Azərbaycanda daha bir telekanal açıldı

Azərbaycanda beynəxalq televiziya kanalı fəaliyyətə başlayır. 

Bu haqda telejurnalist Rüfət Həmzəyev sosial şəbəkə hesabında məlumat yayıb. 

Həmzəyev bildirib ki, sözügedən kanalANEWZ” adlanır:

“4 noyabr 2024-cü ildən etibarən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən “ANEWZ” beynəlxalq televiziya kanalı fəaliyyətə başlayır. Həftənin 7 günü, 24 saatlıq efir yayımında aparıcı media platformalarında indiyədək o qədər də çox eşidilməyən və ya fərqli təqdim olunan - Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan-dünyaya çatdırılacaq. 12-dən çox ölkədə təmsilçisi ilə 110-dan çox ölkəyə yayımlanan ANEWZ peyk, rəqəmsal, sosial media kanalları vasitəsi ilə izlənilə bilər. Böyük Britaniya, ABŞ, İspaniya, Portuqaliya, Ukrayna, Türkiyə, İordaniya, Nigeriya, Zambiya və digər ölkələrdən media sahəsində geniş təcrübəsi olan jurnalistlər yaradıcı heyətə daxildirlər. Beynəlxalq ingilisdilli kanal kimi ANEWZ yüksək jurnalistika standartlarını, o cümlədən beynəlxalq və yerli istedadları bir araya gətirir. Kanalın əsas məqsədlərindən biri də Azərbaycanda ingilisdilli jurnalistikanın inkişafına töhfə verməkdir”.

Bakıda orta əməkhaqqı 7 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 258,9 manat təşkil edib.
Bu barədə Bakı şəhər Statistika İdarəsi xəbər verir.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,2 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 997,1 manat təşkil edib.

DYP-dən hərəkət iştirakçılarına müraciət 

Baş Dövlət Yol polisi COP29 konfransı tarixlərində nəqliyyat sıxlığının azaldılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə bildirib ki, beynəlxalq miqyaslı tədbirlə əlaqədar çoxsaylı qonaqların, rəsmi şəxslərin, eləcə də əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müvafiq konsepsiya hazırlanıb.

"Sistemli yanaşmaya əsaslanan sözügedən konsepsiyada COP29 müddətində paytaxtın bəzi küçə və prospektlərində fasilələrlə məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulsa da, yolların uzunmüddətli bağlanmasına ehtiyac duyulmayıb.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədilə, COP29 konfransı tarixlərində Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələrini, paytaxt sakinlərindən isə fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələrini, xüsusilə bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını nəzərə alaraq, həmin istiqamətlərdə əvvəlcədən göstəriləcək alternativ yollarla hərəkət etməyi xahiş edir".

BDYPİ-nin müraciətində qeyd edilib ki, hər bir yol hərəkəti iştirakçısı verilən tövsiyələrə əməl etməklə Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsinə töhfə verəcək, tətbiq ediləcək məhdudiyyətlərə anlayışla yanaşacaq, təşkilatçılara dəstək nümayiş etdirəcək.

İlham Əliyevin doğum günüdür

Fazil Musayev - 8 noyabr bizim Zəfər hekayəmizdir! Ölkəmiz üçün qalibiyyət müjdəsinin, bütövlük möcüzəsinin başlanğıcıdır. Ardınca 2023-cü ilin 23 sentyabrının özü ilə gətirdiyi suverenlik faktı, daha sonra həmin ilin 15 oktyabrında Xankəndidə bayrağımızın ucalma təntənəsi, siyasi arenada güclənən nüfuz, diplomatik səriştə və əzmin yetirdiyi yeni bir Azərbaycan! Bütün bunların nəticəsidir ki, Zəfər gününü – tarixi taleyimizdə xüsusi rolu olan bu hadisəni bütün mənalarda istiqlalını qazanmış, sərhədlərini bərpa etmiş, böyümüş, güclənmiş, nüfuzunu və səriştəsini artırmış bir ölkənin vətəndaşları kimi qarşılayırıq.

Artıq zaman deyil, proseslər, situasiyalar fərqli şəkil alıb. Zəfər tariximizin müstəsna tarixi fenomen olduğunu günbəgün daha dərinliyi ilə hiss etməkdəyik. Bu mənada, nəzər nöqtələri, diskurslar, yanaşmalar dəyişib və dəyişməkdədir. Yəqin ki, tədricən şüuraltı axın daha dərinlərə işlədikcə çağın obrazını daha əhatəli, epik panoram genişliyi ilə idrak edəcəyik. Amma bu günün içindən belə aydın görünən, getdikcə bütün yönləri ilə sərgilənən həqiqətlər var ki, onlarla bağlı qənaət birmənalı olaraq sabitdir. Məsələn, böyük qələbəmizi bizə qazandıran dəyərlər, təməllər, siyasi sistemin möhkəm sütun üzərində pərvəriş tapması və s. Bunlar hamısı Ümummilli lider Heydər Əliyevin dühasında qurulan, dövlət müstəqilliyinin möhkəm təməllərini yaradan əməllər sırasında ehtiva olunmuşdur. O əməllər ki, ölkə başçısı İlham Əliyevin siyasətində sabahlı bir gələcək kontekstindən mündəricə qazandı. İlham Əliyev müstəqil dövlətçiliyi bütün istiqamətlər üzrə inkişaf etdirərək yeni mərhələyə çıxardı. Əlbəttə ki, tarixi taleyimizdə həlledici səhifə açan epoxal hadisənin adı Qarabağda qazanılan Zəfər oldu. Amma bura qədər də İlham Əliyev yeni epoxanın, yeni əsrin meydana çıxardığı, böyük siyasi-ideoloji məktəb keçmiş, Azərbaycan dövlətinin dayaqlarını əsaslı şəkildə inkişaf etdirərək möhkəmləndirən və yeni üfüqlər açan qüvvətli lider kimi özünü çoxdan təsdiq etmişdir. Azərbaycan neft siyasətini ardıcıl və yüksək səviyyədə inkişaf etdirməsi, dünya ölkələri ilə inteqrasiya proseslərinin daha da genişləndirilməsi, bir çox hallarda isə yeni əlaqələrin yaranmasına yol açması, müxtəlif layihələr əsasında ölkədəki rifaha çalışması, quruculuq işlərinin möhkəmlənməsi və geniş şəkil alması prosesində xidmətləri və s. Bu mənada, hakimiyyətdə olduğu bütün illəri İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsi üçün keçdiyi hazırlıq mərhələsi də adlandıra bilərik. O vəsiyyət ki, özündə müstəqillik andı, xalq amili, milli mənafe, ölkə maraqlarını meyara çevirmək kimi ən ali dəyərləri ehtiva edir. Bunu yalnız siyasi arenada deyil, milli mədəniyyətə münasibətdə də gerçəkləşdirmişdir İlham Əliyev. Zənnimcə, bu kimi həssaslığı da Ümummilli lider Heydər Əliyev dühasına, şəxsiyyətinə, onun mədəniyyətə, ədəbiyyata baxış tərzinə aid milli dəyərlər sistemi hesab etmək olar. Prezidentin elə son illər imzaladığı sərəncamlara diqqətli olsaq, görmək çətin olmaz - "Multikulturalizm ili", "İslam həmrəyliyi ili", "Azərbaycan Xalq Cümhuriyyəti ili", "Nəsimi ili, "Nizami ili", “Şuşa ili”, “Heydər Əliyev ili” - bunlar Heydər Əliyev yolunun yeni tarixi formatda davamının əyani sübutudur. Bu sərəncamların hər biri xalqın dövləti şüurunun güclənməsində, vahid bir ideya ətrafında köklənməsində, insanların milli və tarixi dəyərlər üzərində səfərbər edilməsində, öz tarixi kimliyindən uzaq düşməməsində böyük rol oynayır. Eləcə də mental dəyərlərimizi, kimliyimizi dünyaya bəyan edir, daha sistemli və davamlı təlqinlərə imkan yaradır. Nəhayət astanasında olduğumuz COP 29 konfransının humanist fəaliyyəti, “Yaşıl dünya naminə həmrəylik” ilində dünyaya təbiətin saflıq pəncərəsindən baxmaq fərqliliyimiz!

Müharibədəki zəfərimizi də elə xislətimizdəki məğrur ruhun gücü ilə qazandıq. Azərbaycançılıq idealımız, məfkurəçi düşüncəmiz qalib gəldi. Diqqət eləsək görərik ki, Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün zaman kəsimlərində Azərbaycan idealını tam vurğusu ilə qoruyub yaşada biləcəyi qutsal anlayışa çevirmişdir. İlham Əliyev də həmin idealı energetik passionarlıqla həm tarixi-kulturoloji, həm də hərbi-siyasi kontekstdə tarixin ən dramatik və xaotik dalğalarından zədəsiz çıxarmağa müvəffəq oldu.

Bu 44 gündə Azərbaycan öz bütövlüyünü qanı ilə qazanmağa layiq orduya, milli miqyasda düşüncə və təşkilati iş vüsətinə sahib olduğunu dünyanın göz önünə sərdi. Müstəqillik mentaliteti və statusunu hər zaman qoruyan Ali Baş Komandan İlham Əliyevin dünyanın gözü qarşısında nümayiş etdirdiyi məğrur lider obrazı  isə onun məqsəd və mövqeyinə real-əməli mündəricə qazandıran əsas rəmzlərdən oldu. Bu Müzəffər Liderliyi türk tarixinə iz salmış, onun coğrafiyasından tutmuş mənəvi ərazilərin vəhdətinə qədər bütöv silsilə yaradan, hünər meydanında ad çıxaran, türk intibahının yaranmasında misilsiz rol oynayan fatehlərin milli taleyin iştirakındakı əvəzsiz xidmətləri ilə eyni müştərək müstəvidə kəsişdirmək olar.

Ən yeni Azərbaycanın modeli, onun modern fəlsəfəsinin idrakı addım-addım gedilən bu Zəfər yollarının üfüqündə idi. Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan indi Ali Baş Komandanın əzmi ilə özünü yenidən yaratmaqla, qurmaqla, dünyanın qlobal siyasət meydanında fundamental strateji mövqeyi ilə görünməklə yeniliklərə imza atmaqdadır. Bu yeniliklərlə həm də yeni milli-mənəvi arxitekturanın əsası qoyulur. 8 noyabr isə bütün hallarda ən yeni tariximizin başlanğıc məqamı, xalqın içindəki  susmayan nidanın, kükrəyən coşğunun ünvanı olaraq qalır və bu, hər zaman belə olaraq qalacaq:

Atıldı dağlardan zəfər topları,
Yürüdü iləri əsgər, bismillah!
O xan sarayında çiçəkli bir qız
Bəkliyor bizləri zəfər, bismillah!

Bu müqəddəs Zəfəri bizə qazandıran hekayə qəhrəmanlarına - müqəddəs şəhid ruhlarına və igid qazilərimizə isə bir ömür şükran borcumuz var!

Tarixi seçkinin qalibi: xalq "Qalib İlham Əliyev" deyir! - Turkustan.az

İlham Cəbrayılov - Dörd il öncə tarixi Zəfəri ilə dünyaya səs salan Azərbaycan bu gün yeni dövrə qədəm qoyub. Tarixi Zəfərimiz növbəti zəfərlərimizin əsası oldu. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın,  qayıdaq döyüş meydanına,  öz missiyamızı başa vurmalıyıq. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verirdi. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.

Təcavüzkar Ermənistan silahlı qüvvələri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. Hərbçilərimiz “Öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər. Ermənistan ordusu, eyni zamanda, mənəvi məğlubiyyətə uğradı.  Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Xətai rayonunda açıq səma altında yaradılan  Hərbi Qənimətlər Parkına gələn hər bir insan Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür. 5 hektar ərazini əhatə edən Parkda eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var.  Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Azərbaycanın davamlı uğurları tarixi Zəfərimizdə öz sözünü dedi. 30 il işğal altında olub mənfur düşmənin vəhşiliklərinə şahidlik edən, amma tarixi sahibinə qovuşacağına ümidini itirməyən torpaqlarımızın azadlığı hər birimizi qürurlandırır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri Ermənistana və ona dəstək verən dövlələrə tarix, hüquq və milli qürur dərsi oldu. Bu müsahibələr dövlət başçısı İlham Əliyevin   praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, dəyişməz mövqeyini əsaslı şəkildə diqqətə çatdıran, dövlət maraqlrımızı hər şeydən üstün tutan Lider olduğunu dünyaya bəyan etdi. Azərbaycanın döyüş meydanında qələbəsində informasiya cəbhəsində üstünlüyümüz əhəmiyyətli rol oynadı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulayasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Ağdam, Laçın, Kəlbəcər bir güllə atılmadan belə Azərbaycana qaytarıldı. Bu, Müzəffər Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi.

Prezident İlham Əliyev son dörd ildə Azərbaycanın dirçəliş modelini dünyaya təqdim edərək qurucu lider olduğunu təsdiqləyir.  Azərbaycanın yalnız öz gücünə, heç kimdən maliyyə yardımı almadan Qarabağı və Şərqi Zəngəzuru cənnət məkana şevirməsi, Böyük Qayıdış proqrmını uğurla icra etməsi dünənimizə baxış əsasında gələcəyə hesablanmış siyasətimizin təqdimatıdır.

Artıq dörd ildir bütün bayramlarımızı, o cümlədən Dövlət Bayrağı Gününü Zəfər ruhunda qeyd edirik.  Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuz, milli kimliyimiz, sabaha doğru inamlı addımlarımızın əsasıdır. Bayraq Günündə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə cəbhədən gələn qələbə müjdələrinin xalqımızda yaratdığı hissləri yada salmamaq mümkünsüzdür. Küçə və meydanlarımızı Azərbaycan Bayrağı bəzədi. Paytaxt və bölgələrimizdə yaşanan Zəfər sevincinə bayrağımız şahidlik etdi. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin çağırışlarının əsas tərkib hissələrindən biri bu idi ki, Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət, eyni zamanda, Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun.

Dövlət başçısı İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilib. Ölkəmizdə üçrəngli Bayrağımıza və ümumiyyətlə, dövlət rəmzlərimizə göstərilən bu münasibət milli həmrəyliyi, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyi, gənclərimizin  vətənpərvərlik ruhunda tərbiyə edilməsini, dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək istəyindən  irəli gəlir. Azərbaycan gəncləri Vətən, torpaq sevgisini, dövlət rəmzlərinə hörməti, yüksək dəyəri 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərlə təsdiqlədilər.

Politoloq: “Prezident İlham Əliyev qalib lider kimi adını dünya hərb  tarixinə qızıl hərflərlə yazdırıb” – Yeni Gün

Mehman Qəhrəmanov - İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın  sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin əsas prioriteti və strateji hədəfi olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, müstəqilliyimizin, suverenliyimizin qarantı olan Ordumuzun qüdrətinin, gücünün artırılması istiqamətində zəruri olan addımları atdı. Ordu quruculuğu dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edir. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi,  müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb.

Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Ölkəmizdə  son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

Təbii ki, ölkəmizin bütün sahələrdə inkişafında iqtisadi tərəqqi əsas rol oynayır. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi.

İqtisadi müstəqilliyin təmin edilməsi ölkəmizin siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı. Ölkəmizin xarici siyasət uğurları davamlılığı ilə diqqətdə oldu. Bütün bunlar öz növbəsində Qarabağ münaqişəsinin həllində möhkəm hüquqi baza yaratdı.

Artıq dörd  ildir tarixi Zəfərimizin sevincini yaşayırıq. 10 noyabr 2020-ci ildə üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsi, Ermənistanın kapitulyasiyası təsdiqləndi. Cənab İlham Əliyev həmin tarixdə xalqa müraciətində böyük qürur hissi ilə bildirdi: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.

Hazırkı dövrün əsas hədəflərindən biri də işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulmasıdır. Dörd ildir ölçüyəgəlməz dərəcədə görülən işlər ölkəmizin malik olduğu imkanları təqdim etməklə yanaşı, tarixi Zəfərimizin  reallıqlarının təqdimatı və qəbuludur. Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıtmalarından sevinclidirlər.

Qeyd etdiyimiz kimi, azad edilmiş bütün torpaqlarımızda dalğalanan Azərbaycan Bayrağı kimliyimizi dünyaya təqdim edir. 9 Noyabr-Dövlət Bayrağı Günündə Zəfərlərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən  böyük qürur hissi ilə bəhs edir, belə güclü, qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın vətəndaşı olmağımızla fəxr edirik. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Bu gün müasir müstəqil Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Daxili siyasətimizin davamı olan xarici siyasət uğurlarımız davamlılığı ilə diqqət çəkir. Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Ölkəmizin təmsil olunduğu beynəlxalq təşkilatlarla, onlara üzv dövlətlərlə əlaqələri yüksələn xətlə inkişaf edir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə iqtisadi möcüzələr, demokratik ölkə, iqtisadi, siyasi, humanitar mərkəz kimi tanınmasında, özünə layiqli yer tutmasında da bayrağımız şahidlik edir. Regional əməkdaşlıqdan beynəlxalq əməkdaşlığa doğru inamla irəliləyən Azərbaycan bu gün dünyanın enerji təhlükəsizliyinin təminatçısı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. İqtisadi imkanların artması hər sahədə uğurlu addımların atılmasına, insan amilinə dəyərdən qaynaqlanan işlərə böyük stimul verir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, neft kapitalı insan kapitalına çevrilib. Azərbaycanın hər bir uğurunun bələdçisi olan Dövlət Bayrağımız qürur mənbəyimizdir.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı  Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi təsis edildi. Müstəqil Azərbaycanın Dövlət Bayrağının rəsmiləşdirilməsinə gəldikdə 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdi.  Onu da qeyd edək ki,  “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Həmin Qanunla Azərbaycanın  Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr, Dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər, təsvirinin istifadəsi, həmçinin rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm mərasimlərində istifadəsi, digər bayraqlarla birgə qaldırılması  və ya yerləşdirilməsi, habelə Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağımız milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bayrağımıza hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.

Yolu qadağan olunmuş yerlərdən keçənlər SİMA ilə cərimələnir? - Açıqlama

Sosial şəbəkələrdə SİMA yeni nəsil rəqəmsal imzanın yolu qadağan olunmuş yerlərdən keçən piyadaların cərimələnməsi məqsədilə istifadə olunduğuna dair yanlış məlumatlar yayılıb.

Bu barədə “AzInTelecom” MMC-dən məlumat verilib. Yayılan məlumatlarla bağlı bildirilib ki, bu xəbərlər həqiqəti əks etdirmir və reallığa uyğun deyil.

"SİMA rəqəmsal imza sadəcə hüquqi və biznes proseslərində, istifadəçilərin elektron imza ehtiyaclarını qarşılayaraq onların rəqəmsal mühitdə şəxsiyyətlərini təsdiqləməsi üçün istifadə edilən rəqəmsal həlldir. SİMA rəqəmsal imzanın piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı hər hansı nəzarət və ya cərimələmə funksiyası yoxdur.

İctimaiyyətin düzgün məlumatlandırılması üçün yalnız rəsmi mənbələrdən əldə edilən informasiyalara istinad edilməsi tövsiyə olunur".

Azərbaycanın şanlı tarixi: Zəfər Günü

Eldar Nadir oğlu Abbasov - Heç şübhəsiz ki, 8 Noyabr Zəfər Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və dövlətimizin, millətimizin gücünü və iradəsini dünyaya sübut etdi. Bu gün 2020-ci ildə Vətən müharibəsində Ermənistanın işğalçı qüvvələrinə qarşı qazandığımız qələbəni qeyd edirik. Azərbaycan dövləti siyasi, hərbi, hüquqi və s. müstəvilərdə 30 ilə yaxın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını geri qaytarmaq üçün yorulmadan mübarizə apardı və bu mübarizənin ən böyük nəticəsi 44 günlük Vətən müharibəsində əldə olundu.

Beynəlxalq aləm tərəfindən Qarabağ Azərbaycanın tarixi və mədəni irsinin ayrılmaz parçası kimi tanınsa da, müxtəlif dövlətlərin ikili standarları səbəbindən uzun illər davam edən işğal, yalnız ərazilərin yox, həm də mədəniyyətimizin, abidələrimizin, təbii sərvətlərimizin itirilməsi ilə nəticələndi. Lakin 2020-ci ildə, obrazlı şəkildə desək, başlanan ədalət savaşı bu ədalətsizliyə son qoydu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatına başladı və bir-birinin ardınca işğal olunmuş torpaqlarını azad etdi. Bu zəfərin əsas nöqtəsi isə Şuşa şəhərinin işğaldan azad olunması oldu. Şuşanın azad edilməsi ilə Ermənistan hərbi və psixoloji olaraq məğlubiyyətini qəbul etmək məcburiyyətində qaldı və 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanatı imzalamalı oldu.

19 sentyabr 2023-cü ildə isə şanlı ordumuz Azərbaycanın digər işğalda qalan ərazilərini cəmi birgünlük antiterror əməliyyatından sonra geri qaytardı və ölkəmizin suverenliyi tam bərpa olundu.

İndi Qarabağ və Şərqi Zəngəzurda tamamilə yeni bir dövr başlayıb. Bu torpaqların azad edilməsindən sonra bu ərazilərdə genişmiqyaslı quruculuq işlərinə start verilib. Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ cənnətə çevrilir. Bu istiqamətdə yollar, hava limanları, məktəblər, xəstəxanalar, sənaye obyektləri tikilir və region iqtisadi cəhətdən yenidən dirçəlir. Ən önəmli məsələlərdən biri də məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtmasıdır. Onlar illərlə doğma torpaqlarına qayıtmağı arzulayıblar və indi yuxu kimi gələn bu xəyallar reallığa çevrilir.
Azərbaycan dövlətinin məqsədi Qarabağı və Şərqi Zəngəzuru güclü iqtisadi və sosial regionlara çevirməkdir. Tikinti və bərpa işləri təkcə şəhərlərlə məhdudlaşmır, kəndlər də yenidən qurulur. Bununla yanaşı, ərazilərin minalardan təmizlənməsi prosesinə də xüsusi diqqət yetirilir. Məcburi köçkünlər isə böyük sevinclə öz yurdlarına qayıdırlar, çünki onlar üçün Qarabağ sadəcə bir torpaq parçası deyil, müqəddəs məkandır.

8 Noyabr Zəfər Günü, təkcə hərbi qələbənin deyil, həm də Azərbaycanın birliyinin, həmrəyliyinin və millət olaraq əzmkar duruşunun ifadəsidir. Bu zəfər Azərbaycanın regionda gücünü bir daha təsdiqlədi və beynəlxalq arenada mövqeyini gücləndirdi. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bu ərazilər yenidən çiçəklənəcək və Azərbaycan xalqının qürur mənbəyi olmağa davam edəcək.

Qarabağ Azərbaycandır!

Zamiq Həsənov: “Ali Baş Komandanın “Dəmir yumruğu” bütün erməni miflərini darmadağın etdi”

 

Gülağa Əliyev - “Azərbaycan xalqının sülsevər və səbirli xalq olduğunu 20% torpaqlarımızın 30 ilə yaxın işğal altında qaldığı dövrdə bütün dünya gördü. Bütün bu illər ərzində beynəlxalq vasitəçilər, münaqişənin həlli yollarının tapılması üçün səlahiyyətləndirilmiş bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, “Dağlıq Qarabağ” münaqişəsinin hərbi yolla həlli yoxdur. Lakin Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik. Əslində məsələnin sülh yolu ilə həllinə nail olmaq elə də çətin deyildi. Bunun üçün sadəcəolaraq Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərindən çıxmağa məcbur etmək lazım idi. Lakin beynəlxalq təşkilatlar bu məsələdə qərəzli mövqedən çıxış edərək Azərbaycanın işğal faktı ilə barışmasına nail olmaq istəyirdilər. Buna görə də 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu növbəti erməni təxribatına cavab olaraq hərbi əməliyyatlara başladı və bununla da özünün tarixi Zəfər yoluna qədəm qoydu. Ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində quraraq hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Qısa müddət ərzində əldə olunmuş tarixi Qələbə möhtərəm Prezidentimizin güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin, ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Savaş meydanında əldə olunmuş qələbədən sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi. Bu gün artıq qalib Azərbaycan var, işğaldan azad edilmiş torpaqlarımız var, yox olan isə qondarma “Dağlıq Qarabağ” adında ərazi vahidi və onun ətrafında süni şəkildə yaradılmış münaqişədir.”

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman deyirdi ki, Azərbaycanın qüdrətli ordusu var və bu ordu torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. Əlbəttə ki, dövlət başçımızın bu əminliyi onun özünün uzun illər boyunca həyata keçirdiyi möhtəşəm hazırlıq işlərinin nəticələrinə əsaslanırdı. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, 2003-cü ildən Vətən müharibəsinə başlandığı günə qədər keçən dövr ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə bir hazırlıq dövrü olub. Ölkə Prezidenti cənab İlham Əliyev 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Həmin illər ərzində dövlətimizin başçısı səbr və əzmkarlıqla, müdrikcəsinə Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürüdüb, zəruri addımlar atıb. Bütün bu tədbirlər öz nəticəsini verdi. Azərbaycan güclü iqtisadiyyata və qüdrətli orduya sahib olan dövlətə çevrildi. Əlbəttə ki, Ermənistanın bizim qarşımızda heç bir şansı yox idi. Bu ölkə üçün ən əlverişli variant Azərbaycan Prezidentinin tövsiyyələrini eşidib öz işğalçı qüvvələrini ərazilərimizdən çıxarmaq idi. Lakin xarici havadarlarına güvənən Ermənistan bunu etmədi və sonda rüsvayçı məğlubiyyətin acısını çəkməli oldu. Qeyd etmək lazımdır ki, Vətən müharibəsinin gedişində ordumuz bir çox əhəmiyyətli qələbələr qazansa da məhz Şuşanın işğaldan azad olunması hərbi əməliyyatların başa çatmasını şərtləndirən əsas zərbə rolunu oynadı. Bu zərbədən dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəkliklə ildırım sürətilə azad olundu. Bundan cəmi bir gün sonra isə Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Noyabr ayının 10-na keçən gecə imzalanmış Üçtərəfli Bəyanata həmin an hələ də işğal altında olan Ağdam, Laçın və Kəlbəcər rayonları qan tökülmədən özümüzə qaytarıldı.”

 “Heç şübhəsiz Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri də bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, milli həmrəyliyimiz, xalqın öz Prezidentinə olan sonsuz inamı və bu zəmində müharibənin ilk günlərindən müşahidə etdiyimiz böyük ruh yüksəkliyi oldu. Əlbəttə ki, müharibənin ilk günündə 50 siyasi partiyanın Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşib, birgə dəstək bəyanatı imzalamaları möhtəşəm siyasi həmrəylik nümayişi idi. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu addım milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin əsil təcəssümü idi. Müharibədən əvvəlki dövrə təsadüf edən son bir neçə ay ərzində siyasi dialoqun bərqərar olunması, etibarlı münasibətlərin formalaşması və siyasi partiyaların fəaliyyətinə dövlət tərəfindən göstərilən dəstək məhz bu şəkildə öz nəticələrini göstərdi. Ali Baş Komandanın öz xalqına güvənərək yaratdığı “Dəmir yumruq” erməni faşizminin belini qırdı, bütün erməni miflərini darmadağın etdi”.

Şahin müəllim: Tarixi Zəfər işğala son qoydu

 

Məhəmməd Musayev - “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Şuşanın işğaldan azad olunmasının strateji əhəmiyyəti isə olduqca böyük idi. Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll etdi. Rəsmi İrəvanın kapitulyasiyasının təcəssümü olan üçtərəfli bəyanat tarixi qələbənin sanki sənədi, təsdiqi idi və taninması idi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi; “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.” Qürur verən həm də odur ki, müharibə zamanı Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Hələ İkinci Qarabağ müharibəsindən əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə deyirdi ki, Azərbaycanda ikinci erməni dövləti yaranmayacaq. Bu qətiyyət Ermənistanı niyyətindən daşındırmalı idi. Lakin Ermənistan sülh danışıqlarından yayınır, işğalın müddətini uzatmaq, regionda mövcud status-kvonu saxlamaq istəyirdi. Ermənistan yeni ərazilər işğal etmək üçün dövlət sərhədlərindən də, işğal etdiyi ərazilərdən də Azərbaycanın ərazilərinə hücumlar edirdi, müxtəlif miqyaslı təxribatlar törədirdi. Azərbaycan Ordusunun hissələri bu hücumların, bu təxribatların qarşısını qətiyyətlə alırdı. Ermənistan işğal etdiyi ərazilərdə müxtəlif səviyyəli mühəndis-istehkam sədləri yaratmışdı. "Ohanyan səddi" adlandırdığı bu sədləri daha da möhkəmləndirirdi, təkmilləşdirirdi. İkinci Qarabağ müharibəsi başlayanda Azərbaycan Ordusu bu sədləri darmadağın elədi, döyüşə-döyüşə mövqe qələbələri qazandı, kəndləri, şəhərləri işğaldan azad etdi. Noyabrın 8-də Şuşa işğaldan azad olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən il noyabrın 8-də Xankəndidə keçirilən Hərbi Paradda dedi: "...çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər". Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsində Böyük Qələbənin ərəfəsi oldu, noyabrın 10-da Rusiyanın fəal vasitəçiliyi ilə üçtərəfli Bəyanat imzalandı, tarixi Zəfər işğalı son qoydu.

Xəbər lenti