COP29-la bağlı yalan məlumatlar yayılır - İNANMAYIN

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) tədbiri ilə bağlı müxtəlif hədəfli saxta resursların yaradılması müşahidə olunur, onlardan bir qismi informasiya manupulyasiyasına hədəflənmiş resurslar olsa da, bir çoxu kiberdələduzlar tərəfindən yaradılmış saxta resurslardır.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, kiberdələduzlar qeydiyyat, eləcə də tədbir çərçivəsində müxtəlif iş yerlərinin açılması ehtimalından sui istifadə edərək müxtəlif biznes və məşğulluq yönümlü platformalarda “COP29”-la bağlı açılan iş yerləri barədə sosial şəbəkələrdə saxta məlumatlar yerləşdirməkdədirlər.

Bü gunə qədər “COP29”-un təhlükəsizlik idarəetmə mərkəzi ilə birgə 15 saxta informasiya resursu aşkarlanmış və ölkə üzrə bloklanması təmin edilmişdir.

Xidmət vətəndaşları yalnız rəsmi mənbələr tərəfindən verilən məlumatlara inanmağa çağırır, müxtəlif sosial şəbəkələrdə yayılan saxta və yalan məlumat əsaslı kampaniyalara qarşı diqqətli olmağa səsləyir.

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür.

Azərbaycanda ikinci dəfədir, Laçın Şəhəri Günü qeyd olunur.

Belə ki, Laçın şəhəri günü Prezident İlham Əliyevin ötən ilin iyulunda imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir.

Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri "X" sosial şəbəkəsində elan edib.

Dövlət başçısının 2022-ci ilin bu günü paylaşdığı mətndə deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".

Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.

Artıq iki ildir ki, Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatıb.

Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapıb – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qalıb və bununla da tarixi ədalət bərpa olunub. Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatandan sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci ilin dekabrın 1-də təhvil verilib.

30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilib, mədəni irsimizə böyük zərbə vurulub, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalıb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Laçın şəhərinə məcburi köçkünlərin qayıdışına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.

Laçın şəhəri ilə yanaşı Zabux və Susda da yenidənqurma və bərpa işləri aparılır.

Sürücülərin NƏZƏRİNƏ: Daha bir yol "Formula-1"ə görə bağlanır

24 avqust saat 23:59-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış nəqliyyatın hərəkəti üçün məhdud olacaq.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət "Formula-1" Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri ilə bağlıdır.

Qeyd edək ki, "Formula-1" Azərbaycan Qran-prisi 2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsinin yarışlar bitənədək bağlı olacağı məlumatı yayılıb.

DYP küləkli hava ilə əlaqədar müraciət etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar müraciət edib.

İdarədən verilən xəbərə görə, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidməti bu gündən başlayaraq iki gün ərzində ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı ilə bağlı xəbərdarlıq edib.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu, xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərdən əlverişsiz hava şərtlərinə biganə yanaşmamağı, sürət həddini aşağı salmağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, nəqliyyat vasitələrini aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli havada hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Küləkli hava şəraitində bütün hərəkət iştirakçıları, o cümlədən piyadalar, habelə ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri də ehtiyatlı olmalı, təhlükəsizlik qaydalarına daha ciddi əməl etməlidirlər".

 


Yol-xeber.az" xəbər verir ki,  Həmçinin Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərsiniz.
 Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.
DYP-dən valideynlərə xəbərdarlıq

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan şəxslərin gizlin, bir sıra hallarda isə məhz valideynlərinin iştirakı ilə avtomobil idarə etməsi ciddi narahatlıq doğurur.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, özlərinin və doğmalarının arzularını yarıda qoya biləcəklərini unudurlar.

"Baş Dövlət Yol Polisi İdarəsi avtomobili azyaşlı övladlarına etibar edən valideynlərə müraciət edərək onlara bu əməlin kobud qayda pozuntusu olduğunu bildirir, eyni zamanda bu yanlış addımın ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır", - məlumatda qeyd olunub.

1 şagirdin məktəb bazarlığı neçəyə başa gəlir? – “Ailələrə böyük yük” - ARAŞDIRMA

Artıq yeni dərs ilinin başlamasına az müddət qalıb.

Hər il olduğu kimi bu il də valideynlər uşaqlar üçün məktəb alış-verişinə çıxırlar.

Bəs bazarda qiymətlər necədir? 1 şagird üçün nə qədər pul lazımdır?

Mövzu ilə bağlı Bakupost.az məktəb ləvazimatlarının, geyimlərin qiymətləri ilə maraqlanıb.

Məlum olub ki, sadə qələmlər 0.30 -1.50 manat, xətkeşlər 0.30 - 4 manat, sadə qara karandaşlar 0.30 - 0.70 manat, qələm qabları 4 - 10 manat, pozanlar 0.30 -1 manat, yonanlar 0.80 - 2.60 manat, yapışqanlar 0.30 - 1.70 manat, rəngli karandaşlar 1.70 - 10.20 manat, rəngli flomasterlər 0.90 - 12 manat, plastilin 1.90 - 5.40 manat, sulu boyalar 1.60 - 4 manat arasında dəyişir. 24 vərəqli dəftərin qiyməti 0,35 manatdan başlayır. Vərəq sayına, hansı ölkə istehsalı olduğuna görə qiymətlər dəyişir.

Məktəb çantalarına gəlincə qiymətlər fərqlidir: 18 -150 manat. Su qabları isə 5 - 10 manatdır.

Satışda həm yerli, həm də Türkiyə istehsalı olan məktəb geyimləri var.

Üst geyim 23.40 manat, şalvar 26.90-29.90 manat, ətəklər 13 - 24.50 manat, koftalar 12-15 manatdır. Endirimdə isə 2.90-a jaketlər var idi.

Qiymətlərlə bağlı iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, şagirdin çantası, məktəb ləvazimatları, forması kifayət qədər ciddi pul tələb edir:

“Məsələn keçən il 1 uşağa 150-200 manat lazım idisə, indi il ərzində baş verən inflyasiyanı nəzərə alsaq, qiymətlərdə 20-25 faiz artım müşahidə olunacaq. Minimum məktəbə hazırlıq üçün 250-300 manat vəsaitə ehtiyac var. Bu da kifayət qədər böyük puldur. Bir ailədə 3-4 uşağı olanlar daha çox əziyyət çəkirlər. Onların məktəb hazırlığı ailə büdcəsində daha çox yükə çevrilir”.

Xatırladaq ki, Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov məktəbli formalarının ötən illə müqayisədə ucuzlaşdığını açıqlamışdı. Hazırda tikiş evində Nazirlər Kabinetinin təsdiqlədiyi sənədə uyğun olaraq 3 müxtəlif rəngdə vahid məktəbli formaları satılır.

 
Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza aradan qaldırılıb

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza aradan qaldırılıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar aparılan təmir-bərpa işləri başa çatıb.

Su kəmərinin doldurulması prosesinə başlanılıb. Normativ qaydalara uyğun olaraq suyun əvvəlki rejimlə bərpası istiqamətində intensiv işlər görülür.

Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ - Buna görə Rusiya vətəndaşlığından məhrum oluna bilərlər

Rusiya Dövlət Dumasının deputatları aşağı palataya miqrantların seksual xarakterli zorakılıq hərəkətlərinə və ya cinsi xarakterli hərəkətlərə məcbur edilməsinə görə Rusiya vətəndaşlığından məhrum edilməsini təklif edən qanun layihəsi təqdim edəcəklər.

BAKU.WS xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Müvafiq qanun layihəsi, törədilməsi Rusiya pasportundan məhrum edilməsinə səbəb olan cinayətlərin siyahısını genişləndirməyi təklif edir.

Layihədə həmçinin dövlət məmuruna qarşı həyata qəsd və zorakılıq tətbiq edən Rusiya vətəndaşlarının vətəndaşlıqdan məhrum edilməsi təklif edilir.
Qanun layihəsinin müəllifi, deputat Sergey Mironovun sözlərinə görə, Rusiyanın bir sıra şəhərlərində miqrant qorxusundan qadınlar axşam saatlarında küçəyə çıxmaqdan qorxurlar.

İndi əcnəbilər terrorçu və ekstremist xarakterli cinayətlərə, girov götürməyə, qanunsuz silahlı qrup yaratmağa, habelə Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymağa, təxribat, casusluq və yüksək cinayətlər törətməyə görə əldə etdikləri Rusiya vətəndaşlığını itirə bilərlər.

"Kupça"sı olmayanların nəzərinə! - Yeni sənəd... (VİDEO)

Bakı və Abşeronda olduğu kimi, bölgələrdə də yaşayış evlərinin çıxarışı ilə bağlı ciddi problemlər var.

Xüsusilə, əksər kənd evlərində çıxarış demək olar yoxdur. Bu evlər ya sənədsizdir, ya da yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən verilən sənədlər əsasında tikilib.

Əmlak eksperti Elnur Fərzəliyev "Xəzər Xəbər"ə bildirib ki, kənd evlərinin bir çoxu hələ də çıxarışla təmin edilməyib: "Evlərin çıxarışının olmaması onların alqı-satqıda istifadə edilməsini məhdudlaşdırır. Bununla yanaşı, turizm potensialı olan ərazilərdə inkişafı xeyli zəiflədir. Bundan başqa, çıxarışsız kənd evlərinə maraq azalır".

Ekspert deyib ki, vətəndaşlar müvafiq sənədlərlə öz evlərinə çıxarış almaq üçün aidiyəti qurumlara müraciət etməlidir. Bundan başqa, bu məsələdə vətəndaşlar marifləndirilməlidir. Evlərin çıxarışla təmin edilməsi dövlət büdcəsinin gəlirlərini də artıra bilər.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirildi ki, əlində hüququ sənədi olan vətəndaşların evlərinin çıxarışla təmin edilməsində heç bir problem yoxdur. Ümumiyyətlə, sənədi olmayan və mühafizə olunan zonalarda tikilən evlərə gəldikdə isə bu məsələyə köklü yanaşma nəzərdə tutulur. Problemin həlli üçün ayrıca normativ hüquqi sənədin qəbul edilməsi gözlənilir.

Xəbər lenti