![]() |
|
Regionda istənilən geosiyasi dəyişikliklər qəbuledilməzdir.
Mehr xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Rusiya səfiri Levan Caqaryanla görüşündə deyib. O, Qafqaz regionunda sülhün bərpasına çalışmağın vacibliyini vurğulayıb.
Əmir-Abdullahian Cənubi Qafqaz regionunda son hərbi gərginliyə işarə edərək, mübahisənin sülh və siyasi yolla həllinin mümkün olduğunu deyib.
“Türk olmaq çətindir, çünki dünya ilə savaşırsan”.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı öz tviter hesabında paylaşımında qeyd edib.
“Amma türk olmamaq daha çətindir, çünki türklərə qarşı savaşırsan”, - deyə türkiyəli diplomat vurğulayıb.
O, paylaşımına #Azərbaycanyalnızdeyil həştəqini əlavə edib.
“Azərbaycanla Ermənistan arasında sərhəd demarkasiya olunmayıb, bu səbəbdən hər hansı sərhəd pozuntusu barədə danışmaq çətindir”.
Bunu Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tleuberdi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ilkin vəzifə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın işini bərpa etməkdir.
“Biz öz təcrübəmizi bölüşməyə hazırıq. Sərhədimizi quru və hətta dənizdən bütün perimetr boyunca demarkasiya etdiyimiz üçün Rusiyadan istisna olmaqla bütün qonşu dövlətlərlə, demək olar ki, demarkasiya tamamlanıb. Rusiya ilə demarkasiya bizdə, yəqin ki, daha iki-üç il vaxt aparacaq”, - deyə xarici siyasət qurumunun rəhbəri vurğulayıb.
Tleuberdi həmçinin Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi fonunda Qazaxıstandan Ermənistana sülhməramlıların göndərilməsi məsələsinin gündəmdə olmadığını vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhəddə yaranmış gərginlik məsələsinin çıxarılacağına toxunaraq, bu müstəvidə müzakirələrin obyektiv əsaslarla aparılmasının vacibliyini bir daha diqqətə çatdırıb.
Azərbaycanın dövlət başçısı bu barədə Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində həlak olan hərbçilərlə bağlı paylaşım edib.
"Paylaşımda deyilir:
Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib.
Müşavirədə aidiyyəti üzrə məruzələr təqdim edilib, Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün müvafiq vəzifə və tapşırıqların yerinə yetirildiyi bildirilib.
Qeyd olunub ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət edir.
"Türkiyə həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanındadır".
Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar sentyabrın 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı zamanı deyib.
O, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib.
“Biz Bakı və İrəvanla sıx əlaqə saxlayırıq. Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara uyğun olaraq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) vasitəsilə vəziyyətin həllinə köməklik göstərilməsi xahişi ilə müraciət daxil olub. Biz gözləyirik ki, Rusiyanın vasitəçiliyi nəticəsində bu il sentyabrın 13-də Moskva vaxtı ilə saat 9.00-dan etibarən atəşkəslə bağlı əldə olunan razılıq tam həcmdə həyata keçiriləcək".
Bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyan edib.
"Əvvəllər olduğu kimi, biz belə bir prinsipdən çıxış edirik ki, Ermənistanla Azərbaycan arasında bütün mübahisəli məsələlər müstəsna olaraq siyasi və diplomatik yollarla, sərhəd məsələlərinə gəldikdə isə, Rusiyanın konsultativ yardımı ilə sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll edilməlidir”, - XİN-in bəyanatında bildirilib.
Milli Məclisin deputatı Səttar Mehbalıyevin yaxın qohumu şəhid olub.
“ermənilərin Kəlbəcər, Laçın istiqamətində törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti Fərid Kamaləddin oğlu Möhbalı şəhid olub.
Şəhidimiz Milli Məclisinin deputatı Səttar Möhbalıyevin əmisi nəvəsidir.
“Səhər saat 9:15-də Azərbaycan Ordusunun “Qətiyyətli cavab” əməliyyatı uğurla başa çatıb. Ən qısa müddətdə, ən yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirilib (mülki obyektlərə ziyan dəyməyib). Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib və onun bərpası üçün illər lazım olacaq”.
Bunu “Caliber” nəşri öz mənbələrinə istinadən bildirib.
Azərbaycan ordusu sərhədyanı bölgədə delimitasiya olunmayan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib. Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual və atəş nəzarətinə götürülüb.
“Azərbaycanın başqa dövlətin ərazisini işğal etmək niyyəti yoxdur, lakin onun sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün ən qətiyyətli tədbirlər görüləcək. Şəhidlərimizin qanı qisassız qalmadı, erməni tərəfinə “Qətiyyətli cavab” verildi”, - nəşr əlavə edib.
***
Saat 9:15-dən etibarən Azərbaycan tərəfinin səyləri nəticəsində atəşin dayandırılmasına nail olunub.
Bu barədə haqqin.az məlumat yayıb.
***
Ermənistanla Azərbaycan sentyabrın 13-ü saat 9:00-dan etibarən atəşin dayandırılması barədə razılığa gəlmişdilər.
haqqin.az yazır ki, razılığa baxmayaraq, Ermənistan təxribatlarını davam etdirir və Azərbaycanın dövlət sərhədi istiqamətində mövlqelərimizi atəşə tutur.
***
Ermənistan ordusunun dünənki növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli cavab tədbirləri nəticəsində Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi zərərsizləşdirilib.
Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.
Qeyd edilib ki, sərhədin müəyyən edilmiş hissəsində düşmənin hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.
Məlumata görə, bu gün saat 9:00-dan başlayaraq tərəflər atəşin dayandırılması ilə bağlı razılıq əldə edilib.
“Razılaşmaya düşmən tərəfinin necə riayət edəcəyini müşahidə edəcəyik”, - deyə məlumatda qeyd olunub.