![]() |
|
İranda Prezident İbrahim Rəisinin vəfatı ilə əlaqədar milli matəm elan edilib.
Bu barədə İran KİV-i məlumat yayıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.
İranın vitse-prezidenti Möhsün Mənsuri Prezident İbrahim Rəisi və helikopterdə onunla olan nümayəndə heyətinin helikopter qəzasında həlak olması xəbərini artıq təsdiqləyib.
Son məlumata əsasən, İran prezidentinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədləri Təbrizə göndərilib.
Məlumat üçün bildirək ki, qəza zamanı helikopterdə İranın dörd yüksəkrütbəli dövlət rəsmisi olub.
Bunlar İranın Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rəhməti və Təbrizin imam cüməsi Məhəmmədəli Al-Haşimdir.
Helikopterdə həlak olan rəsmilər İran siyasətində təcrübəli dövlət xadimləri kimi tanınırlar.
İbrahim Rəisi
Seyid İbrahim Rəisi 1960-cı ildə İranın Məşhəd şəhərində doğulub. Hüquq təhsili olan Rəisi bir müddət Tehranın baş prokuroru olaraq çalışıb. 2014-15-ci illərdə isə ölkənin baş prokuroru postunu tutub. 18 iyun 2021-ci ildə keçirilən 13-cü prezident seçkisinin rəsmi nəticələrinə görə, mühafizəkar namizəd Rəisi 17 milyon 900 min səs qazanaraq seçkidə qələbə qazanıb və İran İslam Respublikasının 8-ci prezidenti seçilib.
Hüseyn Əmir-Abdullahian
İranın xarici işlər naziri olmuş Hüseyn Əmir-Abdullahian 1964-cü ildə İranın Damğan şəhərində anadan olub. O, Tehran Universitetində Beynəlxalq Münasibətlər üzrə fəlsəfə doktoru dərəcəsini yiyələnib. Ərəb və ingilis dilində sərbəst danışıb. H.Əmir-Abdullahianın 20 ilə yaxın diplomatik təcrübəsi olub. O, əsasən, İranın Körfəz ölkələrində yerləşən səfirliklərində çalışıb. İrandakı mühafizəkar qanadı təmsil edən Abdullahian 2020-ci ildə Bağdadda öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi təyinatlı qüvvələrinin rəhbəri general Qasım Süleymaniyə ən yaxın şəxslərdən biri olub. Hüseyn Əmir-Abdullahian 2021-ci ildə İranın xarici işlər naziri təyin edilmişdi.
Malik Rəhməti
Şərqi Azərbaycan əyalətinin qubernatoru vəzifəsində çalışmış Malik Rəhməti 1982-ci ildə doğulub. M.Rəhməti Tehran Xarəzmi Universitetində hüquq üzrə doktorluq dərəcəsini alıb. Bir müddət özəl hüquq fəaliyyəti ilə məşğul olub. Daha sonra İranın iqtisadi işlər və maliyyə nazirliklərində müxtəlif postlarda çalışıb. İbrahim Rəisinin prezident seçilməsindən sonra isə 13-cü hökumətdə Şərqi Azərbaycanın qubernatoru vəzifəsinə təyin edilib.
Məhəmmədəli Al-Haşim
Təbrizin imam cüməsi Məhəmmədəli Al-Haşim 1962-ci ildə Təbriz şəhərində ruhani ailəsində doğulub. İlkin dini biliklərə Təbrizdə yiyələnən Məhəmmədəli Al-Haşim alimlik dərəcəsini İranın Qum şəhərində alıb. Məhəmmədəli Al-Haşim İranın ali dini rəhbəri ayətulla Seyid Əli Xameneiyə yaxınlığı ilə seçilib. O, Təbrizin imam cüməsi olmamışdan əvvəl 2008-16-cı illərdə İranda "Ordunun Siyasi İdeoloji Təşkilatı"nın rəhbəri vəzifəsində çalışıb.
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel İrana başsağlığı verib.
Bu barədə o, "X"də yazıb.
Xəbər verdiyimiz kimi, İran hökuməti ölkə Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı fövqəladə iclas keçirir.
“Mehr” agentliyi iclas zalından görüntü yayımlayıb.
Sözügedən görüntüdə isə İbrahim Rəisinin adətən iclas zamanı arxasında əyləşdiyi masa və İran liderinin fotosu yer alıb.
Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisinin də içərisində olduğu helikopter qəzaya uğrayıb. “Mehr” agentliyi İran lideri və helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətinin qəza nəticəsində həlak olduqlarını yazıb.
“Tasnim” agentliyinin məlumatına görə, qəza nəticəsində həlak olanların şəxsiyyətinin müəyyən edilməsi prosesinə başlanılıb.
Bildirilir ki, proses qəza yerində həyata keçirilir.
***
İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd “Əl-Cəzirə” telekanalına açıqlamasında bildirib ki, İranda xilasedicilər helikopter qəzasında həlak olan bütün şəxslərin cəsədlərini aşkar edib.
Onun sözlərinə görə, cəsədlərin axtarışı başa çatıb: “Həlak olanların cəsədləri qəza yerindən Təbriz şəhərinə göndərilib”.
Rəisi İranın siyasi elitasının çox spesifik hissəsinə aid olub və son bir neçə ildə siyasi təbəqədən olan digər şəxslər ona yaxın olan şəxslərin ambisiyalarından narahat olublar.
Bu barədə jurnalist Araş Əzizi "The Atlantic" üçün "İbrahim Rəisinin ölümü kimə xeyir verəcək?" başlıqlı yazısında qeyd edib.
O bildirib ki, İranın şimal-şərqindəki müqəddəs Məşhəd şəhərindən olan Rəisi əvvəllər bu şəhərdəki ziyarətgahın mühafizəçisi olub, bu da özlüyündə iqtisadi imperiyadır.
"Məşhəddə Cümə namazı imamının, sosial mühafizəkar olan qızı ilə evlidir (evli olub). Rəisinin həyat yoldaşı Cəmilə Alamolhoda qeyri-adi ictimai rola malikdir və bu, bəzi mühafizəkarları Xameneinin ölümündən sonra “Məşhəd qruplaşması”nın rejimin zirvəsinə qalxa biləcəyindən narahat edir", - məqalədə deyilir.
Müəllif yazır ki, Rəisinin açıq-aşkar passivliyi, onun zəif prezidentliyini parlament spikeri Məhəmməd Beyker Qalibaf kimi daha köklü mühafizəkarların hesabına öz siyasi statuslarını yüksəltmək üçün bir fürsət kimi görən xüsusilə qızğın sərt xətt tərəfdarları arasında rəqiblərin meydana çıxmasına da kömək etdi.
"Bütün bu səbəblərə görə Rəisinin ölümü İslam Respublikası daxilindəki qruplaşmalar arasında qüvvələr nisbətini dəyişəcək. İran konstitusiyasına görə, onun vitse-prezidenti Məhəmməd Mohber prezident vəzifəsini tutacaq və Mohber, Qalibaf və ədliyyə sisteminin rəhbəri Qulam Hossein Mohseni Eceidən ibarət şura 50 gün ərzində yeni seçkilər təşkil etməli olacaq.
Mən Qalibafa yaxın bir məmurdan qəzanın siyasi nəticələrini soruşduqda o, dərhal cavab verdi: “Doktor Qalibaf yeni prezident olacaq”, - o bildirib.
İran Prezidenti İbrahim Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb.
"Tasnim" xəbər verir ki, İranın şimal-qərbində qəzaya uğrayan İran prezidenti İbrahim Rəisi və İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter Amerikan istehsalı olan "Bell 212"dir.
"Bell 212" helikopteri 14 nəfər sərinişin daşıya bilən və 190 km/saat sürətə malik idi.
Aviasiya Təhlükəsizliyi Şəbəkəsi İran prezidentinin qəzaya uğrayan helikopterinin Amerika istehsalı "Bell 412" olduğunu təsdiqləyib. İranın birinci şəxsinin 50 il bundan öncə, İran şahı Rza Pəhləvi dövründə alınan helikopterdən istifadəsi ağlasığmazdır.
"Bunu İKT üzrə ekspert Osman Gündüz deyib. O bildirib ki, bu helikopterin ən qədim versiyası elə 1979-da hazırlanıb:
"Güman ki, İran da elə o zamanlar bunu alıb. ABŞ sanksiyaları səbəbindən İran bu helikopterləri, öz daxili resursları hesabına təmir edib istifadəyə yararlı vəziyyətə gətirirmiş".
Ekspert deyir ki, İran prezidentinin əvvəllər daxili səfərlər üçün Rusiya istehsalı olan Mi-171 helokopterindən istifadə etməsi haqqında da xeyli məlumatlar açıqlanıb. Məhz bu səbəbdən əvvəlcə qəzanın bu helikopterlə olması məlumatları yayılmışdı.
"Xatırladıram ki, Azərbaycanın Hərbi Hava Quvvələri də ən müasir "Bell 412" helikopterlərinə malikdir və hərbi paradlarda nümayiş olunub. O zaman Azərbaycan bu helikopterləri alanda düşmənlərimiz xeyli hay-küy salmışdılar. "Bəlkə də, İran prezidenti Azərbaycanın da bu helikopterə sahib olmasını nəzərə alaraq "Mi-171"ə deyil, köhnə model "Bell 412"ə üstünlük verib", - deyə O. Gündüz əlavə edib.
İran hökuməti prezident İbrahim Rəisinin vəfatından sonra təcili iclas keçirəcək.
Bu barədə İRNA agentliyi məlumat yayıb .
Görüşün dəqiq vaxtı barədə məlumat verilmir.
Onu da qeyd edək ki, Tehran Birjası Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb. Bu barədə birjanın Direktorlar Şurası məlumat yayıb.
Niger Respublikası Prezidentinin Ofisi ölkənin və ABŞ-nin Müdafiə nazirlikləri nümayəndələrinin birgə komissiyası çərçivəsində Amerika qüvvələrinin bu il sentyabrın 15-dək Nigerdən çıxarılması barədə razılığa gəldiklərini açıqlayıb.
Bu barədə xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, tərəflər 15 sentyabr 2024-cü ildən gec olmayaraq başa çatacaq ABŞ qoşunlarının çıxarılması qaydası barədə razılığa gəliblər.
"Bu hərbi müzakirələr tam şəffaflıq və tərəflərin qarşılıqlı hörməti ilə baş verib", - Niameydə yayımlanan kommünikedə bildirilir.
Bildirilir ki, hər iki tərəf Amerika qüvvələrinin çıxarılması prosesində qorunması və təhlükəsizliyinin təminatlarını təsdiqləyib. ABŞ hərbi təyyarələrinin uçuşları və enişləri də daxil olmaqla Amerika hərbçilərinin hərəkətini asanlaşdıran prosedurlar da razılaşdırılıb.
Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı davam etdirəcək, Amerika qoşunlarının çıxarılması isə Niger və ABŞ-nin inkişaf sahəsində əməkdaşlığına xələl gətirməyəcək.(Report)