![]() |
|
Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli ciddi zədə alıb.
26 yaşlı hücumçu Zaqreb təmsilçisinin heyətində Sloveniyanın “Roqaşka” komandasına qarşı keçirilən yoxlama görüşündə sıradan çıxıb.
Emreli bu səbəbdən qarşılaşmanın 60-cı dəqiqəsində əvəzlənib. Baş məşqçi Sergey Yakiroviç onun zədəsinin ciddi olduğunu açıqlayıb. Mütəxəssis forvardın dirsək və bud nahiyəsində ağrılarının olduğunu, bu üzdən uzun müddət kollektivdən kənarda qalacağını söyləyib.
Millimizin üzvü ilə bağlı son qərar Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçdikdən sonra veriləcək. Ancaq onun hətta mövsümü başa vurmaq ehtimalı da istisna edilmir.
Qeyd edək ki, “Dinamo” “Roqaşka”nı 1:0 hesabı ilə məğlub edib.(Report)
AFFA bu il Superkubok uğrunda “Qalatasaray” və “Fənərbağça” komandaları arasında keçirilməli olan oyuna ev sahibliyi etməklə bağlı Türkiyə Futbol Federasiyasından (TFF) konkret təklif almayıb.
Bu barədə milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib. Onun sözlərinə görə, bu ilin yay aylarında TFF-nin ovaxtkı baş katibi Kadir Kardaş AFFA rəsmiləri ilə əlaqə saxlasa da, sonradan quruma heç bir müraciət daxil olmayıb:
“K. Karataş bildirdi ki, Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı variantı da var. Soruşdu ki, ümumiyyətlə, oyun Bakıda keçirilsə, buna münasibətiniz necə olar? Cavabımız, təbii ki, müsbət oldu”.
AFFA rəsmisi bildirib ki, həmin söhbət əsnasında maliyyə məsələləri müzakirə olunmayıb: “TFF-nin baş katibi bildirdi ki, hələ oyuna çox var, matç yanvarda olacaq, lazım gələrsə, yenidən sizə müraciət edəcəyik. Türkiyə tərəfi ilə danışıqlar yalnız bundan ibarət oldu. Daha sonra isə bizimlə əlaqə saxlanılmadı”.
E. Məmmədli “Yenidən TFF-dən Superkubok matçı ilə bağlı təklif gəlsə, cavabınız necə olar” sualına isə belə reaksiya verib: “Birinci növbədə klubların təqviminə baxmaq lazımdır. Ümumiyyətlə, oyun nə vaxt keçiriləcək, hələ məlum deyil. Bütün bu məsələlər, təbii ki, müzakirə olunmalıdır”.
Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində oynanılmalı olan Superkubok matçı təşkilatçılıqla bağlı çatışmazlıqlar səbəbindən təxirə salınıb.(AZƏRTAC)
Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan Türkiyə Superkubokunun Xankəndi stadionunda keçirilməsini təklif edib.
Bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Siyasətçi Türkiyənin “Fənərbağça” və “Qalatasaray” klubları arasında Ər-Riyadda planlaşdırılan oyunun ləğvi ilə bağlı insidenti şərh edib.
“Əgər ancaq xaricdə oynamaq istəyirsənsə, Xankəndidəki stadionu tövsiyə edirəm. Əks təqdirdə, bu matçı paytaxtda keçirmək daha yaxşıdır”, - türkiyəli siyasətçi qeyd edib.
“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.
“Report”un şəhərə ezam olunmuş əməkdaşı xəbər verir ki, Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb. Topa ilk toxunuşu Prezident İlham Əliyev edib.
Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.
Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.
***
Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda üz-üzə gələcək “Qarabağ” və MOİK komandaları start heyətlərini açıqlayıblar.
“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, komandalar aşağıdakı “11-lik”lərlə meydana çıxacaqlar.
“Qarabağ”: Luka Quqeşaşvili, Mateus Silva, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Marko Yankoviç, Riçard Almeyda, Nəriman Axundzadə, Redon Cica, Hamidu Keyta, Juninyo.
Ehtiyat oyunçular: Andrey Lunyov, Amin Ramazanov, Bədavi Hüseynov, Marko Veşoviç, Toral Bayramov, Abbas Hüseynov, Julio Romao, Patrik Andrade, Yassin Benzia, Abdullah Zubir, Leandro Andrade, Adama Diakabi.
Baş məşqçi: Qurban Qurbanov.
MOİK: Zeynal Əhmədzadə, Fərid Abbaslı, Nicat Əskərov, Nurlan Bayramov, İsa Zeynallı (k), Ramil Orucov, Xəyal Bədirov, Elvin Vəliyev, Elmir Rəhimzadə, Sabir Allahquliyev, Ülvi İbazadə.
Ehtiyat oyunçular: Ayxan Qocayev, Məhmməd Qurbanov, Nihad Ağayev, Həsrət Mürsəlov, Cavidan Abbaszadə, Samir İbrahimov, Raul Musayev, Murad Musayev, Elşən Veysov, Elçin Bayramov.
Baş məşqçi: Qəzənfər Abbasov.
Qeyd edək ki, görüş saat 14:00-da başlayacaq.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
Son gündə iki oyun keçiriləcək.
Günün ilk görüşü tarixi hadisənin yaşanması ilə əlamətdar olacaq. Çünki “Qarabağ” - MOİK görüşü Xankəndidə təşkil olunacaq. Ağdam təmsilçisi ilə “hərbçilər”in dueli işğaldan azad edilmiş ərazilərdə 30 illik fasilədən sonra ilk futbol matçı olacaq. Axırıncı dəfə 1993-cu ilin mayında “Qarabağ” Ağdamın “İmarət” stadionunda Tovuzun “Turan” klubu ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. "Qarabağ" - MOİK görüşünün qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq.
1/8 mərhələsinin son qarşılaşması Bakıda oynanılacaq. “Neftçi” I Liqanın lideri “Qaradağ Lökbatan”ı sınağa çəkəcək. “Neftçi Arena”da baş tutacaq görüşü Kamran Əliyev idarə edəcək. Bu cütdən qalib ayrılacaq komanda növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq.
Qeyd edək ki, mərhələnin əvvəlki matçlarından sonra 1/4 finalda iki cütlük müəyyənləşib. Yarımfinala vəsiqə uğrunda “Səbail” “Zirə” ilə, “Araz-Naxçıvan” isə “Qəbələ” ilə qarşılaşacaq.
Azərbaycan Kuboku
1/8 final
21 dekabr
14:00. “Qarabağ” – MOİK
18:00. “Neftçi” – “Qaradağ Lökbatan”
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Neftçi Arena”.
"Qarabağ"ın məhz MOİK-lə qarşılaşmasının simvolik mənası var.
Bu sözləri idman jurnalisti Ağa Dadaşzadə bildirib.
"Qarabağ iqtisadi rayonu ərazisində məhz "Qarabağ" futbol klubunun oyuna çıxması aydın məsələdir. Ağdam təmsilçisi doğma meydan hesab olunan, özü də Qarabağın mərkəzi sayılan stadionda top qovacaq. MOİK-in isə ordu idman klubu olması, hərbçilərimizin qələbəsini simvolizə edir. Qarabağdakı ilk futbol qarşılaşması bu baxımdan böyük əhəmiyyət kəsb edir", - idman jurnalisti bildirib.
A.Dadaşzadənin sözlərinə görə, futbolsevərlər "köhlən atlıların" rəqibinin "Neftçi" olmasını arzulasalar da, bu, Xankəndidəki açılış matçı üçün bir qədər uyğun deyil: "Növbəti mərhələdə "Qarabağ"la paytaxt təmsilçisinin üz-üzə gəlmə ehtimalı böyükdür. Çox güman rəqabəti maraq doğuran bu klubların Xankəndi şəhərində qarşılaşmasının da şahidi olacağıq".
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda qələbə qazanaraq, Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.
“Report”un məlumatına görə, Ağdam təmsilçisinin Bakıda İsveçin “Hakken” klubuna 2:1 hesabı ilə qalib gəlməsi ölkə reytinqinə daha 0,500 əmsal əlavə edib.
Komandanın pley-offa adlaması daha 0,500 əmsalın qazanılmasına səbəb olub. Nəticədə ölkənin cari mövsümdəki əmsalı 4,875-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 19,125-dir. Bununla Azərbaycan UEFA reytinqində Rusiyanı geridə qoyaraq, 28-ci pilləyə yüksəlib.
Baş tutan qarşılaşmalar Danimarka, Yunanıstan, Macarıstan, Bolqarıstan, Sloveniya, Bosniya və Herseqovinanın irəliləməsinə, Norveç, Serbiya, İsveç, Slovakiya, Rusiya, Moldova və Lixtenşteynin geriləməsinə səbəb olub.
Reytinqə 100,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,114) ikinci, İtaliya (83.284) isə üçüncü pillədə qərarlaşıb.
"Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib.
Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubu ilə üz-üzə gəlib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda visəqə qazanıb. "Köhlən atlar"ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib.
H qrupunun digər matçında "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini darmadağın edib - 5:1.
Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.
“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
Oxu.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveçin “Hakken” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 21:45-də start götürəcək. Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Caya olacaq.
“Köhlən atlar” qalib gələcəyi təqdirdə digər oyunun nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə bu turnirin pley-offuna yüksələcək.
H qrupunun digər görüşündə “Bayer 04” Almaniyada Norveçin “Molde” kollektivini sınağa çəkəcək. Leverkuzen təmsilçisi hazırda 15 xalla liderdir. “Qarabağ” 7 xalla ikinci, eyni xala malik “Molde” üçüncü sıradadır. “Hakken”in isə hesabında xal yoxdur.
UEFA Avropa Liqası
VI tur
21:45. “Qarabağ” - “Hakken” (İsveç)
Baş hakim: Yucin Caya (Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.
“Report” xəbər verir ki, son olaraq E, F, G və H qruplarında oyunlar keçiriləcək.
E qrupunda İspaniyanın “Atletiko”, İtaliyanın “Latsio”, F qrupunda Almaniyanın “Borussiya” (Dortmund), G qrupunda İngiltərənin “Mançester Siti” və Almaniyanın “Leypziq” kollektivləri, H qrupunda isə İspaniya çempionu “Barselona” 1/8 finala vəsiqəni təmin edib.
Çempionlar Liqası
Qrup mərhələsi
VI tur
E qrupu
00:00. “Atletiko” (İspaniya) - “Latsio” (İtaliya)
00:00. “Seltik” (Şotlandiya) - “Feyenoord” (Niderland)
Xal durumu: “Atletiko” - 11, “Latsio” - 10, “Feyenoord” - 6, “Seltik” - 1.
F qrupu
00:00. Borussiya” (Dortmund, Almaniya) - PSJ (Fransa)
00:00. “Nyukasl” (İngiltərə) - “Milan” (İtaliya)
Xal durumu: “Borussiya” - 10, PSJ - 7, “Nyukasl” - 5, “Milan” - 5.
G qrupu
21:45. “Srvena Zvezda” (Serbiya) - “Mançester Siti” (İngiltərə)
21:45. “Leyzsiq” (Almaniya) - Yanq Boyz” (İsveçrə)
Xal durumu: “Mançester Siti” - 15, “Leypziq” - 9, “Yanq Boyz” - 4, “Srvena Zvezda” - 1.
H qrupu
00:00. “Antverpen” (Belçika) - “Barselona” (İspaniya)
00:00. “Portu” (Portuqaliya) - “Şaxtyor” (Donetsk, Ukrayna)
Xal durumu: “Barselona” - 12, “Portu” - 9, “Şaxtyor” - 9, “Antverpen” - 0.