![]() |
|
Araz Bəndəliyev - “Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatı olan tarixi Zəfərimizin dörd ili tamam olur. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Bu Zəfər bizimlə əbədi yaşayacaq” çağırışı Qələbəmizə gedən yolun və bundan sonrakı mərhələnin ümumiləşdirilmiş ifadəsidir. Böyük səylərin, qətiyyətin nəticəsi olan uğurlarımız hər zaman keçilən yola nəzər salmağı bir zərurət kimi qarşıya qoyur. Hesabat xarakteri daşıyan bayramlarımızda, tarixi günlərdə Azərbaycanın sadalamaqla bitməyən uğurlarından bəhs etdikcə qürurlanır, hər günün tariximizə bir uğur səhifəsi kimi yazıldığının şahidinə çevrilirik. Bu gün Azərbaycanın bayramları sırasında Zəfər və Dövlət Suverenliyi Günü də var. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində tarixi Zəfərə imza atdıq, suverenliyimizi tam bərpa etdik. Təqvimizdə bu bayram və Zəfər günləri ilə yanaşı, kədərli 27 Sentyabr-Anım Günü də var. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixi Anım Günü, Qələbəmizin əbədiləşdirilməsi məqsədilə Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi tarix-8 Noyabr Zəfər Günü kimi təsis edildi. Bu tarix, eyni zamanda, Şuşa Şəhəri Günüdür. Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı tariximizin Zəfər səhifələrini vərəqləmək və gələcək nəsillərə çatdırmaq üçün hər birimizə çağırışdır”.
Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Qələbəmizə qədər Azərbaycan hər bir sahədə böyük inkişaf yolu keçdi, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı: “Bu Zəfər birliyimizin, həmrəyliyimizin təqdimatında öz sözünü dedi. Bu məqamı xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra belə bir çağırışı etdi ki, müstəqilliyimizi və suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmək tələb olunur. Dünya azərbaycanlılarının birliyinin təmin edilməsi, diaspor quruculuğu dövlət siyasətimizin əsasına çevrildi. Son 21 ildə Prezident İlham Əliyev bu istiqamətdə də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirir. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzün, həm də birliyimizin təqdimatı oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir”.
Xalqımıza Qələbəni bəxş edən müzəffər Ordumuzla fəxr edirik: “Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirmək gücünə, qüdrətinə malikdir: “Tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı Ordumuzun malik olduğu imkanların təqdimatı oldu. Bunların ardınca 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz, ötən ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi Azərbaycan Ordusunun dünyanın ən güclü ordusu olduğunu təsdiqlədi. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir, maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir. Silahlı Qüvvələrimizin müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması, bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə baxmayaraq Ordumuzun daha da gücləndirilməsi yeni dövrün Azərbaycanının əsas hədəfləri sırasındadır”.
“Tarixi Zəfərimizdən ötən dörd ilin uğurlarının miqyası ölçüyəgəlməzdir. Əsas hədəflərdən biri azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Son dörd il bu istiqamətdə qürurverici addımlarla tariximizə yazıldı. Hazırda Füzuli, Laçın, Şuşa, Xocalı, Cəbrayıl şəhərləri, Ağalı, Talış, Sus və Zabux kəndləri sakinlərinə qovuşub. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından 6 gün sonra 16 noyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri ilə başlayan bərpa-quruculuq işlərinin miqyası bu gün olduqca genişdir. Azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulur, mərhələ-mərhələ sakinlərinə qovuşurlar. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumilikdə regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Bugünümüzün reallıqları Heydər Əliyev siyasətinin təntənəsidir. 1993-cü ildən başlanan inkişafın və quruculuq işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bütün addımları və uğurları təhlil etsək görərik ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi”
8-13 noyabr tarixlərində məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərməyəcək.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri İlahə Rəsulova deyib.
O bildirib ki, bağçalar fəaliyyətini 14 noyabrdan davam etdirəcək.
Qeyd edək ki, bu ay Azərbaycanda ardıcıl 6 qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib. 8 noyabr Zəfər günü qeyri-iş günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq gələn həftənin bazar ertəsi - 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün - 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olacaq.
Dönərlərlə bağlı yeni qaydalar təsdiqlənib.
Belə ki, çiy dönərin emalı üçün istifadə edilən ət yalnız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən alınmalıdır.
Bəs görəsən, yeni qaydalardan sonra dönərlərin qiymətində hansısa dəyişiklik olacaq?
Dönərçilərin sözlərinə görə, qiymət artımı hələ ki yoxdur.
"Yeni qaydalarla tanış olmuşuq, əslində, yaxşı oldu. Bizdə hər şey qanun çərçivəsindədir. Başqa ərazilərdə qiymətlər qalxsa, bizdə də qiymət artımı olacaq", - deyə dönərçilərdən biri bildirib.
Qida Təhlükəsizliyi Agentliyindən qeyd edilib ki, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin aparılması üçün lazım olan avadanlıq və inventarla təchiz edilmiş bölmələrində həyata keçirilməlidir:
"Çiy dönərin emalı üçün istifadə edilən ət yalnız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalı və baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiqləyən sənəd (ekspertiza aktı) ilə müşayiət edilməlidir. Çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud hazırlanmasında 3 saatdan artıq fasilə yarandıqda ətlə təmasda olan bütün avadanlıq ikigözlü vannalarda müvafiq ardıcıllıqla yuyulub təmizlənməlidir".
Ətraflı Baku TV-nin süjetində:
“İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi Qələbəmizin əbədiləşdirməsi istiqamətində atılan mühüm addımlardan biridir. Bu məqsədlə Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 31 iyul 2023-cü il tarixində müvafiq Sərəncam imzalanmışdır. Həmin Sərəncama əsasən hər il noyabr ayının 8-i ölkəmizdə Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur”.
Bu sözləri 8 Noyabr – Şuşa şəhəri Günü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, məhz həmin tarixdə, 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. “Qəhrəman əsgər və zabitlərimiz indiyədək dünya hərb tarixində misli görünməmiş mürəkkəb taktiki əməliyyat keçirərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardılar. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Qəhrəman döyüşçülərimiz müstəsna çətinlikdə döyüş tapşırığını şərəflə icra etdilər. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində məhz Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.”
K.Qafarov keçən il Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ilə nəticələnən antiterror əməliyyatının da Şuşa Zəfərinin məntiqi davamı olduğunu qeyd edib: “Ölkə Prezidenti İlham Əliyev tərəfindən 2003-2020-ci illərdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi tarixi Qələbəmizə addım-addım yaxınlaşdırdı. Möhtərəm dövlət başçımız Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Dörd il bundan öncə bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi ilə kifayətlənəcək. Lakin hadisələrin sonrakı gedişi bu düşüncələrin yanlış olduğunu göstərdi. 2023-cü ilin sentyabrın 19-20-də Zəfər yürüşünün davamı olan antiterror əməliyyatı uğurla nəticələndi. Cəmi 23 saat davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini və Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən dörd il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu, dövlət suverenliyimiz tam bərpa olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə müqəddəs Dövlət Bayrağımızı ucaltmaqla xalqımıza növbəti dəfə tükənməz sevinc və qürur hissi yaşatdı.”
K.Qafarov Şuşa şəhərinin yenidən qurulması barədə danışarkən deyib: “Ölkə Prezidenti cənab İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xalqa etdiyi müraciətində dediyi kimi, biz 28 illik ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən dörd ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Prezident İlham Əliyevin 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir” .
Bakı Şəhər DYP İdarəsinin sürücülərə müraciət edib.
Yol-xeber.az xəbər verir ki, müraciətdə deyilir:
"8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq bu gün saat 00:00-dan etibarən Neftçilər, eləcə də 8 Noyabr prospektindən Ağ Şəhər Bulvarı istiqamətinə gedən yollarda tədbir bitənədək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması "Zəfər" abidəsini ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Sürücülərdən qeyd edilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətləri nəzərə almaları xahiş olunur".
"Hər ilin yanvar ayında əmək pensiyaları əvvəlki ildə orta aylıq nominal əmək haqqındakı artım faizinə uyğun olaraq indeksləşdirilib, yəni artırılıb. 2025-ci ilin yanvarında bütün növ əmək pensiyalarının artırılması nəzərdə tutulub".
Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi tərəfindən son 9 ayda ölkə üzrə orta aylıq əmək haqqındakı artım faizi elan edilib. Komitənin məlumatına əsasən, bu müddətdə orta aylıq əmək haqqı 8 faiz artaraq 997 manat olub:
"Nəzərə alsaq ki, ilin sonuna doğru artım faizinin dəyişməsi mümkündür, çünki əvvəlki aylarda da biz artım faizinin dəyişməsini müşahidə etmişik. Hələlik artım faizi 8 faizdir. Amma pensiyalar 2024-cü ildəki artım faizinə uyğun olaraq indeksləşdiriləcək. Bu ondan xəbər verir ki, əmək pensiyalardakı artım faizi ilin sonuna doğru daha da dəqiqləşəcək və konkretləşəcək. Bütün hallarda 2024-cü ilin yekunlarına uyğun olaraq 2025-ci ildə əmək haqqı artımlarına uyğun olaraq pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək
Növbəti aylarda əgər hər hansı bir sektorda maaşların dəyişməsi ilə bağlı qərar olarsa, orta aylıq əmək haqqı faizinə təsir göstərəcək. Amma bütün hallarda orta aylıq əmək haqqı faizi üzrə rəqəmlər ilin sonuna doğru dəqiqləşir, daha sonra isə 2025-ci ilin əvvəlində Dövlət Statistika Komitəsi tərəfindən illik rəsmi artım faizi elan olunur.
İndeksləşdirmə bütün növ əmək pensiyalarını əhatə edəcək. Bura yaşa görə əmək pensiyası alan vətəndaşlarımız, valideyn itirilməsinə görə əmək pensiyası alanlar və eyni zamanda, əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiyaları aiddir. Hər üç qrup üzrə əmək pensiyalarının indeksləşdirilib artırılması həyata keçiriləcək".
Onların adları, fotoları, doğulduqları yerlər açıqlanandan bəri bölgələrimizə də baxış dəyişib. Artıq rayonlar adlarının meyvələrlə, yeməklərlə, dağlarla, göllərlə qiyaslanmasını lazım saymır. Yeni Azərbaycanı görmək üçün kəndlərin, şəhərlərin girişindəki şəhid lövhələrinə baxmaq kifayətdir. Həmin lövhələr həm də ölkəmizin yeni şəxsiyyət vəsiqələridir...
“Qafqazinfo”nun 8 Noyabr - Zəfər Günü ilə bağlı hazırladığı sənədli filmin adı da məhz belədir: “Azərbaycanın yeni şəxsiyyət vəsiqələri”
Filmdə görüntülər bir qız uşağının gözü ilə təsvir edilir. Bakıdan yola çıxan azyaşlı bölgələrimizdəki şəhid lövhələrinin qarşısına qərənfil düzür, qələbədən sonrakı yeni Azərbaycan reallıqları ilə qarşılaşır.
“Azərbaycanın yeni şəxsiyyət vəsiqələri”nin çəkilişləri 20-dən çox rayonda aparılıb, film müasir texniki avadanlıqlarla ərsəyə gəlib.
Videonu instaqram, teleqram və feysbuk kanallarımızdan da izləyə bilərsiniz.
Bu gün səhər saatlarında Ziya Bünyadov prospektində baş verən qəza zamanı yol təsərrüfatına ziyan dəyib.
Yol-xeber.az" xəbər verir ki, Belə ki, yük maşını sözügedən prospektlə hərəkətdə olarkən avtomobil tunelinin kənarına çırpılıb.
Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq aidiyyəti qurum əməkdaşları ilə birlikdə yolun sözügedən hissəsində əlavə təhlükəsizlik tədbirləri görülüb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
Qəza nəticəsində tunelin giriş hissəsində olan məhəccərlər, tökmə tumbalar və divarın bir hissəsi dağılıb.
Yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.
Artıq istilik sistemlərinin verilməsinə az zaman qalıb.
Bəs bu il vətəndaşlar istilik sistemindən problemsiz istifadə edə biləcəklər?
Mövzu ilə bağlı Milli.Az-a "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən respublikanın dağ rayonlarında 1 noyabr tarixindən etibarən istilik verilişinə başlanılıb.
O qeyd edib ki, cəmiyyətin xidmət zonasına daxil olan 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi vasitləsi ilə 34 yaşayış binası, 16 orta məktəb, 3 uşaq bağçası, 2 səhiyyə müəssisəsi, 18 sosial və təsərrüfat hesablı obyektlər istiliklə təchiz olunacaq və mövsüm növbəti ilin may ayının 1-nə qədər davam edəcək.
Respublikaının digər ərazilərində, o cümlədən Bakı şəhərində isə payız-qış mövsümü cari ilin noyabr ayının 15-dən başlayaraq növbəti ilin aprel ayının 15-nə qədər davam edəcəkdir:
"Cari mövsümdə "Azəristiliktəchizat" ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında balansında olan 553 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3278 yaşayış binasının, 184,500 minə yaxın mənzilin, 286 orta məktəbin, 158 uşaq bağçasının, 150 səhiyyə müəssisəsinin, 2600-a yaxın sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur".
Abonentlərin hansı halda istilik təminatı dayandırıla bilər?
"Yalnız binanın daha çox sakini istilik borcunu uzun müddət ərzində ödəməyib və ya ödəməkdən yayınırsa, bu halda bir neçə ünvanda maarifləndirici xəbərdarlıq edilir. Bu xəbərdarlıqla sakinlərə bildirilir ki, istilik borcu və xidmət haqqı ödənilməlidir, əks halda istilik təminatı olmaya bilər".