![]() |
|
Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Report-un Şirvan bürosunun məlumatına görə, hadisə Şamaxı-Padarçöl yolunun 45-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Padarçöl istiqamətində hərəkətdə olan "Nissan" markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb və avtomobil aşıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə zamanı ağır bədən xəsarətləri alan bir qadın və bir kişi təcili yardım maşını ilə Şamaxı Rayon Mərkəzi Xəstəxansına çatdırılıb. Şəxsiyyətləri hələlik məlum olmayan qadın və kişinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Şəki və Oğuz sakinlərindən ov tüfəngləri götürülüb.
DİN-dən Axar.az-a verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Böyük Dəhnə kənd sakini F.Məmmədovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.
Oğuz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Daşağıl kənd sakini M.Haşımovun evindən müvafiq sənədləri olmayan “İJ-28” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Balakən rayonunda yol qəzasına düşən iki qardaşdan biri ölüb, digəri xəstəxanaya yerləşdirilib.
Report-un məlumatına görə, hadisə fevralın 8-dən 9-a keçən gecə şəhərin Tülü dairəsi adlanan ərazisində baş verib.
Qəza nəticəsində 1994-cü il təvəllüdlü Elton Azad oğlu Hacıyev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Eltonun kiçik qardaşı, 1997-ci il təvəllüdlü Məftun Hacıyev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Şəki rayonunda yol qəzası baş verib
Qax rayonunda yol qəzası baş verib.
Report-un məlumatına görə, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
VAZ-21015 markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi.
Faktla bağlı araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Oğuz rayonunun Fil-filli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində qaya daşlarının altında gizlədilmiş şəkildə istifadəyə yararlı “TOZ-8-01” markalı yivli silah sahibsiz aşkar olunub.
DSX-dən Axar.az-a verilən məlumata görə, hadisə yanvar ayının 21-də qeydə alınıb.
Yanvarın 29-da, DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Qazax rayonunun Sınıqkörpü kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən “Qırmızı körpü” tarixi abidəsinin təmir işləri ilə məşğul olan şirkətin fəhləsi Qazax rayon Hüseynbəyli kənd sakini 1994-cü il təvəllüdlü Sadiqi Adil Valeh oğlundan aksiz markası olmayan 48 blok (qutu) siqaret aşkar olunaraq götürülüb. Araşdırma zamanı qeyd olunan tütün məmulatlarının Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsi məlum olub.
Yanvarın 30-da DSX-nin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Şəki rayonunun Baş Zəyzid kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Şəki rayonunun Baş Zəyzid kənd sakinləri 1971-ci il təvəllüdlü Ağaşirinov Hümmət Bəhram oğlu, 1989-cu il təvəllüdlü Kərimov Məhərrəm Nadir oğlu, 1994-cü il təvəllüdlü Musayev Araz Bəylər oğlu və 1969-cu il təvəllüdlü Kərimov Ələskər Sabir oğlu qanunsuz ov etdikləri üçün sərhəd rejim pozucusu qismində saxlanılıb. Onların üzərinə baxış keçirilərkən 3 ədəd ov tüfəngi, 32 ədəd patron və 2 ədəd patron qabı aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi (DİN) "Leydi Şarm" (“Lady Sharm”) mağazalar şəbəkələrində keçirilən xüsusi əməliyyatla bağlı rəsmi açıqlama yayıb.
DİN-in Mətbuat xidmətindən Axar.az-a daxil olan açıqlamada bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iqtisadi cinayətkarlıqla mübarizə, milyonlarla pul vəsaitinin büdcədən gizlədilməsi və bu qanunazidd əməllərlə məşğul olan cinayətkar şəbəkənin aşkar edilməsi istiqamətində növbəti xüsusi əməliyyat tədbiri həyata keçirilib.
Baş İdarəyə daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt və bölgələrdə fəaliyyət göstərən"Leydi Şarm" mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldanılması halları aşkar edilib. Nəticədə qeyd edilən şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Chiristian Dior” , “İtterre” və digər dünyaca məhşur bredlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib. "Leydi Şarm"ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq "Leydi Şarm" mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib. Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb.
Araşdırmalarla həmçinin "Leydi Şarm" şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta “Made in Turkey” və “Made in İtaly” nişanları tikildiyi məlum olub.
Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşlarının peşəkarlığı sayəsində "Leydi Şarm"ın “qara” mühasibatlıqlarn aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatları da əldə edilərək götürülüb. Həyata keçirilən zəruri əməliyyat-istintaq tədbirləri ilə "Leydi Şarm" bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındırdığı məlum olub.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. araşdırmalar davam etdirilir.
Xatırladaq ki, bundan öncə AFN “Leydi Şarm” mağazalar şəbəkəsində saxta etiketlərlə mal çıxarılması ilə əlaqədar bir qrup məsul şəxsin hüquq-mühafizə orqanları tərəfindən həbs edildiyi barədə məlumat yaymışdı.
Hava Nəqliyyatında Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 1966-cı il təvəllüdlü İbrahim Ələsgərov Heydər Əliyev Beynəlxalq Hava Limanının yerli uçuşlar terminalının qarşısında saxlanılıb.
Oxu.Az xəbər verir ki, İdarəyə gətirilən İ.Ələsgərovun üzərində şəxsi axtarış keçirilən zaman ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.
Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və yaşadığı Naxçıvan Muxtar Respublikasına aparan zaman polislər tərəfindən saxlanıldığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Bakıda tikinti işləri aparılan ərazidə ölüm hadisəsi baş verib.
Bu barədə Trend-ə Nəsimi rayon prokurorluğundan bildirilib. Rayon prokurorluğuna yük avtomobilinin qazıntı işləri davam etdirilən ərazidə xəndəyə düşərək ölməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.
Aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhəri, Binəqədi rayon sakini 1966-cı il təvəllüdlü Ə.Həşimov idarə etdiyi betonqarışdıran yük avtomobilinin beton gətirdiyi tikinti sahəsində 3,2 metr hündürlükdən xəndəyə aşması nəticəsində ölüb.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin olunub, istintaq hərəkətləri davam etdirilir.
11:12
Fevralın 2-də səhər İranın Sistan-Bəlucistan bölgəsindəki Nikşəhr şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun əsgəri qətlə yetirilib.
Axar.az xəbər verir ki, əsgəri qətlə yetirən terrorçular 5 nəfəri də yaralayıblar.
Hadisə yerinə müvafiq qurumların nümayəndələri gələrək araşdırmaya başlayıblar. Bölgənin yolları nəzarətə götürülüb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli sayda mobil telefonun ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan edilmədən gizli keçirilməsi cəhdinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Axar.az-a bildirilib ki, Şarcə-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçən zaman saxlanılıb və yoxlama aparılıb. Yoxlama zamanı sərnişindən 6 ədəd “iPhone X 64 GB” markalı mobil telefonlar aşkarlanıb. Sorğu-sual zamanı sərnişin telefonların ona məxsus olmadığını və Şarcə Hava Limanında olarkən Azərbaycana gətirilməsi üçün verildiyini bildirib. Şübhə yarandığından Şarcə-Bakı aviareysi ilə gələn digər sərnişinlərin də əl yüklərinə yoxlama keçirilib və bu zaman 11 nəfər Azərbaycan vətəndaşından 25 ədəd, ümumilikdə 31 ədəd “iPhone X 64 GB” markalı mobil telefonlar aşkarlanıb. Adları çəkilən vətəndaşlar mobil telefonların onlara məxsus olmadığını bildirib və telefonlardan imtina ediblər.
Araşdırma nəticəsində məlum olub ki, İsayev Əhməd Mülkəsahib oğlu 31 ədəd “iPhone X 64 GB” markalı mobil telefonları gömrük nəzarətinə əvvəlcədən şifahi, yazılı və ya elektron formada bəyan etmədən güzəştli qaydada keçirmək məqsədilə onunla birlikdə Şarcə-Bakı aviareysi ilə gələn sərnişinlərə paylayıb.
Faktla bağlı araşdırma aparılır.