Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov dövlətimizin başçısına və birinci xanıma hava limanı barədə məlumat verdi.

Bildirildi ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul edəcək.

Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur.

Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib.

Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilib. Bütün sistemlər ICAO və Eurocontrol-un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib.

Zəngilan Beynəlxalq Hava Limanının ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənləri inşa edilib.

Uzunluğu təxminən 10 kilometr olan 35 kilovoltluq ikidövrəli elektrik kabel xətti çəkilib. 230 metr dərinlikdə artezian quyusu qazılaraq su çıxarılıb.

Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzində çevriləcəyi günü yaxınlaşdırmaqdadır.

Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan şəhərində məktəb binasının təməlqoyma mərasimində iştirak ediblər.

"Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma 960 şagird yerlik tam orta məktəbin binası ilə bağlı məlumat verildi.

Bildirildi ki, Zəngilan şəhərinin mərkəzində, yaşayış kompleksinin yaxınlığında inşa olunacaq məktəbin ərazisi 1,6 hektar sahəni əhatə edəcək. Üçmərtəbəli məktəb modul siniflərdən, böyük amfiteatrdan, açıq sinif otaqlarından, oyun, idman meydançalarından və giriş hissədən ibarət olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il sentyabrın 7-də Zəngilan şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Dövlətimizin başçısı təhsil müəssisəsinin təməlini qoydu.

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin layihəsi ilə tanış olublar.

"Dövlət başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində də iştirak ediblər.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə görüləcək işlərlə bağlı məlumat verib.

Bildirildi ki, Şirvan Milli Parkından götürülən 18 baş ceyran Cəbrayıl rayonu ərazisinə fərdi reintroduksiya olunub. Proses bu il və gələn il də davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan ərazisində ceyranların sayının kritik həddə azalması təhlükəsi nəzərə alınaraq ceyran populyasiyasının tarixi areallarında təbii bərpasının təmin edilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən 2003-cü ildə Şirvan Milli Parkı yaradılıb. Həyata keçirilən intensiv mühafizə tədbirləri nəticəsində Azərbaycanda ceyranların populyasiyası bərpa edilib. İşğaldan azad edilmiş ərazilərdə fauna növlərinin-ceyran, bezoar keçisi, Dağıstan turu və nəcib maralın, o cümlədən balıq və yırtıcı quş növlərinin 2022-2023-cü illər ərzində öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub.

***

Dövlət başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 ceyranın buraxılması mərasimində iştirak ediblər.

"Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

 

 

 

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı barədə məlumat verdi.

Bildirildi ki, Baş plan bu sahədə böyük təcrübəyə malik İsveçrənin “S.A_Partners” şirkəti və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.

Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.

Baş planın əsasında insanların yenidən təbiətlə qovuşması, komfortlu qonşuluq ərazilərinin təşkili, canlı rayon mərkəzi və sakit hərəkət strategiyaları dayanır. Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək. Burada yerləşəcək yaşayış məkanlarının ərazi planlaşdırılmasında yaşıl sahələr, piyada əlçatanlığı nəzərə alınmış, çoxfunksiyalı zonaların, ortamərtəbəli və azmərtəbəli binaların, həmçinin həyətyanı sahəsi olan fərdi evlər üçün zonaların yerləri müəyyənləşdirilib. Baş planda şəhərin gündəlik həyat dinamikasını təmin etmək üçün müxtəlif zonalar arasında sıx bağlantıların təşkilinə xüsusi önəm verilib və bu məqsədlə əsas mərkəzi hissədə su kanalı boyunca piyada küçəsi, istirahət yerləri və interaktiv məkanlar nəzərdə tutulub. Sənədin başlıca konseptual əsaslarından olan nəqliyyat strategiyası isə aşağı sürətli hərəkət prinsipi üzərində qurulub. Şəhərdə piyada hərəkətinin prioritet olduğu küçələr, ictimai nəqliyyatın mübadilə mərkəzi və parklanma üçün ərazilər müəyyən edilib.

Baş plana əsasən şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyatyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək. Şəhərin planlaşdırılması zamanı tətbiq edilmiş su ilə qovuşan və suya həssas şəhər (“Sponge city”) yanaşması yağıntıların şəhər mühitinə mənfi təsirinin azaldılmasını, su təchizatı üçün optimal həllərin təşkilini, habelə su ehtiyatlarından səmərəli istifadəni özündə ehtiva edir. Nəticədə şəhərin biomüxtəlifliyi üçün münbit şəraitin yaradılması və Qubadlının göz oxşayan yaşıl bir məkana çevrilməsi nəzərdə tutulur.

Şəhər ərazisində ümumi məşğulluğun təmin edilməsi bir neçə istiqamətdə aparılacaq. Yaxın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, yüngül sənaye, təbiət əsaslı aqro-turizm və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə ediləcək, yaşıl şəhər obrazı yaradılacaq.

Qubadlı İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək. Bu ərazi çox strateji mövqedədir, əsas yol şəbəkəsinə və nəqliyyat qovşağına yaxındır. Həmçinin Həkəri çayını əhatə edən təbii yaşıllıq zolağının bir hissəsi kompleksin ərazisinin şimal hissəsini təşkil edəcək, bu da öz növbəsində kompleksin heyrətamiz təbii mühitdə inşasına imkan yaradacaq. Çayın bir hissəsi kompleksin ərazisindən keçdiyi üçün Zəfər Muzeyi və İşğal Muzeyinin gözəl mənzərəli körpü vasitəsilə simvolik olaraq bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur.

Həkəri çayı üzərində salınan Laləzar körpüsü kimi bir çox qədim körpülər və Qubadlı ərazisində aşkarlanan daş qoç fiqurlarında təsvir olunan spiralvari buynuzlar layihə konsepsiyasının əsas ilham mənbəyini təşkil edir. İşğal Muzeyinin binası kiçik çayın sağ sahilindən yüksələn spiralvari yoldan başlayır. Bu yol binanın sahəsi boyunca spiral şəklində fırlanır, sonra çayın üzərindən davam edərək gözəl mənzərəli körpüyə çevrilir və çayın sol sahilində Zəfər Muzeyinə birləşərək spiralvari pilləkəndə tamamlanır.

Qubadlı İşğal Muzeyinin interyeri binanın spiralvari forması ilə səciyyələnir. Muzeyin ekspozisiyası müxtəlif audio və vizual texnologiyalardan istifadə etməklə təşkil olunacaqdır. Muzeydə işğala qədər Qubadlıda əhalinin gündəlik həyatı, şəhərin işğalı və həmin hadisələrin şahidlərinin xatirələri, dağıdılmış irs və işğaldan sonra ərazinin məruz qaldığı vandallıq əyani olaraq nümayiş etdiriləcək. Muzey binasının sonuncu mərtəbəsində isə ziyarətçilərin istirahəti üçün yaşıllıqlardan ibarət terras təşkil olunacaq.

Zəfər Muzeyinin interyeri də dairəvi formada olacaq. Birinci mərtəbədə yerləşən sərgi zalları xalqımızın göstərdiyi qəhrəmanlıq və qazanılan Zəfərə, o cümlədən “Dəmir yumruq” əməliyyatına həsr olunacaq. İkinci mərtəbədə vizual texnologiyalar vasitəsilə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini əbədiləşdirən və qəhrəmanlarımız haqqında məlumatların təqdim olunduğu ekspozisiya yaradılacaq. Həmçinin muzeydə müxtəlif sərgilərin keçirilməsi üçün xüsusi zal fəaliyyət göstərəcək. Buradan ziyarətçilər həm pilləkənlə, həm də lift vasitəsilə üst mərtəbədə yerləşən və müxtəlif mədəni tədbirlərin təşkili üçün nəzərdə tutulan açıq səma altındakı amfiteatra qalxa biləcəklər.

Bu muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən, haqq səsimizi dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydular.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya oktyabrın 19-da Qubadlı şəhərinin Baş planı təqdim olunub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər.

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

"Qafqazinfo" məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən, Zalov Ramin Rəhim oğluna polis leytenantı rütbəsi verilib. O, Goranboy Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinə əməliyat müvəkkili vəzifəsinə təyin edilib.

R.Zalov bu təyinata qədər Gəncə şəhər baş polis idarəsinin 1-ci polis şöbəsində çalışıb.

Qeyd edək ki, Ramin Zalov Gəncə Baş Polis İdarəsinin keçmiş DYP rəisi Rəhim Zalovun oğludur.

İrandan sərhəddə apardığı təlimlərlə bağlı

“İran İslam Respublikasının Silahlı Qüvvələrinin şimal-qərb bölgəsində (bu yaxınlarda Ermənistanla olan sərhəddə başlayan) manevr və təlimləri, İran İslam Respublikası Silahlı Qüvvələrinin illik fəaliyyət təqviminə və dövri təlimlərə uyğun həyata keçirilir”.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir.

Bəyanatda qeyd olunub ki, Azərbaycana olan dostluq və qardaşlıq münasibəti nəzərə alınaraq, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib.

“Bu notadan əlavə, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqeri Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovla olan telefon söhbətində təlimlərin keçirilməsində əməkdaşlığa dair bəzi təkliflər irəli sürülüb ki, hazırda davam etdirilən bu təlimlərdə yerinə yetirilir. İki dost və qardaş ölkə olan İran və Azərbaycan münasibətləri daima düşmənlərin geniş təbliğatının hədəfində olub, lakin iki ölkə rəhbərlərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub”, - deyə bəyanatda bildirilib.

Ermənistanın Vətən Müharibəsi zamanı Azərbaycanın cəbhə xəttindən uzaqda, dinc əhalinin sıx məskunlaşdığı şəhərləri raket atəşinə tutması nəticəsində 12 uşaq həlak olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tvitter hesabında paylaşım edilib.

Paylaşımda, terror qurbanı olan uşaqlar barədə məlumatlar da dərc olunub:

“Fərid İsgəndərov – 14 yaş , Fidan Qurbanova – 14 yaş , Şəhriyar Qurbanov – 13 yaş, Artur Mayakov – 13 yaş, Mədinə Şahnəzərli – 1 yaş, Məryəm Xəlilli – 6 yaş , Orxan İsmayılzadə - 16 yaş, Nigar Əsgərova – 15 yaş , Nəzrin Əsgərova – 10 ay, Orxan Xəlilli – 11 yaş , Aysu İsgəndərova – 7 yaş , Şahmalı Rəhimov – 13 yaş“.

“Ermənistan beynəlxalq səviyyədə heç bir təzyiqə məruz qalmadığından daha da ruhlanaraq Azərbaycanın BMT tərəfindən tanınmış və hazırda işğaldan azad edilmiş ərazilərində təxribat-diversiya qrupları vasitəsilə minalama prosesini davam etdirməkdədir”.

Report xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva oktyabrın 19-da Ombudsmanın Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Ətraflı
Onun sözlərinə görə, Azərbaycan Ombudsmanı olaraq, minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət etməyimizə baxmayaraq, təəssüf ki, Ermənistan hökuməti hələ də bu istiqamətdə hər hansı bir addım atmayıb:

“Əksinə Ermənistan beynəlxalq səviyyədə heç bir təzyiqə məruz qalmadığından daha da ruhlanaraq Azərbaycanın BMT tərəfindən tanınmış və hazırda işğaldan azad edilmiş ərazilərində təxribat-diversiya qrupları vasitəsilə minalama prosesini davam etdirməkdədir. Qeyd olunan beynəlxalq hüquq pozuntuları ilə bağlı istər müharibə, istərsə də post-müharibə dövründə tərəfimizdən dəfələrlə beynəlxalq ictimaiyyətə müraciətlər edilib, toplanmış faktlar əsasında hesabat, müraciət və bəyanatlar hazırlanıb, müvafiq beynəlxalq təşkilatlara göndərilib. Hazırda ölkə başçısının müvafiq fərman və sərəncamları ilə işğaldan azad edilən ərazilərin bərpası və milli iqtisadiyyata sürətli inteqrasiyası, layiqli yaşayış şəraitinin yaradılması və dayanıqlı inkişafın təmin olunması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir”.

Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) rəis müavini təyin edilib.

Report xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Farid Vəliyev şöbənin Əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, F.Vəliyev bu təyinatadək Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsinin rəisi vəzifəsində çalışıb.

Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli sərgi iştirakçıları!

Hörmətli xanımlar və cənablar!

Sizi sayca ikinci olan Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin açılışı münasibətilə salamlayıram.

Builki sərgi işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, milli iqtisadiyyata sürətli inteqrasiyası və dayanıqlı inkişafı, habelə bu istiqamətdə faydalı işgüzar əlaqələrin qurulması baxımından önəmlidir.

Qarabağ tarixən Azərbaycanın inkişaf etmiş bölgələrindən biri olub. Bu ərazilərin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalması ilə barışa bilməyən Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi ədaləti ‒ ərazi bütövlüyünü bərpa etdi. Şanlı Qələbənin əldə edilməsində birlik və həmrəylik göstərən xalqımız artıq öz Vətəninə, doğma Qarabağa bu torpaqlarda əbədi yaşamaq üçün qayıdır.

Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, burada dayanıqlı məskunlaşma, habelə bölgənin yenidən ölkəmizin inkişaf etmiş guşəsinə çevrilməsi qarşıda duran ən mühüm məqsədlərdəndir.

Azərbaycan bütün gücünü bu ali məqsədin uğurla reallaşdırılmasına yönəldibdir. İşğaldan azad olunmuş ərazilərdə təhlükəsiz yaşayışın təmini, şəhər, qəsəbə və kəndlərin tikintisi, strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, yerli və xarici dəyər zəncirlərinə inteqrasiya, habelə ətraf mühitin bərpası istiqamətində qabaqcıl nümunələr yaradılır. Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması isə regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək. Bir sözlə, işğaldan azad edilmiş ərazilər sürətli şəkildə bərpa olunur, Böyük Qayıdışla bağlı hədəflərimiz uğurla reallaşdırılır.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri aparıcı biznes dairəsi ilə birgə əməkdaşlığa, dövlət‒özəl tərəfdaşlığının, habelə regionda sabitliyin və inkişafın qorunmasına mühüm zəmin yaradır. Bu əsasda artıq ikinci dəfə təşkil edilən, müasir ideyalar, innovativ həllər və səmərəli təşəbbüslərlə zəngin olan “Rebuild Karabakh” Sərgisi faydalı işgüzar mühitin yeni modelini yaradacaqdır.

Sərgi çərçivəsində qabaqcıl biznes subyektlərini yaranmış fürsətlərdən faydalanaraq, ərazilərimizin bərpasına dəstək olan bütün səylərini və yaradıcı ideyalarını bir araya gətirməyə dəvət edirəm.

Əminəm ki, “Rebuild Karabakh” Sərgisi məhsuldarlığına və əldə olunmuş nəticələrə görə maraqlı məqamlarla yadda qalacaq, sərgi çərçivəsində keçirilən görüşlər, müzakirələr və yeni təşəbbüslər işgüzar əlaqələr üçün əlverişli platforma olacaq, Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması naminə göstərilən bütün səylərin və təşəbbüslərin uğurla gerçəkləşməsinə öz töhfəsini verəcəkdir.

Bir daha hər birinizə səmərəli işgüzar günlər diləyir, sərginin işinə uğurlar arzulayıram.

Qarabağ Azərbaycandır!".

Xəbər lenti