![]() |
|
Rusiya da fəallaşır; böyük güclərin sülh yarışı, yoxsa sülh oyunu? Ermənistanın asılı dövlət olması həm yaxşı, həm də pisdir, çünki...
“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin ABŞ variantını qəbul etmək qərarına gəlib”. Bu barədə Ermənistan mətbuatı yazıb.
Erməni mediası bildirir ki, baş nazir “Qarabağın muxtariyyət olmadan Azərbaycan ərazisi kimi tanınmasına” razı olacaq. “Bununla da Nikol Paşinyan Moskva ilə tam qarşıdurmaya getmək niyyətindədir. Nədən ki, Amerika variantının imzalanması Rusiya sülhməramlılarının bölgədən çıxarılmasına gətirəcək”, - yerli mətbuat qeyd edib.
*****
Son vaxtlar xarici mediada bu qəbildən ehtimal və versiyalar çoxalıb. Məlumdur ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının əsas moderatoru Avropa Birliyidir (AB), Brüsseldir. Brüssel sülh prosesini dəstəkləyən ABŞ ilin sonunadək tərəflər arasında sülh müqaviləsinin imzalanmasına çalışır. Hərçənd ABŞ-la AB-nin sülh variantlarının mətnində müəyyən fərqlər olduğu haqda informasiyalar da yayılıb.
Belə ki, iddialara görə, rəsmi Vaşinqton sülh anlaşmasına keçmiş DQMV-nin muxtariyyətinin bərpası haqda bənd salınmasını istəyir. Bunu ermənipərəst konqresmen Frenk Pallone keçən həftə İrəvana elədiyi səfər zamanı söyləmişdi. Lakin onun nə dərədəcə Amerika hökumətinin mövqeyini əks etdirdiyi bilinmir.
Avropa Birliyinin sülh variantında isə status haqda heç nə deyilmir. Amma artıq erməni KİV-i iddia edir ki, “Amerika variantı”nda da muxtariyyət söhbəti yoxdur. Yaxud belə çıxır, ABŞ Brüssel variantını qəbul eləməli olub. Bəs gerçək haradadır, erməni KİV-lərini mötəbər saymaq olarmı?
*****
Bunu da yada salaq ki, Kremlin öz xüsusi nümayəndəsi İqor Xovayev vasitəsilə tərəflərə təqdim elədiyi sülh müqaviləsi variantında uzaq zamanlar üçün də olsa, status məsələsinin nəzərdə tutulduğu haqda Rusiya mediasında yazı dərc olunub. Lakin rəsmi Bakının etirazından sonra Moskvanın status bəndini sülh müqaviləsi mətnindən çıxardığı və ayrıca protokol şəklində təqdim edəcəyi bildirilir.
Sadalanan üç versiyanın hansı birinin həqiqətə yaxın olduğu, tərəflərin hansı varianta üstünlük verəcəyi yəqin ki, ən geci, ilin sonunadək üzə çıxacaq. Çox şey əlbəttə ki, rəsmi İrəvanın, nəhayət, özünü konstruktiv aparıb-aparmayacağından asılı olacaq. Yaxud vasitəçi güclər, özəlliklə AB və ABŞ Ermənistanı buna məcbur eləməlidir.
Çünki İrəvanın öz cığallığını davam eləməsi üçün heç bir bəhanəsi qalmayıb. Əgər o, öz sərhədlərində həqiqətən sakitlik arzulayırsa, müharibə istəmirsə, o zaman sülh çağırışlarına adekvat cavab verməlidir. Məsələni yenə uzatmaq isə yeni müharibəyə tuş gəlmək demək olacaq. O halda, Qərbin Ermənistana hərbi yardım göstərmək üçün motivi, əsası da qalmayacaq. Çünki Azərbaycanın ona təklif elədiyi sülh - ən ədalətli sülhdür.
*****
“Ermənistan əfsus ki, Türkiyə və Azərbaycanın sabitliyini pozmaq istəyən dövlətlərin oyuncağı olmaqda davam edir. Bundan xilas olmadığı üçün də problem qalır. Uzatdığımız əli tutmursa, bununla bağlı bizim edə biləcəyimiz çox şey yoxdur. Öz mübarizəmizi aparmalıyıq”.
Bu sözləri Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə tanınmış eksperti Abdullah Ağar deyib (Teleqraf.com).
“Türkiyə və Azərbaycan iki qədim, alicanab dövlət kimi döyüşüb kürəyini yerə vurduğumuz Ermənistana əl uzadıb ayağa qaldırmağa çalışır. Biz sabitlik, sülh istəyirik. Bunun necə ediləcəyimizi bilirik, amma kimsə sülh və sabitlikdən məmnun deyilsə, bizim edə biləcəyimiz çox şey yoxdur. Yəni onlar, işğaldan talanlardan, torpaqlarımızı dağıtmaqdan qidalanırlarsa, təbii ki, onlara qarşı mübarizəmizi davam etdirəcəyik”, - Ağar qeyd edib.
Onun sözlərinə görə, təhlükəsizliyin əsasında rifah, güclü iqtisadiyyat dayanır: “Bir bölgə iqtisadi baxımdan inkişafa nail olubsa, təhlükəsizlik məsələsi də ön plana çıxır. Ermənistan Qarabağ bölgəsini istismar etməklə, şəhərləri dağıtmaqla, hətta evlərin qapı-pəncərələrini yağmalamaqla ciddi inam böhranı yaradaraq qeyri-sabitliyə gətirib çıxarmışdı. Hazırda Azərbaycan Qarabağı təhlükəsizlik, sabitlik adasına çevirməkdədir. Bunu sivilizasiyanın, mədəniyyətin yüksəlişi kimi qiymətləndiririk”.
Ekspertə görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır, lakin bu, heç cür gərçəkləşməyən bir reallıqdır. “Bunun səbəbi Ermənistanın asılı dövlətə çevrilməsidir. Çünki ayaqda qalmaq üçün xarici dəstəyə ehtiyacı var. Əlbəttə, əl açana salfet verərlər”, - deyə o vurğulayıb.
*****
Əslində də belədir: Ermənistan müstəqil dövlət deyil. Demək, gecikən sülhə görə əsas məsuliyyəti İrəvan üzərində həlledici söz sahibi ola güclər daşıyır. İlk növbədə də 10 noyabr kapitulyasiya sənədinin altında imzası duran Rusiya və onun rəhbəri.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini, politoloq Aleksandr Skakov bu xüsusda hesab edir ki, Rusiya Bakı-İrəvan danışıqlarında fəallığını itirməməli və sülh səylərinin intensivlişdirməlidir. O, Rusiya ilə Qərb arasında məsələ ilə bağlı razılaşmanı ən optimal adlandırıb və Qərbin sülh prosesindən Moskvanı sıxışdırıb çıxarmaq üçün heç bir səbəb görmədiyini deyib. “Eyni şəkildə mən Rusiyanın Qərbi bu prosesdən sıxışdırıb çıxarmaq üçün heç bir səbəb görmürəm”, - deyə o vurğulayıb.
Yazı hazırlanarkən məlumat yayıldı ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada görüş keçirə və Rusiya lideri Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara bilər.
Bu barədə “Vedomosti” nəşri yazıb. Bildirilir ki, hazırda görüşə hazırlıq gedir. Başqa bir mənbənin xəbərinə görə, üçtərəfli görüşün oktyabrın sonlarında reallaşması mümkündür. Danışıqlar məkanı kimi isə Moskva və ya Soçi nəzərdən keçirilir.
Xatırladaq ki, Rusiyada Putinin iştirakı ilə üçlü görüş təklifini V.Putin Astanada, oktyabrın 14-də MDB-nin sonuncu sammiti çərçivəsində irəli sürmüşdü. Maraqlıdır ki, Rusiya prezidenti Astanada azərbaycanlı həmkarı İlham Əliyevlə təkbətək görüşsə də, Ermənistan baş naziri Nikol Paşinyanla ikitərəfli təmasa nədənsə lüzum görməmişdi.
*****
Beləliklə, il sona yaxınlaşdıqca həm Qərbin (AB və ABŞ-ın), həm də Rusiyanın bölgə ilə bağlı diplomatik həmlələri artıb. Hətta sülh uğrunda bir yarış gedir. Təki bu sülh yarışı regiona sülh gətirsin. Çoxdan gözlənilən sülh...
Mənbə: “Yeni Müsavat”
Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycana qarşı hərbi təhdidləri davam etdirir.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsindən sonra post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən hərbçilərimizə və mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdən biri Ermənistan tərəfindən Azərbaycan ərazilərinin son 30 il ərzində məqsədyönlü şəkildə minalanması və davam edən mina basdırılması hallarıdır.
Ermənistan, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 4-cü bəndinə zidd şəkildə Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyəti davam etdirərək, qüvvələrini Azərbaycan ərazisindən tam çıxartmamaqla yanaşı, Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirməkdə davam edir və bu yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur.
Ümumilikdə, son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil etməklə, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 266 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38 nəfəri qadın və 357 nəfəri uşaqdır.
Cari ilin avqust ayından etibarən erməni əhalinin Laçın rayonu ərazisini tərk etməsindən sonra yalnız Laçın rayonu ərazisində 1400-dən artıq 2021-ci il Ermənistan istehsalı E-001M markalı piyada əleyhinə minalar, habelə cari ilin 3 oktyabr tarixində Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin giriş qapılarında və həyətyanı sahələrdə yeni quraşdırılmış mina tələlərin aşkarlanması təhlükənin miqyası və ağırlığının, regionda Ermənistan tərəfindən sülh və təhlükəsizliyə nə dərəcədə ciddi zərbə vurulmasının göstəricisidir.
2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, Üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac etmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirir.
12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycana qarşı genişmiqyaslı təxribatının və hücumlarının əsas başlanğıc nöqtəsi də havanın qaranlığı və mürəkkəb relyef şəraitindən istifadə edərək, Ermənistan hərbçilərinin Azərbaycan silahlı qüvvələrinin yerləşən mövqeləri arasında təminat yollarını və əraziləri minalamağa cəhd etməsi olub.
Bununla yanaşı, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından sonra, əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25% təşkil etdiyi məlumdur. Qeyd edək ki, son mina partlayışlarının təqribən 55%-i Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib.
Qeyd edilənlər bir daha göstərir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycana qarşı hərbi təhdidləri davam etdirir. Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistan öhdəliklərinin ciddi pozuntusudur, bunun qarşısı alınması üçün Ermənistana təzyiq edilməlidir.
Azərbaycan tərəfi dəfələrlə bu təhdidlərin aradan qaldırılması istiqamətində səylərin səfərbər edilməsi və Azərbaycanın həyata keçirdiyi humanitar minatəmizləmə işlərinə genişmiqyaslı yardım göstərilməsi barədə müraciət edib. Bu xüsusda, cari ilin 23 avqust tarixində Azərbaycan Respublikasının Xarici işlər naziri tərəfindən BMT-nin Baş katibi Antonio Quterreşə müvafiq məktub ünvanlayıb və məktub BMT-nin bütün üzvləri arasında yayılıb.
Azərbaycan tərəfi, həmçinin cari ilin sentyabr ayında Ermənistan tərəfindən ərazilərin minalanmasının davam etməsinin Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci ildə qəbul etdiyi müvəqqəti qərarları açıq aşkar pozması barədə məhkəməyə rəsmi məlumat verib, aidiyyəti sübutları təqdim edib.
Ermənistanın Üçtərəfli bəyanat və beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyətlərdən əl çəkməsi, bütün silahlı qüvvələrini nəhayət Azərbaycan ərazisindən çıxarması, Ermənistanın fərq qoymadan Azərbaycan ərazilərində mina yerləşdirməsi fəaliyyətini dayandırması, mina təmizləmə fəaliyyəti istiqamətində əməkdaşlıq etməsi və dəqiq mina xəritələrini Azərbaycana təqdim etməsi üçün Ermənistana təzyiq göstərilməlidir. Bu addımlar bölgədə sülh və əminamanlığın təmin edilməsinə töhfə verəcəkdir.
Bu gün AMEA-da prezident seçkiləri keçiriləcək.
"Seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin əsas namizəd olacağı gözlənilir.
Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevin istefasından sonra AMEA-nın strukturunda dəyişiklik edilib.Yeni strukturda 22 elmi müəssisə fəaliyyət göstərəcək. Akademiyanın işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib.
Xatırladaq ki, R.Mehdiyev bu ilin fevralında istefa verib.
Seçkinin qapalı keçiriləcəyi gözlənilir.
Bu gün Qubadlı şəhərinin Ermənistanın işğalından azad edilməsindən iki il keçir.
Azərbaycan ordusu 44 günlük Vətən müharibəsinin 25 oktyabr tarixində Qubadlı şəhəri ilə yanaşı, digər rayonlar üzrə də bir sıra məntəqələri işğaldan təmizləyib.
Həmin tarixdə Zəngilanın Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri, Cəbrayılın Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu kəndləri işğaldan azad olunub.
Qubadlı rayonu üzrə Qubadlı şəhərindən əlavə digər kəndlərdə də erməni işğalına son qoyulub.
Belə ki, ordumuz Qubadlının Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərini öz əsl sahibinə - Azərbaycana qaytarmağa nail olub.
Bildirək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində çatdırıb.
Kreml Cənubi Qafqazdakı mövqelərini artıq qoruya bilmir və regionun Rusiyanın nəzarətindən çıxarılması prosesi qarşısında aciz qalıb... Rusiyanın Ermənistana dəstək mesajına paralel olaraq, erməni toplumunu Paşinyan hakimiyyətinə qarşı kütləvi iğtişaşlara yönləndirməyə çalışan Kreml sülh prosesini növbəti dəfə pozmağa can atır...
Cənubi Qafqazda sülh proses olduqca ziddiyyətli mərhələyə qədəm qoyub. Bu regionda sülh yalnız Cənubi Qafqaz ölkələrinin maraqlarına cavab verir. Regionda geopolitik maraqları olan nəhəng dövlətlərin mənafeləri isə kəskin şəkildə toqquşur. Və bu səbəbdən də çoxdan imzalanmalı olan yekun sülh sazişinin reallaşması ciddi şəkildə ləngiyir.
ABŞ və Qərb yaxın vaxtlarda Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasında qətiyyən maraqlı deyil. Qərb siyasi dairələri regional hərbi-siyasi gərginliyin mövcudluğundan Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması planlarını reallaşdırmaq məqsədilə istifadə etməyə çalışırlar. ABŞ və Qərbin əsas strateji xətti Rusiyanın regionda mövcudluğunun, vasitəçilik missiyasının sülh prosesinə əngəl olduğu barədə qənaətlərin yaradılması üzərində qurulub. Və bu istiqamətdə artıq müəyyən addımlar da atılır.
Bir tərəfdən, regional hərbi-siyasi gərginlik artırılır, Rusiya sülh prosesindən kənarlaşdırılır. Digər tərəfdən isə ABŞ və Qərb Rusiyanın uğursuzluğa uğramaqda olduğu sülh prosesinə alternativ müzakirə platformaları yaratmağa çalışır. Brüssel prosesi və Praqa anlaşması bu istiqamətdə Rusiyanın vasitəçilik missiyasına vurulmuş sarsıdıcı zərbə hesab edilə bilər. Və bütün bunlar Cənubi Qafqazda hegemon mövqelərini sürətlə itirməkdə olan Rusiyanın hakim siyasi dairələrini ciddi şəkildə narahat edir.
Ancaq Kreml indiki situasiyada Rusiyanın regional maraqlarını qorumaq imkanlarından çox uzaqdır. Rusiya Ukraynada "savaş bataqlığı"nda zəiflədikcə, Cənubi Qafqazda manevr məkanını da əldən verir. Ermənistanın Rusiyadan uzaqlaşıb, ABŞ və Qərbə yaxınlaşma xətti tutması da Kremli açıq-aşkar çətin vəziyyətə salıb. Rusiya siyasi dairələri başqa situasiyada rəsmi İrəvanı xəyanət mövqeyinə görə ciddi şəkildə cəzalandıra bilərdi. İndi Kremlin hətta buna da gücü çatmır və daha çox rəsmi İrəvanın "dilə tutulması" metodlarına möhtac qalıb. Və bu, hələlik Rusiyadan qopub, Qərbə üz tutan Ermənistanın itirilməsi prosesinə əngəl olmaq baxımından, yetərli görünmür.
Maraqlıdır ki, Kreml böyük ölçüdə əldən verdiyi Azərbaycan və Ermənistan arasındakı vasitəçilik hüquqlarını yenidən bərpa etməyə can atır. Brüssel prosesinin ön plana keçdiyi və Praqa anlaşmasının yeni situasiya yaratdığı bir reallıqda buna nail olmaq Kreml üçün nə qədər böyük önəm daşısa da, qətiyyən asan məsələ deyil. Və bu baxımdan, Kremlin hazırda öz regional orbitrlik statusunu qorumaq istiqamətində son cəhdlərini etdiyini də düşünmək olar.
Məsələ ondadır ki, gələn ay Brüsseldə Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü planlaşdırılır. Kremldə bu ərəfədə hərəkətə keçməyə cəhd göstərir. Rusiyanın"Vedomosti" nəşrinin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Kreml sahibi Vladimir Putinin iştirakı ilə üçtərəfli görüş baş tuta bilər. Halbuki, bu məlumat hələlik rəsmi təsdiqini də tapmayıb.
Nə qədər qəribə də olsa, baş tutub-tutmayacağı hələlik şübhə doğuran Rusiya görüşü ərəfəsində Kremlin əsas propoqanda vasitələri yenə də "erməni faktoru" üzərindən hoqqabazlığa başlayıblar. Belə ki, Rusiyaya xəyanət edən tərəfin birmənalı şəkildə Ermənistan olduğu halda, Azərbaycana qarşı ittihamlar irəli sürülür, "qarayaxma kampaniyası" aparılır. Rusiya telekanalları və erməni mənşəli Marqarita Simonyanın nəzarəti altında olan KİV-lər Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat məzmunlu materiallar yayınlayırlar. Yəni "Marqomedia" israrla Ermənistanı qoruyub, Azərbaycanı hədəfə almaq xətti yürüdür. Və "Marqomedia"nın bu cəsarəti Kremldən gələn təlimatlardan aldığı isə qətiyyən şübhə doğurmur.
Rusiyada ən populyar nəşrlədən olan və Kremlə xüsusi yaxınlığı ilə seçilən “Komsomolskaya pravda” qəzeti isə Ermənistana rəsmi dəstək vədinə eyham vuran materiallar ilə diqqəti çəkir.Nəşrin materiallarından belə anlaşılır ki, Kreml “Vaşinqton sənədi” adı altında ümumiləşdirilən, Brüssel və Praqa danışıqları zamanı əldə olunan nəticələrin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən məqbul hesab edilməsindən ciddi şəkildə narahatlıq keçirir. Ən əsasısa, Kremlin propoqanda vasitəsi Ermənistan cəmiyyətini güya yaxınlaşan "təhlükə" barədə xəbərdar etməyə çalışır: "Həmin sənəd imzalanarsa, dövlətlərarası sərhədin son delimitasiyası üzrə işlər aparılacaq, Ermənistandan keçməklə, “Zəngəzur dəhlizi” adlanan yüksək sürətli marşrut xəttinin tikintisinə başlanacaq... Azərbaycan Qarabağ ermənilərinə və tanınmamış “dqr”ə isə heç bir status verməyəcək".
Göründüyü kimi, Kreml bu propoqanda ilə ABŞ və Qərbin vasitəçilik missiyasının Ermənistanın maraqlarına zidd olduğu barədə rəy yaratmağa cəhd göstərir. Üstəlik, bu sənədin nə Ermənistanda, nə də Qarabağda yeni etiraz dalğası yaratmasından məyus olduğunu biruzə verir: "Axı, aydındır ki, reallıqda bu, Qarabağın tamamilə Azərbaycanın yurisdiksiyasına keçməsi deməkdir. Bu yaxınlarda İlham Əliyev bir daha Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu və onlara ölkənin Konstitusiyasına tam uyğun davranılacağını bəyan edib. Aydındır ki, bundan sonra tezliklə Qarabağda bir nəfər də olsun, erməni qalmayacaq".
Belə anlaşılır ki, Rusiya Cənubi Qafqazı itirmək üzrədir və ona görə də, situasiyanı xilas etmək məqsədilə həmişə olduğu kimi, yenə də "suyu bulandırmaq" cəhdlərinə başlayıb. Kreml keçmiş sovet qəzeti vasitəsilə Ermənistan cəmiyyətini baş nazir Nikol Paşinyanın bu sənədi mümkün qədər tez bir zamanda imzalamaq niyyətində olduğu barədə "xəbərdar" da edir. Yəni, Kreml erməni toplumuna mesaj verir ki, mümkün qədər tez bir zamanda etiraz dalğası ilə bu prosesin qarşısını almağa çalışsın. Sonda isə məhz Rusiyanın maraqlarını və niyyətini xüsusi olaraq, qabartmaqdan da özünü saxlaya bilmir.
Rusiya KİV-lərinin dili ilə danışmaq məcburiyyətində qalan Kreml hesab edir ki, əgər, hazırkı Ermənistan hökuməti bu sənədin qəbuluna razılaşarsa, Azərbaycan və Türkiyə ilə sülh imzalayan, Qarabağı itirən və bununla da ekzistensial təhlükələrdən qurtulan Ermənistanın nə Gümrüdəki rus hərbi bazasına, nə də Qarabağdakı rus sülhməramlılarına ehtiyacı qalmayacaq: "Aydındır ki, Qərb vasitəçilərinin əsl məqsədi də elə budur. N.Paşinyan buna gedəcəkmi? Ermənistan və Rusiyanın ekspert icmasının əhəmiyyətli hissəsi onun bunu operativ şəkildə və peşmanlıq çəkmədən edəcəyinə inanır: o, hakimiyyətə gəlməzdən əvvəl özünü Qərbyönümlü və Ermənistanın Rusiyadan uzaqlaşmasının tərəfdarı kimi təqdim edirdi".
Bütün bunlardan çıxarılacaq əsas nəticə isə ondan ibarətdir ki, Kreml Cənubi Qafqazdakı mövqelərini artıq qoruya bilmir, regionun Rusiyanın nəzarətindən çıxarılması prosesi qarşısında aciz qalıb. Ona görə də, Ermənistan cəmiyyətini sülh prosesinə qarşı çıxmağa yönləndirməklə iğtişaşların törədilməsinə, Paşinyan hakimiyyətinin devrilmısinə təşviq etməyə can atır. Eyni zamanda, "Marqomedia" üzərindən Azərbaycanı hədəfə çevirməklə, Rusiyanın ermənilərə dəstək verməkdə davam etdiyi görüntüsü yaratmağa çalışır. Və bu, Rusiyanın Cənubi Qafqazda əsas pozucu qüvvə olduğunu növbəti dəfə təsdiqləyir. (Yeni Müsavat)
“Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub”.
“Yol-xeber.az” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.
“O ki qaldı ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub və bu sərmayə qarşılıqlı, faydalı sərmayədir. Çünki hər iki tərəfin maraqlarına cavab verir”, - dövlət başçısı bildirib.
“Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var”.
“Yol-xeber.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi görüşdən sonra mətbuat üçün verdiyi bəyanatda bildirib.
“Bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar var: enerji resursları, nəqliyyat dəhlizləri. Onu da bildirməliyəm ki, Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb. Mən bildirmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmiryolunun ötürmə qabiliyyətini biz 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Artıq bütün sərmayələr hazırdır və bu prosesə biz start vermişik. Çünki Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var dünyada. Həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yeni nəqliyyat yolları bütün yol boyunca yerləşən ölkələrin maraqlarına cavab verir”, - dövlət başçısı bildirib.
Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü başlayıb.
Yol-xeber.az-ın xəbərinə görə, Gürcüstanın Baş naziri dövlət başçısını qarşılayıb.
Sonra rəsmi foto çəkdirilib.
Oktyabrın 24-də Prezident İlham Əliyev Gürcüstana işgüzar səfər edib. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir.
“AzərTAc” xəbər verir ki, səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyindəki aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri ilə görüşü nəzərdə tutulub.
Bu səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 10-cu səfəridir. Daha öncə Azərbaycan Prezidenti Gürcüstana bir dövlət səfəri, bir rəsmi səfər və yeddi işgüzar səfər edib.
Bütün bunlar sübut edir ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə bu münasibətlərin 30-ci ildönümü qeyd olunur. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.
Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri dövlətlərimiz arasında əlaqələri inkişafına əhəmiyyətli təkan vermişdir. Ötən dövr ərzində ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutmuş, indiyədək 118-dən çox sənəd imzalanmışdır. Gürcüstanın Azərbaycanda səfirliyi 1995-ci ildə açılıb. 1996-cı ildə isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində Baş Konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın Baş Konsulluğu açılıb.
Ölkələrimizin parlamentlərarası əlaqələri də fəal şəkildə davam etdirilir. Hər iki ölkənin qanunverici orqanında dostluq və işçi qrupları fəaliyyət göstərir. Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova bu il aprelin 19-20-də Gürcüstanda rəsmi səfərdə olub.
Azərbaycanla Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi mövcuddur. BMT Baş Assambleyasının 2020-ci il sentyabrın 3-də, 2021-ci il iyunun 17-də və 2022-ci il iyunun 8-də keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı eyni məsələ ilə bağlı daha əvvəlki səsvermələrdə olduğu kimi, Azərbaycan sözügedən sənədin lehinə səs verib.
Gürcüstanın dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər ediblər. Gürcüstan Baş nazir İrakli Qaribaşvili 2021-ci il sentyabrın 29-da ölkəmizdə səfərdə olub. 2022-ci ildə də ölkələrimiz arasında intensiv yüksək səfərlər baş tutub.
Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə münasibətlər yüksək səviyyədədir. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir və son iclası 2021-ci il sentyabrın 29-da təşkil edilib.
2021-ci ildə Gürcüstan Azərbaycanın 8-ci xarici ticarət tərəfdaşı olub. Həmin ildə iki ölkə arasında ticarət dövriyyəsi 763 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətimizin saldosu 558 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə olub. 2022-ci ilin yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsinin həcmi 525 milyon ABŞ dollarını ötüb.
Azərbaycanda 695 Gürcüstan investisiyalı şirkət fəaliyyət göstərir. Ümumilikdə Gürcüstandan Azərbaycana 259 milyon ABŞ dolları, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb.
Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi, ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan verib.
Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivədə irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir.
Həmçinin humanitar sahədə əməkdaşlığı da xüsusi vurğulamaq lazımdır. Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda bir çox layihələr həyata keçirilib. Məsələn, Tbilisi şəhərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin - Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən qurulub və xiyaban yaradılıb. Marneuli rayonunun Algeti (Gorarxı) kənd inzibati dairəsində yerləşən 3 kəndə içməli su xətti çəkilib, Algeti kəndində XVI əsrə aid qədim məscid bərpa olunub, Bolnisi rayonunun Həsənxocalı və Cəfərli kəndlərində yeni məktəb binaları inşa edilib, Qardabani şəhərindəki 3 saylı, Tbilisi şəhərində M.F.Axundzadə adına 73 saylı Azərbaycan məktəblərinin, Dmanisi şəhərindəki 2 saylı məktəbin və bu rayonun Kirovisi kəndində məktəbin, Marneuli şəhərində 3 və 7 saylı məktəblərin binaları əsaslı təmir olunub, Qardabani rayonunun Qaracalar kəndində məktəb binası inşa edilib və Dmanisi şəhərində Heydər Əliyev adına Təhsil Mərkəzi yaradılıb.
Gürcüstanın paytaxtı Tbilisi şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə vardır. Dost ölkədə azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” uşaq teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyət göstərir. Bu muzey M.F.Axundzadənin, C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeylərini özündə birləşdirir.
Onu da deyək ki, Gürcüstanda tarixən yığcam halda yaşayan azərbaycanlı əhali 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən 233 min nəfər təşkil edir. Soydaşlarımız əsasən Kvemo-Kartli regionunun Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tsalka və Tetristkaro rayonlarında, Rustavi şəhərində, Kaxeti, Şida-Kartli, Mtsxeta-Mitianeti bölgələrində və Acarıstan Muxtar Respublikasında, eləcə də paytaxt Tbilisi şəhərində məskunlaşıblar.
Ölkələrimiz arasında regionlarası əməkdaşlıq, həmçinin yüksələn xətlə davam edir. Belə ki, iki ölkənin bir sıra şəhərləri arasında birbaşa əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan Respublikası ilə Gürcüstanın bir sıra şəhərləri - Gəncə – Kutaisi (1995-ci il), Sumqayıt – Rustavi (2007-ci il), Naxçıvan – Batumi (2012-ci il), Şəki – Telavi (2012-ci il), Bakı – Tbilisi (2021-ci il), Şəmkir-Marneuli (2022-ci il), Ağstafa-Qardabani (2022-ci il), Göygöl-Bolnisi (2022-ci il), Daşkəsən-Dmanisi (2022-ci il) arasında qardaşlaşma əlaqələrinə dair müvafiq memorandumlar imzalanıb.
Azərbaycan Prezidentinin növbəti işgüzar səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradacaq.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstana işgüzar səfərə gedəcək.
Oxu.az xəbər verir ki, Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında İlham Əliyevin rəsmi qarşılanma mərasimi olacaq.
Prezident İlham Əliyev Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.
Təkbətək görüşdən sonra İrakli Qaribaşvili və İlham Əliyev saat 14:00-da mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.