Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.

Günün yeganə matçında "Qarabağ" "Sabah"ın qonağı olacaq.

“Bank Respublika Arena”da gerçəkləşəcək qarşılaşma saat 20:00-da başlayacaq.

Meydan sahibləri 16 xalla 7-ci pillədə qərarlaşıblar. Ağdam təmsilçisi isə 26 xalla ikincidir.

Azərbaycan Premyer Liqası

XIV tur

20:00. “Sabah” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bank Respublika Arena”

Qeyd edək ki, turun digər oyunları noyabrın 25-26-da baş tutacaq.

AFFA-nın baş katibi Sərxan Hacıyev bu gün keçirilən İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, qurum rəsmisi öncə yığıncaqla bağlı fikirlərini bölüşüb:

- Bu gün İcraiyyə Komitəsinin iclası baş tutdu. Gündəlikdə 1 məsələ vardı: bu da öncə baş məşqçi Canni De Byazinin hesabatının dinlənilməsi, sonra isə milli komandadakı gələcək taleyi ilə bağlı müzakirənin aparılması idi. Qeyd edim ki, Byazi iclasda qısa olaraq nəticələr haqda müəyyən məlumatlar verdi. Sonra müəyyən müddət Azərbaycanda çalışdığını və artıq fəaliyyətini dayandırmalı olduğunu bildirdi. Bu səbəbdən müqaviləsinin müddətinin uzadılmamasını xahiş etdi. Canni De Byazini dinlədikdən sonra AFFA İcraiyyə Komitəsinin üzvləri daxildə müzakirə apardılar. Həm son 3 ildə onun yığmamıza baş məşqçilik etdiyi dönəmdə qeydə alınan nəticələr, həm də ümumi məsələlər nəzərə alındı. Nəticədə İcraiyyə Komitəsinin üzvləri belə qənaətə gəldi ki, müqavilənin müddətinin uzadılmaması qəbul edilsin. Bu o deməkdir ki, artıq De Byazi ilə müqavilə uzadılmadı.

- Canni de Byazi öz xahişi ilə müqaviləsinin uzadılmamasını istəsəydi, AFFA İcraiyyə Komitəsi müqavilənin müddətini uzatmağı düşünürdü?
- Bu suala cavab vermək çətindir. Çünki hadisələr başqa istiqamətdə cərəyan edəcəkdi. Əlbəttə, öncə baş məşqçinin hesabatı dinlənilməlidir. Dinlənildi və özü müqaviləsinin uzadılmaması ilə bağlı xahişi dilə gətirdi. De Byazi fikrini bildirməsinə baxmayaraq, İcraiyyə Komitəsi müəyyən müzakirələr apardı və sonda qərar verildi ki, müqavilənin uzadılmaması ən düzgün qərardır.

- İcraiyyə Komitəsinin iclasında gələcəklə bağlı başqa hansı məsələlər müzakirə edildi?
- Gələcəklə bağlı onu deyə bilərəm ki, xüsusi İşçi Qrupu yaradılacaq. Orada həm İcraiyyə Komitəsinin üzvləri, həm də kənardan mütəxəssislərin dəvət olunması ehtimal edilir. Həmin İşçi Qrupu tərəfindən baş məşqçi postuna müəyyən təkliflər irəli sürüləcək. Əlbəttə, bütün amillər nəzərə alındıqdan sonra onlar İcraiyyə Komitəsində müzakirəyə çıxarılacaq və qəti qərar veriləcək. İşçi Qrupunun üzvləri ilə bağlı hazırda məlumat verə bilmirik. Yaxın zamanda bununla bağlı zamanla ictimaiyyətə açıqlama verəcəyik.

- Boş qalan baş məşqçi postuna kimin gətiriləcəyi təxminən nə zaman müəyyənləşəcək?
- Bizim növbəti oyunlarımız 2024-cü ilin martında yoldaşlıq görüşləri çərçivəsində baş tutacaq. Ən məqsədəuyğun istiqamət yoldaşlıq görüşlərindən bir neçə ay öncə baş məşqçi məsələsi həllini tapsın. Hazırda konkret tarix müəyyənləşməyib. Düşünürəm ki, qarşıdakı 1 və ya 2 ay ərzində məsələ həllini tapsın. Həmin çalışdırıcıya vaxt lazım olacaq ki, komandanı mart ayında keçiriləcək oyunlara hazırlaşdırsın.

- Yeni baş məşqçi seçilərkən hansı kriteriyalar əsas götürüləcək?
- Əsas kriteriyalardan biri mentalitetimizə bələd olan şəxsə üstünlük veriləcək. Yəni yerli futbolçuları, mədəniyyətimizi tanıyan namizədin olmaq ehtimalı böyükdür. Yığmanın növbəti çalışdırıcısının yerli olması ehtimalı az deyil.

- Canni de Byazinin mətbuatla bağlı səsləndirdiyi fikirlər barədə İcraiyyə Komitəsi ona qınaq nümayiş etdirdimi?
- Bu məsələ də müzakirə olundu. O, dediklərinə görə qınanıldı və İcraiyyə Komitəsi tərəfindən birmənalı şəkildə pislənildi. De Byazi dinlənildikdən sonra müzakirələr aparıldı. Qərar veriləndə yığmanın nəticələri də qeydə alınmışdı.

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollar ayrılıb.

"Report"un əldə etdiyi məlumata görə, italiyalı mütəxəssislə yeni müqavilə imzalanmayacaq.

Bu barədə qərar bu gün AFFA İcraiyyə Komitəsinin iclasında verilib.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edib.

“Püşkdən sonra yarımqruplara baxanda finalda erməni idmançı ilə qarşılaşacağımı təxmin edirdim”.

“Report” xəbər verir ki, bu sözləri Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olan Nicat Hüseynov (51 kiloqram) jurnalistlərə açıqlamasında deyib.

Finalda ermənistanlı Rudolf Qarboyanı 5:0 hesabı ilə məğlub edən boksçumuz həlledici görüşə rahat çıxdığını söyləyib:

“Dörd döyüş keçirdim. Erməni idmançı ilə qarşılaşmamışdan öncə özümü psixoloji cəhətdən bu görüşə hazırlamışdım. Rinqdə yalnız qələbə qazanmağı düşünürdüm və bu səbəbdən də ona asanlıqla qalib gəldim. Sevinirəm ki, buna nail oldum”.
İkiqat qitə çempionu bu qalibiyyətə görə baş məşqçilərinə və federasiya rəhbərliyinə öz təşəkkürünü bildirib.

Qeyd edək, Azərbaycan yığması Avropa çempionatını beş medalla başa vurub. Milli komanda bir qızıl, bir gümüş və üç bürünc mükafata yiyələnib.

Erməni terrorçuları Xocalı soyqırımı qurbanlarının bir hissəsini Əsgəran qalası ətrafında basdırıblar.

"Bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.

Bildirilib ki, dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, 25 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilib, 26 fevral 1992-ci il tarixində özünün də daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetirmişlər. Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri basdırılıb.

İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat verib.

"Bu gün 10 nəfərlə oynamaq çətin idi. Uşaqlar bundan artığını edə bilməzdilər".

"Report"un Brüsselə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Belçikaya 0:5 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur matçından sonra mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis qarşılaşmanın çox ağır alındığını vurğulayıb: "Güclü rəqibə qarşı mübarizə apardıq. Qrupda yalnız bir heç-heçələri var idi. O da məlum səbəblərə görə yarımçıq dayandırılmış görüşdür. Üç gündən bir oynamaq bizə çətindir. Seçmə mərhələdə az xal yığsaq da, sonadək mübarizə apardıq".

İtaliyalı baş məşqçi Eddi İsrafilova start heyətdə şans verməsinə toxunub: "Fiziki baxımdan bunu nəzərə almalıyıq. Özümüz də uşaqlarla danışırıq. Eddi İsveçə qarşı yaxşı oyun sərgiləmişdi. Planımız fasilədə onu Coşqun Diniyevlə əvəzləmək idi. Amma alınmadı. İkinci hissədən daha çox razı qaldım. Birinci hissəyə yaxşı başlamamışdıq. Mənim komandalarım heç vaxt təslim olmamalıdır. 8 nəfərlə qalsaq da, sonadək döyüşməliyik".

Madrid "Real"ı İspaniya və Türkiyə mətbuatının böyük maraq göstərdiyi Arda Gülər üzərində təzyiqi azaltmaq üçün futbolçunu mediadan təcrid edib.

Offsideplus.az İspaniya mediasına istinadla xəbər verir ki, “kral klubu" türkiyəli yarımmüdafiəçinin yerli mətbuatdan gizlədilməsi barədə qərar verib.

Ardıcıl 3 dəfə zədələnən və Madrid təmsilçisində hələlik meydana çıxa bilməyən Arda Güləri qorumaq üçün klub radikal qərarlar qəbul edib. Buna görə də klub Türkiyə mətbuatından gələn müsahibə istəklərini rədd edib.

“Qarabağ”ın prezidenti Tahir Gözəl komandasının Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Almaniyanın “Bayer” klubuna 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, o, matçla bağlı təəssüratlarını bölüşüb:

“Həm sevincliyəm, həm üzgünəm. Əvvəla, hər iki komanda çox gözəl oyun göstərdi. Rəqibimiz ən yaxşı futbolçuları ilə oyuna çıxdılar. “Qarabağ”ı ən üst səviyyədə qarşıladılar. Oyunda mənə ən çox təsir edən keçən matçdakı psixoloji xəsarətin burada olmaması idi. Bunda məharəti Qurban hocada görürəm. O, oyunçulardan stressi kənarlaşdırıb. Ona görə də matçda özünəinanan və riskli oynayan “Qarabağ” var idi. Əlbəttə, axır dəqiqələrdəki qola söz tapa bilmirəm. Amma bu, oyundur, yaxşı oynayan da həmişə qazanmır. Amma hesab edirəm ki, bu axşam biz çox gözəl oynadıq. Lakin qarşı tərəf də möhtəşəm oyun nümayiş etdirdi”.

Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyununun hakim təyinatları bəlli olub.

“Qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Kreyq Pavsona Simon Bennett və Li Betts kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək. VAR-da avstriyalı Cared Gillett, AVAR-da isə Mixael Salisburu olacaqlar.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq görüş saat 21:45-də başlayacaq.

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib.

Bu mükafata ABŞ-nin “İnter Mayami” klubunun kapitanı Lionel Messi layiq görülüb.

Argentinalı hücumçu karyerasında 8-ci dəfə titula sahib çıxıb. Mükafatı klubun rəhbəri, əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem təqdim edib.

“Nə vaxta qədər oynamağa davam edəcəyəm? Çox uzun müddət. Mən bilmirəm. Fiziki olaraq özümü necə hiss etdiyimdən asılı olacaq. Tarix deyə bilmərəm. Hər şey gündən-günə dəyişir”, - deyə Messi vurğulayıb.

Bundan əlavə, “Qızıl top”un təltifetmə mərasimində “Gerd Müller” mükafatının sahibi açıqlanıb.

Bu titula İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holann sahib çıxıb.

Norveçli ilin ən yaxşı hücumçusu seçilib. O, bu müddət ərzində 56 qolla yadda qalıb.

“Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı klubları da məlum olub.

Kişi komandalar arasında bu ada İngiltərə çempionu “Mançester Siti” layiq görülüb.

İlin qadın komandası isə İspaniya klubu “Barselona” seçilib.

Mərasimində “Lev Yaşin” mükafatına Argentina millisinin qapıçısı Emiliano Martines sahib çıxıb.

İngiltərənin “Aston Villa” klubunun qolkiperi ilə yanaşı, Bris Samba (“Lans”, Fransa), Dominik Livakoviç (“Fənərbağça”, Türkiyə), Aaron Ramsdeyl (“Arsenal”, İngiltərə), Andre Onana (“Mançester Yunayted”, İngiltərə), Ederson (“Mançester Siti”, İngiltərə), Mark-Andre Ter Ştegen (“Barselona”, İspaniya), Mayk Menyan (“Milan”, İtaliya), Tibo Kurtua (“Real”, İspaniya) və Yassin Bunu (“Əl-Hilal, Səudiyyə Ərəbistanı) bu mükafata iddia edirdilər.

Tədbirdə “Sokrates kuboku”nun da qalibi müəyyənləşib. Mükafatın budəfəki sahibi İspaniyanın “Real” klubunun braziliyalı hücumçusu Vinisius Junior olub. Bu mükafat ictimai və xeyriyyə layihələrində iştirak edən futbolçular üçün nəzərdə tutulub.

Xəbər lenti