![]() |
|
Martın 12-də Bakıda 9 nəfər Yel çərşənbəsi günü ilə əlaqədar qalanan tonqaldan yanıq xəsarətləri alıb.
Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, həmin şəxslər Respublika Yanıq Mərkəzinə gətiriliblər.
Zərərçəkənlərin xəsarətləri ağır olmadığına görə onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Qeyd edək ki, ötən gün Bakıda qalanan çərşənbə tonqalının ağacların yanmasına səbəb olduğu barədə də məlumatlar yayılıb.
Fövqəladə Hallar Nazirliyindən əhaliyə bir daha müraciət edilərək, tonqal qalanarkən rezin və avtomobil şinlərindən istifadə edilməməsi, təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi, tonqalın sönənə qədər nəzarətsiz qoyulmaması tövsiyə edilib.
Ötən gecə saat 23:20 radələrində Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Publika.az xəbər verir ki, Bakı-Quba yolunun 11-ci kilometrliyində Quba rayon sakini, 1982-ci il təvəllüdlü Paşayeva Şəhla Nadir qızının sürdüyü 90 LB 037 dövlət qeydiyyat nişanlı KİA markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı beton maneəyə çırpılıb. Ağır xəsarətlər alan 35 yaşlı Ş.Paşayeva hadisə yerində keçinib.
Qeyd edək ki, hadisə barədə ilk olaraq ONA məlumat yayıb. Bildirilib ki, sürücü spirtli içkinin təsiri altında avtomobili idarə edirmiş. Məlumata görə, Ş.Paşayeva müğənni kimi fəaliyyət göstərirmiş.
Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Axar.az-a verilən məlumata görə, martın 7-də saat 21 radələrində Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində Şıxlar kənd sakini M.Əliyev idarə etdiyi BMV markalı avtomobili yolun kənarında olan mağazanın divarına vurub. Nəticədə sürücü və 1 sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.
Daşkəsəndə əl qumbaraları tapılıb.
Bu barədə Axar.az-a DİN-dən məlumat verilib.
Məlumata görə martın 7-də Daşkəsən Rayon Xoşbulaq kənd sakini DİN-nin "102" Xidməti - Zəng mərkəzi Sisteminə zəng edərək, Qoşqar çayının Xoşbulaq kəndi ərazisindən keçən hissəsində bir neçə əl qumbarası tapdığını bildirib.
Faktla bağlı dərhal Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları və ANAMA-nın çevik əməliyyat qrupu hadisə yerinə gələrək baxış keçirib və aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 21 ədəd “F-1”, 2 ədəd “FQ-5” əl qumbarası və 21 ədəd pardladıcı aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbaralarının tapıldığı yerin ətrafında 100 kv/m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb.
DİN-dən Axar.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 5-də metronun “Nizami” stansiyasının platformasında içərisində 46 manat pulu və sənədi olan pulqabısının oğurlandığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Q.Salmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Xaçmaz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Axar.az-a verilən məlumata görə, hadisə rayonun Yalama kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi sahəsi 20 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğlunun və 2013-cü il təvəllüdlü Qədirov Taleh Əjdər oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bakıda bir ayın içində bir neçə zərgərlik mağazasından oğurluq hadisəsi olub.
Axar.az xəbər verir ki, hadisə Mərkəzi Univermaq (MUM) və Moskva Univermağındakı zinət əşyaları mağazalarında qeydə alınıb.
Mağazalardan oğurluq edən şəxs isə 1994-cü il təvəllüdlü Murad Mehman oğlu Əbdürrəhimovdur.
Zərərçəkmiş şəxslər Trend-ə bildiriblər ki, M.Əbdürrəhimov zinət əşyaları satılan mağazalarla əlaqə saxlayaraq seçdiyi bir neçə brilyant qaşlı boyunbağını evinə çatdırmağı xahiş edir. Kuryer ünvana çatdıqda isə oğru kirayə götürdüyü avtomobillə təyin etdiyi ünvana gəlir. Məhsulları ondan götürərək əvəzində maşının açarlarını verir, kuryerdən avtomobildə əyləşməyi xahiş edir və bildirir ki, zinət əşyalarını həyat yoldaşına göstərib qayıdır. Ancaq saatlar keçsə də, M.Əbdürrəhimov geri qayıtmır.
Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsində şübhəli şəxsin axtarışları davam etdirilir.
Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsindəki mənzildə yanğın baş verib.
"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb, hazırda digər təxirəsalınmaz tədbirlər görülür.
***
FHN-dən verilən məlumata görə, yanğın söndürülüb.
İlkin məlumata görə, yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Xəsarət alanların sayı dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.
***
“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda, Malik Məmmədov 12 ünvanında, 23:30 radələrində, məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasının 3-cü mərtəbəsində qeydə alınıb
Yanğın zamanı 8 nəfər tüstüdən boğulub ya açıq alovdan yanıq xəsarəti alıb. Onlardan 2-si - Surxay Əliyev və Elza Əliyeva ölüb. Tüstüdən boğulmuş 1 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, digər 5 nəfər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Qeyd edək ki, yanğın 15-20 kvadrat metr sahədə baş verib. İlkin ehtimala görə, hadisəyə binanın elektik xətlərindəki qısaqapanma səbəb olub.
Xəbər verdiyimiz kimi, Şabran rayonunda 7 yaşlı Gülnur Dadaşovaya antibiotik iynə vurulduqdan sonra dünyasını dəyişib.
“Qafqazinfo”nun əməkdaşı uşağın ailə üzvləri ilə görüşüb.
G.Dadaşovanın əmisi Elman Dadaşov bildirib ki, uşağın boğazı ağrıyıb və qızdırmalı olub. Buna görə həkimə aparılıb:
“Uşaq həkimi İradə Həmidova tərəfindən antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb və koma vəziyyətinə düşüb. Ağzından köp gəlib, ciyəri partlayıb. Xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun vəziyyəti daha da ağırlaşıb. Bir gün yalvardıq ki, ya həkim gətirin, ya da verin bizə. Heç nə etmədilər. Elə dedilər “yaxşıya doğru gedir”. Axırda uşağımızın meyitini verdilər”.
Qeyd edək ki, xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasından Bakıdakı 2 saylı Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasına köçürülüb. Lakin bütün yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Emin Kərimov
Ermənistanda hər il 10 mindən çox gənc orduda xidmətdən yayınır və hüquq-mühafizə orqanları onların hamısı barəsində axtarış elan ediblər.
Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu bəyanatı jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Koçaryan səsləndirib.
Erməni deputatın sözlərinə görə, valideynlər uşaqlarını hərbi xidmətdən yayındırır və bununla da ölkənin müdafiə qabiliyyətinə zərbə vururlar. O əlavə edib ki, 27 yaşına qədər bu gənclər orduda xidmətdən yayınır, sonra meydana çıxaraq pul ödəyirlər və cinayət məsuliyyətindən azad edilirlər. Deputat bildirib ki, qanunlar elə olmalıdır ki, hər bir vətəndaş orduda xidmət etsin. “Bir çoxları övladlarını orduda xidmətdən yayındırmaq məqsədilə hamilə qadınlarını uşaq doğmaq üçün ABŞ-a aparır və avtomatik olaraq həmin ölkənin vətəndaşı edirlər. Bundan başqa, orduda xidmətdən yayınan 27 yaşdan yuxarı oğlanlar üçün mini-amnistiya sayılan pul müqabilində cinayət məsuliyyətdən azad olunma təcrübəsini də addımbaşı tətbiq etmək düzgün deyil”, -deyə Koçaryan vurğulayıb.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, 2003-cü ildən etibarən orduda xidmətdən yayınan 9985 çağırışçı hərəyə 29,6 min dollar ödəyərək cinayət məsuliyyətindən azad edilib.