![]() |
|
Ötən gün Tacikistana səfər edən prezident İlham Əliyev MDB ölkə liderləri üçün nəzərdə tutulan gecə gəzintisinə qatılıb.
Emomali Rahmonun təşkilatçılığı ilə ötən gecə baş tutan gəzintidə ölkə liderləri Tacikistanın təbii nemətləri ilə tanış olublar. Sərgidə meyvə-tərəvəzlər, quru meyvələr, bal nümayiş olunub.
Qeyd edək ki, artıq bu gündən MDB Dövlət Başçıları Şurasının iclası öz işinə başlayıb. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Belarus dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan lideri Nursultan Nazarbayev, Moldova lideri İqor Dodon, Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Tacikistan prezidenti Emomali Rahmon və Ermənistan baş naziri Nikol Paşinyan iştirak edir.
Türkmənistan lideri Qurbanqulu Berdımuhammedov BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etdiyi üçün sammitə qatıla bilməyib. Düşənbədə onu baş nazir müavini təmsil edəcək. Eyni zamanda, bu dəfə Ukraynadan da heç kim təmsil olunmur.
Sammit “Somon” sarayında keçirilir.
15:51
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.
Axar.az xəbər verir ki, Azərbaycan və Rusiya prezidentləri görüşdə çıxış ediblər.
Sonra prezidentlər çay süfrəsi arxasında söhbəti davam etdiriblər.
***
- Hörmətli Vladimir Vladimiroviç, icazə verin, Sizi Azərbaycanda bir daha salamlayım, xoş gəlmisiniz.
Biz Sizi görməyimizə həmişə çox şadıq. Sizin bügünkü səfəriniz xüsusi xarakter daşıyır. Biz bu gün ilk dəfə olaraq rekord miqdarda - minə yaxın iştirakçı toplayan Azərbaycan-Rusiya Regionlararası Forumunun işində iştirak edirik. Bu da tədbirə göstərilən böyük marağa dəlalət edir. Biz Sizinlə bu ayın əvvəlində Soçidə görüşmüşdük, bu gün isə Bakıda görüşürük. Bu, bizim münasibətlərimizin səviyyəsinin parlaq göstəricisidir. Biz həm siyasi, həm də iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə fəal əməkdaşlıq edirik.
Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
“Biz bütün istiqamətlərdə böyük tərəqqi görürük. Biz bu barədə indicə Forum iştirakçılarına danışdıq, bununla onlara daha fəal işləmələri və əməkdaşlığımızı inkişaf etdirmələri üçün daha bir impuls verdik. Rusiya bizim üçün münasibətlərimizin ən yüksək səviyyədə olduğu çox mühüm və dəyərli tərəfdaş, dost və qonşudur. Düşünürəm ki, gələcək illərdə biz əməkdaşlığımızı yalnız inkişaf etdirmək, ölkələrimizin biznes qurumları üçün daha yaxşı şərait yaratmaq və bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək yolu ilə gedəcəyik. Bir daha “Xoş Gəlmisiniz!” deyir və səfərə görə təşəkkür edirəm”.
***
- Çox sağ olun, hörmətli İlham Heydər oğlu.
Bakıya dəvətə və cüdo üzrə dünya çempionatında olmaq imkanına görə çox sağ olun. Mən bunun necə layiqli, çox yüksək beynəlxalq səviyyədə təşkil edildiyini, təşkilatçıların, cənab Vizer başda olmaqla Cüdo üzrə Beynəlxalq Federasiyanın məmnunluğunu görürəm. Mənə indi burada hər şeyin necə peşəkarlıqla təşkil edildiyini dedilər. Bu, təkcə cüdonun deyil, bütövlükdə dünya idmanının inkişafına böyük töhfədir.
Bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdə deyib.
“Əlbəttə ki, bu gün regionlararası forumda bizim iştirakımız da bu qısa işgüzar səfərin əhəmiyyətli tərkib hissəsidir. Doğrudur, biz bu yaxınlarda Soçidə görüşdük, amma münasibətlərimizin yüksək səviyyəsini və həcmini nəzərə alaraq, bizim həmişə danışmağa sözümüz var. Necə deyərlər, MDB-nin sammiti meydanlarında da ünsiyyətimiz gözlənilir. Amma, şübhəsiz, çox əladır ki, bu şəraitdən istifadə edərək ikitərəfli münasibətlər haqqında danışmaq imkanı var. Biz hələ Soçidə qeyd etmişdik ki, münasibətlərimiz həm iqtisadiyyat, həm də digər sahələrdə müsbət inkişaf edir. İndi gərək elə edək ki, Sizin Rusiyaya səfərinizin gedişində bizim qarşılıqlı fəaliyyətimizə verilən impuls itməsin və Sizinlə imzaladığımız çox əhəmiyyətli sənədlər işləsin. Düşünürəm ki, biz bu gün elə bu barədə danışacağıq. Sağ olun”, - deyə V.Putin bildirib.
BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində Ermənistanın baş nazirinin bəyanatına cavab haqqından istifadə edən Azərbaycan nümayəndə heyəti bəyanat yayıb.
Bəyanatda deyilir: “Biz dünən Ermənistanın baş naziri tərəfindən ümumi müzakirədə edilmiş bəyanata cavab vermək üçün çıxış istədik.
İlkin təəssürat ondan ibarətdir ki, natiq özünün adlandırdığı “Məxmər inqilab”ın hələ də təsiri altındadır və populist, olduqca ziddiyyətli ritorikadan çıxış edərək BMT Baş Assambleyasını Gümrü və Yerevan küçələri ilə səhv salıb.
Baxmayaraq ki, Ermənistanın baş naziri ölkəsinin hakimiyyətdən salınmış hökumətini avtoritar idarəetmə, korrupsiya, demokratiya və insan hüquqlarını pozmaqda günahlandırmaq üçün söz seçimində qətiyyətli deyildi, onun Ermənistan və Azərbaycan arasında davam etməkdə olan münaqişə ilə bağlı verdiyi şərhlər sələflərinin keçmişdə inadkarcasına istifadə etdiyi frazeologiyadan çox az fərqlənirdi. Nəticədə, Ermənistanın baş nazirinin bəyanatı Azərbaycana qarşı müharibənin başlanılması və onun ağır nəticələrinə görə məsuliyyəti və faktları rədd etmək üçün növbəti uğursuz cəhdə çevrildi.
Məlumdur ki, Ermənistan Dağlıq Qarabağ, ətraf yeddi rayon və bəzi eksklavlar da daxil olmaqla Azərbaycan ərazilərinin bir hissəsini zəbt etmək və orada özünə tabe olan kiçik irqçi rejim qurmaq üçün hərbi qüvvədən istifadə edib. Ermənistanın başladığı müharibə on minlərlə insanın həyatına bais olub, şəhərləri, rayonları, kəndləri viran qoyub, bir milyondan çox Azərbaycanlının öz doğma evlərindən və mülklərindən zor gücü ilə qovulması ilə nəticələnib və münaqişə nəticəsində minlərlə insan hələ də itkin düşmüş hesab edilir.
Ermənistanın baş nazirinin bəyanatında müşahidə etdiyimiz iddia və yanlış yozmalar, xüsusilə də onların Təhlükəsizlik Şurasının Azərbaycana qarşı gücdən istifadəni, onun ərazilərinin bombalanmasını və işğalını pisləyən, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörməti, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin tutulması üçün gücdən istifadənin qəbuledilməz olduğunu bir daha təsdiq edən BMT-də səslənməsi, xüsusilə heyrət doğurur.
Bundan əlavə, Ermənistanın ərazi iddiaları və güc tətbiqinə cavab olaraq, Şura bir daha təsdiq edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və tələb edib ki, işğalçı qüvvələr dərhal, tamamilə və qeyd-şərtsiz bütün işğal olunmuş torpaqlardan çıxsınlar.
Başqa sözlə, Təhlükəsizlik Şurası bu qətnamələrdə Azərbaycana qarşı hərbi güc tətbiq olunması faktını, bu hərəkətlərin qanunsuz olduğunu, Birləşmiş Millətlər Nizamnaməsi ilə ziddiyyət təşkil etdiyini, beynəlxalq münasibətlərdə hərbi gücdən istifadənin qadağan olunmasına uyğun gəlmədiyini və onların Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması olduğunu etiraf edib.
Təəccüb doğurmur ki, Ermənistanın baş naziri öz çıxışında bilərəkdən Təhlükəsizlik Şurasının qətnamələri üzərindən sükutla keçdi. Eynilə o, münaqişə ilə bağlı qəbul edilmiş digər mühüm sənədlərə də istinad etmədi.
Ermənistanın bəyan etdiyi öhdəlikləri və əməlləri münaqişənin sülh yolu ilə həlli məqsədinə heç vaxt uyğun gəlməyib. Ermənistanın baş nazirinin bəyanatı heç də istisna deyil. Həqiqətdə, suveren dövlətin ərazisini işğal etmək üçün hərbi gücdən istifadə etməklə Ermənistan siyasi həll yoluna alternativin olmasına qəti inamını nümayiş etdirdi.
Erməni xalqına qarşı yeni mifik soyqırımı təhlükəsi haqqında iddialar növbəti yalanın göstəricisidir. Sadəcə onu qeyd etmək yetərlidir ki, həm öz, həm də işğal etdiyi Azərbaycan torpaqlarında bütün qeyri-ermənilərdən tam etnik təmizləmə həyata keçirən Ermənistandan fərqli olaraq, Azərbaycan bu günədək etnik və mədəni müxtəlifliyini qoruyub saxlayıb, paytaxt Bakı şəhərində və ölkənin digər bölgələrində sülh, harmoniya və şərəflə həyat sürən on minlərlə erməninin evidir.
Ermənistan rəhbərliyinin demokratiya, insan hüquqları və münaqişənin sülh yolu ilə həlli bəyanatları cəfəngiyatdır və onlar Azərbaycan ərazilərinin işğalına son qoyulması, məcburi didərgin düşmüş azərbaycanlıların şərəf və ləyaqətlə Dağlıq Qarabağda və işğal olunmuş digər ərazilərdəki evlərinə və yurdlarına geri qayıtmalarının təmin edilməsinə gətirən əsl fəaliyyətə çevrilməyənədək boş söz olaraq qalacaq.
Kompromis yox, vacib olan bu məqsədə nail olunması Azərbaycanın konstitusional və hüquqi çərçivəsi daxilində Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının bərabər və tam iştirakı ilə digər məsələlərin cavablandırılması üçün lazımı şərtlər yaradacaq.
Ermənistanın işğalçı və müstəmləkəçilik siyasətinin məqsədinə çatmaq şansı yoxdur. Dağlıq Qarabağ hər zaman Azərbaycanın ayrılmaz hissəsi olub və belə də olacaq. Azərbaycan torpaqlarının işğalı müvəqqətidir və Ermənistan tərəfindən heç vaxt arzu edilən nəticələri verməyəcək. Yerevan öz xalqını və beynəlxalq ictimaiyyəti yanıltmaq kimi faydasız cəhdlərindən əl çəkməli, münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməli və öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir”.