![]() |
|
Bakıda tıxac olan yollar açıqlanıb.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
4. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
5. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;
6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);
7. Babək prospekti, mərkəz istiqamətində;
8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
9. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində; 10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
13. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
14. Mikaylı Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
15. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
16. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
“Bakı Metropoliteni” QSC-nin Kommersiya Departamentinə yeni direktor təyin edilib.
Yol-xeber.az xəbər verir ki, bu vəzifə Ruslan Ağayeva həvalə edilib.
Qeyd edək ki, bundan öncə “Bakı Metropoliteni”nin Kommunikasiya departamentinin də rəhbəri vəzifəsinə yeni təyinat olub. Bu vəzifə Şaban İmkanıya həvalə edilib.
Pensiyaların bu ilin əvvəlindən indeksləşdirilərək, artırılması nəticəsində orta aylıq pensiyanın məbləği 497 manatdan 537 manata çatıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaşa görə orta aylıq pensiyanın məbləği isə 530 manatdan 573 manata çatıb.
“Müavinət və təqaüdlərdə artım nəzərdə tutulub”.
Bunu millət vəkili Vüqar Bayramov ATV kanalında yayımlanan “Xəbərin Olsun” verilişində deyib.
“Prezidentin 23 dekabr 2024-cü ildə imzaladığı Sərəncama əsasən, Nazirlər Kabinetinə müavinət və təqaüdlərin artırılması ilə bağlı üç ay müddət verilib. Minimum əməkhaqqı artdıqdan sonra Nazirlər Kabineti Vahid Tarif Cədvəlinə uyğun olaraq, əməkhaqqı artımlarını həyata keçirdi. Yəni Vahid Tarif Cədvəlinə uyğun olaraq əməkhaqqılar yanvarın 1-dən artırıldı.
Eyni zamanda, buna uyğun olaraq Nazirlər Kabineti tərəfindən müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması həyata keçirilir. Artıq proses başlayıb. Növbəti ayın ortalarında Nazirlər Kabineti təkliflərini dövlət başçısına təqdim edəcək. Burda hansı müavinət və təqaüdlərdə artımların olması, müavinət və təqaüdlərdə artım faizi, onun maliyyələşdirilməsi və digər məsələlər öz həllini tapacaq.
Təkliflər təqdim olunduqdan sonra ölkə Prezidenti tərəfindən yeni sənəd imzalanacaq. Biz artıq yaxın zamanda müavinət və təqaüdlərdə artımları müşahidə edəcəyik”, - deyə Vüqar Bayramov bildirib.
Deputat onu da qeyd edib ki, hazırda 80 manat, 150 manat, 220 manat məbləğində, əlilliyə, yaşa görə və eyni zamanda müharibə iştirakçılarına ödənilən müavinətlər var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev sosial şəbəkələrdə yayılan yeni dələduzluq üsulu barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, süni intellektin səsli autentifikasiyasından istifadə edərək mətni nitqə çevirən proqramlar vasitəsilə çağırışlar yayılır.
Elşad Hacıyev qeyd edib ki, bu üsulda süni intellekt mətni oxuyur və seçilən səsi təkrarlayır, bununla da real dələduzluq əməliyyatları həyata keçirilir. Bu cür halların təhlükə yaratdığını vurğulayan nazirlik rəsmisi insanların diqqətli və məlumatlı olmalarının vacibliyini bildirib.
"Xüsusilə tanınmış şəxslərin görüntü və səslərindən istifadə olunmaqla bu cür çağırışlar yayıla bilər. Buna görə də, hər kəs ehtiyatlı olmalı və süni intellektlə mətni oxuyan və seçilən səsi təkrarlayan hallara qarşı xəbərdar olmalıdır", - deyə Elşad Hacıyev əlavə edib.
O qeyd edib, bu cür dələduzluq hallarının qarşısını almağın tək yolu insanların məlumatlı olmaları və ehtiyatlı davranmalarıdır.
Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi endirilib.
Yol-xeber.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.
ADY hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edir.
Qeyd edək ki, yük qatarlarının da sürət həddi qeyri-sabit hava şəraitinə uyğun olaraq tənzimlənir.
Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Müdafiə Nazirliyi xəbər verir ki, hərbi hissələrin ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların səhhətinin diqqət mərkəzində saxlanılması üçün effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə əlverişli imkan yaradır.
Şəxsi heyətin sağlam və yüksək kalorili qidalarla təmin olunması, onlara fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması, eləcə də maarifləndirici söhbətlərin aparılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir.
İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz havada yollarda yarana biləcək təhlükə ilə bağlı xəbərdarlıq edib.
Yol-xeber.az xəbər verir ki, xəbərdarlıqda əlverişsiz hava ilə bağlı sürücülərə nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək tövsiyə edilib.
Bildirilib ki, BDYPİ əlverişsiz hava şərtlərinin yol hərəkəti təhlükəsizliyinə təsirini, o cümlədən gecə və səhər saatlarında küləktutan, eləcə də dağlıq ərazilərdə yolların buz bağlama ehtimalını, bununla yanaşı həftə sonu magistral yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə daha diqqətli olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edir.
"Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaratdığını nəzərə alaraq, onlardan yol hərəkəti qaydalarına ciddi riayət etmələri, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinmələri xahiş olunur", - xəbərdarlıqda qeyd olunub.
Bakıda bəzi yollarda təmir səbəbindən yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq üçün svetoforların vaxt planı dəyişdirilib.
Yol-xeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Bakının Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılan təmir işləri səbəbindən Damcılı və Ərdəbil küçələrinin Zaur Nudirəliyev küçəsi ilə kəsişməsində nəqliyyat sıxlığı yaranırdı.
NİİM-in əməkdaşları tərəfindən sıxlığın qarşısını almaq üçün qeyd olunan kəsişmədə svetoforların yaşıl işığının müddəti 10 saniyə artırılıb. Bununla da nəqliyyat vasitələrinin rahat hərəkəti təmin edilib.
Qeyd edək ki, aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmir işləri yekunlaşdıqdan sonra svetoforların vaxt planı əvvəlki vəziyyətinə qaytarılacaq.
Azərbaycanda hərbi xidmətə çağırış yaşının azaldılması ilə əlaqədar hazırda yaşı 31,5-dən çox olanların ordudan tərxisinə başlanılıb.
Bu barədə Teleqraf.az-a məlumatlı mənbələrdən bildirilib.
Qeyd olunub ki, tərxis prosesi bütün Silahlı Qüvvələrdə həyata keçirilir.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 29-da Cinayət, Miqrasiya və İnzibati Xətalar məcəllələrində "Əhalinin sağlamlığının qorunması haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə, "Psixiatriya yardımı haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişikliyi təsdiqləyib.
Dəyişikliklərə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşdan 30 yaşadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaqlar. Buna qədər isə həmin yaş həddi 18-dən 35-dək idi.
Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilib.