SON XƏBƏRLƏR - AZƏRTAC

1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan tarixində xüsusi yer tutan, xalqın milli kimliyini, qətiyyətini və azadlıq uğrunda mübarizə əzmini ortaya qoyan bir mərhələdir.

1980-ci illərin sonlarında - Sovet İttifaqının süqut etməyə başladığı bir dövrdə Qarabağdakı ermənilərin separatçı fəaliyyəti və mərkəzi hakimiyyətin buna laqeyd yanaşması ciddi narazılıq doğururdu. Xalqımız xüsusən SSRİ rəhbərliyinin erməni təcavüzünə verdiyi dəstəyə qarşı etirazlar səsləndirirdi.

Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini ucaldaraq imperiya buxovlarından qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, Sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən qanlı cinayətə əl atdı. Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində Bakıda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü.

Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi zamanı yalnız Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pisləyərək Bəyanatla çıxış etmişdir.

Qanlı hadisələrə baxmayaraq, Azərbaycan xalqı geri çəkilmədi, bu faciədən sonra milli azadlıq mübarizəsi daha da gücləndi. Ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş Vətən övladları 22 yanvar tarixində Bakının Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edildilər. Bu hadisə xalqın həmrəyliyini, milli birliyini və azadlıq uğrunda qətiyyətini bütün dünyaya göstərdi.

20 Yanvar hadisələrində xalqımızın göstərdiyi birlik və həmrəylik Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi, ölkəmizin suverenliyini bərpa etmək uğrunda apardığı mübarizənin parlaq nümunəsidir.

Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Ümummilli Liderin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Sənədə əsasən, Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi və bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət aktı kimi dəyərləndirildi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Həmçinin Ümummilli Liderin 17 yanvar 2000-ci il tarixli Fərmanı ilə 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olanlara “20 Yanvar şəhidi” statusu verilmişdir.

Prezident İlham Əliyev 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Bütün bunlar həmin kateqoriyadan olan şəxslərə diqqət və qayğının bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Qanlı 20 Yanvar gecəsi unudulmur - xalqın yaddaşında əbədi yaşayır. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə müasir tariximizdə yeni bir dövr başlandı. Bununla Azərbaycanın azadlığı, müstəqilliyi, eləcə də ərazi bütövlüyü uğrunda 35 il əvvəl - 1990-cı ilin qanlı 20 Yanvar hadisələri zamanı şəhid olmuş Vətən övladlarının da ruhu şad oldu.

Tariximizin QANLI və ŞANLI səhifəsi: 20 Yanvar necə anılmalı...

1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın milli azadlıq uğrunda mübarizəsinin ən önəmli səhifələrindən biridir. Həmin gün yüzlərlə dinc insanların qanı töküldü, lakin bu faciə xalqın azadlıq ruhunu sarsıda bilmədi.

1980-ci illərin sonlarında Sovet İttifaqının zəifləməsi və mərkəzi hakimiyyətin idarəetmə sistemindəki boşluqlar bir çox respublikalarda milli azadlıq hərəkatlarının başlamasına səbəb olmuşdu. Azərbaycanda isə bu proseslər həm sosial-iqtisadi narazılıq, həm də Qarabağ münaqişəsi ilə əlaqədar daha da dərinləşmişdi.

1988-ci ildə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə iddialar irəli sürməsi və separatçı fəaliyyətlər ölkəmizdə dərin narazılıq yaratdı. Sovet rəhbərliyinin bu proseslərə laqeyd yanaşması və ermənipərəst mövqe sərgiləməsi xalqın mərkəzi hakimiyyətə olan etimadını tamamilə sarsıtdı. Bunun nəticəsində Bakıda və digər bölgələrdə genişmiqyaslı mitinqlər keçirilməyə başlandı.

SSRİ rəhbərliyi Azərbaycanda baş verən bu xalq hərəkatını əsassız olaraq öz hakimiyyətinə qarşı ciddi təhdid kimi dəyərləndirdi. Rəsmi Moskva bu hərəkatı yatırmaq üçün sərt tədbirlər görmək qərarına gəldi. Ancaq bu qərar xalqın iradəsini qıra bilmədi. 19 yanvar 1990-cı ildə gecə saatlarında Sovet ordusunun müxtəlif bölmələri, daxilində xüsusi təyinatlılar da olmaqla, Bakıya daxil oldu. Bu hücum zamanı dinc əhalinin yaşadığı məhəllələr, küçələr və ictimai obyektlər hədəf alındı. Tankların və ağır texnikaların şəhərə girməsi nəticəsində yüzlərlə insan həlak oldu, yaralandı və itkin düşdü. Hadisədən əvvəl dövlət televiziyasının enerji bloku Sovet ordusu tərəfindən partladıldı. Bu, əhalini fövqəladə vəziyyət rejimindən xəbərsiz qoymaq məqsədi daşıyırdı. Həmin anda xalq küçələrdə və meydanlarda birləşərək öz azadlıq iradəsini ifadə edirdi.

Beləliklə, tankların və atıcı silahların qarşısında heç bir silahı olmayan dinc insanlar Sovet ordusu tərəfindən amansızcasına qətlə yetirildi. Həlak olanlar arasında qadınlar, uşaqlar, yaşlı insanlar və tibbi yardım göstərən həkimlər də var idi. Bu faktlar Sovet hakimiyyətinin azərbaycanlıları sındırmaq üçün nə qədər sərt addımlara əl atmağa hazır olduğunu göstərirdi.

O vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev qanlı faciənin ertəsi günü - yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gələrək xalqımızın kədərinə şərik çıxdı, Sovet rəhbərliyinin Bakıda törətdiyi ağır bəşəri cinayəti kəskin şəkildə pislədi. Dahi Liderin 20 Yanvar hadisələri ilə bağlı Bəyanatı nəticəsində dünya ictimaiyyəti SSRİ rəhbərliyinin xalqımıza qarşı bu dəhşətli, xüsusi qəddarlıqla törədilən dövlət terrorundan xəbər tutdu.

Yanvarın 22-də isə Bakıda milyonlarla insanın iştirakı ilə şəhidlərin dəfn mərasimi keçirildi. Xalq kütlələrinin birliyi Sovet ordusunun və hakimiyyətinin gözləntilərinin əksinə olaraq qorxu deyil, mübarizə ruhunu daha da gücləndirdi. Azadlıq uğrunda canlarını fəda edən Vətən övladları Şəhidlər Xiyabanında (keçmiş Dağüstü park) dəfn edildilər. Bu yer Azərbaycan xalqı üçün müqəddəs ziyarətgah və milli kimliyin rəmzinə çevrildi. Şəhidlər Xiyabanı hər il yüz minlərlə insanın baş çəkdiyi, xalqın azadlıq yolundakı qurbanlarını yad etdiyi bir məkan oldu.

20 Yanvar hadisələri beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə qınanmadı. Sovet ordusunun Bakıda törətdiyi qırğın dünya mətbuatında yalnız məhdud şəkildə işıqlandırıldı, lakin hadisənin təfərrüatları tədricən aydınlaşdı. Bu faciədən sonra Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə qlobal miqyasda diqqət çəkdi.

Xüsusilə qeyd etmək lazımdır ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yarandı. Ulu Öndərin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Sənədə əsasən, Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi və bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq, 1994-cü il martın 29-da qəbul edilən Qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 20 Yanvar tarixi ölkəmizdə Ümumxalq Hüzn Günü elan edildi, şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı. Şəhid ailələri və əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirildi.

Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev təşəbbüsləri sayəsində bu kateqoriyadan olan şəxslərin sosial təminatı gücləndirilir. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanı şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədi daşıyır.

Hər il faciənin ildönümündə Azərbaycan xalqı Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad edir. Bu hadisələr göstərdi ki, xalqın milli ruhunu, azadlıq arzularını heç bir qüvvə sındıra bilməz. 20 Yanvar müasir tariximizin ağrı-acılı, eyni zamanda, ən şərəfli səhifələrindən biridir və hər zaman xalqın yaddaşında əbədi yaşayacaq.

20 Yanvar – qanlı və şanlı tariximiz » PressMedia.az

Qanlı Yanvar faciəsindən 35 il keçir. 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasından, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. 1988-ci ildə Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29.8 min kv.km.) 25 faizini, təqribən 7.5 min kv. km-ni təşkil edirdi. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından Ermənistandan növbəti deportasiyası baş verib, nəticədə 250 min azərbaycanlı qaçqın düşüb. Bu hadisəyə, o cümlədən keçmiş “Dağlıq Qarabağın” Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı ona qarşı 1990-cı ilin yanvarında sovet qoşunlarının yeridilməsinə səbəb olub.

1990-cı il 20 yanvarda sovet rəhbərliyi Azərbaycan xalqının iradəsini qırmaq, ona əzəli torpaqları olan Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və keçmiş “Dağlıq Qarabağın” Ermənistana birləşdirilməsini qəbul etdirmək məqsədi daşıyırdı. Ona görə də, 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilib. Ümumilikdə respublikada 147 nəfər öldürülüb, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunub, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Xalqımıza qarşı bu cür qanlı qırğının törədilməsi əvvəlcədən hazırlanmış məkirli plan olub. Bu məqsədlə həmin dövr Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilib.

20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Sözsüz ki, qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Məhz bunun nəticəsi olaraq xalqın mövcud rejimə qarşı nifrəti son həddə çatıb. Kommunist partiyasının üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk ediblər. Eyni zamanda 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başladı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Amma o dövr bütün təhlükələrdən çəkinməyərək sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Ulu öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb edib. Ümummilli lider 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib. Bu qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Sonrakı dövrdə ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edib. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib.

Ulu Öndər Heydər Əliyevin siyasi strategiyasını böyük uğur və əzmlə davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət başçisinin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərman imzalanıb.

Bu gün də 1990-cı ilin 20 Yanvar faciəsi zamanı ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman həmvətənlərimizin ailə üzvləri və həmin faciədə əlil olmuş insanlar dövlətimiz tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunmaqdadırlar. 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsi istiqamətində aparılan dövlət siyasəti Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğı ilə yanaşdığı məsələlərdəndir. Belə ki, 2023-cü ilin əvvəlindən reallaşdırılan sosial islahat paketi çərçivəsində Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidinin ailəsi üçün 600 manata çatdırılıb ki, bu da son beş ildə həmin təqaüdün məbləğinin 2,5 dəfə artdığını göstərir. Eləcə də, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün  aylıq təqaüdlər də  artırılıb. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500 manata, 61-80 faiz pozulmasına görə 400 manata, 31-60 faiz pozulmasına görə 330 manata, habelə həmin vaxtdan əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb.

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də artırılaraq 100 manat müəyyən olunub. 

Ötən altı il ərzində icra olunan sosial islahat paketləri çərçivəsində həmin ödənişlərin də artırılması təmin edilib və Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün, habelə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün 3 dəfəyə yaxın, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlər üçün 2 dəfə, əlilliyi olan şəxslərə müavinətlər isə 3 dəfədən çox artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 20 yanvar şəhidlərinin ailələrinə, 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib.

20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya xidmətləri ilə təminatı da həyata keçirilir.

20 Yanvar şəhidlərin xatirəsi uca dövlətin ali diqqət və ehtiramı ilə əks olunur. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur;

Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb”.

Bu hadisə dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. 20 Yanvardan sonra da Azərbaycan xalqına qarşı kütləvi qırğınlar dayanmadı, 1990-cı il martın 24-də Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndində dinc əhali ermənilər tərəfindən kütləvi qırğına məruz qaldı. Keçmiş “Dağlıq Qarabağda” azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi. Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qaldı. Xocalı soyqırımı 613 nəfərin öldürülməsi ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi idi. Azərbaycan xalqına qarşı kütləvi qırğınlar 1992-ci ilin aprelində Kəlbəcərin Ağdaban, avqustunda Goranboyun Ballıqaya, 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndlərində də davam etdi. Bu gün də həmin hadisələrin qanlı izləri azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar şəklində üzə çıxır.

Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44-qünlük Vətən müharibəsində əldə olunan Tarixi Zəfər və 2023-cü ilin  antiterror tədbirləri nəticəsində ərazi bütovlüyümüzün təmin edilməsilə,  həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. Bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir. Artıq Böyük Qayıdış proqramına əsasən 10 yaşayış məntəqəsinə keçmiş köçkünlər məskunlaşıblar. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır.

Bu il qayıdış prosesi daha da sürətlənəcək, daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qayıdacaqlar. Sözsüz ki,olkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımız da indiki Ermənistandakı əzəli yurd yerlərinə qayıdacaqlar. 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər, Ermənistanın diz çökdürülməsi bu ümidləri daha da gücləndirir.

Pensiya və minimum əməkhaqqı artımları bu şəxslərə şamil ediləcək

"Minimum pensiya məbləği 280 manatdan 320 manata çatdırıldıqdan sonra minimum pensiyanın artırılması ilə əlaqədar olaraq 2025-ci ildə nəzərdə tutulan pensiya artımları ilk növbədə 320 manatdan aşağı pensiya alanlara şamil ediləcək.Bu ilin fevralından həmin məbləğdən aşağı pensiya alanların pensiyası 320 manata çatdırılacaq".

Bunu deputat Əli Məsimli deyib.

Deputat əlavə edib ki, bununla yanaşı bu il əmək pensiyalarının bütün növləri 2024-cü ildə orta aylıq əmək haqqının orta artım tempinə uyğun səviyyədə indeksləşdiriləcək. "Hələlik bu artımım 8-9 faiz arasında olacağı barədə fikirlər səsləndirilir. Amma əsl artım rəqəmi gələn ay,yəni fevralın əvvəllərində məlum olacaq. Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə xüsusi prezident cərəncamı veriləcək", - o qeyd edib.

Pensiya artımı əlillik dərəcəsi olanlara şamil edilib edilməməsinə aydınlıq gətirən deputat bildirib ki, pensiya artımı əmək əmək pensiyalarının hər üç növündə,yəni yaşa görə, ailə başçısını itirməyə görə, eləcə də əlilliyə görə əmək pensiyası alanlara da şamil ediləcək.
O eyni zamanda əlavə edib ki, pensiyaçılar artan pensiyalarını yanvar ayının artımı da daxil olmaqla fevral ayında alacaqlar.

"Qocalıq pensiyası”adlandırılan yaşa görə müavinət,veteran pulu və digər müavintlər nə vaxt və nə qədər artırılacaöı ilə bağlı məsələyə aydınlıq gətirən deputat bildirib ki, bu məsələ xüsusi prezident sərəncama uyğun Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində,yəni bu ilin martında hazırlayıb ölkə Prezidentinə təqdim edəcək: "Həmin sənəd hazır olandan sonra müavinətlərin də nə qədər artırılacağına aydınlıq gətiriləcək.

Əmək haqqı,pensiya, müavinət və sairin artımı ümumulikdə 3 milyon,o cümlədən təkcə müavinət,təqaüd və sairin artımı isə 1 milyon nəfərdən artıq vətəndaşımızı əhatə edəcək".
Minimum əməkhaqqının artırılması ilə bağlı deputat bildirib ki, minimum əməkhaqqı dövlət təşkilatlarında çalışan və dövlət qulluqçusu olmayan təqribən 400 min işçiyə və 400 manatdan aşağı maaş alan 300 minə yaxın özəl sektor işçilərinə şamil olunacaq.

Şuşada yeni təyinat

Şuşa Regional “ASAN xidmət” mərkəzinə direktor təyinatı olub.

Sözügedən vəzifəyə Ülvi Həsənzadə təyin olunub.

Qeyd edək ki, Ülvi Həsənzadə uzun müddət Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (“ASAN xidmət”) çalışıb.

Texniki Baxış Şöbəsinə rəis təyin edildi

Anar Cəfərov Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Texniki Baxış Şöbəsinə rəis təyin edilib.

Unikal.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, A.Cəfərov bu təyinatadək BDYPİ-nin Şirvan şəhərində yerləşən 4 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin ("MERO") rəisi olub.

Bakının bütün mikrorayonlarında su kəsiləcək

Bu gün Bakının bütün mikrorayonlarında və Rəsulzadə qəsəbəsinin bir hissəsində - "Vorovski" ərazisində suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti xəbər verir.

Məlumata görə, buna səbəb su xəttində baş verən qəzanın aradan qaldırılması işləridir. Saat 19:00-dan sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.

Bu könüllülərə 1500 manat verilir

Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb.

“Unikal” xəbər verir ki, xüsusi pul mükafatının məbləği 1500 manatdır.

Mükafat yalnız Prezident İlham Əliyevin imzası ilə onlara verilən xüsusi təşəkkürnaməni 8-14 yanvar tarixində COP29-dan əldə edən könüllülərə verilir.

Könüllülər şəxsiyyət vəsiqələri ilə müvafiq bank filialına yaxınlaşaraq xüsusi pul mükafatını əldə edə bilərlər.


Yol-xeber.az" xəbər verir ki, Metroda hər hansı bir əşya platformadan stansiya yoluna düşərsə, təcili olaraq

<div class=
Məşhur bazarın yanındakı evlər də söküləcək - Kompensasiya nə qədər olacaq?

Keşlə bazarı kimi tanınan ticarət mərkəzi ilə yanaşı həmin əraziyə yaxın evlərin də söküntüsü planlaşdırılır.

Milli.az xəbər verir ki, bununla bağlı artıq gəlib evləri ölçüblər.

Bəs proses necə həyata keçiriləcək?

Vətəndaşların sözlərinə görə, hələ ki gəlib evlərə, əraziyə baxış keçirirlər, puldan, kompensasiyadan danışan yoxdur. Sakinlər bildirir ki, ilkin olaraq 18 evin sökülməsi nəzərdə tutulub.

Məsələ üzrə əmlak eksperti Elnur Fərzəliyev deyib ki, əmlak dövlət ehtiyacı üçün alınan zaman vətəndaşların torpaqları bazar qiymətinə uyğun olaraq dəyərləndirilməlidir.

Əgər həmin qiymət sakinləri təmin etməsə, bu zaman tərəflər arasında razılaşma necə olmalıdır?

Bu zaman vətəndaşlara 20 faiz artıq kompensasiya verilərək həmin ərazilərdən köçürülür. Əgər vətəndaş yenə də razı olmazsa, vətəndaş əmlakını özü qiymətləndirərək məhkəməyə müraciət edə bilər.

AYDA-dan bildirildi ki, mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya müvafiq qurum tərəfindən həyata keçirilir.

Xəbər lenti