DYP dumanlı hava ilə bağlı xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə İdarədən məlumat verilib.

Müraciətdə bildirilib ki, milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən respublika əhəmiyyətli avtomobil yollarının da keçdiyi bir sıra bölgələrdə duman səbəbindən görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən dumanlı havada sürət həddini, ara məsafəsini yol və hava şəraitinə uyğun seçməyi, nəqliyyat vasitələrinin, ələlxüsus onların xarici işıq cihazlarının, şüşə silgəclərinin sazlığından əmin olmağı, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir.

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb.

Müdafiə Nazirliyi xəbər verir ki, toplanışın başa çatması münasibətilə bağlanış mərasimi keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edənlər bildiriblər ki, hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə sıra, taktiki, hərbi tibb, ixtisas və digər hazırlıqlar üzrə nəzəri və praktiki məşğələlər keçirilib. Toplanışın planına uyğun olaraq onlara ordumuzun arsenalında olan müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, həmçinin düzgün istifadə qaydaları və döyüş tətbiqi üsulları öyrədilib.
Bununla yanaşı, ehtiyatdan çağırılanların mənəvi-psixoloji vəziyyəti yoxlanılıb, onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.
Qeyd olunub ki, təlim toplanışında qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Sonda təlim toplanışında fərqlənən bir qrup hərbi vəzifəliyə fəxri fərmanlar təqdim edilib.

Sabah Bakıda bu küçələr tam bağlanır

Fevralın 1-də saat 06:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verib.

Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, deyə, məlumatda deyilib.

Bu prospektdə təmir aparılır - Sürücülərə xəbərdarlıq

Bakı şəhəri, Nizami rayonu, Babək prospektində (“Baku Medical Plaza”nın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.





Nazim Beydiyev 1991-ci il yanvarın 24-də Şamaxı rayonunun Mirikənd kəndində anadan olub. 1997-2008-ci illərdə Mirikənd kənd tam orta məktəbində təhsil alıb. Nazim Beydiyev 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Nazim Beydiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nazim Beydiyev oktyabrın 2-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Beydiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Beydiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nazim Beydiyev ölümündən sonra "İgidliyə görə " medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nazim Beydiyev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Bu şəxslərin pensiyaları iki dəfə artırılacaq

Gələn aydan etibarən pensiyalarda iki istiqamətdə artımlar həyata keçiriləcək: həm minimum pensiya artırılacaq, həm də əmək pensiyaları indeksləşdiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncama uyğun olaraq minimum pensiya məbləği bu ilin fevral ayından 280 manatdan 320 manata çatdırılacaq.

Bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.

O qeyd edib ki, Əmək pensiyalarının indeksləşdirilməsi isə "Əmək Pensiyaları” haqqına Qanuna əsasən həyata keçirilir.

"Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əmək haqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir.

Bütün bunlar ilə yanaşı, bəzi vətəndaşlarımızın pensiyaları iki dəfə artırılacaq, yəni onların pensiyaları həm indeksləşdirməyə cəlb olunacaq, həm minimum pensiya məbləğinə çatdırılmaq üçün yenidən artırılacaq. Məsələn, əgər vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən öncə qazanıbsa və onun pensiya məbləği 290 manatdır, yəni yeni minumum pensiya məbləğindən (320 manat) azdırsa bu zaman da onun pensiya məbləği indeksləşdiriləcək və pensiyasına 23.2 manat əlavə olunacaq. Çünki indeksləşdirmə ilə bağlı sənəd hər il fevral ayında imzalansa da o yanvarın 1-dən qüvvədə olur.

Yəni, ilin əvvəlindən etibarən bütün əmək pensiyaları indeksləşdirlir. Amma bizim nümunədə alınan məbləğ- 313.2 manat, yeni minimum pensiya məbləğindən az olduğu üçün həmin rəqəm daha sonra 320 manata çatdırılacaq. Deməli, həmin vətəndaşımızın pensiya məbləğinə həm indeksləşdirmə, həm də birbaşa artım tətbiq olunacaq", - deyə V.Bayramov əlavə edib.

Əhaliyə xəbərdarlıq: 30 və 31 yanvar tarixlərində...

Yanvarın son günlərində maqnit qasırğaları gözlənilir ki, bu da təkcə insanların rifahına deyil, həm də rabitə vasitələrinin işinə təsir göstərə bilər.

lent.az məlumatına görə, mütəxəssislər xəbərdarlıq edir: geomaqnit dalğalanmalarının nə vaxt baş verəcəyini bilmək və onların orqanizmə təsirini minimuma endirmək üçün əvvəlcədən hazırlaşmaq vacibdir.

Maqnit qasırğası Günəşin yaydığı yüklü hissəciklərin təsiri nəticəsində Yerin maqnit sahəsinin güclü pozulmasıdır. Bu cür hadisələr bir neçə saatdan bir neçə günə qədər davam edə bilər və sağlamlığa, peyklərin, naviqasiya sistemlərinin və radio rabitəsinin işinə təsir göstərə bilər

30 yanvar - maqnit qasırğasının zirvəsi. Narahatlıqların səviyyəsi Kp 5-6-ya çata bilər ki, bu da güclü geomaqnit qasırğasına (G1) uyğundur.

31 yanvar - geomaqnit sahəsi sakitləşməyə başlayacaq (Kp ≈ 4), lakin meteohəssas insanlar zəiflik, baş ağrıları və artan yorğunluq hiss etməyə davam edə bilər.

Qasırğanın mənfi təsirlərini minimuma endirmək üçün sağlam həyat tərzi qaydalarına riayət edin. Belə günlərdə stressdən, ağır yüklərdən uzaq durmalısınız. Daha az yağlı, qızardılmış, duzlu və ədviyyatlı yeməklər yemək vacibdir. Bunun əvəzinə daha çox tərəvəz və meyvə yeyin, həkimlər məsləhət görürlər.

Gömrük Komitəsində 3 aydır gecikən maaşlar verildi

Son günlər sosial şəbəkələrdə gömrük əməkdaşlarının maaşlarının verilməməsi ilə bağlı məlumatlar yayılıb. Belə ki, Dövlət Gömrük Komitəsinin (DGK) bəzi əməkdaşları 3 aydır maaşlarını ala bilmədiklərini açıqlayıblar.

Məsələ ilə bağlı Komitəsinin sədri Şahin Bağırov da açıqlama verib. "Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”, - Şahin Bağırov deyib.

Modern.az maaşlarının verilib-verilməməsini aydınlaşdırmaq üçün Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi maaşların verildiyini bildirib:

"Artıq həmin işçilərin hər birinin maaşları verilib".

Nazir getdi, nazirlik də ləğv olunur?

Artıq bir müddətdir Dövlət Gömrük Komitəsi, Vergi Xidməti və Maliyyə Nazirliyinin ləğv edilərək yeni yaradılacaq qurumun tərkibinə veriləcəyi ilə bağlı məlumatlar var. Ölkənin fiskal və maliyyə siyatəsinə nəzarət edəcək yeni qurumun isə Milli Gəlirlərə Nəzarət Departamenti adlandırılması gündəmdədir.

Teleqraf.com xəbər verir ki, Samir Şərifovun maliyyə naziri vəzifəsindən azad edilməsindən bir müddət keçməsinə baxmayaraq onun yerinə təyinat aparılmaması bu ehtimalları daha da gücləndirib. Digər tərəfdən bu qurumların ayrı-ayrılıqda fəaliyyəti büdcə proqnozlaşdırılmasında, eləcə də tərtibatında müəyyən çətinliklər yaradır. Bu gün büdcə daxilolmalarının 42,5 faizi vergi və rüsumların, 17,9 faizi gömrük rüsumları və idxala görə vergilərin payına düşür. Maliyyə Nazirliyi isə dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı kimi bu gəlirlərin “kassaya” daxil olmasını və icrasını təmin edir.

İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, hazırkı şəraitdə Dövlət Vergi Xidmətinin İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərməsi konseptual olaraq yanlışdır. Çünki vergilər xidmətində məqsəd vergi toplamaq, büdcəni doldurmaqdır. İqtisadiyyatın məqsədi isə iqtisadiyyatı inkişaf etdirməkdir.

Ekspertin sözlərinə görə, Dövlət Gömrük Komitəsi də Vergi Xidməti kimi vergi toplamaqla məşğuldur: "Dövlət Gömrük Komitəsi ilə Vergi Xidməti yaxşı olardı ki, Maliyyə Nazirliyinə birləşdirilsin. Çünki Maliyyə Nazirliyi gəlirləri toplayıb, xərcləyən qurumdur. Əgər bu birləşmə baş verməzsə, Dövlət Vergi Xidməti ilə Dövlət Gömrük Komitəsini iki qurum olaraq birləşdirərək Dövlət Gəlirlər Komitəsi yaratmaq olar. Bu birləşmə inzibati xərclərin azalmasına, şəffaflığa yol açar. Gömrükdən keçən məhsul və xidmətlərin vergiyə cəlbi də mənbədən həll olunar. Bu baxımdan Dövlət Vergi Xidməti ilə Gömrük Komitəsinin birləşdirilməsi iqtisadiyyata ancaq müsbət təsir edə bilər".

İqtisadçı dünya praktikasında bu üç qurumun eyni təşkilatın tərkibində fəaliyyət göstərdiyini deyir: "Çünki bu qurumlardan biri pulu gətirən tərəf, digəri isə pulu bölüşdürəndir. Dünya təcrübəsində bunların üçünün bir yerdə olması praktikası mövcuddur".

Kamaləddin Qafarov: “Azərbaycanda yol-nəqliyyat infrastukturunun yenilənməsi  labüddür”“Məlumdur ki, son iyirmi il ərzində Azərbaycanda yol-nəqliyyat infrastukturunun yenilənməsi məsələsi dövlətin prioritet fəaliyyət istiqaməti kimi müəyyən etdiyi sahələrdən biridir. Burada söhbət eyni zamanda həm daxili yolların, həm də beynəlxalq əhəmiyyətli yol infrastrukturunun yenilənməsindən gedir. Bu baxımdan cənab Prezident İlham Əliyevin yanvarın 28-də keçirdiyi nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə müzakirə olunan məsələlər son dərəcə mühüm əhəmiyyət kəsb edir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, müşavirədə çıxış edən dövlət başçısı görülən işlərin təhlili və qarşıda duran vəzifələrin icrası ilə bağlı önəmli fikirlər səsləndirib, açıqlamalar təqdim edib.” İlk növbədə, Bakı şəhərinin və paytaxtın ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı məsələsi müzakirə olundu. Qeyd edək ki, son 15 il ərzində Bakı şəhərində bir çox böyük nəqliyyat layihələri icra edilib, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb. Əgər bu işlər görülməsəydi, bu gün paytaxtımızda nəqliyyat, ümumiyyətlə, iflic vəziyyətinə düşərdi. Eyni zamanda, son illər ərzində bütün ölkə üzrə bir çox mühüm nəqliyyat layihələri icra edilmişdir. Bu gün ölkəmizdə rahat və təhlükəsiz kənd yolları, müasir şəhərlərarası yollar və ən yüksək beynəlxalq standartlara cavab verən magistral yollar mövcuddur.”

K.Qafarov ölkəmizdə dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi istiqamətində aparılan işlərin əhəmiyyətindən də bəhs edib: “Son illər ölkəmizdə dəmir yolu infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi istiqamətində də böyük işlər görülüb. Bu işlərdən danışarkən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası xüsusi qeyd olunmalıdır. Cənab Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, bu layihənin reallaşmasına uzun müddət erməni diasporunun təzyiqi altında ABŞ hökuməti mane olurdu. Bakı-Tbilisi-Qars dəmir yolunun inşası birbaşa Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmişdir. Azərbaycan bu layihəni icra etmək istəyəndə Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Lakin cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində bu məsələ də öz həllini tapdı. İlk növbədə, Gürcüstan bir neçə il davam edən danışıqların nəticəsi olaraq razılığa gəldi. Eyni zamanda, cənab Prezident Amerika dövlətinin yüksək vəzifəli nümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə edərək onları inandıra bildi ki, onlar bu layihənin icrasına maneə törətməməlidirlər. Çünki bu strateji layihədən digər ölkələr, o cümlədən ABŞ-nın müttəfiqləri də faydalanacaqlar. Həyat özü göstərdi ki, Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu mülahizəsində də tam haqlı idi və bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna, eləcə də Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına çox böyük maraq göstərirlər. Artıq bu gün müxtəlif ölkələrin yükləri Aralıq dənizi istiqamətinə, Avropaya, Türkiyəyə məhz bu yolla daşınır. Möhtərəm dövlət başçımızın dediyi kimi, bu, coğrafiyamızda son illər ərzində həyata keçirilən ən vacib layihələrdən biridir və bir çox ölkələr bundan sonra da bu yoldan faydalanacaqlar”.

Xəbər lenti