaşının şəhid olduğu yerə getməyə icazə verdiyinə görə, Dövlət başçısına təşəkkür də edib:
“Bu dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət etdik. Çox sağ olsun, həmən müsbət cavabla bizi sevindirdi. Və mən, qardaşım Seyfulla, Sevda Həsənova (Böyük Seva) və oğlum Çingiz Mustafayev qardaşım Çingizin ad günü ərəfəsində onun şəhid olduğu ərazini ziyarət etmək üçün Qarabağa yollandıq . Cənab prezidentə bu şəraiti yaratdığına görə təşəkkürümü bildirirəm.
32 ildən sonra gəlib burada qardaşımın şəhid olduğu məkanı gördüm, ziyarət etdim”.
Bakının bir sıra yollarında tıxac yaranıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
“Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən vətəndaşlar Milli Məclisə seçkilərdə səs verə biləcəklər”.
Bunu “Report”a müsahibəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.
O bildirib ki, əvvəllər də seçki günü şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən vətəndaşların həmin vəsiqələrdən istifadə etməklə səsvermədə iştirakının təmin olunması istiqamətində lazımi addımlar atılıb: “Bu bizim üçün çox önəmli məqamdır. Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar da bu məsələ MSK-da müzakirə olunub. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin keçməsinə baxmayaraq, həmin seçicilərin texniki məsələ ucbatından kənarda qalmasını istəmirik. Ona görə də həmin seçicilərin etibarlılıq müddəti başa çatmış şəxsiyyət vəsiqələri ilə də səs verməsini təmin edəcəyik. Aşağı seçki komissiyalarını da bu barədə məlumatlandırmışıq”.
Avqustun 28-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində, 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.
Ölkədə minimum əməkhaqqının aylıq rejimdən saatlıq rejimə keçirilməsinin müəyyən nəticələrinin olacağı gözlənilir. Bu, faktiki olaraq beynəlxalq metodologiya ilə uzlaşmanın təmin edilməsidir.
Beləliklə beynəlxalq müqayisələrin aparılmasının metodoloji əsasları formalaşar. Çünki reytinqlərin hesablanması zamanı bu amildən istifadə olunur.
Bunu Teleqraf.com-a iqtisadçı Rəşad Həsənov deyib.
O qeyd edib ki, dünyanın əksər ölkələrində saatlıq minimum əməkhaqqı rejimi tətbiq edilir:
“Bu istiqamətdə uzlaşma təmin olunacaq. Eyni zamanda Azərbaycanda əmək bazarının leqallaşmasına bu amil müəyyən töhfə verə bilər. Çünki aylıq minimum əməkhaqqı rejimi mühasibatlıq imkanlarını məhdudlaşdırır. Misal üçün, ayın bir həftəsi işçinin işə cəlb edilməsi zamanı bunun leqallaşdırılması çətinləşir. Burada minimum standartlar var. O da aylıq əsaslarla olduğu üçün həftəliyin və yaxud bir neçə günlük əməyin leqallaşdırılmasında problemlər çıxır”.
İqtisadçı hesab edir ki, Azərbaycanda Əmək Məcəlləsinə görə əməyə və vaxta muzd iş rejimi tətbiq edilir:
“İşə muzd rejimin mühasibatlığının çətinlikləri bir çox hallarda bundan istifadə hallarını məhdudlaşdırır. Nəticədə əmək bazarında qeyri-formal münasibətlər daha geniş yayılır. Ona görə də, bu istiqamətdə imkanları genişləndirməklə əməyin leqallaşdırılması fürsətlərini artırmaq olar”.
Rəşad Həsənova görə, yeni qaydalar onun tətbiqindən və istifadəçilərin buna meyilliliyindən asılı olacaq:
“Ümumi olaraq muzdla çalışanların gəlirlərinə yeni qaydaların təsirinin olacağı ilə bağlı yanaşmalar var. Burada əsas göstərici daha çox hansı standartların tətbiq ediləcəyindən asılı olacaq. Saatlıq minimum əməkhaqqı məbləğinin hansı səviyyədə müəyyənləşməsi və digər amillər mövcuddur. Orta hesabla Azərbaycanda bir işçi üçün 150 saatlıq fəaliyyət dövrü müəyyənləşir. Bu isə bir saat üçün 2 manat 20 qəpik ekvivalentinə uyğun gəlir. Əslində isə ölkədə olan mövcud qiymətlər və sosial faktorlar nəzərə alınsa, təxminən 4 manat 50 qəpik və yaxud 5 manat ətrafında bir saat üçün minimum əməkhaqqı tətbiq edilməlidir. Əgər belə bir standart tətbiq olunarsa, bu, vətəndaşların gəlirinə müsbət təsir göstərə bilər”.
Son illərdə Azərbaycanın nəqliyyat sektoru sürətli transformasiyadan keçir, iri investisiya layihələri həyata keçirilir, infrastruktur və nəqliyyat vasitələri parkı müasirləşdirilir, xidmət standartları yüksəldilir. 144 illik zəngin tarixə və ənənələrə malik “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) də bu cür dəyişikliklərin baş verdiyini müşahidə edirik. Müasir sərnişin qatarlarının xətlərə buraxılması və pandemiyadan öncəki ən çox sərnişin tələbatı olan marşrutların mərhələli şəkildə bərpa edilməsi barədə məlumatları tez-tez oxucularımızla bölüşürük. Eyni zamanda, Çinlə Avropanı birləşdirən “Şərq-Qərb” beynəlxalq nəqliyyat marşrutu üzərində yerləşən “Bakı-Tbilisi-Qars” və Horadiz-Ağbənd dəmir yolu xətlərinin əhəmiyyəti haqqında, habelə önəminə görə heç də onlardan geri qalmayan “Şimal-Cənub” marşrutu üzrə işlərin gedişatı barədə xəbərləri də, demək olar ki, hər gün mətbuatdan izləmək mümkündür.
Bəs, ümumiyyətlə, ölkəmizdə dəmir yollarının inkişafı üzrə bu kimi irihəcmli layihələr necə planlaşdırılır və idarə olunur, bu işlərin arxasındakı komanda necə işləyir? Son illərdə Azərbaycanda bir çox iri sənaye və xidmət müəssisələrində müşahidə olunan müasir idarəetmə yanaşmaları və metodları ölkəmizin beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevrilməsinə önəmli töhfə verən ADY-də də tətbiq edilirmi? ADY-nin Strateji inkişaf departamentinin müdiri, dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Anar Qasımov mövzu ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
-Anar müəllim, bildiyimiz kimi, ADY dəyişir, müasirləşir. Bu transformasiyanın əsas amilləri nələrdir və artıq müsbət nəticələri varmı?
- ADY 144 illik zəngin tarixə və formalaşmış ənənələrə malik bir dövlət şirkətidir. Lakin öz inkişafının hər bir mərhələsində şirkətimiz dövrün çağırışlarına cavab verərək yenilənmiş, dəyişmişdir. Ölkəmizdə son illərdə dövlət sektorunda böyük əhəmiyyətə malik transformasiya prosesləri gedir. Bu proseslər dünyada qabaqcıl hesab olunan müasir idarəetmə metodları, innovasiyalar və yaradıcı insan amilinin rolu haqqında yeni baxışa keçidi dəstəkləyir. Bu kontekstdə ADY-də sonuncu transformasiya prosesləri 2021-ci ildə qurumun Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və Müşahidə Şurasının yaradılması ilə başladı.
Müşahidə Şurası yarandığı gündən etibarən ADY qarşısında şirkətin daha səmərəli fəaliyyət göstərməsi və müasir metodlarla çalışan təsisata çevrilməsi hədəfi qoymuşdur. Bu hədəfə çatmaq məqsədilə ötən müddət ərzində “Boston Consulting Group” kimi nüfuzlu beynəlxalq məsləhətçi şirkətin də yaxından iştirakı və dəstəyi ilə ADY-də üç mərhələdən ibarət Transformasiya Proqramı həyata keçirildi. Hazırda ADY-də transformasiya prosesi bitib və şirkət öz gündəlik fəaliyyətini səhmdar tərəfindən qarşısına qoyulmuş strateji hədəflərə çatmaq istiqamətində, səhmdarın gözləntilərinə uyğun şəkildə davam etdirir. Bu kontekstdə ADY-də müasir standartlara uyğun Korporativ idarəetmə, Strateji idarəetmə və Layihələrin idarə edilməsi prosesləri həyata keçirilir ki, bu proseslərin təşkili funksiyaları Strateji inkişaf departamenti tərəfindən təmin edilir.
-Bir vacib məsələyə toxundunuz – səhmdarın gözləntiləri. ADY-də səhmdarın gözləntilərinə uyğun korporativ idarəetmə necə təşkil edilir?
-ADY-nin Müşahidə Şurası onun uzunmüddətli inkişaf strategiyasını, siyasət və daxili qaydalarını, fəaliyyətinə dair əsas hesabatları təsdiq və icrasına nəzarət edir. Bununla yanaşı, müxtəlif əhəmiyyətli müqavilə və razılaşlamaları təsdiq kimi vacib strateji səlahiyyətlərə malikdir. Bu səlahiyyətlərin icrası məqsədilə Müşahidə Şurası il ərzində mütəmadi olaraq toplanır, müvafiq qərar və tapşırıqlar verir, onların icrasına nəzarət edir. Bununla yanaşı, Müşahidə Şurası yaratdığı “Strategiya və İnvestisiyalar”, “Təyinat və Mükafatlandırma” və “Audit” Komitələri vasitəsilə də öz fəaliyyətini təşkil edir. Müşahidə Şurası və onun komitələri tərəfindən verilən qərar və tapşırıqların icrası, onların icrası barədə Müşahidə Şurası və komitələrin vaxtında və keyfiyyətli şəkildə məlumatlandırılması məqsədilə ADY ilə bu qurumlar arasında mütəşəkkil və operativ koordinasiya təşkil edilib.
Bunlarla yanaşı, ADY-nin icra orqanı olan İdarə Heyəti tərəfindən qərarların verilməsinin səmərəliliyinin artırılması, habelə qərarların verilməsində hərtərəfli təhlillərin və yuxarı səviyyəli idarəetmə komandasının da kollegial iştirakının təmin edilməsi məqsədilə İdarə Heyətinin yanında “Strategiyanın və proqramların idarə edilməsi”, “Risk”, “İnformasiya Texnologiyaları” və “İnvestisiya” komissiyaları yaradılıb. Həmçinin, İdarə Heyətinin üzvlərinin, yuxarı və orta səviyyəli menecerlərin iştirakı ilə həftəlik operativ Menecment Toplantısı təşkil edilir. İdarəetmədə əvəzçilik və yeni menecerlərin inkişafı prinsiplərinə uyğun olaraq Menecment Toplantılarına iş performansı yüksək olan və gələcəkdə rəhbərlik potensialı olan əməkdaşlar da mütəmadi dəvət edilir.
Korporativ idarəetmə prosesinin daha bir həlqəsi olaraq ADY ilə onun törəmə təşkilatları arasında kommunikasiya və koordinasiyanın daha səmərəli təşkili məqsədilə “ADY Ekspress” MMC, “ADY Konteyner” MMC, “ADY Əmlak” MMC, “Astara Terminal” MMC və ixtisaslaşdırılmış dəmir yolu müəssisələrində tərkibi ADY-nin yuxarı rəhbər heyətinin nümayəndələrindən ibarət olan Məşvərət şuraları yaradılıb.
Müşahidə Şurası ilə koordinasiya, İdarə Heyəti yanında komissiyaların, həftəlik Menecment toplantılarının və törəmə təşkilatlarının Məşvərət şuralarının işinin əlaqələndirilməsini Strateji inkişaf departamentinin Korporativ idarəetmə şöbəsinin “Beynəlxalq Komplayens Assosiasiyasının Korporativ İdarəetmə Mütəxəssisi” sertifikasiyasını qazanmış (Specialist Certificate in Corporate Governance by International Complaince Association) gənc və təcrübəli əməkdaşlar icra edir.
- ADY-nin strateji inkişaf strategiyası nədən ibarətdir? Şirkətin əsas strateji hədəfləri hansılardır?
- ADY-nin Müşahidə Şurasının 16 fevral 2024-cü il tarixli iclasında Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf İstiqamətləri təsdiq edilib. “McKinsey & Company” nüfuzlu beynəlxalq məsləhət şirkətinin yaxından iştirakı ilə hazırlanmış sözügedən sənəd 3 strateji istiqamətdən, bu istiqamətlər üzrə həyata keçiriləcək 9 strateji proqramdan və hər bir proqramda 2-dən 7-dək olmaqla 36 strateji təşəbbüsdən ibarətdir.
Birinci istiqamət əməliyyatların səmərəliliyinin artırılması ilə maliyyə dayanıqlılığına nail olunmasıdır. Buraya əməliyyat mükəmməlliyini təmin etmək məqsədilə texniki xidmətdə yeni yanaşmalar tətbiq etməklə əməliyyatlarda səmərəliliyin artırılması üçün yükdaşıma qabiliyyəti və istifadə əmsalının optimallaşdırılması; Səmərəliliyi aşağı olan əməliyyatların miqyasının azaldılması və infrastruktur üçün potensial dəstəkdən istifadə üzrə təşəbbüslər aiddir.
İkinci istiqamət bazara fokuslanma, xidmət keyfiyyətinin yüksəldilməsi və kommersiya potensialının genişləndirilməsi yolu ilə yükdaşımalarının həcminin davamlı olaraq artırılmasıdır. Buraya ixrac və idxalda bazar mövqeyini qoruyub saxlamaqla Çin–Türkiyə və Rusiya–Türkiyə ticarətindən daha çox potensial əldə etmək üçün tranzit və daxili ticarətə, xüsusilə “Şərq-Qərb” və “Şimal-Qərb” dəhlizlərinə daha çox diqqət yetirilməsi; ticarət sinerjisi yaratmaq üçün digər dəmir yolları və rejimlərlə regional tərəfdaşlıqdan istifadə edilməsi; bazar oriyentasiyasını artırmaq üçün birbaşa satış imkanları və rəqabətli/dinamik tarif mexanizminin yaradılması üzrə təşəbbüslər daxildir.
Üçüncü istiqamət kritik təkanverici amillərə fokuslanmaqdır. Buraya regional və gələcək qlobal tərəfdaşlıqlar vasitəsilə təhlükəsizlik və mühafizənin təmin olunması öhdəliklərinin yerinə yetirilməsi; ətraf mühitlə bağlı öhdəliklərin davamlı olaraq yerinə yetirilməsi və ekoloji təsirlərin azaldılması; biznes seqmentləri üzrə hesabatlılığın təmin edilməsi məqsədilə virtual hesabatlıq və ehtiyacları qarşılamaq üçün rəqəmsal transformasiya istiqamətində seçilmiş tədbirlər üzrə təşəbbüslər daxildir.
Bu sənədə əsasən, qarşımızda duran əsas hədəflər Azərbaycan ərazisindən keçən “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin aktiv istifadə edilməsinə nail olmaq və bunun sayəsində ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə önəmli töhfə verməkdir. Əsas strateji hədəf 2030-cu ilədək tranzit daşımalarının illik həcminin 2-4 dəfə artırılmasıdır. Rəqəmlərə çevirdikdə bu, 2023-cü ildə 6,8 milyon ton olan illik tranzit daşımalarının 2030-cu ildə 15 milyon tonadək (“Şimal-Cənub” dəhlizinin genişləndirilməsi üzrə ölkələrarası layihənin potensialı tam reallaşacağı təqdirdə 30 milyon tonadək) artırılması deməkdir. Ümumilikdə, daşımaların analoji olaraq 18,2 milyon tondan 30 milyon tonadək (“Şimal-Cənub” dəhlizinin genişləndirilməsi üzrə ölkələrarası layihənin potensialı tam reallaşacağı təqdirdə isə 43 milyon tonadək) artırılması hədəflənir.
Sərnişin daşımalarında hədəfimiz Bakı Dairəvi marşrutu üzrə və ümumilikdə ölkədə mobilliyin inkişaf templərini də nəzərə almaqla 2023-cü ildə daşınmış 7,2 milyon illik sərnişin sayının 2030-cu ilədək 15 milyon nəfərə çatdırmaqdır.
-Bəs strategiyanın icrası necə təşkil edilir? Şirkətdə strateji idarəetmə prosesi necə qurulub?
-Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf İstiqamətləri sənədinə uyğun olaraq strateji təşəbbüslərin həyata keçirilməsi məqsədilə ADY tərəfindən önümüzdə duran müddət 2 Biznes Dövrünə (2024-2027 və 2027-2030) və 7 Əməliyyat Dövrünə (hər təqvim ili üzrə) bölünüb. Müvafiq olaraq, strategiyanın icrası orta müddətli Biznes planların və illik Əməliyyat planlarının (və ya İcra proqramlarının) icrası vasitəsilə həyata keçirilir.
Hazırda ADY-də 2024-2027-ci Biznes Plan dövrü üzrə 2024-cü ilin İcra Proqramı həyata keçirilir. 2024-cü ilin İcra Proqramı iki istiqamətdən və səkkiz proqramdan ibarətdir. “Əsas funksiyaların gücləndirilməsi” istiqamətinə “İnvestisiyalar”, “Kommersiya səmərəliliyi”, “Sərnişindaşımanın inkişafı”, “Əməliyyat səmərəliliyi”, “Hərəkətin təhlükəsizliyi” proqramları, “Davamlı inkişaf” istiqamətinə isə “Rəqəmsallaşma”, “Biznesin davamlılığı”, “Korporativ inkişaf” proqramları daxildir. Qeyd edilən bu proqramlar çərçivəsində ümumilikdə 100-ə yaxın layihə və ya davamlı fəaliyyət həyata keçirilir.
Bir vacib məqamı qeyd edim ki, ADY-də tətbiq edilən strateji idarəetmə prosesi çərçivəsində Strateji İnkişaf istiqamətləri sənədindəki strateji hədəf və təşəbbüslərin Biznes Plan, İcra Proqramı, ayrı-ayrı proqramlar, layihələr və davamlı fəaliyyətlər, habelə struktur vahidləri və törəmə müəssisələr səviyyəsinədək endirilməsi, müvafiq performans və hədəf göstəricilərinin qoyulması, onların monitorinqi işləri Strateji inkişaf departamentinin Strateji idarəetmə şöbəsinin dövlət və özəl təşkilatlarda strateji idarəetmə sahəsində təcrübəyə malik, “Harvard Onlayn Biznes Məktəbinin Strategiyanın İcrası” üzrə sertifikasiyasından keçmiş (Strategic Execution by Harvard Business Scool Online) mütəxəssisləri tərəfindən həyata keçirilir.
- Qeyd etdiniz ki, strategiya çərçivəsində il ərzində 100-ə yaxın layihə həyata keçirirsiniz. Bu, əlbəttə ki, böyük həcmdir. Maraqlıdır, bu qədər layihənin icrasına səmərəli nəzarəti necə təşkil edirsiniz?
-Düzgün qeyd etdiniz ki, bu, böyük iş həcmidir. Lakin bu, nəzərdə tutulan işlərin hamısı deyil, sadalananlar yalnız illik İcra Proqramına daxil edilmiş strateji layihələrdir. Bunlarla yanaşı, hər bir struktur vahidi və ya törəmə təşkilat daxilində də onlarla, yüzlərlə layihə icra edilə bilər. Bütün bu layihələrin formalaşdırılması, monitorinqi və icrası üzərində nəzarəti təşkil etmək məqsədilə bu gün şirkətimizdə Rəqəmsallaşma prosesləri çərçivəsində yeni rəqəmsal həllərdən istifadə edilir. Artıq əməkdaşlarımız, xüsusilə də, layihələrə cəlb edilmiş əməkdaşlarımız “Rəqəmsal iş yeri” ilə təmin olunublar. “Rəqəmsal iş yeri” onlara təhlükəsiz internet şəbəkəsi olan istənilən yerdə şirkət tərəfindən təqdim edilən bütün rəqəmsal həllərə vahid platformadan giriş imkanı yaradır. Bununla yanaşı, şirkətdə “Layihələrin idarə edilməsi” üzrə müasir nəzəriyyə və təcrübələrin tətbiq edilməsi üzrə mütəmadi olaraq maarifləndirmə sessiyaları və təlimlər təşkil edilir.
Konkret olaraq, İcra Proqramı çərçivəsində həyata keçirilən 100-ə yaxın layihə üzrə hər bir layihənin iş miqyasının formalaşdırılması, icrası üzərində monitorinqin aparılması, şirkət daxilində digər maraqlı tərəflərlə koordinasiya və inteqrasiyanın təşkili, habelə dəyişikliklərin idarə edilməsi işləri Strateji inkişaf departamentinin Layihələrin idarə edilməsi şöbəsinin “Beynəlxalq Layihələrin İdarə edilməsi Assosiasiyasının Sertifikatlaşdırılmış Layihə Meneceri” (Certified Project Manager by International Project Management Association) və “Layihələrin İdarə edilməsi İnstitutunun Layihələrin idarə edilməsi üzrə peşəkar” (Project Management Professional by Project Management Institute) sertifikasiyalarından keçmiş gənc mütəxəssisləri tərəfindən həyata keçirilir.
- Maraqlıdır, uzun illər boyu xatirələrimizin, nostalji hisslərimizin ünvanı olan dəmir yolları yeniliklərlə dolu bir xidmət sahəsinə çevrilir.
-Tamamilə doğrudur. Qeyd edim ki, şirkətimizin əsas fokusu və resursları əməliyyatlarımızın davamlılığının təmin edilməsinə və daşımaların həcminin artırılmasına birbaşa xidmət edən əsas funksiyaların gücləndirilməsinə yönəlib. Lakin, eyni zamanda, davamlı təkmilləşmə və inkişaf barədə də düşünürük, bunun üçün ən müasir yanaşma və metodların tətbiqinə başlamışıq. Hazırda üzərində çalışdığımız ən yeni layihələrə Xidmətlərin rəqəmsallaşdırılması, Dəhlizlərin rəqəmsallaşdırılması, beynəlxalq Biznesin Davamlılığı İnstitutunun (The Business Continuity İnstitute) metodologiyasına əsaslanan yükdaşıma və sərnişindaşıma əməliyyatlarının fasiləsizliyi və davamlılığına xidmət edən Biznesin Davamlılığı Planlarının (Business Continuity Plan) hazırlanması, əməliyyatların optimallaşdırılmasına və keyfiyyətinin artırılmasına gətirəcək “Lean Six Sigma” metodologiyasının tətbiqi, daim yenilənən geniş onlayn təlim və tədris materiallarına malik olacaq Rəqəmsal Öyrənmə Platformasının (Learning Management System) qurulmasını nümunə göstərə bilərəm.
-Anar müəllim, siz bu yaxınlarda “Yüksəliş” müsabiqəsinin qalibi olmusunuz. Fürsətdən istifadə edərək, sizi təbrik edirik. Müsabiqədə iştirakınızın işlədiyiniz məsul vəzifədə necə faydalı olması barədə fikirlərinizi bölüşə bilərsinizmi?
-Təşəkkür edirəm. Həqiqətən də Prezident İlham Əliyev tərəfindən təsis edilən “Yüksəliş” müsabiqəsi gənc idarəçilər üçün yaradılmış gözəl imkandır. “Yüksəliş” müsabiqəsi müasir idarəetmə metodlarını tətbiq etmək və yeni yanaşmalara nə dərəcədə uyğun gəldiyimizi sınamaq üçün möhtəşəm platforma oldu. Digər iştirakçılar kimi, mənim də müsabiqənin gedişatında daha çox bilik, bacarıq və yeni idarəetmə üsul və metodları öyrənmək imkanım oldu. Bugünkü gündəlik fəaliyyətimə əlbəttə ki, onların çox köməyi dəyir.
Digər tərəfdən, şirkət tərəfindən də müsabiqənin qaliblərinin, final və yarımfinal mərhələsində iştirak edən əməkdaşların karyera inkişafına dəstək göstərilir. Qeyd edim ki, ADY əməkdaşları arasında “Yüksəliş” müsabiqəsinə maraq olduqca yüksəkdir. Son 4 ildə “Yüksəliş” müsabiqəsində, ümumilikdə, ADY-nin 32 əməkdaşı iştirak edib. Onlardan 18 nəfər yarımfinala, 10 nəfər finala vəsiqə qazanıb. Bu il ADY-dən 2 nəfər qalib gəlib, ümumilikdə, müsabiqənin keçirildiyi 4 il ərzində qalib gələn ADY əməkdaşlarının sayı 6-ya çatıb.
- Anar bəy geniş və maraqlı müsahibə üçün sizə təşəkkür edirik.
- Çox sağ olun, ADY-nin fəaliyyətinə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm.