![]() |
|
"Bu əgər təbii olaraq baş vermiş bir qəzadırsa, pilot xətasıdırsa, İran Prezidenti, dini liderdən sonra gələn 2 nömrəli şəxsin xarici işlər nazirini də yanında apararaq 1979-cu ilin helikopterinə mindirilməsi, içərisində qara qutunun olub-olmaması bəlli olmayan, uça bilməyəcək vəziyyətdə olduğunu anladığımız əlverişsiz və dumanlı hava şəraitində bu helikopetrin havalana biləcəyini kim deyib?"
Bunu türkiyəli siyasət elmləri doktoru Furkan Kaya deyib. O, İran Prezidenti İbrahim Rəisi və bərabərindəki nümayəndə heyətinin 90% ehtimalla sui-qəsdə qurban getdiyini söyləyib:
"Əslində, Rəisini ölümə aparan şərtlər daha əvvəldən hazılanmış kimi görünür. Bu bir sui-qəsddirmi? Bəli, mən 90% belə deyərdim. Srağagün çox vacib bir gün idi. Rəisi Azərbaycan Prezidenti ilə bir araya gəlmiş, açılışda iştirak etmişdi. Açılışda dünyaya çox önəmli mesajlar verildi. Rəisi dedi ki, bu görüşün kimləri narahat etdiyini bilirik, amma onlar narahat etməyə davam edəcəklər. Bu, əslində, Rəisinin uzun zamandan bəri qara qüvvələr tərəfindən təhdid edildiyini ortaya qoyur. Burada kəşfiyyat fəaliyyəti olduğunu düşünürəm".
Mütəxəssis əlavə edib ki, İ.Rəisi daha əvvəl də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsin deyə təhdid olunub:
"Xatırlayırsınızsa, Rəisinin Ankara səfəri planlaşdırılırdı, Prezident R.T.Ərdoğanla görüşəcəkdi. Həmin səfər ərəfəsində Qasım Süleymaninin məzarında partlayış oldu, insanlar həlak oldu . O zaman da düşünürdüm ki, Rəisiyə kimlərsə "məktub" verdi və dedi ki, Ərdoğanla görüşmə. Amma Rəisi məktubu oxudu, bir kənara atdı və Ankaraya gəldi.
İkinci həmlə isə son baş verənlər idi".
F.Kaya hesab edir ki, İran Prezidenti geopolitik və strateji meydan oxumanın bədəlini canı ilə ödəyib:
"Bir tərəfdən Hindistan İran üzərindən Ermənistana silah yardım etməyə çalışır, bir tərəfdən Fransa kəşfiyyat vasitəsilə Cənubi Qafqaza, Ermənistana girib yenidən müharibə vəziyyəti yaratmağa çalışır, ABŞ da kəşfiyyat yolu ilə Cənubi Qafqaza nüfuz etməyə çalışarkən biz deyirik ki, regionlaşdırma başladaq. Kimlə? Azərbaycan, Türkiyə, İran və hətta Ermənistanla".
Mütəxəssisin sözlərinə görə, bu, bir daxili hesablaşma da ola bilər:
"Bu, qəzaya bənzəyə bilər, amma prezidenti o helikopterə kim mindirib? Bunu edənlər daxildən biriləri də ola bilər. Çünki Xamenei artıq qocalıb, son vaxtlar onun yerinə kimin keçməsi məsələsi müzakirə olunurdu. Bir nömrəli isim Rəisi, 2 nömrəli ad isə Xameneinin oğlu idi. Yəni burada daxili hesablaşma məsələsi də müzakirə olunur".
Ekspert şübhəli tərəf kimi Rusiya və Çinin də adını hallandrıb:
"Rusiyada prezİdent seçkilərindən sonra Putin ilk rəsmi səfərini Pekinə etmişdi. O görüşdə xüsusilə İran siyasəti və İran üzərindəki geopolitik mübarizənin də danışıldığını düşünürəm. Çünki həmin görüşlərdə Rusiya demişdi ki, Ukraynadakı müharibəyə görə, Yaxın Şərqdə buraxdığı boşluqların İran tərəfindən doldurulması onları narahat edir. Çinin 3 il əvvəl İranla bağladığı 100 milyard dollarlıq razılaşmaya da nəzər salaq. İndi İranın müstəqil bir ölkə olaraq Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edərək yeni bir pakt yaradılması onlar üçün normaldır, yoxsa İranın bir formada bu qüvvələrlə əlaqəsinin davam edərək, istədikləri zaman məzhəb kartından istifadə edəərk burayı yenidən qarışdımaq mı?"
Rusiya qadınlara niqab taxmağı qadağan etməyi təklif edib.
Rusiya Federasiyası Prezidentinin müşaviri, Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları üzrə Prezident Şurasının sədri Valeri Fadeyev ölkədə qadınlara niqab taxmağı qadağan etməyi təklif edib.
"Mən bu məsələni ənənəvi İslam nümayəndələri və Rusiyanın regional hakimiyyət orqanları ilə müzakirə etməyi planlaşdırıram", - o deyib.
Fadeyevin sözlərinə görə, Mərkəzi Asiyanın bəzi ölkələrində niqabların qadağan edilməsinə baxmayaraq, Rusiyada qadınların üzünü tamamilə örtən niqablara icazə verilir.
İran Prezidenti İbrahim Rəisinin istifadə etdiyi və 19 mayda qəzaya uğrayan helikopter 30 yaşlı “Bell 212”-dir.
Axar.az xəbər verir ki, bu barədə “Stratcom Bureau” məlumat yayıb.
Bildirilib ki, helikopter 1994-cü ildə istehsal olunub, qeydiyyat nömrəsi 6-9207, istehsalçı seriya nömrəsi isə 35071-dir.
Helikopter yalnız vizual uçuş üçün sertifikatlaşdırılıb və 6 sərnişin daşıya bilir.
“Onun ehtiyat hissələri sanksiyalar altındadır və helikopterə texniki xidmət istehsalçı tərəfindən dayandırılıb”, - məlumatda bildirilib.
Vurğulanıb ki, helikopterin elektrik təchizatı güclü deyil:
“Eyni zamanda turboşaftın kollektiv reaksiyası dəyişən relyef səviyyələri ilə uçmaq üçün kifayət qədər sürətli deyil, dağ ərazisi ilə fasiləsiz yüksək hündürlükdə ağır yük uçuşları həyata keçirə bilmir.
Xüsusilə mühərrikin uçuş saatı bu təyyarənin korpusu üçün nəzərdə tutulan on min uçuş saatından xeyli yuxarıdır. Avionikası olmayan köhnə və etibarsız helikopterə sərnişin mindirmək faciəvi səhlənkarlıqdır”.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
Ümumilikdə təyyarədə rəsmi 8 sərnişin olduğu (qeyri-rəsmi mənbələrə görə, 9 sərnişin) bildirilib. Helikopter Uzi və Pir kəndləri arasında, Dizmar meşəsində qəzaya uğrayıb. Dizmar meşəsi dəniz səviyyəsindən 2000-2700 metr yüksəkdə yerləşir. Qəza da Dizmar meşəsinin 2200 metrə qədər olan hissəsində baş verib.
Xatırladaq ki, bundan öncə sözügedən helikopterin 1979-cu il (ABŞ rəsmisi də helikopterin 45 il istismarda olduğunu bildirmişdi – red.) istehsalı olduğu vurğulanırdı.
“2024-cü ildə Malmödə keçirilən “Avroviziya” mahnı müsabiqəsi ənənəvi ailə dəyərlərinə təhlükə yaradır”.
“Report”un məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Eurovision Mahnı Müsabiqəsində deseksuallaşdırma siyasəti kimi bir fenomenin qlobal şəkildə tətbiq edilməsinin şahidi olduq. Aydın məsələdir ki, gənclərə hopdurulan qəribə tiplər sosial deqradasiya üçün troya atıdır.
Hamı etiraf edir ki, bu, şüurlu siyasətdir. Biz son 10-12 ildə Türkiyəni bu biabırçılıqdan qoruyub, necə düzgün qərarın verildiyini öz gözlərimizlə görürük”, - deyə Ərdoğan bildirib.
"İran ekspert icması Prezident İbrahim Rəisinin, XİN başçısı Hüseyn Əmir-Abdullahianın, Şərqi Azərbaycan əyalətinin başçısı Malik Rəhmətinin, Təbrizin cümə imamı Məhəmmədəli Al-Haşimin ölümü ilə nəticələnən helikopter qəzasının üç versiyasını nəzərdən keçirir".
Bunu iranlı analitik, Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) baş müəllimi Əhməd Vahşiteh Oxu.Az-a deyib:
Onun sözlərinə görə, qəzaya səbəb kimi müzakirə olunan ilk qeyri-rəsmi ssenari əlverişsiz hava şəraiti, dumandır:
- Amma dumanlı havada helikopterlər adətən istismar edilməməlidir, əgər uçmalıdırsa da bu, duman zonasının üstündən olmalıdır. Bundan əlavə, digər iki helikopter təyinat yerinə çatıb. Yəni suallar var.
İkinci qeyri-rəsmi, lakin gözlənilən versiya İsrailin iştirakıdır. İddialara görə, israillilər radara müdaxilə ediblər. Burada yenə sual çıxır - üç helikopter uçurdu, ancaq təkcə biri qəzaya uğrayıb.
Üçüncü qeyri-rəsmi variant daxili məsələdir. Bildiyiniz kimi, İbrahim Rəisi çoxları tərəfindən İranın ali lideri Əli Xameneinin varisi hesab olunurdu və buna heç də hamı tərəfindən sevilmirdi.
- Mərhum İbrahim Rəisinin vəzifələrini yeni prezident seçkisinə qədər İranın birinci vitse-prezidenti Məhəmməd Moxber yerinə yetirəcək. Seçki isə 50 gün ərzində keçiriləcək, onun təşkili ilə xüsusi şura məşğul olacaq. İranın növbəti prezidenti olmaq şansı kimdə daha çoxdur?
- Böyük ehtimalla parlamentin hazırkı sədri, mühafizəkar Məhəmməd Bağer Qalibafın. Onunla yalnız digər mühafizəkarlar, o cümlədən Məhəmməd Moxber rəqabət apara bilər. İslahatçıların heç bir şansı yoxdur.
- Dediyiniz kimi, böyük ehtimalla mühafizəkarlardan seçiləcək yeni prezidentin dövründə Azərbaycanla İran arasında münasibətlər necə olacaq?
- Hesab edirəm ki, heç nə əsaslı şəkildə dəyişməyəcək, çünki İbrahim Rəisi də mühafizəkar idi. Mühafizəkarlar İran parlamentində çoxluq təşkil edir. Beləliklə, Azərbaycanla İran arasında münasibətlər korlanmayacaq, əksinə inkişaf edəcək. Həm Bakı, həm də Tehran Azərbaycan-İran münasibətlərini korlamaq fikrində deyil. Biz gördük ki, Azərbaycan İran prezidentinin helikopterinin sərt eniş xəbərinə, daha sonra prezident Rəisinin ölümü ilə bağlı təsdiqlənmiş məlumatlara necə tez reaksiya verdi, dərdə şərik oldu. Yaxşı qonşuluq münasibətləri təhlükəsizliyin mühüm elementidir. Hesab edirəm ki, Bakı da, Tehran da belə düşünür.
"İran Prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopteri heç bir qəza siqnalı verməyib".
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Onun sözlərinə görə, helikopterin qəza siqnalı ötürmə sistemi olmayıb və ya sıradan çıxıb.
"İlk öncə helikopterin siqnal verib-verməməsini yoxladıq. Dərhal İran tərəfi ilə əlaqə saxladıq, lakin təəssüf ki, siqnal sisteminin çox güman ki, sıradan çıxdığını və ya olmadığını müəyyən etdik", - deyə o bildirib.
Xatırladaq ki, mayın 19-da Xudafərindən Təbrizə uçan helikopterdə İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın ali dini liderinin Təbrizdəki nümayəndəsi Məhəmməd Əli Haşimi və Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti olub. Helikopterin sərt eniş etməsi nəticəsində İran prezidenti və onu müşayiət edən bütün heyət həlak olub.
Ehtimal edilən qiyamət ssenarisinə görə, dünyanın sonu gəldiyi zaman salamat qalacaq ölkələrin adı açıqlanıb.
Xarici KİV xəbər verir ki, araşdırmaya görə, əhali artımı, qlobal istiləşmə və iqtisadi ziyan nəticəsində qiyamət baş verərsə, yalnız 5 ölkənin dağılmama ehtimalının olduğu bildirilir.
Alimlər dünyanın qlobal çöküşü zamanı sığınacaq üçün ən təhlükəsiz ölkələri aşağıdakı kimi sadalayıb.
Bu ölkələrə Yeni Zelandiya, İslandiya, İngiltərə, İrlandiya və Avstraliyanın Tasmaniya əyaləti daxildir.
Yeni Zelandiya bu siyahıda birinci yeri tutur, çünki onun geotermal və hidroelektrik enerjisi, bol kənd təsərrüfatı torpaqları və aşağı əhali sıxlığı var.
Tədqiqatçıların fikrincə, mürəkkəb şəbəkələşmiş enerjiyə əsaslanan qlobal iqtisadiyyatın vurduğu ekoloji ziyana görə bəşər sivilizasiyası “təhlükəli vəziyyətdə”dir.
Mütəxəssislər, şiddətli maliyyə böhranının, qlobal istiləşmənin təsirlərinin, təbiətin məhv edilməsinin, koronavirusdan daha pis bir pandemiyanın və ya bunların birləşməsinin qlobal böhranla nəticələnə biləcəyini söyləyir.
“Sustainability” jurnalında dərc olunan araşdırmada milyarderlərin qiyamətə hazırlıq məqsədilə Yeni Zelandiyada sığınacaq üçün torpaq aldıqları bildirilib.
İngiltərənin Anglia Ruskin Universitetinin Qlobal Davamlılıq İnstitutundan prof. Dr. Aled Cons İngiltərənin mümkün fəlakətə qarşı güclü olmasına çox təəccübləndiklərini deyib:
"Ölkədə sıx əhali yaşayır. Hazırda öz qidasının yalnız 50%-ni istehsal edir. Ancaq şoklara tab gətirmək potensialı var”.
Professor son illərdə kütləvi qlobal ərzaq itkiləri, maliyyə böhranı və pandemiyanın ardıcıl meydana gəldiyini xatırladıb. O deyib ki, bunların hamısı eyni vaxtda baş vermədiyi üçün dünyanın bəxti gətirib:
"Amma bunların hamısının eyni ildə baş verməməsi üçün bir səbəb yoxdur" - o söyləyib.
İran prezidentini daşıyan helikopter 2500 metr hündürlükdə və əlçatmaz yerlərdə zədələnib və bütün sərnişinlər fəlakətdən sonra ilk dəqiqələrdə dünyasını dəyişib.
İran mətbuatı xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd deyib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.
İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə əlaqədar Pakistanda matəm günü elan olunub.
Bu barədə məlumatı Pakistanın Baş naziri Şahbaz Şərif açıqlayıb.
Bildirilir ki, İbrahim Rəisi və onunla birlikdə həlak olan şəxslərin xatirəsinə ehtiram əlaməti olaraq ölkədə bayraqlar yarıya endiriləcək.