![]() |
|
Bakıda dəmir yolu stansiyasında ölüm hadisəsi olub.
Report-un xəbərinə görə, Sabunçu rayonu, Pirşağı dəmir yolu stansiyasının ərazisində 36 yaşlı Mirağa Hüseynov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Araşdırma zamanı onun stansiya ərazisində elektrik naqillərini oğurlamaq istəyən zaman cərəyan vurması nəticəsində öldüyü məlum olub.
Araşdırmalar davam etdirilir.
19:20
Axşam saatlarında paytaxtın Heydər Əliyev prospektində zəncirvari yol qəzası olub.
Report xəbər verir ki, hadisə prospekt ilə hava limanı istiqamətində hərəkətdə olan 5 maşının ardarda toqquşması nəticəsində baş verib.
Qəza yolda böyük tıxaca səbəb olub. Xəsarət alanlar barədə məlumat yoxdur.
2023-cü ilin sonunadək Azərbaycanda yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının 30 faiz azaldılması proqnozlaşdırılır.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilir.
Dövlət Proqramında qeyd olunub ki, müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində 2013–2017-ci illərlə müqayisədə 2023-cü ilin sonunadək yol-nəqliyyat hadisələrində ölüm sayının, sağlamlığına ağır və ya az ağır zərər vurulan şəxslərin sayının və yol-nəqliyyat hadisələrinin ümumi sayının 30 faiz azaldılması, həmçinin yol-nəqliyyat hadisələrində uşaq ölümü hallarının 50 faiz azaldılması nəzərdə tutulub.
Yevlax rayonunda yük və minik avtomobilləri toqquşub.
Report xəbər verir ki, hadisə rayonun Xaldan qəsəbəsində, yolun Ağdaş rayonu istiqamətinə dönən hissəsində baş verib.
Belə ki, “Qazel” markalı yük maşını VAZ-21099 markalı minik avtomobilinə çırpılıb. Minik maşını qismən yük maşının altına düşüb. Qəza nəticəsində iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Şəki rayonu Zunud kənd sakini Arif İdrisov DİN-in “102 Zəng Mərkəzi “ xidməti ilə əlaqə saxlayaraq evindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib, soyğunçuluğu törədən şəxsləri elə özü həyətdən çıxmaq istəyərkən tutub saxladığını bildirib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a bildirilib ki, məlumat aidiyyatı üzrə Şəki ŞRPŞ-yə göndərilib və polis əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər. Aparılmış ilkin araşdırmalarla soyğunçuluğu edən şəxslərin Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Nazdı Mahmudova və Seyran Nadirova olduqları müəyyən edilib. Dilənçilik fəaliyyəti ilə məşğul olan qadınlar evə qanunsuz daxil olaraq oradan 1166 manat pulu və qızıl-zinət əşyalarını götürüb evdən çıxmaq istəyərkən ev sahibi A.İdrisov tərəfindən yaxalanıblar.
Faktla bağlı ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Rusiyanın Voronej vilayətində avtoqəzada yaralanan və ölən azərbaycanlılarla bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.
Voronejdə “Birlik” Azərbaycan Cəmiyyətinin sədri Mehdi Mehdiyev Report-a bildirib ki, “Rusiyada diaspor təşkilatları yaralanan və dünyasını dəyişən azərbaycanlılarla bağlı heç bir maddi və mənəvi dəstək göstərməyib” məzmunlu Azərbaycanın bəzi xəbər saytlarında yayılan xəbər təhrif edilmiş və qərəzlidir.
“Diaspor təşkilatı hadisə baş verən andan zərərçəkənlərin yanındadır. Hadisə dekabrın 24-ü saat 11:00 radələrində Varonejdən 300 km aralı Rostov istiqamətində baş verib. Fövqəladə Hallar Nazirliyi Varonej vilayəti bölməsi xəbər verən kimi biz hadisə yerinə getdik. Baş vermiş hadisəyə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi də həssas yanaşaraq, bizimlə əlaqə saxlayıb. Bütün mümkün köməkliklərin göstərilməsini tövsiyə etdi, eyni zamanda komitə mütəmadi olaraq da proseslə maraqlanıb. 2 azərbaycanlı ölmüşdü, yaralılar da var idi. Yaralıları yaxınlıqdakı Boquçar şəhər xəstəxanasına yerləşdirildi. Dərhal dövlət orqanları ilə birlikdə hadisənin araşdırılması ilə məşğul olduq. Təşkilatınmızın üzvü Bəxtiyardan xahiş etdik ki, proseslərə nəzarət etsin. Ölənlərin cəsədlərini 150 km aralıda başqa şəhər məhkəmə tibbi ekspertizasına gətirdik. İki gündən sonra cənazələr Azərbaycan göndərildi. Nəqliyyat və digər xərcləri ödədik. Yaralı Məlahət Həsənova ağır vəziyyətdə olduğuna görə təşkil etdik ki, onu Varonejə gətirsinlər. Hazırda, Məlahət xanım xəstəxanadadır, nəzarətdədir, əməliyyat gözlənilir. Biz Azərbaycan cəmiyyəti olaraq əlimizdən gələni etmişik. Axırıncı xəstəni dünən xəstəxanadan çıxardıq, yazın zamana Azərbaycana yola salacağıq”. Diaspor rəhbəri deyir ki, Azərbaycanın bəzi xəbər saytlarının diasporun gördüyü işləri görməzdən gəlməsi orada yaşayan azərbaycanlılarda təəssüf hissi yaradır: “Cəmiyyət olaraq həmin saytlarla əlaqə də saxladıq, vəziyyəti izah etdik. Buna baxmayaraq, təhrif olunmuş köhnə xəbərlər hələ də onlarda saytdadır. Xaricdəki soydaşlarımızın zəhmətinə qarşı belə dəqiqləşdirilməmiş məlumatların yayılması diaspor fəaliyyətimizə məqsədli şəkildə qara yaxma kimi qəbul edirik” - deyə, M. Mehdiyev bildirib.
Bakıda ötən gün axşam saatlarından başlayan güclü külək nəticəsində indiyədək şəhərin müxtəlif yerlərində 16 ağac aşma hadisəsi baş verib.
Bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, aşma hadisələri Bakının Nəsimi və Yasamal rayonlarında qeydə alınıb.
O.Məmmədov əlavə edib ki, külək bir cinar ağacını kökündən çıxarıb, daha 15 cinar, qarağac, qovaq və sərv ağaclarının isə budaqları sınıb.
Birlik rəsmisi dünən gecədən heyətin gücləndirilmiş iş rejimində çalışdığını da qeyd edib.
Bakı şəhərinndə mənzildə yanğın olub.
FHN-dən Axar.az-a verilən məlumata görə, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 68 m² olan birmərtəbəli 5 otaqlı evin dəhlizinin, hamam otağının lambirdən ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə yanıb.
Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azərbaycanın Ağdam rayonunun düşmən tərəfindən işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində əsgərlər arasında kütləvi zəhərlənmə baş verib.
Azərtac xəbər verir ki, yeməklərin keyfiyyətsiz olması nəticəsində zəhərlənən 54 hərbi qulluqçu hərbi hissənin tibb məntəqəsinə müraciət edib. Hərbi polis tərəfindən hadisə ilə bağlı yoxlama aparılarkən məlum olub ki, ərzaq anbarından verilən bir neçə məhsulun istifadə müddəti çoxdan başa çatıb.
Hərbi hissə komandanlığı hadisəni ört-basdır etməyə çalışsa da, əsgərlərin valideynlərinin şikayəti əsasında faktla bağlı araşdırma aparılır. Köhnəlmiş ərzağın yeməkxanaya verilməsində təqsirkar şəxslərin müəyyənləşdirilərək cəzalandırılması məqsədilə cinayət işi açılıb.