Əhaliyə xəbərdarlıq! Bu gün axşamdan başlayaraq...

Fevral ayında Günəş aktivliyinin artması ilə əlaqədar Yerin maqnit sahəsində dalğalanmalar müşahidə ediləcək.

ABŞ Milli Okeanoqrafiya və Atmosfer Agentliyinin (NOAA) proqnozlarına əsasən xəbər verir ki, bir neçə gün ərzində maqnit qasırğalarının baş verməsi gözlənilir.

Bu təbii hadisələr meteohəssas insanlarda yorğunluq, baş ağrısı və yuxu pozğunluğu kimi narahatlıqlara səbəb ola bilər.

NOAA-nın məlumatına görə, fevralın 17 və 20-də mülayim, 4, 5, 18, 19 və 24-də isə güclü maqnit qasırğaları baş verəcək.

Xüsusilə fevralın 4-ü axşam saatlarında pik aktivlik gözlənilir.

Bu təbii hadisə bəzi insanlarda baş ağrısı, qan təzyiqində dəyişikliklər, yorğunluq və yuxu pozğunluqları kimi simptomlara səbəb ola bilər. Xüsusilə ürək-damar xəstəlikləri olan şəxslər bu günlərdə sağlamlıqlarına daha çox diqqət yetirməlidirlər.

Mütəxəssislər maqnit qasırğalarının təsirini azaltmaq üçün kifayət qədər yuxu almağı, balanslı qidalanmağı və bol su içməyi tövsiyə edirlər. Əgər sağlamlıq vəziyyətinizdə ciddi pisləşmə hiss edirsinizsə, həkimə müraciət etmək məsləhətdir. /Yeni Sabah

"Nimesil" Azərbaycanda qadağan ediləcək? - RƏSMİ

Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ-də və Avropada "Nimesil" dərman vasitəsi qadağan olunub. Səbəbini isə onunla əsaslandırırlar ki, "Nimesil"in çoxsaylı fəsadları var. Məsələn, sözügedən ağrıkəsicinin selikli qişanı, mədənin divarlarını əritdiyi, toksiklik dərəcəsi yuxarı olduğu üçün qaraciyəri dağıtdığı, mədədə yanma hissi yaratdığı, bəzən qanaxmaya səbəb olduğu vurğulanır.

Maraqlıdır ki, Azərbaycanda bu preparat qadağan oluna bilərmi? Bu sualla Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə üz tutduq.

AEM-dən Oxu.az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, nimesulid tərkibli dərman vasitələrinin qadağan edilməsi və ya məhdudlaşdırılması ilə bağlı qərarlar milli tənzimləmə yanaşmalarından asılıdır:

"Belə ki, bir qrup ölkələrdə riskləri olan preparatların preventiv şəkildə bazardan çıxarılmasına üstünlük verilir (ABŞ, Avstraliya və sair). Digər bir qrup ölkələrdə əgər risklər idarə edilə bilirsə, yanaşma olaraq daha çox məhdudiyyət strategiyası tətbiq olunur. Bu qrup ölkələrə Türkiyə, Rusiya, Ukrayna, Belarus və sair aid etmək olar.

Bəzi ölkələrdə nimesulidin istifadəsi məhdudlaşdırılmış olsa və ya qadağan edilsə də, bir çox ölkələrdə (İtaliya, Türkiyə, Polşa, Xorvatiya, Bolqarıstan, Macarıstan, Finlandiya, Yunanıstan, Meksika, Braziliya, Latviya, Litva, Malta, Kipr, Rusiya, Türkmənistan, Ukrayna, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və s.) istifadəsinə icazə verilib.

Bu tərkibli dərman vasitələri ölkəmizdə, dərman vasitəsi ilə əlaqəli müvafiq tövsiyələrə (qısa müddətli istifadəsi, resept əsasında buraxılması, ciddi həkim nəzarəti altında təyin edilməsi) riayət edilərək, nimesulidin faydasının potensial risklərindən üstün olduğu qərarı verildikdən sonra istifadəsini nəzərə alaraq və bir sıra farmakonəzarət tədbirlərinin icrası şərti ilə (dərman vasitəsinin təhlükəsizlik profilinin davamlı izlənilməsi) qeydiyyata alınıb".

Məlumatda vurğulanıb ki, mövcud hepatotoksiklik riskini idarə edə bilmək üçün nimesulid tərkibli dərman vasitələrinin (nümunə üçün "Nimesil") içlik vərəqəsinin (xəstələr üçün) müvafiq bölmələri vasitəsilə (İstifadəsinə göstərişlər, Əks-göstərişlər, Xüsusi göstərişlər və ehtiyat tədbirləri, Əlavə təsirləri, Digər dərman vasitələri ilə qarşılıqlı təsiri və s.) tanış olmaq mümkündür:

"İçlik vərəqəsinə əlavə edilən bu məlumatlar onun qaraciyər toksikliyi riski və digər əlavə təsirlərinin nəzarətə alınmasına və minimallaşdırılmasına imkan verir.

Bildiririk ki, bu qrup dərman vasitələri həkim resepti əsasında buraxılır və bir müalicə kursu çərçivəsində mümkün qədər qısa müddət ərzində və 15 gündən çox olmamaqla istifadə edilməlidir. Ümumiyyətlə, bu kimi riskləri olan dərman vasitələrini təyin etməzdən əvvəl müalicə həkiminiz tərəfindən bu dərman vasitəsinin faydaları və mümkün əlavə təsirləri arasındakı nisbət qiymətləndirilməlidir. Eyni zamanda onu da qeyd etmək istərdik ki, nimesulid tərkibli dərman vasitələri xroniki xəstəliklərin müalicəsində istifadə edilən dərman vasitələrindən deyil. Bu dərman vasitəsi birdəfəlik ağrını aradan qaldırmaq üçün istifadə olunur və məhdud istifadə göstərişləri ilə və qaraciyər toksikliyi riski nəzərə alınaraq qeydiyyatdan keçib. Həmçinin müvafiq risklər tərəfimizdən nəzarətdədir və izlənilməyə davam edilir".

Bildirilib ki, nimesulid tərkibli dərman vasitələrinin istifadəsi yalnız həkimin fayda-risk qiymətləndirməsinə əsasən mümkündür və resept əsasında buraxılır:

"Yuxarıda qeyd olunan məsələ bir daha "Elektron resept" və "Dərman vasitələrinin təqib və izləmə" sistemlərinin əhəmiyyətini vurğulayır. Belə ki, bu sistemlərin birgə istifadəsi ilə ölkəmizdə fəaliyyət göstərən pərakəndə satış əczaçılıq müəssisələrində (apteklərdə) həkim resepti əsasında buraxılan dərman vasitələrinin resept olmadan satılması mümkün olmayacaq. Dərman vasitələrinin təqib və izləmə sistemi vasitəsilə həmin dərman vasitələrinin satışı həyata keçirilərkən onların təyin edildiyi elektron reseptin qeydiyyat nömrəsi tələb olunacaq və həmin reseptin doğruluğu sistem vasitəsilə yoxlanılacaq. Hər iki sistemdə məlumatlar uyğun olduğu təqdirdə, həkim resepti əsasında buraxılan dərman vasitələrinin satışının həyata keçirilməsi mümkün olacaq. Əks təqdirdə həmin dərman vasitələrinin satışı mümkün olmayacaq.

Sözügedən sistemlər yüksək risk qrupundan olan dərman vasitələrinin əhali arasında sui-istifadə hallarının qarşısının alınmasına, dərman vasitələrinin rasional istifadəsinin təşkil olunmasına və onların apteklərdə buraxılışı prosesinə dair daha ciddi tənzimləmə mexanizminin yaradılmasına xidmət edir".

Sonda vətəndaşlara xatırladılıb ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı insanlar AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 07 12), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının "Müraciət" bölməsi vasitəsi ilə müraciət edə bilərlər:

"Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir".

12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə duman müşahidə olunub, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 3-ü saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Vurğulanıb ki, Sumqayıt, Binə, Yevlax, Göyçay, Zərdab, İmişli, Neftçala, Sabirabad, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

DYP-dən dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ

Hazırda bölgələrlə yanaşı, Bakıda və ətraf ərazilərdə dumanlı hava müşahidə olunur. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi duman səbəbindən yollarda görünüş məsafəsi məhdudlaşıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, qatı duman digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin görünməsinə maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin sazlığından əmin olmaq, dayanma, durma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.

"Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar", deyə məlumatda qeyd edilib.

Azərbaycanda bu cərimələr silinə bilər?

COVİD-19 cərimələrinin silinməsi üçün hələlik heç bir təşəbbüs yoxdur.

Bu sözləri Axar.az-a hüqüqşünas Əkrəm Həsənov COVİD-19 pandemiyası zamanı yazılan cərimələrin silinməsinin mümkünlüyü haqqında danışarkən deyib.

Onun sözlərinə görə, cərimlərin silinməsi ilə bağlı dövlətə müraciət olunmalıdır. Əksər halda bu müraciətlər müsbət həllini tapır:

"İstənilən borcu dövlət silə bilər. Bu təşəbbüslə millət vəkilləri çıxış edib, cərimələrin silinməsini təmin edə bilərlər".

Millət vəkili Məlahət İbrahimqızı isə sayta açıqlamasında bildirib ki, bu cərimələrin qalması heç kimə maneə törtətmir:

"Bu cərimələrin qalması kimə maneə törədir? Kim zəmanət verir ki, nə vaxtsa bir də pandemiya olmayacaq? Lap yaxşı, pandemiya yoxdur, heç kəs də cərimələnmir".

Qeyd edək ki, Türkiyə Konstitusiya Məhkəməsi karantin rejimi qaydalarını pozduqlarına görə ölkə vətəndaşlarının cərimə kimi ödədikləri vəsaitin geri qaytarılmasına qərar verib. Pandemiya borclarını silən və cərimələrin məbləğini vətəndaşlarına geri qaytarmağa qərar verən daha bir qonşu ölkə isə Gürcüstandır.

Kamaləddin Qafarov: “Gənclər ölkəmizin inkişafında fəal  iştirak edirlər”
“Azərbaycan Gənclərinin1996-cı il fevralın 2-də keçirilən I Forumunda etdiyi tarixi çıxışında Ümummilli Lider Heydər Əliyev demişdir: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.”

Bu sözləri 2 fevral – Gənclər günü münasibətilə mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat əlavə edib ki, bu vəzifənin öhdəsindən layiqincə gələ bilməsi üçün gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam, milli vətənpərvər ruhda formalaşmaları, eləcə də hər zaman dövlətin qayğısını hiss etmələri mühüm şərtlərdən biridir. “Məhz bütün bunların həyata keçirilməsi üçün Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə respublikada ikinci dəfə hakimiyyətə gəldikdən dərhal sonra gənc nəslə diqqət və qayğını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Gəncliyə qayğını hər zaman önə çəkən, eyni zamanda, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gəncliyin enerjisinə ən çox ehtiyac duyulduğunu düzgün qiymətləndirən Ümummilli Lider müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə mühüm sənədlər imzalayıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. O cümlədən Ümummilli Liderimizin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra -1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başlandı. 1997-ci il fevral ayının 2-də Ulu Öndərin imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanda həyata keçirilən Gənclər siyasətinin təməlində də Ulu Öndər Heydər Əliyevin siyasi irsi durur.”

K.Qafarov qeyd edib ki, hazırda Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Gənclər siyasəti ümumi inkişaf siyasətinin mühüm tərkib hissəsidir: “Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində müstəsna rol oynayır. Gənclərin effektiv və yaradıcı fəaliyyəti üçün dövlətimizin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilərək ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ötən illər ərzində Ölkə Prezidenti İlham Əliyev tərəfindən bir sıra mühüm sənədlər imzalanmışdır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Xüsusi olaraq qeyd edilməlidir ki, 2003-cü ildən bəri ölkəmizdə uğurla həyata keçirilən Gənclər siyasətinin ən önəmli nəticələrindən biri də bu oldu ki, 2020-ci ilin sentyabr-noyabr aylarında rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların igidliyi və fədakarlığı sayəsində əldə olunan tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.”
Azərbaycanda meyitlərin yandırılması üçün mərkəzlər yaradılacaq - Video

Azərbaycanda meyitlərin yandırılması üçün kremasiya mərkəzləri yaradılacaq.

“Xəzər TV” xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir. Bu gün ölkədə müxtəlif din, etiqad nümayəndələri yaşayır. Onların etiqad azadlığı təmin olunur. Elə buna görə də meyitlərin yandırılması üçün xüsusi mərkəzlər yaradılacaq. Bu ona görə ediləcək ki, gələcəkdə hansısa etiqad nümayəndəsinin belə arzusu olduqda, bu, qanuna istinadən tənzimlənsin.

Ceyhun Məmmədov bildirib ki, meyitlərin yandırılması üçün nəzərdə tutulan xüsusi mərkəzlərlə bağlı araşdırma aparılır.

O da bildirilib ki, hazırda cəsədinin yandırılmasını istəyən az sayda insan var, bu kütləvi deyil.

Mövzu ilə bağlı daha ətraflı videoda:

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb.

“Report” məlumatına görə, Ağdamdan yola düşən köç karvanında 22 ailədən ibarət 94 nəfər yer alıb.

Köç karvanı respublikanın müxtəlif şəhər və rayonlarında ağır şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Qeyd edək ki, bugünkü köç də daxil olmaqla Ballıca kəndinə ümumilikdə dörd köç karvanı gedib. Kənddə ümumilikdə 90 ailə (467 nəfər) məskunlaşıb.

Onlar işdən çıxarıla bilməz, işə gəlməsələr də maaşları hesablanmalıdır - QAYDA

Qanunla nəzərdə tutulmuş hallarda işəgötürən işçilərin iş yeri və orta əməkhaqqını saxlamalıdır. Bu, Əmək Məcəlləsinin 179-cu maddəsi ilə tənzimlənir. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov hərbi toplanışa çağırılan işçinin hüquqlarını şərh edib.

O, "vergiler.az"a şərhində hərbi toplanışa çağırılan işçinin əməkhaqqının hesablanması qaydasından danışıb.

Əmək Məcəlləsinin 179-cu maddəsinin 1-ci bəndinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə iş yeri saxlanılan və əməkhaqqı ödənilən hallar sadalanır. Onlardan biri də (g bəndi) hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etmək, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunmaqdır.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 52-ci maddəsində toplanışlara çağırılmış hərbi vəzifəlilərin maliyyə və maddi təminatı aşağıdakı kimi qeyd edilib: Toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əməkhaqqı saxlanılmaqla işdən azad edilirlər. Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz. Hərbi vəzifəlinin işlədiyi təşkilat ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir.

Toplanış dövründə xəstələnmiş hərbi vəzifəlinin iş yeri (vəzifəsi) müalicə müddəti ərzində saxlanılır, ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müavinət ödənilir.

Misal 1: Fərz edək ki, özəl təşkilatda mühasib vəzifəsində çalışan Fərid sentyabr ayında hərbi toplanışla əlaqədar 14 günlük hərbi təlimlərə çağırılıb. Beləliklə, sentyabr ayı üçün ona verilməli əməkhaqqının necə hesablanacağına baxaq:

Qeyd edək ki, Fərid iyul ayında 22 iş günü çalışıb və 900 manat əməkhaqqı alıb. Avqust ayında isə 23 iş günü çalışıb və 1.000 manat əməkhaqqı alıb. Onun tarif maaşı isə 750 manatdır.
Sentyabr ayında 22 iş günü vardır və Fərid həmin günlərin 10 iş gününü (14 təqvim günü) hərbi təlimlə əlaqədar işdə olmayıb. Bu zaman onun sentyabr ayında alacağı əməkhaqqının məbləği belə hesablanacaq:

(900 + 1.000) : (22 + 23 ) = 42.22 manat (1 günlük orta əməkhaqqı məbləği);
10 x 42.22 = 422.22 manat (hərbi təlimdə olduğu dövrə düşən orta əməkhaqqı məbləği);
750 : 22 = 34.09 manat (sentyabr ayında bir iş gününə düşən əməkhaqqı məbləği).

Fərid 22 iş gününün 10 iş gününü təlimdə, 12 iş gününü isə işdə olub. Deməli, işlədiyi günlərə görə hesablama belə olacaq:
12 x 34.09 = 409.08 manat;
422.22 + 409.08 = 831.3 manat.

Beləliklə, sentyabr ayı üçün onun alacağı ümumi əməkhaqqı 831.3 manat təşkil edəcək. İyul və avqust aylarında tarif maaşından əlavə bonuslar da aldığı halda, Fəridin sentyabr ayında alacağı əməkhaqqı 750 manatdan yüksək olacaq.

İş vaxtı, istirahət günləri və maaş necə dəyişəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkil ediləcəyi qeyd edilib.

Sözügedən proqramı Ölkə.Az-a şərh edən əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bu adımı müsbət qiymətləndirib. O hesab edir ki, burada həm iş yerlərində fərqli qrafikin, həm də istirahət günlərinin vaxtının dəyişdirilməsindən söhbət gedə bilər:

"Bir neçə il öncə Bakı şəhərində tıxacın azaldılması istiqamətində müsbət təsir göstərə biləcək bir sıra məsələləri qeyd etmişdik. Onlardan biri də iş vaxtlarının dəyişkən şəkildə - məsələn, istirahət günləri fərqli günlərdə olması ilə bağlı idi.

Hazırda demək olar ki, bütün qurumlarda istirahət günləri şənbə və bazardır. Bu da ona gətirib çıxarır ki, həftəiçi sıxlıq həddindən çox olur. Ona görə də səhər saatlarında və iş gününün sonunda nəqliyyat sıx olur.

Dəyişkən iş qrafikinə keçməklə biz məsələn, işin səhər 8-də başlayıb axşamüstü 5-də və ya səhər saat 10-da başlayıb axşamüstü 7-də bitməsini tətbiq etməklə nəqliyyatın yükünü də bölüşdürə bilərik. 

Digər tərəfdən istirahət günlərinin fərqli günlər olaraq müəyyənləşdirilməsi məsələsi gündəmdədir. Onsuz da qanunvericilikdə müəyyən olunmayıb ki, istirahət günləri şənbə və bazar günləri olmalıdır. Qanunvericilik bizə deyir ki, bir qayda olaraq müəssisələrdə 5 günlük iş həftəsində 2 gün istirahət olmalıdır. İstirahət gününün hansı günlər olmasını işəgötürən özü müəyyənləşdirir. 

Düşünürəm ki, bunlar ən azından yaxın bir neçə il üçün nəqliyyatın yükünün azaldılmasına ciddi mənada təsir göstərəcək".

 

N.Xəlilov deyib ki, iş qrafikinin dəyişməsi maaşlara təsir etməyəcək:

"Bu dəyişikliyin işçilərin əmək fəaliyyətinə ciddi təsiri olmayacaq. Çünki qanuna əsasən, işçilər gündəlik 8 saatdan, həftəlik 40 saatdan çox çalışmamalıdırlar. Bu halda işçinin 09:00-18:00 ya da 10:00-19:00 saatları aralığında işləməsinin bir fərqi yoxdur. İş saatlarının dəyişdirilməsi o halda əməkhaqqına təsir edə bilər ki, qanunda müəyyən olunduğu kimi işçi 22:00-06:00 aralığında işləsin. Bu müddət gecə vaxtı hesab edilir və bu vaxta düşən işə görə də əlavə ödənişin olunması qanunvericiliyin tələbidir. Biz müəssisədəki iş rejimini 14:00-23:59 etsək, bu halda iş vaxtının müəyyən hissəsi gecə vaxtına düşəcəyi üçün əlavə ödəniş ediməlidir. Qalan hallarda isə bu fərq etməyəcək".

Ekspertin fikrincə istirahət günləri dəyişdirilərsə, bu, insanların digər işlərinin həll edilməsinə müsbət təsir edəcək:

"Normal olaraq həftəiçi işləyən insanlar səhhəti, ailə-məişət problemləri, sənəd işləri və s. ilə bağlı məsələləri həftəsonlarında həll edə bilmir. Həftəsonu ixtisaslı həkimlər işləmir deyə, insanlar tibbi xidmətindən yararlana bilmirlər. Tibb müəssisələrində bunun növbəli şəkildə tənzimlənməsi tıxacların azaldılması ilə yanaşı, həm də insanların problemlərinin həll edilməsinə müsbət təsir göstərə bilər. 

Biz 2025-2026-cı illərdə bu proqramın mərhələli şəkildə tətbiq olunacağını və faydalarını görə bilərik".

Xəbər lenti