![]() |
|
Netanyahuya Aralıq dənizində üzmə sınaqları aparmağı təklif edirəm, çünki dənizdən qaça bilməyəcəklər. İsrail bizim üçün təhdid deyil. Hizbullah onları yox etmək üçün yetərli gücə sahibdir.
Axar.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun 2-ci komandiri Hüseyn Səlami İsrail Baş naziri Netanyahunun "Livan və Suriyada İranın varlığına qarşı nə lazımdırsa, edəcəyik" sözlərinə cavab olaraq deyib.
Rusiya ilə Hindistan arasında 6 yeni nüvə stansiyasının yaradılması üçün razılıq əldə edilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın "Rosatom" şirkəti bəyanat verib.
"Tərəflər Hindistanda Rusiya dizaynında 6 nüvə enerji stansiyasının quraşdırılması layihəsi, üçüncü ölkələrdə əməkdaşlığı genişləndirmək və nüvə enerjisi üçün gələcək vəd edən sahələrdə əməkdaşlıqlarını inkişaf etdirmək istəyir", - bu barədə bəyanatda qeyd edilib.
Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Valdimir Putin Hindistanda rəsmi səfərə gedib.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev xalqa müraciəti zamanı nazirlərə xəbərdarlıq edib.
Axar.az Trend-ə istinadla xəbər verir ki, N.Nazarbayev nazirləri daha səmərəli işləməyə çağırıb, əks halda onları xarici mütəxəssislərlə əvəz edəcəyini deyib.
Prezident bildirib ki, ölkə bütün sahələrdə səmərəli şəkildə və bacarıqlı mütəxəssislər tərəfindən idarə olunmalıdır:
“Bu mütəxəssisləri axtarmaq lazımdır. Bizdə “Air Astana”ya kim rəhbərlik edir? İngilis. Nazarbayev Universitetinin rəhbəri kimdir? Yapon. Əgər yaxşı işləməsəniz, bütün mütəxəssisləri xaricdən dəvət edəcəyəm”.
Axar.az Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşla müsahibəni təqdim edir:
– Azərbaycan – Mərakeş münasibətlərini üç sözlə necə ifadə edərdiniz?
– Güclü, mükəmməl və perspektivli. Güclü ona görə ki, bizim münasibətlər qarşılıqlı hörmət, dəstək prinsiplərinə əsaslanır və biz bir-birimizlə paylaşdığımız bir çox ortaq, humanitar dəyərlərə sahibik. Mükəmməl ona görə ki, bu iki ölkə arasında heç bir problem, anlaşılmazlıq, heç bir qaranlıq tərəf mövcud deyil. Perspektivli - çünki birgə həyata keçirdiyimiz və keçirə biləcəyimiz çoxsaylı layihələr mövcuddur. Humanitar, iqtisadi, mədəni sahələrdə birgə layihələrimiz inkişaf etdiriləcək. Perspektivli düzgün seçilmiş sözdür, çünki Mərakeş və Azərbaycan münasibətlərinin gözəl gələcəyi var.
– Cənab səfir, Mərakeş Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Mərakeş ilə Azərbaycan arasında mövcud siyasi və iqtisadi əlaqələri necə qiymətləndirə bilərsiniz? İki ölkə arasında diplomatik əlaqələrin 26 ili ərzində ən böyük nailiyyətlər hansılardır?
– Biz bir-birimizdən beş-altı min kilometr uzaqdayıq. Lakin bu məsafəyə baxmarayaq, ikitərəfli münasibətlərimizin ən yaxşı mərhələsindəyik. Hər iki ölkə 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi və bundan sonra böyük siyasi əməkdaşlıq etdi. Əlbəttə ki, bizim ikitərəfli münasibətlərimiz daha qədim köklərə dayanır. Qeyd etdiyiniz kimi, Mərakeş Azərbaycan müstəqilliyini 1991-ci ildə tanıyıb. Daha sonra 1994-cü ildə Azərbaycan Respublikasının keçmiş prezidenti cənab Heydər Əliyev Mərakeşə rəsmi səfər etdi. Bu səfər iki ölkə arasında mövcud olan münasibətlərin inkişafında müstəsna rol oynadı. Əliyev Mərakeş səfəri zamanı kralımızın atası Kral II Həsən tərəfindən qarşılandı və İslam Əməkdaşlıq Təşkilatı Sammitində iştirak etdi. Bu sammit zamanı Azərbaycanın ərazi bütövlüyü bir çox ölkələr tərəfindən tanındı. Azərbaycanın Dağlıq Qarabağ problemi dünya miqyasında gündəmə gətirildi. Bu hadisə Azərbaycan və Mərakeş üçün olduqca əhəmiyyətli idi. Hazırda Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının tam dəstəyini alır. Mərakeş Krallığının Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita 5 mart tarixində Azərbaycan Respublikasında rəsmi səfərdə oldu və XİN rəhbəri Elmar Məmmədyarovla görüşdü. Bu görüş zamanı aparılan müzakirələr də bir daha sübut etdi ki, iki dövlət olaraq ortaq maraqlarımız və bir çox məsələlərə ortaq baxışımız var. İki ölkə arasında kifayət qədər qarşılıqlı müqavilələr, sazişlər imzalanıb və imzalanacaq.
– Ötən həftə Bakıda Mərakeş səfirliyinin təşkil etdiyi Fez festivalı keçirildi. Festival Bakıda böyük maraqla qarşılandı. İki ölkə arasındakı mədəni münasibətlərin inkişafı üçün daha hansı addımların atılması planlaşdırılır?
– Azərbaycan böyük mədəni dəyərlərə sahib olan bir ölkədir. Azərbaycan xalqı mədəniyyəti sevir. Bu bizi birləşdirən dəyərdir. Mərakeş olduqca qədim bir ölkədir və bizim olduqca zəngin mədəniyyətimiz var. Mərakeş həmişə müxtəlif mədəniyyətlərə qucaq açan ölkə olub. Güclü mədəniyyətə sahib olduğumuzdan başqa mədəniyyətləri aramıza alıb onların təsirindən qorxmamışıq. Ölkəmizdə müxtəlif millətlər, müxtəlif dinlərə sitayiş edən insanlar yaşayır. Fərqli olsaq da hamımız mərakeşliyik və bir millətə mənsubuq. Hər kəs özünəməxsus mədəniyyəti gətirməklə bir mozaika yaradır, biz birlikdə vahid bir mədəniyyət yaradırıq. Azərbaycanın gözəlliyi də bundadır. Azərbaycan da Mərakeş kimi olduqca tolerant və bir ölkədir. Azərbaycanda baş tutan festivallar, mədəniyyət gecələri, tədbirlər burdakı multikulturalizmin mövcudluğunun sübutudur. Bütün bunlar Azərbaycan və Mərakeşi bir-birinə yaxınlaşdırır. Ötən aylarda Bakıda Muğam Mərkəzində qnoa musiqisi gecəsi keçirdik. Biz bu kimi tədbirləri həyata keçirməklə öz mədəniyyətimizlə yerli xalqı tanış etmək və mədəni əlaqələrimizi genişləndirməyə çalışırıq. Mərakeş, ümumiyyətlə, digər ərəb ölkələrindən fərqlənir. Biz yeganə ərəb ölkəsiyik ki, neftimiz yoxdur və biz Osmanlı imperiyası tərəfindən işğal olunmamışıq. Çünki onlar Əlcəzair və Mərakeş sərhədindən sonra irəliləmədilər. Osmanlı imperiyası bir çox ərəb ölkəsinə kifayət qədər müsbət şeylər gətirdi. Bununla da onların tarix və mədəniyyətinin bənzər olmasına gətirib çıxardı. Məsələn, dolmanı siz istənilən ərəb ölkəsində fərqli formalarda olsa belə tapa bilərsiniz. Lakin bunu Mərakeşdə tapa bilməzsiniz. Əlbəttə ki, müəyyən təsirlər oldu, lakin bizim geyimlərimiz, arxitekturamız digərlərindən müəyyən qədər fərqlənir. Bu spesifikliyimizi Azərbaycanda olan bacı və qardaşlarımızla bölüşmək istəyirik.
– Bir müddətdir ki, burda yaşayırsınız. Yerli əhali ilə, milli mətbəximizlə, mədəniyyətimizlə tanışsınız. Sizcə, Mərakeş və Azərbaycan xalqlarının hansı ortaq cəhətləri var?
– Bu haqda danışmaq üçün bizə günlər lazımdır (gülür). Elə ondan başlayaq ki, biz xarici görünüşümüzdən bir-birimizə çox oxşayırıq. Mən, məsələn, azərbaycanlıya oxşayıram. Deyərdim ki, tolerantlığımız, digər millətlərə, dinlərə qarşı olan qonaqpərvər (mülayim və ya dözümlü) münasibətimiz bizi birləşdirən əsas dəyərlərdən biridir. Bu cəhətdən bir-birimizə çox oxşayırıq. İkinci Dünya müharibəsi zamanı Mərakeş Fransa işğalı altında idi. Bu zaman yəhudilərlə bağlı qanun qəbul edildi. Hər ölkə başçısı ölkə daxilində yaşayan yəhudilərin qollarına yəhudi olduqlarını göstərən mavi ulduzlu qolbaq taxmalarını əmr edən qanun imzalamalı idi. Lakin Mərakeş kralı bu qanunu imzalamadı. Bu multikulturalizm Azərbaycanda inkişaf edib. Bir çox dövlət ölkədə multikulturalizmi inkişaf etdirdiyini dilə gətirir, lakin bu həqiqətə uyğun olmur. Azərbaycanda isə bu, həqiqətən də, belədir – tolerantlığın təşviqi, digər etnik xalqlara, dinlərə, mədəniyyətlərə hörmət və sairə.
Yeməklərimiz! Mətbəximiz çox oxşardır. Sizdə bir yemək var - Şəki pitisi. Bizdə də bu yeməyin eynisi var! Adı tanjiadır. Doğrudur, ölçücə bir az Şəki pitisindən daha böyükdür, amma yesəniz, görəcəksiniz ki, çox oxşardır! Əlbəttə, ortaq çox şeydən danışmaq olar, amma bunun üçün kifayət qədər vaxt lazımdır. Yadıma düşmüşkən, bunu da deyim. Bizi bir-birimizə bənzədən bir cəhət də var: öz tariximizi, mədəniyyətimizi, dəyərlərimizi qorusaq da, Qərb mədəniyyətini qəbul edirik və yeniliklərə açığıq.
– Qərb mədəniyyətinin təsirlərindən söhbət düşmüşkən, yadımdadır ki, mən hələ məktəbli ikən bütün dünyada mərakeşli bir qızla braziliyalı gəncin məhəbbəti haqda olan bir serial məşhur idi. Bu filmdən məlum olur ki, Mərakeş qızları çox gözəldir.
– Çox sağ olun! Elədir ki, var. Mərakeş qızları Azərbaycan qızları qədər gözəldir!
– Bu serialda Mərakeş ənənələri, mədəniyyəti, mentaliteti konservativ təsvir olunmuşdu. Əlbəttə, minlərlə kilometr uzaqlıqdan hər şey fərqli görünə bilər. Bu filmlə tanışsınızmı? Bir çoxlarının Mərakeş haqda olan bütün təsəvvürü bu filmin təsiri ilə yaranıb. O kadrlar həqiqəti əks etdirirmi?
– “Kloun” serialını deyirsiniz. O filmi izləməmişəm, lakin haqqında eşitmişəm və bir neçə səhnəsini izləmişəm. Xeyr, o film Mərakeşdə çəkilməyib. Filmdə göstərilənlər Mərakeş reallığını əks etdirmir. Bu tipli fantaziyalara əsaslanan filmlər ölkəmizin reallığı ilə insanları tanış etməyimizə mane olur. Mərakeşlilərin “Kloun” filmindən heç xəbəri belə yoxdur. Yeri gəlmişkən deyim ki, Mərakeş Hollivuddan sonra dünyanın ən böyük ikinci kino studiyalarına sahibdir. Dünyanın bir çox məşhur filmi məhz Mərakeşdə çəkilib. Çünki Mərakeş özündə möcüzəvi təbiət gözəlliklərini birləşdirir. Siz burda həm səhra, həm dağ, həm çimərlik görə bilərsiz. Sən bir gün ərzində həm dağa qalxıb qarlı hava görə, aşağı enib səhra istisində gəzə, dənizə gedərək sırf mülayim havada sörf sürə bilərsən. “Yerinə yetirilməz missiya”nın sonuncu bölümü Mərakeşdə çəkilib. Dünya şöhrətli “Mumiya” filminin üç bölümü, “Məsihin son günahı” Mərakeşdə çəkilib. Bu siyahını davam etdirmək olar. Lakin “Kloun” yox! Bu film Mərakeşdə çəkilməyib. Bizim ölkədə qadınların bəziləri qərblilər kimi geyinir. Şəhərlərimizdə restoranlar, klublar var. Burda insanlar istədikləri kimi dincəlib istirahət edə bilir. Digərlərinin seçimlərinə hörmət edir, müasir düşüncələrə sahibik. Yeri gəlmişkən onu da deyim ki, dünyanın ilk universiteti nə Oksford, nə Harvard, nə də Kembricdir. Dünyanın ilk universiteti bir qadın tərəfindən Mərakeşdə tikilib. Mərakeşlilərin çoxu üç dildə – ərəb, fransız və ingilis dillərində danışır. Mərakeş həmçinin turizm ölkəsidir. Hər il milyonlarla turist qəbul edən bir ölkənin o filmdə göstərildiyi kimi qəddar, konservativ olduğuna inanmaq doğru deyil. Turist özünü rahat, təhlükəsiz yhiss etmədiyini yerə niyə gəlsin ki?
– Ölkəmizdə səfir olmasaydınız, Azərbaycan sizi turizm obyekti olaraq cəlb edərdimi? Ölkəmiz mərakeşliləri cəlb edə bilmək üçün hansı addımları atmalıdır?
– Biz təkcə Mərakeşi Azərbaycanda təbliğ etmirik, həmçinin Azərbaycanı Mərakeşdə, mərakeşli turistlər üçün təbliğ edirik. Son zamanlar görürük ki, fəaliyyətimiz öz nəticəsini verir və Bakıya üz tutan mərakeşli qonaqların sayı artan xətlə inkişaf edir. Burada təşkil etdiyimiz tədbirləri Mərakeşdə də təbliğ edirik. Ötən dəfə sizin də qonağı olduğunuz festivalımız haqda Mərakeş mətbuatı da yazdı. Bütün bunlar Azərbaycan haqda olan təsəvvürlərin inkişafına, marağın artmasına müsbət təsir göstərir. Əgər mən Azərbaycanda fəaliyyət göstərən diplomat olmasaydım, bəli, yenə də bura məni cəlb edərdi. Mənim çoxsaylı dostlarım var ki, Bakıya səfər etməyi çox arzulayır. Azərbaycan son zamanlar Formula-1, İslam Oyunları, Avropa Oyunları, Avroviziya və digər bir sıra beynəlxalq tədbirlər təşkil edib. Bu, Azərbaycanın bütün dünyada tanınması, təbliğatı üçün olduqca əhəmiyyətlidir. Azərbaycanın gənc dövlət olduğu üçün onu bir çox ölkələrdə tanımırdılar. Lakin indi bu tədbirlərdən sonra artıq bütün dünya sizi tanıyır. Bu ilin aprel ayında Bakıda nazirlərin görüşü baş tutdu. Önümüzdəki il isə burda sammit keçiriləcək. Dünya mediasının diqqəti paytaxt Bakıda olacaq. Azərbaycanı turistlər üçün maraqlı edən bir özəllik var. Bunlardan ən birincisi təhlükəsizlikdir. Dünyanın ən böyük, inkişaf etmiş şəhərlərinin əksəriyyəti bu təhlükəsizliyə sahib deyil. Bu turistlər üçün olduqca əhəmiyyətlidir. Əlbəttə ki, turizmin inkişafı üçün bəzi sahələrin mükəmməlləşdirilməsi də pis olmazdı. Məsələn, turistlər adətən səfər etdikləri ölkədən gedərkən özləri ilə yadigar bir şey aparmaq istəyir. Bu baxımdan Azərbaycan xalçaları unikaldır, lakin hər kəsin büdcəsinə uyğun deyil. Buna görə də əl işləri sahəsi önəm kəsb edir. Önümüzdəki ay Mərakeşin Əl İşləri naziri Bakıya səfərə gələcək. Bu istiqamətdə yaradılacaq əməkdaşlıq Azərbaycanın turistlərə öz gözəlliklərini daha asan göstərmək şansı yaradacaq. Turizm sahəsində hava limanlarının da böyük əhəmiyyəti var. Azərbaycan dünyanın ən gözəl hava limanlarından birinə sahibdir. Heydər Əliyev Hava limanı öz unikallığı ilə göz oxşayır. Hava limanı turistin ölkə haqqında ilk və son təəssüratı deməkdir. Bu baxımdan Azərbaycan şanslıdır.
– Azərbaycanın yaxın bir neçə ildə regiondakı rolunu necə görürsünüz?
– Bu, çox çətin sualdır. Azərbaycan öz ambisiyalarını regionda həqiqətən böyük infrastrukturla logistik platformaya çevirən bir ölkədir. Şimal-Cənub Nəqliyyat Dəhlizinin Şərq-Qərb Nəqliyyat Dəhlizinə, yəni, Bakı-Tiflis-Qars dəmir yolu xəttinə inteqrasiyası, 2020-ci ilin əvvəlindən isə TANAP Transadriatik Təbii Qaz Boru Xəttinin TAP-a birləşdiriləcəyi Azərbaycanın iqtisadi və siyasi gələcəyi üçün böyük vədlər verir. Azərbaycanın geosiyasi mövqeyi, güclü dövlətlərlə – İran, Türkiyə, Rusiya ilə qonşu olması da onun perspektivinə təsir edən amillərdəndir. Bəzən qərbdə olan “çətin” qonşularla üzləşməsinə baxmayaraq, Azərbaycan çətinlikləri necə fürsətə çevirmək lazım gəldiyini bilir. Azərbaycanın gələcəyinin çox parlaq olacağından əminəm. Digər tərəfdən Azərbaycan iqtisadi, turizm, arxitektura, sənaye sahəsində də uğurla irəliləyir.
Mili Məclisin deputatı, ATƏT PA-nın vitse prezidenti Azay Quliyev qurumun payız sessiyası çərçivəsində keçirilən Daimi Komitənin iclasında çıxış edib.
Axar.az-ın məlumatına görə, Azay Quliyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlamasından əsrin dörddə biri qədər vaxt keçsə də, təəssüf ki, hələ də problemin həlli üçün heç bir irəliləyişə nail olunmayıb. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qərarlarını, habelə ATƏT PA-nın 2015-ci ildə qəbul etdiyi Helsinki bəyannaməsini kobud şəkildə pozaraq, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirir.
A.Quliyev ATƏT PA-nın prezidenti Tseretelinin münaqişə tərəfi olan ölkələrin parlament rəhbərlərinin görüşünün keçirilməsiylə bağlı təklifinə münasibət bildirərək deyib ki, yaxın zamanda Azərbaycan Milli Məclisinin bu məsələylə bağlı rəsmi mövqeyini öyrənərək onlara məlumat verəcək: “Fikrimcə, biz Ermənistan və Azərbaycanın parlamentlərinin rəhbərlərinin görüşü də daxil olmaqla, münaqişənin həlli istiqamətində bütün mümkün vasitələrdən istifadə etməliyik. Bu, danışıqlar prosesinə müəyyən impuls verə və mövcud status-kvonu dəyişməyə yardım edə bilər”.
ATƏT PA-nın vitse-prezidenti Assambleyanın Daimi Komitəsi və Büro üzvləri üçün münaqişənin həlli ilə bağlı hazırkı vəziyyətə dair iki əsas komponentə aydınlıq gətirib: “Əslində, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında ikitərəfli görüşlər nəzərə alınmasa, hazırda ən yüksək səviyyədə davam edən real danışıqlar yoxdur. Danışıqlar prosesi Ermənistanın yeni rəhbərliyi tərəfindən dayandırılıb. Baş nazir Paşinyan vəzifəyə gəldikdən sonra nümayişkaranə şəkildə indiyədək əldə edilmiş nəticələrə göz yumur və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar formatından imtina edir. Beləliklə, o, sülh yolu ilə məsələnin həll olunması formatını dəyişdirməyə və Dağlıq Qarabağ separatçılarını müstəqil tərəf kimi danışıqlar masasına gətirməyə çalışır. Bu nəinki qəbuledilməz, həm də təhlükəlidir. Məlum olduğu kimi, münaqişənin iki tərəfi var: Ermənistan və Azərbaycan. Bu beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT tərəfindən təsdiq edilmişdir”.
Azay Quliyev Paşinyanın mövcud formatı dəyişdirmək üçün etdiyi qeyri-realist və əsassız cəhdlərin sülh danışıqları prosesini pozaraq tamamilə dayandırmaq məqsədi daşıdığını deyib: “Münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar prosesinin pozulmasının ağır nəticələrini hər birimiz aydın təsəvvür edə bilirik”.
ATƏT PA-nın vitse-prezidenti deyib ki, Azərbaycan Dağlıq Qarabağ əhalisinin regionun yekun hüquqi statusunun müəyyənləşdirilməsində iştirak etməsi məsələsini anlayır və bunu həyata keçirməyə hazırıq. Amma bu, yalnız 7 ətraf rayonun işğaldan azad edilməsindən və bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtmasından sonra mümkündür: “Rəsmi Bakı Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ərazi bütövlüyü və suverenliyi çərçivəsində Dağlıq Qarabağın həm erməni, həm də azərbaycanlı icmalarının gələcəkləri barədə qəbul edəcəkləri birgə qərarı dəstəkləməyə hazırdır”.
Azay Quliyev Assambleya üzvlərinin diqqətini münaqişəylə bağlı aydınlaşdırılmasına ehtiyac olan digər bir aspektə də çəkib: “Bəziləri münaqişəni səhvən “Dağlıq Qarabağ münaqişəsi” adlandırırlar. Bu doğru deyil. Azərbaycanın Dağlıq Qarabağdan başqa, işğal altında Dağlıq Qarabağın ərazisindən 3 dəfə, əhalisindən isə 6 dəfə çox olan 7 ətraf rayonu da var: Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan. Bu 7 ətraf rayonun Dağlıq Qarabağla heç bir əlaqəsi yoxdur və biz şahidik ki, Ermənistan işğal etdiyi bu ərazilərdən siyasi manipulyasiya və bazarlıq predmeti qismində istifadə edir.
ATƏT PA-nın vitse-prezidenti bildirib ki, bu bölgələrin statusu müzakirə mövzusu deyil. Ermənistan hərbi birləşmələrini bu torpaqlardan şərtsiz çıxarmalıdır. Bu məsələ hər hansı bir qondarma kompromis mövzusu ola bilməz.
Azay Quliyev çıxışında vurğulayıb ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycana məxsus olan Dağlıq Qarabağın və ətraf rayonların işğalını davam etdirərək və orada qeyri-qanuni və marionet rejim yaradaraq heç bir nəticə əldə edə bilməyəcəyini unutmamalıdır: “Bu cür addımlar heç nəyi dəyişmir və Ermənistana sülh və rifah gətirmir.Əksinə bu hal, vəziyyəti daha da ağırlaşdırır və çoxlu sayda gənclərin həyatına son qoyur”.
Müdafiə Nazirliyi nümunəvi xidmətə görə mükafatlandırılan əsgər ailəsinin sevincini əks etdirən videoçarx hazırlayıb.
Axar.az həmin görüntüləri təqdim edir:
Zatulin şübhəsiz ki, özü danışmır, onu erməni dostları və Ermənistanı xüsusi şəkildə himayə etməyə çalışan dairələr danışdırır.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli Rusiya Dövlət Dumasının MDB ölkələri, avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi növbəti çıxışına cavab olaraq deyib. O bildirib ki, indiki şəraitdə Zatulinin bu cür hədə yükü olan fikirlər sasləndirməsi əslində məqsədyönlü şəkildə Azərbaycan-Rusiya münasibətlərinin pozulmasına xidmət edən bir addım kimi dəyərləndirilməlidir:
“Bunu xüsusilə qeyd etmək lazımdır. Azərbaycan-Rusiya münasibətlərində son dövrlərdə həm iqtisadi, həm siyasi, həm humanitar müstəvilərdə dinamika artır. İki ölkə arasında əməkdaşlığın genişlənməsi üçün kifayət qədər geniş imkanlar yaranır. Təsadüfi deyil ki, qısa müddət ərzində Azərbaycan və Rusiya prezidentləri bir neçə dəfə görüşüblər. Bu görüşlər nəticəsində də kifayət qədər ciddi sənədlərə imza atılıb. Əməkdaşlığın genişləndirilməsi üçün mövcud olan baza daha da inkişaf etdirilib. Belə bir şəraitdə şübhəsiz ki, daim Cənubi Qafqazda Rusiyanın himayəsinə sığınan və özünün cinayətkar əməllərini, işğalçılıq siyasətini davam etdirən Ermənistan və onu himayə edən dairələr bununla barışa bilməzdi”.
Analitik vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı erməni lobbiçiliyini həyata keçirən Zatulin kimilərə sərf etmir:
“Çünki onun missiyası məhz ondan ibarətdir ki, Azərbaycan və Rusiya münasibətlərini pozsun. Zatulin ona görə erməni lobbisi tərəfindən mükafatlandırılır, ona bu və ya digər şəkildə məhz bu əməllərinə görə müəyyən üstünlüklər tanınır. Bu baxımdan da məqsədyönlü şəkildə Zatulin Rusiyadakı erməni lobbisinin, Ermənistanı himayə edən dairələrin maraqlarını müdafiə etmək və Rusiya-Azərbaycan münasibətlərində özünün pozuculuq fəaliyyətini ortaya qoymaq üçün bu fikirləri səsləndirib. Bu, əlbəttə ki, Rusiya Fedrasiyasının mövqeyini ifadə etmir, Zatulin və onun təmsil etdiyi ermənipərəst dairələrin mövqeyini ifadə edir. Şübhə etmirəm ki, Rusiya parlamenti və Rusiyanın müəyyən rəsmi dairələri Zatuilinin bu aqressiv bəyanatına, münasibətlərə xələl gətirmək üçün dilə gətirilmiş bu fikirlərə, eyni zamanda onun pozuculuq fəaliyyətinə münasibət bildirəcəklər”.
Rusiya və Hindistan BMT Təhlükəsizlik Şurasında reformların vacibliyini təsdiqləyiblər.
Axar.az xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinlə Hindistan Baş naziri Narendra Modinin birgə bəyanatında yer alıb. Bəyanatda reformların müasir dünya nizamını özündə əks etdirməsi üçün vacib olduğu bildirilib:
“BMT TŞ qlobal çağırışlara daha effektiv reaksiya verməlidir. Rusiyanın Hindistanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə daxil olması ilə bağlı dəstəyi dəyişməz olaraq qalır”.
Ermənistan Azərbaycan ilə silahlanma yarışına girməyi düşünür. Düşmən ölkə gələn il üçün hərbi xərclərini yenidən artırmaq istəyir.
Axar.az xəbər verir ki, bu məsələni Azərtac-a şərh edən analitik Ehtiram Aşırlı bildirib ki, Ermənistan 2019-cu ildə hərbi büdcəsini 647 milyon dollara qədər artırmaq niyyətinə düşüb. İşğalçı ölkənin müdafiə büdcəsinin kəskin artımı ilk dəfə 2018-ci ildə olub. Həmin vaxt hərbi büdcə 2017-ci ildəkinə nisbətən 17,6 faiz artaraq 518 milyon dollar təşkil edib. Gələn il daha çox artım gözlənilir və bu göstərici təxminən 647 milyon dollar olacaq. Hərbi büdcənin bu cür artırılması ümumi daxili məhsulda hiss ediləcək şəkildə əks olunub. Belə ki, bu göstərici bu il 3,8 faizə yaxın olub, gələn il isə 4,5 faizə çatacaq. Hərbi büdcənin belə sürətli artımı əlbəttə ki, Ermənistan üçün ciddi çətinliklər yaradacaq. Bu rəqəmin ümumi daxili məhsulda nisbəti 5-6 faizdən çox olması ölkə iqtisadiyyatı üçün kifayət qədər ciddi təhlükədir. Amma bu artım Ermənistanın Azərbaycan ilə ayaqlaşa biləcəyi demək deyil. Əksinə, hərbi büdcənin belə artımı ölkə iqtisadiyyatının daha böyük problemlərlə üzləşməsi deməkdir. Aydındır ki, hətta indiki artım nəzərə alınmaqla Ermənistanın hərbi büdcəsinin Azərbaycandakına çatmasına hələ çox var. Bu baxımdan, Ermənistanın hərbi büdcəsini artırması onun çöküşünü daha da sürətləndirəcək. Belə ki, Ermənistan həmin vəsaitə ancaq sosial sahələrə ayrılan xərcləri azaltmaqla nail ola bilər. Ancaq Ermənistanın elə böyük iqtisadi potensialı və gəlir mənbəyi yoxdur ki, paralel olaraq həm sosial, həm də hərbi sahədə eyni dərəcədə büdcə artımına qərar verə bilsin.
“Buna görə də maraqlıdır, Ermənistan hərbi xərcləri hansı ehtiyatlara əsaslanaraq artırmağı düşünür?! Dağılmış vəziyyətdə olan ölkə iqtisadiyyatının əsas hissəsi xarici dövlətlərin nəzarətindədir. Amma görünən odur ki, indiki hökumət xalqdan gələn sosial tələbin bu yöndə olduğunu düşünür. Çünki Azərbaycan hərbi büdcəsini mütəmadi qaydada artırır. Azərbaycanın həm büdcəsini, həm də hərbi xərclərini artırması Ermənistanda narahatlıqla qarşılanır. Yəqin ki, yeni rəhbərlik bunu nəzərə alaraq, Ermənistan cəmiyyətini “sakitləşdirmək” üçün belə bir addım atmağa qərar verib. Amma sosial vəziyyəti ağır olan ölkələrdə hərbi xərclərin artırılması heç bir iqtisadi məntiqə əsaslanmır və bu, yaxşı nəticə vəd etmir. Ermənistan hərbi xərcləri nə qədər artırsa da, bu, Azərbaycanın hərbi xərcləri üçün nəzərdə tutulan vəsaitdən dəfələrlə azdır. Hazırda Azərbaycanda hərbi, hərbi sənaye və hüquq mühafizə orqanlarına xərclənən məbləğ ümumi büdcənin 30 faizə qədərini təşkil edir. Azərbaycan müdafiə xərclərinə, hüquq mühafizə orqanlarına, təhlükəsizlik xərclərinə təqribən 4 milyard vəsait ayırıb ki, Ermənistanın dövlət büdcəsi heç o qədər deyil”, - deyə E.Aşırlı qeyd edib.