Azərbaycan millisi növbəti oyununu keçirib.
 
AVRO-2024-ün seçmə mərhələsində mübarizə aparan yığmamız ikinci matçına çıxıb.
 
Üç gün əvvəl Avstriyada 1:4 hesabı ilə uduzan Canni de Byazinin yetirmələri bu dəfə İsveçin qonağı olub. Görüşdə hesab ilk yarının sonlarında açılıb. Emil Forsberq meydan sahiblərini sevindirib.
 
İkinci hissədə skandinaviyalılar daha amansız olub. İsveç yığması 45 dəqiqəyə daha 4 qol vuraraq 5:0 hesabı ilə qalib gəlib. Öncə Bəhlul Mustafazadə avtoqola üzülüb, ardınca Viktor Gyekereş müdafiədəki səhvlərdən yararlanıb. Meydana sonradan daxil olan Yesper Karlsen və Anthoni Elanqa isə son dəqiqələrdə qol sevinci yaşayıb. Beləliklə, millimiz seçmə mərhələnin startında ardıcıl ikinci dəfə böyük hesabla uduzub – 0:5.
 
Qeyd edək ki, F qrupunun digər matçında Avstriya Estoniyanı qəbul edib. Meydan sahibləri əzmkar qələbə qazanıb – 2:1.
 
AVRO-2024-ün seçmə mərhələsi
F qrupu
27 mart
22:45. İsveç – Azərbaycan - 5:0
Qollar: Emil Forsberq, 38, Bəhlul Mustafazadə, 65 (avtoqo), Viktor Gyekereş, 79,  Yesper Karlsson, 88, Anthoni Elanqa, 89
Baş hakim: Stefani Frappar (Fransa)

Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirəcək.

F qrupunda yer alan yığma İsveçin qonağı olacaq. Solnadakı “Friends Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Azərbaycan millisi seçmə mərhələdəki ilk oyunda səfərdə Avstriyaya 1:4 uduzub. İsveç isə öz meydanında Belçikaya məğlub olub - 0:3.

AVRO-2024

Seçmə mərhələ

II tur

27 mart

F qrupu

22:45. İsveç - Azərbaycan

Baş hakim: Stefani Frappar

Solna, “Friends Arena”

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Ermənistan – Türkiyə (1:2) oyununda qardaş ölkə himninin İrəvanda fitə basılması müzakirələrə səbəb olub. 

Bütün idman yarışlarında dövlət himnləri səslənərkən hörmət əlaməti olaraq hər kəs ayağa qalxır və ehtiram göstərir. 

Ermənilər isə əksini ediblər. Onların bu hərəkəti təkcə Azərbaycan və Türkiyədə deyil, bütün idman ictimaiyyətində tənqidlə qarşılanıb. 

Bu məqamda sosial şəbəkələrdə 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarında baş vermiş hadisə yenidən gündəm olub. Belə ki, boks yarışlarında medal qazanan Ukraynanı təmsil edən erməni idmançı azarkeşlər tərəfindən fitə basılsa da, Prezident İlham Əliyev bir jesti ilə buna qarşı çıxıb. 

Ölkə başçısının addımı azarkeşlərin alqışları ilə müşayiət olunmuşdu. 

AVRO-2024-ün seçmə mərhələsinin martın 25-də baş tutacaq Ermənistan - Türkiyə görüşünün hakimləri bəlli olub.

UEFA xəbər verir ki, qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Xose Mariya Sançesdir. Ona Raul Kabanero və İniqro Prieto kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mario Melero Lopes yerinə yetirəcək.

İrəvanda keçiriləcək matç Bakı vaxtı ilə 21:00-da başlanacaq.

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Son oyun günündə keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olacaqlar.

İspaniyada “Real Madrid” İngiltərənin “Liverpul” klubunu qəbul edəcək. Komandalar arasındakı ilk matçda ispanlar 2:5 hesablı qələbə qazanıblar.

Gecənin digər matçı İtaliyada keçiriləcək. “Napoli” öz meydanında “Ayntraxt”ı (Frankfurt) sınağa çəkəcək. İlk oyunda italyanlar 0:2 üstün olublar.

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları

16 mart


00:00. “Real Madrid” (İspaniya) - “Liverpul” (İngiltərə)

İlk oyun – 2:5

00:00. “Napoli” (İtaliya) - “Ayntraxt” (Frankfurt, Almaniya)

İlk oyun – 0:2

Daha əvvəl Almaniyanın “Bavariya”, Portuqaliyanın “Benfika”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, İtaliyanın “Milan” və “İnter” klubları 1/4 finala vəsiqə qazanıblar.

“Qarabağ” “Qalatasaray”la Bakıda yoldaşlıq görüşü keçirəcək

“Qarabağ” Türkiyənin “Qalatasaray” komandası ilə xeyriyyə oyununun keçirilməsi təşəbbüsü ilə çıxış edib. “Qafqazinfo” qol.az-a istinadən xəbər verir ki, bu barədə Ağdam klubunun direktoru Emrah Çelikel məlumat verib.

O, qardaş ölkədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə bu təşəbbüsü irəli sürdüklərini söyləyib. Klub direktorunun sözlərinə görə, hazırda matçın Bakıda təşkili ilə əlaqədar tərəflər arasında danışıqlar gedir. "Bu oyun planlaşdırılır. Amma matçın tarixi və rəqibin səfər proqramı dəqiqləşməyib. Hər şey dəqiqləşdikdən sonra məlumat verəcəyik”. 

E.Çelikelin sözlərinə görə, xeyriyyə matçı ilə əlaqədar “Qalatasaray”ın Almaniya və “Ferensvaroş” da daxil olmaqla Macarıstan klubları ilə danışıqları olub. Lakin “Qalatasaray” “Qarabağ”la oyun keçirməyə üstünlük verib. 

 

 

Qeyd edək ki, bu matçın mart ayında milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı keçirilməsi nəzərdə tutulur.

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi Belçikada "Gent" klubunun qonağı olacaq. "Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edəcək.

Azərbaycan çempionu Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazandığından istənilən heç-heçə və ya qalibiyyət komandanı 1/8 finala yüksəldəcək.

"Köhlən atlar" matça ciddi itkilərlə çıxacaqlar. Qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Abbas Hüseynov və yarımmüdafiəçi Marko Yankoviç zədə səbəbindən oyunu buraxacaqlar. Meydan sahiblərinin heyətində də bəzi itkilər var. Yarımmüdafiəçi Endryü Hülsager zədəyə görə heyətdən çıxarılıb. Müdafiəçi Cozef Okumu və digər orta xətt oyunçusu Alessio Kastro-Montesin "Qarabağ"a qarşı oynaması isə sual altındadır.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu
23 fevral

00:00. "Gent" (Belçika) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)
VAR hakimləri: Devid Kut, Li Betts (hər ikisi İngiltərə)
İlk oyun - 0:1
Gent, "Gelamko Arena"

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Gecənin ən prinsipial matçı İngiltərədə "Liverpul"la İspaniya "Real Madrid"i arasında baş tutub. "Kral klubu" hesabda geridə olsa da, çətin səfərdə rəqibininin qapısında 5 top keçirib.

 

Gecənin digər matçında isə ÇL-in iddialı kollektivlərindən İtaliya "Napoli"si Almaniyada "Ayntraxt"ın qapısından 2 cavabsız top keçirib.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21 fevral

00:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 2:5
Qollar: Darvin Nunyes, 4. Məhəmməd Salah, 14 - Vinisius Junior, 21; 36. Eder Militau, 47. Kərim Benzema, 55; 67
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Liverpul, "Enfild" stadionu

00:00. "Ayntraxt" (Almaniya) - "Napoli" (İtaliya) - 0:2
Qollar: Viktor Osimhen, 40. Covanni di Lorentso, 65
İstifadə edilməyən penalti: Xviça Kvaratsxeliya, 36 ("Napoli")
Qırmızı vərəqə: Rendal Kolo-Muani, 58 ("Ayntraxt")
Baş hakim: Artur Diaş (Portuqaliya)
Frankfurt, "Frankfurt" stadionu.

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. 

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Belçikanın "Gent" klubu ilə üz-üzə gəlib. 

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanı Məhəmməd Al-Hakimin  rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə edib. Matç Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə görə bir dəqiqəlik sükutla başlayıb. 

Görüşün ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb. 8-ci dəqiqədə rəqib hesabı açmağa yaxın olsa da, istəyinə nail ola bilməyib. 24-cü dəqiqədə "Gent"in növbəti hücumu da təhlükəli alınıb.  Azərbaycan çempionu ilk yarım saatda çərçivəyə düşməkdə çətinlik çəkib. 32-ci dəqiqədə Elvin Cəfərquliyevin zərbəsindən sonra top toru yandan silkələyib. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb. 

İkinci yarıya "köhlən atlar" daha fəal başlayan tərəf olub. 47-ci dəqiqədə Ramil Şeydayevin fərqlənməsinə rəqib qapıçı imkan verməyib. Ardınca referi VAR-a baxdıqdan sonra qonaqların qapısına penalti təyin edib. Ramil Şeydayev 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. 10 dəqiqə sonra "Qarabağ"ın hücumu növbəti dəfə təhlükəli alınıb. Ağdam təmsilçisi sonlara yaxın "Gent"i öz cərimə meydançasında sıxmağa başlayıb. Bunun məntiqli nəticəsi kimi 78-ci dəqiqədə Leandro Andrade topu rəqib qapısından keçirib. 89-cu dəqiqə Redon Cicanın zərbəsindən sonra top dirəyə dəyib. 

Beləliklə, matç Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Cavab görüşü fevralın 23-də Belçikada baş tutacaq. 

***

"Qarabağ" Bakıda Belçikanın "Gent" klubuna qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda hesabı açıb.

78-ci dəqiqədə "köhlən atlar"ın yarımmüdafiəçi Leandro Andrade topu rəqib qapısından keçirib.

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyunlara start verilir.

"Qarabağ" Bakıda Belçika "Gent"ini sınağa çəkəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-da başlayacaq.

Matçın baş hakimi İsveç Futbol Federasiyasından Məhəmməd Al-Hakim olacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək.

Xəbər lenti