![]() |
|
Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində oktyabrın 27-dən paytaxtın mərkəzi hissəsi - İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrasına başlanılır.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən təsdiq edilən layihədə İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılması, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulur. İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılacaq. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişə Neftçilər prospektindən icazə veriləcək.
Ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.
Qeyd edək ki, Bakının küçə və prospektlərində, xüsusilə şəhərin mərkəzi hissəsində nəqliyyat vasitələri və piyada axınının, eləcə də hərəkət sıxlığının son illər dəfələrlə artması əhalinin mobilliyinə ciddi maneə yaradır və yol hərəkəti iştirakçıları üçün təhlükə mənbəyinə çevrilir.
İstiqlaliyyət küçəsində nəqliyyat axınının intensivliyi, avtomobillərin Qoşa Qala qarşısındakı meydan və oradan da Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinə doğru hərəkəti vəziyyəti daha da çətinləşdirir, hətta nəticə etibarilə Neftçilər prospekti ilə hərəkətə də təsir göstərir. Bundan başqa, qeyd olunan meydanın özündə nəqliyyat və piyada axınları daim qarışır, bu da mobilliyə əhəmiyyətli dərəcədə mane olur.
Şəhərin bu hissəsində son zamanlar yaşanan acınacaqlı vəziyyət ictimaiyyət arasında və mediada dəfələrlə müzakirə mövzusuna çevrilib.
Şəhər sakinləri və qonaqların hərəkətinin rahatlığını təmin etmək məqsədi daşıyan Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində bütün aidiyyəti qurumların mütəxəssisləri bu ərazidəki vəziyyəti ətraflı öyrənib, uzun müddət hərəkətin intensivliyinin monitorinqini aparıb və xüsusi proqram təminatı üzərindən simulyasiyalar həyata keçirilib.
Nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması avtomobillərin sayını, səs-küyü və tullantıları azaltmaqla İçərişəhər sakinləri və qonaqların rahatlığı və təhlükəsizliyinə xidmət edir.
Dünyanın böyük şəhərlərinin təcrübəsi nəzərə alınmaqla hazırlanan layihə, digər amillərlə yanaşı, paytaxtın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir incisinin qorunub saxlanmasına töhfə verəcək, buradakı infrastrukturun tez aşınmasının qarşısını alacaq.
Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması İçərişəhərin qonaqlarının bu məkana daha rahat çatmasına imkan verəcək.
Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılması Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərini İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq.
Bununla da şəhərin mərkəzi hissəsində nəhəng piyada zonası yaranacaq. Xatırladaq ki, ilk dəfə avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması layihəsi Xaqani bağı ətrafında həyata keçirilib. Bu ərazi genişmiqyaslı yenidənqurmadan sonra bütünlüklə piyada zonasına çevrilib. Hazırda belə zonanın yaradılması prosesi metronun "28 May" stansiyasının qarşısındakı meydanda davam edir.
2024-2025-ci tədris ilində dövlət bağçalarına qəbul ola bilməyən uşaqlar seçilən özəl bağçalara yerləşdiriləcəklər.
Təhsil haqqının yarısını isə Elm və Təhsil Nazirliyi ödəyəcək. Layihə Nazirliyin "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" çərçivəsində həyata keçiriləcək.
"Bu layihənin həyata keçirilməsi çox yaxşıdır. Bir ailədən iki, üç uşaq da bağçaya gedə bilər. Valideynlərə böyük dəstəkdir", - deyə sakin bildirib.
Maraqlıdır, uşaqlar bağçaya hansı kateqoriyaya əsasən seçiləcək və bu proses necə tənzimlənəcək?
Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, dövlət bağçalarında yerlərin sayı az olduğuna görə alternativ modellər həyata keçirilir:
"Müəyyən meyarlara uyğun gələn bağçalarda akkreditasiya ilə bu sistem tənzimlənəcək. Həmin bağçalarda 250 manata qədər vəsait dövlət tərəfindən ödənilir. Fikrimcə, məktəbəqədər təhsildə əhatəliliyi artırmaq üçün ən qısa yol budur. Əsas problemimiz monitorinqi düzgün təşkil etmək və bağça şəbəkəsini artırmaqdır".
Qeyd edək ki, müsabiqənin birinci mərhələsi artıq yekunlaşıb. Növbəti mərhələyə buraxılan 26 bağçanın siyahısı və boş yerlərin sayı da müəyyənləşib. Qeydiyyat prosesi isə www.bq.edu.az portalında oktyabrın 24-dən, noyabrın 1-i saat 17:00-dək davam edəcək.
Məlum olduğu kimi, bu ilin yanvarında “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında” Ölkə Başçısı tərəfindən Sərəncam imzalanıb.
Nazirlər Kabinetinin 31 yanvar 2024-cü il tarixli “Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləğinin, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləğinin və birdəfəlik ödənişin həcminin təsdiq edilməsi haqqında” qərar bu ilin fevral ayından icra olunur.
Amma bütövlükdə avtomobillərin utilizasiyasına başlanılmayıb.
Məlumdur ki, fevralın 1-dən etibarən avtomobillərin texniki baxışdan keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəyir. Utilizasiya haqqı avtomobilin istehsal tarixənə uyğun olaraq 10-40 manat arasında dəyişir. İdxal olunan “ikinci əl” avtomobillər üçün isə utilizasiya haqqı 400-700 manat arasında dəyişir.
Amma hələ də açıq qalan suallar var. Məsələn, bilinmir ki, utilizasiya prosesində hansı ölkənin təcrübəsi əsas götürüləcək. Çünki hər ölkədə nəqliyyat vasitələrinin utilizasiya yaşı müxtəlif illəri əhatə edir.
Məsələn, Böyük Britaniya və Fransa kimi Qərbi Avropa ölkələrində avtomobillər 7-8 illik istismardan sonra utilizasiyaya verilir. Baltik ölkələrində bu müddət 12 il, Lüksemburqda 4 ildən az, Səudiyyə Ərəbistanında isə 3 ildən biraz çoxdur. ABŞ-da avtomobillər 10-11 ildən, Rusiyada 12-13 ildən, Kubada 38 ildən sonra utilizasiya edilir.
Bundan əlavə Avropa və ABŞ-da köhnə maşınların təkrar emalını istehsalçı şirkətlər həyata keçirir.
Məsələn, Avropa İttifaqının direktivinə əsasən İttifaq ərazisində istehsal olunan avtomobillərin detallarının 95 faizi təkrar istifadə üçün yararlı olmalıdır. Almaniyada istehsalçı şirkətlər bu tələbə tam əməl edirlər. “Mercedes-Benz” şirkəti təkrar emalı mümkün olan detalların üzərinə xüsusi işarə vurur.
Bəzi ölkələrdə avtomobili vaxtında utilizasiyaya verməməyə görə yüksək cərimələr, hətta azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur. Niderland kimi ölkələrdə isə 96,2 faizi təkrar emala yararlı olmayan avtomobillərin istismarı qadağan edilib.
Bəs, ölkəmizdə bu prosesə nə zaman başlanılacaq?
Ölkə.az xəbər verir ki, suala nəqliyyat üzrə ekspert Aslan Əsədov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda bütün diqqət COP29-a yönəldiyi üçün digər məsələlər gündəmdə deyil:
“Hökumətin yaxın aylarında bu məsələni gündəmə gətirəcəyi də gözlənilmir. Məlumdur ki, utilizasiya prosesi böyük vəsait tələb edir. Doğrudur, texniki baxış və gömrük rəsmiləşməsi zamanı bu məqsədlə avtomobil sahiblərindən müəyyən vəsait tutulur. Amma bu kifayət etmir. Hesab edirəm ki, 2025-ci ildə hökumət bu məsələni gündəmə gətirəcək. Ola bilsin ki, gələn ilin ikinci yarısında və yaxud sentyabr-oktyabr aylarında hökümət bu prosesə start versin”.
Bəs, utilizasiya prosesi necə aparılacaq?
“Hələlik utilizasiyanın necə aparılacağı barədə konkret qərar, fikir yoxdur. Hələ ki bu sahədə beynəlxalq təcrübə öyrənilir. Hansı ölkənin modeli əsas götürüləcək? Bunu demək indiki halda çətindir. Suallarsa çoxdur. Utilizasiya edənə nağd ödəniş ediləcək, yoxsa ona güzəştli şərtlərlə yeni avtomobil təklif ediləcək? Neçə illik avtomobillər əsasən utilizasiyaya cəlb ediləcək? Utilizasiya məcburi olacaq, yoxsa könüllü? Bax, bütün bu suallar hələ də açıq qalıb.Modellər, formullar çoxdur. Amma yekun qərar hökumətindir. Ona görə də hökumətin qərarını gözləməliyik”.
Kombilərdən fərqli üslubda istifadə edərək evi daha yaxşı qızdıra bilərsiniz.
Bu barədə "Xəbər Ertəsi" verlişində qeyd edilib.
Aparıcı Aytən Səfərova bunu kombinin arxasına falqa yerləşdirməklə mümkün olduğunu açıqlayıb.
Belə ki, nazik kartonun hər iki üzünə falqa bağlanır və o kombi ilə divar arasına yerləşdirilir.
Nəticədə kombidən çıxan istilik divara yox evə verilir.
Bununla da, mənzil kifayət qədər isti olur. Kombinin arxasına yerləşdirilən falqa evdə istiliyi 3-4 dərəcəyə qədər artırır.
Ətraflı videoda:
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə oktyabrın 27-də imtahan keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1398 nəfər qeydiyyatdan keçib.
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və DİM-in Gəncə Regional bölməsində, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahanlar isə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüter vasitəsilə elektron qaydada keçiriləcək. İmtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.
İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Məlumata görə, imtahanlar 1 saat davam edəcək. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 18 sentyabr 2024-cü il tarixli qərarına əsasən noyabr ayında Azərbaycanda 17 gün iş olmayacaq. Bu, noyabr ayında Bakıda keçiriləcək COP29 - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədardır.
Nazirlər Kabinetinin bu qərarı bəzi vətəndaşlar arasında çaşqınlıq yaratdığı üçün təhsil eksperti Elçin Əfəndi noyabrda kimlərə hansı günlərdə iş və dərsin olmayacağını təqdim edib:
2024-cü ilin noyabr ayında qeyri-iş günləri
5 günlük işləyənlər üçün: 2, 3, 8, 9, 10, 11, 12, 13, 17, 24 və 30 noyabr tarixləri
6 günlük işləyənlər üçün: 3, 8, 9, 10, 17 və 24 noyabr tarixləri
Respublikanın bütün ərazisində fəaliyyət göstərən tam orta və ümumi orta təhsil müəssisələrində şagirdlər üçün bayram və tətil günləri: 2, 3, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 24 noyabr tarixləri.
Orta ixtisas və ali təhsil müəssisələri üçün bayramla əlaqədar tətil və istirahət günləri: 2, 3, 8, 9, 10, 11, 12, 13, 17, 24 noyabr tarixləri.
Qeyd 1: 8 noyabr (Zəfər Günü) və 9 noyabr (Dövlət Bayrağı Günü) bayram günləridir. 12-22 noyabr tarixləri arası şagirdlər üçün payız tətilidir. Onlar 23 noyabr tarixindən dərsə başlayacaqlar.
Qeyd 2: Bakı, Sumqayıt və Abşeron rayonunda təhsil alan tələbələr üçün noyabr ayının 14-dən 25-dək (qeyri-iş günləri nəzərə alınmaqla) dərslər distant formada tədris olunacaq. Qalan digər ərazilərdə ənənəvi qaydada dərslər tədris olunacaq.
Qeyd 3: Noyabr ayında bazar günləri: 3, 10, 17 və 24 noyabr tarixləri.
Qeyd 4: İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib. 9 noyabr qeyri-iş gününə təsadüf etdiyi üçün həmin günə görə 11 noyabr da qeyri-iş günü hesab olunur.
Beləliklə, 8, 9, 10, 11, 12 və 13 noyabr tarixləri ardıcıl olaraq qeyri-iş günləridir.
Nazirlər Kabinetinin 18 sentyabr 2024-cü il tarixli qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
2025-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb.
Bu haqda Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, gələn il yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq. Bu zaman Şimal yarımkürəsində yay, Cənub yarımkürəsində isə qış fəsli başlayır. Həmin vaxt Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat 56 dəqiqə 36 saniyə) olur. Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.
Gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 22-si saat 22:19:16-ya təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayır. Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.
2025-ci ildə qış fəsli (Qış günəş duruşu) Azərbaycana dekabrın 21-i saat 19:03:01-da daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur. Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.
Daxili İşlər Nazirliyi "ASAN xidmət" mərkəzlərində göstərdiyi xidmətlər üzrə vakant olan vəzifələrə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Yol-xeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Daxili İşlər Nazirliyi Şuşa, Salyan, Masallı, Lənkəran və Kürdəmir "ASAN xidmət" mərkəzlərində Daxili İşlər Nazirliyinin göstərdiyi xidmətlər üzrə, eləcə də Bakı şəhərində yerləşən müvafiq qurumlarda vakant olan sıravi və kiçik rəis heyəti (operator) vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, yaşı 25-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən, Bakı şəhərində və yuxarıda qeyd olunan rayonlarda yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının qadın cinsli vətəndaşları iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, fiziki hazırlıqları və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq kompüterdə işləmək bacarıqları olan, məsuliyyətli, diqqətli, ən azı xarici dillərdən birini sərbəst bilən və ailəli şəxslərə üstünlük veriləcəkdir.
Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə veriləcək və qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2024-cü ilin oktyabr ayının 21-dən noyabr ayının 10-dək Daxili İşlər Nazirliyinin internet saytında /www.mia.gov.az/ yerləşdirilmiş elektron ərizə formasını və anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsilə DİN-in Baş Kadrlar İdarəsinin bki@mia.gov.az elektron ünvanına göndərməlidirlər.
Xəzər dənizinin suyunun adi içməli suya çevrilməsi mövzusu, su ehtiyatlarının tükənməsi, əhalinin artması və iqlim dəyişikliyinin yaratdığı su qıtlığı kimi qlobal problemlərlə bağlı aktualdır.
Dəniz suyunun duzsuzlaşdırılması prosesləri məhz bu ehtiyacları qarşılamaq üçün inkişaf etdirilib və son illərdə müxtəlif ölkələrdə, o cümlədən Xəzər hövzəsinə yaxın regionlarda da tətbiq edilməyə başlanacaq?
Bəs, Xəzərin suyunun adi suya çevrilməsi prosesi ilə bağlı işlər nə yerdədir? Yaxın perspektivə hansı addımlar atılacaq? Dəniz suyunun içməli suya çevrilməsi zamanı burda maya dəyəri nə qədər olacaq?
Bu suallara cavab tapmaq üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdik. Qurumun Mətbuat Xidmətindən bildirildi ki, Xəzər dənizindən içməli suyun alınması üçün əks-osmos texnologiyanın tətbiqi üçün iqtisadi əsaslandırmalar işlənilir:
"Bunu Ələt azad iqtisadi zonasında, Pirallahıda və Sumqayıtda dəniz suyunun təmizlənməsi texnologiyaları üzrə ilkin əsaslandırmalar hazırlanıb.
Dəniz suyunun içməli suya çevrilməsində əsas xərc enerjinin istifadəsinə çəkilən xərcdir. 1 kubmetr dəniz suyun təmizlənməsinə elektrik enerjisi sərfi 3-3.5 kilovatt/saat-dır. Bu da suyun təmizlənməsində enerjinin istifadəsinə görə dəyişir.
Hazırkı qiymətlərlə mövcud texnologiyalarla Xəzərin suyunun duzsuzlaşdırılması texnologiyası qurularsa suyun maya dəyəri 3-3.50 manata başa gəlməsi proqnozlaşdırılır".
© BAKU.WS