![]() |
|
Bakıda və Abşeron yarımadasında yanvarın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Qeyd olunub ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur.
Azərbaycanın bəzi rayonlarında yanvarın 23-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən şərq rayonlarında isə yağıntının qısamüddətli intensivləşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) şöbəsinə yeni rəis təyin edilib.
Unikal xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, polis mayoru Rəşad Nağıyev Yasamal DYP-nin rəisi vəzifəsinə təyinat alıb.
Azərbaycanda əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunub.
Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub.
Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.
Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi “Əmək pensiyaları haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb.
Belə ki, layihədə təklif edilən dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunur.
Qeyd edək ki, bundan əvvəlki əmək pensiyasının minimum məbləği 280 manat məbləğində müəyyən edilmişdi.
Bakı metrosunda istifadə qaydalarının pozulmasına görə bəzi cərimələrin məbləği artırılıb.
Yol-xeber.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən, stansiyaların vestibülləri, keçidləri, platformaları, eskalatorlar və vaqonların salonlarının zibillənməsi və ya üzərlərində yazılar yazılması, məhdudiyyət çəpərləri və qadağanedici nişanlarla qorunan yerlərdən stansiyaya daxil olunması, eləcə də zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə edilməsi üçün cərimələr 15 manatdan 200 manata qədər artırılıb. Bu, cərimələrin 13,3 dəfə çoxalması deməkdir.
Bundan əlavə, dəmir yoluna əşya atılmasına görə tətbiq edilən cərimə 30 manatdan 200 manata qədər yüksəldilib ki, bu da 6,7 dəfə artım deməkdir.
Bəzi digər qayda pozuntuları üzrə cərimələr dəyişməz qalıb. Məsələn, eskalatordan istifadə zamanı sürahinin üzərinə əşya qoymağa görə cərimə 20 manatdır.
Eskalatorun sürahisini çıxarmaq, “Stop” düyməsindən zərurət olmadan istifadə etmək, siqaret çəkmək, qatar hərəkətdə olarkən vaqonun qapılarını açmaq, qatarın hərəkətini gecikdirmək, özbaşına dəmir yoluna düşmək və ya tunellərə, xidmət otaqlarına daxil olmaq kimi hallara görə isə cərimə 50 manat təşkil edir.
Həmçinin, Bakı metrosunda icazəsiz olaraq metropolitenin elektrik şəbəkəsinə elektrik cihazlarının qoşulması üçün 70 manat, ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə əşya yandırılmasına görə isə 100 manat cərimə nəzərdə tutulub.
“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov dünən jurnalistlərə açıqlamasında bildirib ki, ötən il qayda pozuntuları ilə bağlı ümumilikdə 374 nəfər inzibati məsuliyyətə cəlb edilib. Onun sözlərinə görə, təhlükəsizlik tələblərinə əməl olunmaması sərnişinlərin həyatını təhlükəyə ata bilər.
“Keçən il qatar stansiyaya daxil olarkən üç dəfə sərnişinlərin relslərə düşməsi halları qeydə alınıb. Təəssüf ki, bu hadisələrdən ikisi ölümlə nəticələnib. Digər iki halda isə sərnişinlərin ehtiyatsızlığı ciddi təhlükə yaradıb”, - deyə V. Aslanov vurğulayıb.
Məlum olduğu kimi, ötən ilin yayında Şuşada regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Mərkəz Şuşa, Xankəndi və Xocalıda qeydiyyatda olan vətəndaşlarla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan xidmət göstərir.
“Qafqazinfo” mərkəzin fəaliyyətini əks etdirən fotoları təqdim edir:
Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinin qiymətləri məlum olub.
Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.
Qeyd edilib ki, QMİ 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri müəyyən edib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.
Tələb olunan sənədlər:
1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.
Sənədlərin qəbulu 21 yanvar 2025-ci ildən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Pensiyaçılara 200 manat əlavə yardımın ödənilməsi 2022-ci ildə tətbiq olundu. O zaman istehlak bazarında qiymətlərin kəskin artması səbəbindən cənab Prezident pensiyaçılara maddi yardım verilməsi ilə bağlı sənəd imzaladı. Həmin yardım da pensiya məbləğinə əlavə olundu və indeksləşdirildi.
Bu sözləri axar.az-a millət vəkili Vüqar Bayramov pensiyaçılara bu il də əlavə olaraq 200 manat maddi yardımın verilib-verilməyəcəyi məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bununla bağlı Milli Məclisdə təklif səsləndirilib:
"Bu istiqamətdə təkliflər Milli Məclisdə müzakirələr zamanı təqdim olunub. O cümlədən Əmək və Sosial Siyasət Komissiyasının iclasında təqdim olunan təkliflərin biri məhz pensiyaçılara əvvəlki illərdə olduğu kimi yardımın verilməsi imkanının araşdırılması ilə bağlıdır. Sözsüz, bu istiqamətdə fiksal qiymətləndirmənin aparılması və buna uyğun olaraq qərarın verilməsi vacibdir".
Qeyd edək ki, ötən ilin noyabrına olan son statistik rəqəmlərə görə, Azərbaycanda təxminən 1 milyon 100 min pensiyaçı var.
AAYDA-nın 7 saylı Xüsusi Təyinatlı MMC-nin direktoru Məhəmməd Musayev - 1990-cı ilin yanvar ayı Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Yanvarın 19-dan 20-nə keçən gecə, Bakıda baş verənlər yalnız bir xalqın ağrısını deyil, həm də onun dönməz iradəsini bütün dünyaya nümayiş etdirdi. O gecə Sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi qətliam, Azərbaycanın azadlıq mübarizəsində qanlı bir iz qoydu.
1988-ci ildən başlayan milli azadlıq hərəkatı Azərbaycanın hər yerində böyük coşqu ilə qarşılanırdı. İnsanlar azadlıq və müstəqillik arzusu ilə küçələrə çıxır, milli kimliklərini müdafiə edirdilər. Lakin bu mübarizəni boğmaq istəyən Sovet rejimi, böyük hərbi qüvvələr göndərərək xalqın səsini zorla susdurmağa çalışdı.
20 yanvar gecəsi Bakı küçələri qan gölünə çevrildi. Sovet tankları heç bir xəbərdarlıq etmədən insanları əzdi, küçələrdə açılan atəş yüzlərlə insanın həyatına son qoydu. Həyatını itirənlər arasında qadınlar, uşaqlar və yaşlılar da var idi. Bu amansız hücum, xalqımızın müstəqillik arzularını qırmaq məqsədi daşısa da, əksinə, azadlıq uğrunda mübarizə ruhunu daha da alovlandırdı.
Bu qanlı hadisələr yalnız faciə deyil, həm də xalqımızın əyilməzliyini, azadlıq sevgisini və Vətənə bağlılığını bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar şəhidləri, Azərbaycanın müstəqilliyi yolunda əbədi olaraq adlarını tarixə yazdılar. Onların qurbanı ilə xalqımız daha güclü bir milli birlik sərgilədi və 1991-ci ildə müstəqilliyini bərpa etdi.
Hər il 20 Yanvar günü, xalqımız şəhidlərin əziz xatirəsini yad edir, müstəqilliyin nə qədər dəyərli olduğunu bir daha anlayır. Bu gün yalnız bir faciə günü deyil, həm də milli qürur və qəhrəmanlıq dastanıdır. 20 Yanvar, qan yaddaşımızda əbədi yaşayan bir tarixdir. Şəhidlərimizin ruhu qarşısında baş əyirik və onların mübarizəsini unutmuruq.