“Azərbaycanın Parisdəki səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik”.

Bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.

“Fransa rəhbərliyi səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb. Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıq qalırlar”, - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı bir gün öncə Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Eyni zamanda rəsmi Bakı Azərbaycanın Fransadakı səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücum zamanı vurulan ziyanın ödənilməsini tələb edib.

Azərbaycan və Ermənistan diplomatlarının masa arxasına qayıtması vaxtıdır.

Bunu ABŞ dövlət katibi Antoni Blinken Nyu-Yorkda Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov ilə üçtərəfli görüşündən sonra tviter hesabında yazıb.

"Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birbaşa danışıqlara ev sahibliyi etdim. Görüş zamanı bildirdiyim kimi, qoşunların ayrılması və diplomatların masa arxasına qayıtması vaxtıdır", - Blinken qeyd edib.

Bundan əlavə, BMT Baş katibi Antoniu Quterreş xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Azərbaycanla Ermənistan arasında atəşkəsin qorunacağına ümid etdiyini bildirib.

Məlumata görə, ikitərəfli görüşdə Azərbaycanla BMT arasında qarşılıqlı əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və regionda son vəziyyət müzakirə olunub.

Söhbət zamanı tərəflər Ermənistan və Azərbaycan sərhədində baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılıblar. Baş katib atəşkəsin qorunub saxlanılacağına ümid etdiyini bildirib və iki ölkə arasında gərginliyin sülh yolu ilə həlli üçün BMT-nin bütün səyləri dəstəklədiyini vurğulayıb. O, həmçinin Ermənistanla-Azərbaycan arasında yaranmış gərginliyin azaldılmasının və normallaşma prosesinin vacibliyini vurğulayıb.

Antonio Quterreş BMT ilə Azərbaycanın nümunəvi əməkdaşlıq münasibətlərinə malik olduğunu, bütün istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətli olduğunu qeyd edib.

Baş katib Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib.

Ceyhun Bayramov bu il qeyd etdiyimiz BMT-yə üzvlüyümüzün 30 ili ərzində münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini, ölkəmizin BMT çərçivəsində bir sıra istiqamətlərdə, xüsusilə də sülh və təhlükəsizliyin dəstəklənməsi sahəsində genişmiqyaslı təşəbbüslər irəli sürdüyünü bildirib. Nazir BMT Baş Assambleyanın sədrinin və digər yüksək səviyyəli rəhbər heyətin ölkəmizə son illərdə həyata keçirdikləri səfərlərin əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verdiyini məmnunluqla qeyd edib.

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi və bu çərçivədə təşəbbüsləri qeyd olunub. Nazir daha sonra, Ermənistanın genişmiqyaslı təxribatları, sülh quruculuğu sahəsində ölkəmizin təşəbbüsləri barədə ətraflı məlumat verib. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı barədə qarşı tərəfi məlumatlandıran nazir ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə tərəflər, həmçinin BMT-nin gündəliyində duran və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

 

 

 

 

Paşinyan hakimiyyəti rəsmi Tehranın “qirmızı cizgilər”inin daxilində İranın deyil, məhz onun əsas düşməni olan ABŞ-ın yerləşdirilməsinə cəhd göstərir... Erməni politoloqlar belə, Nensi Pelosinin İrəvana Ermənistanı İran əleyhinə düşərgəyə çəkmək üçün gəldiyini açıq şəkildə etiraf edirlər...

ABŞ Konqresinin Nümayədələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərindən sonra Cənubi Qafqaz ətrafında cərəyan edən geopolitik proseslərin fərqli istiqmətlər ala biləcəyi qətiyyən istisna deyil. Belə ki, bu qalmaqallı səfər bəzi müəmmalı məqamların aydınlaşmasına səbəb oldu. Və bu, həm ABŞ-ın, həm də İranın regional maraqları baxımından, yeni situasiyanın yarana biləcəyini göstərir.

Əslində, N.Pelosinin səfəri ərəfəsində ABŞ və İranın Cənubi Qafqaz siyasətləri təxminən üst-üstə düşürdü. Əsas ortaq məqamlardan biri isə ondan ibarət idi ki, həm ABŞ, həm də İran Ermənistanı açıq və ya dolayısı olaraq, dəstəkləməyə çalışırdı. İndi amerikalı “küpəgirən qarı” ABŞ-ın əsl niyyətini ortaya çıxarıb və bu, rəsmi Tehranın qətiyyən xoşuna gəlməyə də bilər.

Məsələ ondadır ki, Nensi Pelosi İrəvana səfəri çərçivəsində “Qəfəsçiyan İncəsənət Mərkəzi”nə də baş çəkib. Elə həmin “muzey”də Ağ Evin İranla bağlı planları barədə müəyyən “ipucları” verib. Ermənilərin “amerikalı nənə”sinin “xristian ermənilər farslara qarşı igidliklə vuruşublar” deməsi qətiyyən təsadüfi deyil.

Maraqlıdır ki, bəzi erməni politoloqlar N.Pelosinin bu davranışına diqqət etməklə yanaşı, narahat olduqlarını da qətiyyən gizlətməyirlər. Erməni polittexnoloq Karen Koçaryan hesab edir ki, bu, ABŞ-ın İrana yönəlik hədəflərinə üstüörtülü bir eyhamdır. Siyasi analitik Argişti Kiviryan isə vurğulayıb ki, N.Pelosinin İrəvana niyə gəldiyini anlamaq artıq o qədər də çətin deyil.

Erməni analitik hesab edir ki, N.Pelosinin bu davranışı ABŞ-ın Ermənistanı İrana qarşı başladılmaqda olan kampaniyaya cəlb etmək niyyətini biruzə verir. Onun fikrincə, Nensi Pelosinin “Qəfəsçiyan İncəsənət Mərkəzi”ndə Avarayr döyüşünü (451-ci ildə Sasani imperiyası ilə ermənilər arasında baş verdiyi iddia edilən döyüş) əks etdirən rəsmin qarşısında dayanaraq, ermənilərin farslara qarşı müharibəsindən danışması təhlükəli planlardan xəbər verir: “Bu beyinsizlərdən soruşmaq lazımdır ki, N.Pelosi, əslində, Ermənistana niyə gəlib və səfərinin məqsədləri nədir? Əsl hədəf İrandır, İranın tam blokadaya alınması və ermənilərin anti-İran cəbhəsinə cəlb olunmasıdır".

Argişti Kiviryan xatırladıb ki, İran öz ordusunu Ermənistan sərhəddinə yığıb, ancaq İrəvandakı siyasi axmaqlar “Bizim misilsiz xilaskarımız” deyərək, Nensi Pelosinin ayaqlarına döşəniblər: “Halbuki, Azərbaycanın dövlətçiliyinə, ərazi bütövlüyünə tarixən və faktiki təhlükə yaradan cəmi iki dövlət var. Onlardan biri Rusiya, digəri isə məhz İrandır".

Erməni politoloqun fikrincə, Qərb heç vaxt Azərbaycana qarşı ciddi addımlar atmayacaq: “İndi Rusiya-Ukrayna müharibəsi nəticəsində Qərbin alternativ enerji mənbələrinə ciddi ehtiyacı olduğundan ABŞ Azərbaycanı təhdid etməyə qadirdirmi? Nə edəcəklər və niyə? Ermənilər naminə öz maraqlarına zidd gedəcəklər? Sonra İranın niyə daha aktiv olmadığına təəccüblənəcəksiniz. İndi ermənilər İranın ən qatı düşməni olan ABŞ-a ümid bağlayıblarsa, bu ölkə necə fəal ola bilər? Qlobal nöqteyi-nəzərdən, İranın Ermənistanda hətta kəskin addımlar atacağı təqdirdə belə, əməkdaşlıq edə biləcəyi tərəfdaşı yoxdur”.

Göründüyü kimi, Paşinyan hakimiyyəti nə qədər məmnun olsa da, N.Pelosinin İrəvana səfərinin əsl məqsədləri və Ermənistana vəd etdiyi real təhlükələr də elə erməni politoloqların özləri tərəfindən açıq mətnlə gündəmə gətirilir. İran hər xirda imkanda Ermənistanın yanında olduğunu, bu ölkəni müdafiə etməyə çalışdığını biruzə verir. Rəsmi İrəvan isə İranın bu dəstəyinə Ermənistanın ABŞ-a xidmət üçün hazır olmasını qabartmaqla cavab verir.

Məsələ ondadır ki, rəsmi Tehran Ermənistan sərhədlərinin İran üçün “qirmızı cizgi” olduğunu vurğulayır. Rəsmi İrəvan isə həmin “qirmızı cizgi”nin daxilində İranın deyil, məhz onun əsas düşməni olan ABŞ-ın yerləşdirilməsinə cəhd göstərir. Paşinyan hakimiyyəti İranın regional maraqlarını ABŞ-a satmağa tamamilə hazırdır. Və ABŞ-ın Ermənistanla hərbi əməkdaşlığı gücləndirmək niyyətini biruzə verməsindən sonra İranın mövqeyi böyük maraq doğurur.

Çünki, rəsmi İrəvan əvvəlcə Rusiyanı ABŞ-a satdı, indi də İrana qarşı eyni xəyanətin içərisinə girib. Bəzi məlumatlara görə, ABŞ yaxın gələcəkdə Ermənistan ərazisini məhz İrana qarşı platsdarma çevirmək planları üzərində işləyir. Əgər, ABŞ rəsmi İrəvanı Rusiyanın nəzarətindən çıxarıb, Ermənistana yerləşərsə, bu ölkənin sərhədləri İranın üzünə bağlanmış olacaq. Və belə olacağı təqdirdə, rəsmi Tehran İranın “qırmızı cizgiləri” barədə yenidən, həm də bu dəfə daha ciddi düşünmək məcburiyyətində qalacaq.

Əslində, rəsmi Tehran bu barədə elə indidən düşünsə, daha doğru addım atmış olar. Hər halda, artıq Ermənistan sərhədləri İranın “qirmızı cizgi”si olmaqdan çıxıb. Çünki, Paşinyan hakimiyyəti İranın “qirmızı cizgilər”ini artıq N.Pelosiyə “hədiyyə” etdi. Ona görə də, indi rəsmi Tehran Ermənistanın İrana həqiqətən dost olub-olmadığını tam dəqiqliyi ilə müəyyən etməlidir.

Təbii ki, rəsmi Tehran Ermənistanın Rusiyanın ardınca, İrana qarşı da xəyanət içində olduğunu anlamağa başlamış olmalıdır. Çünki, erməni politoloqların belə, Paşinyan hakimiyyətinin İrana xəyanət etdiyini vurğuladığı bir situasiyada, rəsmi Tehranın bunu görə bilməyəcəyi o qədər də inandırıcı deyil. Bu baxımdan, İran XİN-in rəsmisi Nasir Kənaninin N.Pelosinin İrəvana səfərinə eyhamla Cənubi Qafqaz regionunda gərginliyin və qeyri-sabitliyin artmasının heç bir region dövlətinin maraqlarına cavab vermədiyini vurğulaması qətiyyən təsadüfi deyil.

İran rəsmisi vurğulayıb ki, Tehran gərginliyin qızışdırılmasının region ölkələrinin maraqlarına ziddi olduğunu düşünür: “Çünki regionda sülh və sabitlik iqtisadi inkişafın, ticarət əlaqələrinin, əməkdaşlığın genişləndirilməsi üçün zəruridir. Bu, İslam Respublikasının prinsipial siyasətidir. Bundan kənar hər hansı yanaşmanı təxribat hesab edirik və regionda qeyri-sabitliyi qızışdırmaq cəhdlərini qəbul etmirik”.

Göründüyü kimi, Cənubi Qafqazda bir çox önəmli məqamlar artıq tədricən aydınlaşmağa başlayıb. Ermənistan əvvəlcə Rusiyanı ABŞ-a satdı. İndisə, Paşinyan hakimiyyəti ABŞ-a xoş görünmək üçün açıq-aşkar İrana xəyanət etməyə başlayıb. Bu baxımdan, həm Rusiyanın, həm də İranın Ermənistana nə qədər güvəndiyi böyük ehtimalla yaxın vaxtlarda aydınlaşmağa başlayacaq.(Yeni Müsavat)

"Ermənistan Vətən müharibəsindəki ağır məğlubiyyəti heç cürə qəbul edə bilmir və bu, onların özləri ilə bağlı olan məsələdir".

Bunu Milli.Az-a açıqlamasında Türkiyənin təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

O bildirib ki, Ermənistan artıq bir dəfə öz qazdığı quyuya düşdü:

"Düşməni fiziki olaraq yenə bilərsən, amma düşmənin səninlə savaşmaq əzmi və iradəsini yox edə bilməmisənsə, qıra bilməmisənsə, düşməni məğlub etmiş sayılmırsan. Açığı bu məsələdə rusların çox böyük günahı var. Müharibənin ruhu ilə oynadılar. Müharibənin 44 -cü günündə Azərbaycana qarşı təzyiqləri artıraraq savaşın gedişinə müdaxilə etdi.

Atəşkəs anlaşmasının verdiyi olduğu bir çox imtiyazlar var idi. Önümüzdən qış gəlirdi. Bu anlaşmada Kəlbəcər, Laçın, Ağdam kimi azad edilməmiş ərazilərin təhvil verilməsi üçün bir fürsət var idi, digər yandan da Zəngəzur və Laçın dəhlizi ilə bağlı məsələ həllini tapmalı idi.

İlham Əliyev də bildirdi ki, Rusiya dövlət başçısı mənə söz verdi. Yəni rusun müvəqqəti nəzarətindəki ərazilərlə bağlı bir mübahisəli vəziyyət yaranmayacaq. Bu şərtlərlə Azərbaycan 10 noyabr üçtərəfli bəyanatına imza atdı. Amma bundan sonrakı müddətdə gördüyümüz kimi, xüsusən də sülhməramlıların arxasında qalan 2819 km-lik sahədə "Artsax" və onun qondarma "paytaxtı" Xankəndi ilə bağlı bir ümidi ermənilər Rusiyanın ətəkləri altında davam etdirdi.

Bunun hesabında Fansanın, başqa dövlətlərin diplomatların qeyri-qanuni şəkildə Qarabağın dağlıq hissəsinə səfərləri baş tutdu. Amma Rusiya da, Fransa da, ABŞ da, İran da, Ermənistan da çox yaxşı bilir ki, bu təxribatların belini Azərbaycan Ordusu qırdı. Amma savaşa Rusiyanın bu müdaxiləsi, savaşın ruhu ilə oynaması Ermənistanın gücünün qırılmasına rəğmən müharibə ehtirasını qıra bilmədi. Bunun belə qalması isə bölgədə bir destruktivlik yaratdı, Azərbaycan da indi bu revanşistlərlə mübarizə aparmaq məcburiyyətindədir.

İndi də ən son Azərbaycanla sərhəddə qorxunc bir hərbi təxribata əl atdılar. Ağır silahlarla Azərbaycanın mövqelərini atəşə tutdular. Şəhid verdik, özü də çox. Azərbaycan Ordusu bunu qisasını artıqlaması ilə aldı, Ermənistan yenə ağır bədəl ödədi.

Azərbaycan 44 günlük müharibə ilə 1828-ci il Türkmənçay müqaviləsindən sonra ilk dəfə torpaq qazandı. Bu, ermənilər üçün qorxunc bir təqvim oldu. Bir düşünün, sən qarşı tərəfə bir məkirli hücum planı qurassan, amma öz qazdığın quyuya sən özün düşürsən".

Azərbaycan Prezidenti İlham Əliyev Counz Robert Qərinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Counz Robert Qəri Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb. 

Yol-xeber.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı bu Sərəncama əlavəyə uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ayrılıb.

Ölkə ərazisində quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Çex Respublikasında yaşayan Azərbaycan icması paytaxt Praqa şəhərində icazəli piket keçirib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Krizovnike Namesti meydanında baş tutan aksiyada soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz edib, mədəni irsimizin dağıdılmasına, beynəlxalq təşkilatların ermənilərin Azərbaycan torpaqlarındakı vandalizm aktlarına səssiz qalmasına, yerli ictimaiyyətin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.

Piket zamanı Ermənistanın son təxribatı nəticəsində həlak olan hərbçilərimizin siyahısı, “Ermənistanın təcavüzünü dayandırın!”, “Ermənistanın terroruna son qoyulsun!”, “UNESCO, İrəvandakı Azərbaycan irsini qoru!”, “Erməni vandalizmini dayandırın!” kimi şüarlar nümayiş etdirilib.

Aksiya diaspor fəalı Fərid Əmirəliyevin təşkilatçılığı ilə keçirilib.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva azərbaycanlı diplomatların fəaliyyət göstərdiyi dövlətlərə müraciət edib.

Bu barədə S.Əliyevanın xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə edilən hücumlarla bağlı yaydığı açıqlamada bildirilib.

Ombudsman Ermənistan hökumətini üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməyə, etnik mənsubiyyətə görə ayrı-seçkiliyə yol verməməyə və azərbaycanlılara qarşı nifrət siyasətindən tez bir zamanda əl çəkməyə çağırıb:

"Bu cür hücumların digər ölkələrdə də baş verə biləcəyini nəzərə almaqla beynəlxalq ictimaiyyətə və azərbaycanlı diplomatların fəaliyyət göstərdiyi dövlətlərə müraciət ünvanlayaraq, Ermənistanın siyasi-hərbi rəhbərliyinin təhriki ilə törədilən və tərəflər arasında etnik zəmində düşmənçiliyi təşviq edən, insanların həyat və sağlamlığına qəsd edən təxribatların qarşısının alınmasında, o cümlədən səfirliklərin, diplomatik nümayəndəliklərin mühafizəsinin təmin olunmasında beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn tədbirlərin görülməsinə dəvət edirəm".

Uzun illərdir ki, Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə bərabər etnik zəmində nifrət və bundan irəli gələn soyqırım və terror siyasəti həyata keçirən Ermənistan hələ də insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş təxribatlar törətməkdə davam edir.

Bu günlərdə Livanda yaşayan erməni əsilli ekstremist qüvvələrin “aksiya” keçirmək adı ilə Beyrut şəhərində Azərbaycan səfirliyinin qarşısına toplanaraq səfirlik binasına hücum etməyə və azərbaycanlı diplomatların həyatlarına yönəlik qəsdlərə cəhd göstərmələri faktı bunu bir daha təsdiqlədi. Bu cür hallar Amerika Birləşmiş Ştatları və Fransadakı səfirliklərimiz qarşısında da yaşanmışdır. Xüsusilə Fransada “dinc aksiya” keçirmək adı ilə radikal formada səfirliyimizin binasına daxil olmağa cəhd edilmiş, vandalizm xarakterli əməllər törədilib. Təəssüf ki, səfirlik binası və diplomatların mühafizəsi beynəlxalq hüququn tələblərinə uyğun şəkildə təmin edilməyib. Bu isə dövlətlərin beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəliklərin pozulması deməkdir.

Belə ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə edilmiş bu hücumlar beynəlxalq hüququn, xüsusilə də BMT tərəfindən qəbul edilmiş “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasının, "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 1973-cü il tarixli Konvensiyasının kobud pozuntusudur.

Ermənistanda və onun sərhədlərindən kənarda azərbaycanlılara qarşı dözümsüzlük mühitinin formalaşmasına səbəb olan, tərəflər arasında dayanıqlı sülhün təmin edilməsinə maneə yaradan bu kimi xoşagəlməz hadisələri, eyni zamanda erməni əsilli şəxslər tərəfindən açıq çıxışlarda, sosial mediada düşmənçiliyi təşviq edən nifrət və kin dolu ifadələrin işlənməsini kəskin şəkildə pisləyirik"

Avropa Komissiyası bu həftənin şənbə günü Avropa İttifaqı Şurasına korrupsiya cinayətləri və ölkədə qanunun aliliyinin təmin olunmadığı səbəbindən rəsmi Budapeştə ayrılacaq 7,5 milyard avronun dondurulmasını tövsiyə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, Aİ tarixində ilk belə haldır.

Qanunun aliliyi və demokratik prinsiplərin pozulduğu ölkələrə Avropa fondlarından vəsait ayırmamaq imkanı təxminən 2 il əvvəl - Macarıstan və Polşanın etirazlarına baxmayaraq, Avropa İttifaqı ölkələri tərəfindən təsdiqlənib. Büdcəyə cavabdeh olan Avropa Komissiyasının üzvü Yohannes Hanın sözlərinə görə, rəsmi Budapeşt noyabrın 19-dək Komissiyanın göstərdiyi problemləri həll etməlidir. O, ilk növbədə Macarıstan hakimiyyətinin korrupsiya ilə mübarizə sahəsində həyata keçirdiyi qeyri-kafi tədbirlərə diqqət çəkib. Yohannes Hanın fikrincə, belə bir şəraitdə Aİ-nin vəsaitlərinin təyinatı üzrə getməsi mümkün deyil.

Bundan başqa, Avropa İttifaqı baş nazir Viktor Orban hökumətini avtoritar meyllərdə, QHT-lərin sıxışdırılmasında, LGBT və qadınların hüquqlarını məhdudlaşdırmaqda, məhkəmələri və medianı tamamilə tabe etməkdə suçlayır. Avropa Parlamentinin bu yaxınlarda qəbul etdiyi qətnamədə Macarıstanın artıq tam hüquqlu demokratik dövlət olmaqdan çıxdığı və “seçki avtokratiyasına” çevrildiyi vurğulanıb.

Qeyd edək ki, 10 ildən artıqdır hakimiyyətdə olan Viktor Orban bir çox siyasi məsələlərdə Avropa İttifaqı liderlərinin əksəriyyətindən fərqli mövqe tutur. Söhbət xüsusilə Ukraynadakı müharibəyə münasibətdən gedir. Macarıstan Rusiyanın təcavüzünü pisləsə də, Kiyevə silah verməkdən imtina edir. Bundan başqa, rəsmi Budapeşt Aİ-nin Moskvaya qarşı sanksiyalarını tənqid edir, onları sərtləşdirmək üçün irəli sürülən təşəbbüsləri bloklayır və ya əngəlləməyə çalışır.

Sentyabrın 18-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Xəbər lenti