![]() |
|
“Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı məsələdə yenilik yoxdur. Beynəlxalq tədbirlər çərçivəsində daim bu məsələ qaldırılır, Dağlıq Qarabağdakı qeyri-qanuni rejimin “qanunları” ilə məhkum edilən azərbaycanlıların azad edilməsi ilə bağlı çağırışlar edilir. Təəssüflər olsun ki, bununla bağlı irəliləyiş yoxdur”.
Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. O qeyd edib ki, Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Qırğızıstanda keçiriləcək sessiyasında iştirak etmək üçün yola düşüblər: “Onlar sessiyanın gündəliyindəı olan bütün məsələlərə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli və girovların azad edilməsi ilə bağlı fikirlərini səsləndirəcəklər. Təbii ki, konkret mexanizmlər və real təsirlər olmadan səsləndirilən fikirlər divarlar arasında qalır. Bununla belə hesab edirəm ki, məsələnin gündəlikdən düşməsinə imkan vermək olmaz. Sona qədər bu məsələni diqqət mərkəzində saxlayacağıq və təkcə o insanların deyil, öz ölkəsində hərəkət imkanları məhdudlaşdırılan insanların öz doğma yurdlarına qayıdışının da təmin etməsində ciddi qərarların qəbul olunmasına çalışmaq lazımdır”.
Azərbaycan Dövlət Gömrük Komitəsi qaçaqmalçılıqla bağlı nəzərdə tutulan cəzada dəyişiklik edilməsini təklif edib.
Report xəbər verir ki, təklifə əsasən, Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) maddəsində nəzərdə tutulan külli miqdarda hesab edilən məbləğ artırılır.
Belə ki, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə (Narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorları, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələr və qurğular, hərbi silah və texnika, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatı, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahları, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materiallar və avadanlıqlar, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammal, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyalar istisnadır) malların və digər əşyaların külli miqdarda (4 min manatdan yuxarı olan məbləğ) keçirilməsinə görə 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dövlət Gömrük Komitəsi maddədə nəzərdə tutulan külli miqdar hesab edilən 4 min manatın 20 min manata qaldırılmasını təklif edir. Komitə təklifini hökumətə təqdim edib.
Sabiq vergilər naziri Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsindən rəsmən ayrılıb.
Report-un məlumatına görə, bir müddət əvvəl F.Məmmədov istefa ərizəsi yazıb.
Artıq onun adı AGF-nin rəsmi saytından da çıxarılıb. Prezident əvəzi kimi əvvəllər I vitse-prezident vəzifəsində çalışmış Namiq Əliyev göstərilib. N.Əliyev bu gün güləşçilərlə federasiya rəhbəri kimi görüşərək, onlara Yeniyetmələrin III Yay Olimpiya Oyunları və dünya çempionatında uğurlar arzulayıb.
Qeyd edək ki, Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti idi. O həm də Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarına rəhbərlik edir.
“Traktor” klubunun sahibi Məhəmmədrza Zenuzi çox iddialıdır. O, xarici valyutanın bugünkü durumuna baxmayaraq, Təbrizə bir çox kiçik və böyük ulduzlar gətirib.
Axar.az xəbər verir ki, bu sözləri “İran vərzişi” qəzetində yayımlanan yazısında jurnalist Səid Ağayi deyib.
“Zenuzi bu oyuna dəlicəsinə davam edir və çempionluq sevdasına düşüb. O, multimilyarder kimi şan-şöhrət hərisidir. Tutduğu yolun sonu bədnamlıq və etimadsızlıqdan başqa heç nə gətirməyəcək. Bu adam futboldan uzaqdır, onun əlifbasını belə bilmir. Bu idarəçiliklə onun bugünkü gülüşləri, qısa zamanda göz yaşları ilə əvəzlənəcək. Bu göz yaşları sonralar Hüseyn hidayəti kimi dəmir barmaqlıqlar arxasına düşməklə də nəticələnə bilər”.
Gürcüstan öz ərazi bütövlüyü və alyansa üzvlük arasında seçim etməməlidir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib.
“NATO Gürcüstanın ərazi bütövlüyünü tam dəstəkləyir. 2008-ci Buxarest sammitinin qərarı qüvvədə qalır və Gürcüstan zamanla NATO üzvü ola bilər. O öz ərazi bütövlüyü və alyans üzvlüyü arasında seçim etməməlidir”, – deyə o bildirib.
Azərbaycanla münasibətlər Türkiyə üçün müstəsna əhəmiyyətə malikdir.
Report xəbər verir ki, bunu ADA Universitetində keçirilən “Türkiyənin mədəniyyət diplomatiyası” panelində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral bildirib.
“Biz Dağlıq Qarabağ məsələsində də, başqa məsələlərdə də daim Azərbaycanın yanındayıq. Bu məsələdə Azərbaycana hər cür yardım göstərməyə hazırıq. Azərbaycan müstəqillik qazandığı gündən etibarən həmişə onunla olmuşuq və olacağıq”, - deyə vurğulayan diplomatın sözlərinə görə, iki ölkə arasında əlaqələrin mühüm istiqamətlərindən biri də mədəniyyət sahəsidir.
Prezident İlham Əliyev Salyan rayonunun Arbatan–Marışlı–Seyidsadıqlı–Quyçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On bir min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Arbatan–Marışlı–Seyidsadıqlı–Quyçu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,2 milyon (dörd milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
NATO İranın fəaliyyətindən narahatdır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib.
“İranın fəaliyyəti bizdə narahatlıq yaradır. Tehran region ölkələrindəki situasiyanı destabilizasiya edir”, – deyə o bildirib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Etibar Abdullayev işdən çıxarılıb.
Report xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev müvafiq əmr imzalayıb.
Digər əmrlə Eldar Zeynalov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri təyin edilib.
E.Abdullayevə isə qurumun Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdir müavini və sektor müdiri vəzifəsi həvalə olunub.
Qeyd edək ki, E.Abdullayev bu ilin may ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri təyin edilmişdi.
09:27
Britaniya kəşfiyyatı Mi-6-nın keçmiş rəhbəri Riçard Dirlav Rusiya Prezidenti Vladimir Putini hakimiyyətə gətirməyə yardım etdiyini etiraf edib.
Axar.az xəbər verir ki, o, bu etirafını “Tayms”a açıqlamasında söyləyib. Dirlavın sözlərinə görə, o, Rusiya prezidentinə 2000-ci illərin əvvəllərində yardım edib. O, həmin dövrdə hələlik prezident olmayan Putinlə Baş nazir Toni Blerin görüşünü təşkil etdiyini açıqlayıb:
“Seçkidən öncə Dövlət Təhlükəsizlik Komitəsinin yüksəkvəzifəli zabiti mənə müraciət edərək, Toni Blerin Sergey Prokofyevin “Müharibə və Sülh” operasının premyerasına gəlməyini təklif etdi. Bu premyerada Vladimir Putin də iştirak etməli idi. Biz buna razılıq verdik”.
Dirlav müsahibəsi zamanı o zaman Putin barədə yaxşı reputasiya yaratdığına görə çox təəssüfləndiyini bildirib.