![]() |
|
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin siyahısı açıqlanıb.
Bu barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.
Siyahını təqdim edirik:
Bu il Ramazan ayının ilk gününün martın 1-nə təsadüf edəcəyi gözlənilir. Fevralın 28-də Azərbaycan səmasında yeni Ayın görünəcəyi proqnozlaşdırılır.
Ramazan ayı martın 1-də başlayacaq.
Müqəddəs ayda Qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə təsadüf edəcək.
Təqvimə görə, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. (baku.ws)
Valideynlərini itirən uşaqlara birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi I oxunuşda təsdiqlənib.
Bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikdə onlara birdəfəlik pul vəsaiti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi konkret məbləğdə ödəniləcək.
Layihəyə əsasən, ödənişi təhsil müəssisəsi həyata keçirəcək.
Hazırda qüvvədə olan qanuna görə valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikdə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əməkhaqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.
Yəni qanunda birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı orta əməkhaqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Təcrübədən məlum olduğu kimi orta əməkhaqqı isə aylar və illər üzrə dəyişir.
Eyni zamanda mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir.
Məqsəd daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi, bununla da vətəndaş məmnunluğunun artırılmasıdır.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.
Azərbaycanda 21 yaşına çatan şəxslərin mülki odlu silah əldə etmək hüququ olacaq.
Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Xidməti və mülki silah haqqında" Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qüvvədə olan qanunvericiliyə əsasən, bu qanunun tələblərinə müvafiq olaraq Azərbaycanda on səkkiz yaşına çatmış Azərbaycan vətəndaşlarının mülki silah əldə etmək hüququ var.
Təklif edilən dəyişikliklə, Azərbaycanda on səkkiz yaşına çatmış Azərbaycan vətəndaşlarının odlu silah istisna olmaqla mülki silah əldə etmək hüququ olacaq.
Həmçinin, Azərbaycanda iyirmi bir yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququ veriləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat məbləğində cərimə olunacaq.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirə edilib.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.
Daha bir dəyişikliklə, çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək (hazırda 80-150) məbləğdə, hüquqi şəxslər 600 manatdan 800 manatadək (hazırda 200-400) məbləğdə cərimə ediləcək.
Bundan başqa, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.
Eyni zamanda çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunacaq.
Həmçinin hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimə məbləği 50 manatdan 200 manata artırılır.
İXM-yə təklif olunan daha bir dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə cərimə məbləği 400 manatdan 600 manatadək (hazırda 200-300) artırılması nəzərdə tutulur.
Həmçinin dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə isə 500 manatdan 700 manatadək (hazırda 250-350) cərimə olacaq.
Layihə müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.
Milli Məclis ehtiyatda olan hərbçilərin yaşayış yerini dəyişərkən aidiyyəti üzrə məlumat vermədikdə cərimə olunmamaqlarını təsdiqləyib.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə müəyyən edilən 30 manat məbləğində cərimədən azad ediləcək.
Layihə müzakirədən sonra qəbul edilib.
Dövlət Gömrük Komitəsinin rəisi Şahin Bağırova yeni müavin təyin edilib.
Bakupost.az xəbər verir ki, bu vəzifəyə general-mayor Güloğlan Muradlı gətirilib.
General Muradlı bu təyinata qədər DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Tanınmış hüquqşünas Adəm Məmmədovla bağlı yeni xəbər var.
Globalinfo.az xəbər verir ki, o, artıq müəllim kimi də fəaliyyət göstərə bilməyəcək.
Belə ki, A.Məmmədov Bakı Dövlət Universitetindəki vəzifəsindən də uzaqlaşdırılıb.
Xatırladaq ki, yanvar ayında Adəm Məmmədovun vəkillik fəaliyyəti 3 ay müddətinə dayandırılmışdı.
Polşada Tələbə Xanımlar Birliyinin təşəbbüsü və Polşa Azərbaycanlıları Şurasının dəstəyi ilə Milli Qəhrəman Hökumə Əliyeva adına təqaüd proqramı təsis edilib. Bu təşəbbüs Polşada ali təhsil alan azərbaycanlı qadınların akademik və sosial inkişafını dəstəkləməyi hədəfləyir.
AZƏRTAC- bildirir ki, Milli Qəhrəman Hökumə Əliyevanın adını daşıyan bu təqaüd proqramı bir neçə əsas məqsədə xidmət edir:
- Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın xatirəsini əbədiləşdirmək və onun qəhrəmanlıq nümunəsini gənc nəsillərə tanıtmaq;
- Polşada təhsil alan azərbaycanlı xanım tələbələri akademik və şəxsi inkişaf baxımından təşviq etmək;
- Gənc nəslin milli dəyərlərə bağlılığını artırmaq və onların cəmiyyətə aktiv töhfə verməsini dəstəkləmək.
Bildirilib ki, Polşada ali təhsil alan, minimum bir semestri uğurla başa vurmuş və yüksək akademik göstəricilərə malik tələbələr, eləcə də cəmiyyətə aktiv töhfə verən və müxtəlif ictimai layihələrdə iştirak etmiş şəxslər müraciət edə bilərlər.
Təqaüdə müraciət etmək istəyən tələbələr onlayn müraciət formasını dolduraraq təqdim etməlidirlər. Müraciətlər akademik nailiyyətlər, şəxsi motivasiya və ictimai fəallıq kimi meyarlar əsasında qiymətləndiriləcək.
Bu təqaüd proqramı Polşada yaşayan azərbaycanlı tələbə qızların fərdi inkişafına və onların cəmiyyətə daha böyük töhfə verməsinə dəstək olmaq məqsədini daşıyır.