Bu gün Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İnkişafı üzrə Azərbaycan, Rusiya və İran rəsmiləri arasında görüş keçirilir.

"Görüşdə Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən Baş nazirinin müavini Aleksandr Novak, Iran tərəfdən isə yollar və şəhərsalma naziri Rüstəm Qasemi iştirak edir.

Görüşdə müntəzəm daşıma xidmətlərinin yaradılmasını təşviq etmək də daxil olmaqla, Azərbaycanın, İranın və Rusiyanın yüksək intermodal tranzit potensialından maksimum istifadə etmək, bu məqsədlə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini inkişaf etdirmək üçün əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd edilib.

Görüşün sonunda Bakı Bəyannaməsinin imzalanması nəzərdə tutulur.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın beş erməni hərbçini qarşı tərəfə təhvil verməsini təqdir edib.

 Aİ Şurasının Prezidenti bu barədə öz “Twitter”ində yazıb.

“Avqustun 31-də Brüsseldə baş tutan müzakirələrdən sonra daha beş erməni hərbçinin Bakı tərəfindən sərbəst buraxılmasını alqışlayıram. İlk dəfədir ki, təhvil ikitərəfli qaydada həyata keçirilib - bu həm Azərbaycan, həm də Ermənistan üçün etibar deməkdir. Bütün həll edilməmiş humanitar məsələlərin həlli əsas prioritetdir”,- deyə Ş.Mişel vurğulayıb.

 

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza başsağlığı verib.

“Başsağlığında deyilir:

“Əlahəzrət,

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası, zəmanəmizin görkəmli dövlət başçısı, ananız Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq. Bu ağır itkinin kədərini Sizinlə və bütün ailənizlə bölüşür, şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.

Şərəfli ömür yolu ilə örnək olan Kraliça ümumbəşəri ideallara daim sadiq qalaraq, möhkəm dəyanət, yenilməz iradə və qətiyyət nümayiş etdirərək Birləşmiş Krallığın xoşbəxt gələcəyi yolunda misilsiz xidmətlər göstərmiş, Vətəninə hədsiz bağlılığı və məhəbbəti ilə bütün dünyada böyük nüfuz və rəğbət qazanmışdır.

2009-cu ildə Kraliça ilə görüşümü hər zaman ən xoş təəssüratlarla xatırlayacağam.

Əlahəzrət,

Bir daha Sizə və ailənizin üzvlərinə, Birləşmiş Krallığa və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm”.

Böyük Britaniya Kraliçası II Yelizavetanın vəfatı ilə əlaqədar olaraq bu ölkənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirilib.

“Bu barədə məlumatı Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould öz tviter hesabında paylaşıb.

Xatırladaq ki, Kraliça II Yelizaveta sentyabrın 8-i 96 yaşında dünyasını dəyişib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksində yaradılan şəraitlə tanış olub.

"Yol-xeber.az" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə məktəbdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, 1928-ci ildə inşa edilən təhsil ocağında müxtəlif illərdə təmir-bərpa işləri görülsə də, sıxlıq səbəbindən məktəbin əsaslı şəkildə yenidən qurulmasına ehtiyac yaranmışdı. Məktəbin 790 şagird yerlik binasında 54 sinif otağı var idi. Azərbaycan Prezidentinin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 may, 2021-ci il 8 may, 2022-ci il 27 aprel tarixli sərəncamlarının icrası ilə əlaqədar məktəbin binası əsaslı təmir edilib və köhnə korpus sökülərək yerində yenisi tikilib.

Eyni vaxtda 2304 şagirdin təhsil ala biləcəyi məktəb bütün inventarla təchiz edilib. Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək müasir məktəb binası 82 sinif otağından ibarətdir.

Qeyd olundu ki, dördmərtəbəli korpusda sinif, əmək, hərbi, rəsm, həkim, musiqi və müəllimlər otaqları, laboratoriyalar, kitabxana, yeməkxana, idman, aerobika və akt zalları var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib.

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.

Beləliklə, məktəblərin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.

Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Birinci vitse-prezident Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır.

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.

"Yol-xeber.az" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, 1931-ci ildən fəaliyyət göstərən 35 nömrəli tam orta məktəb tamamilə yenidən qurulub, təhsil ocağının 1931-1935-ci illərdə inşa edilmiş köhnə korpusu sökülərək yenidən inşa olunub. Məktəbin 888 şagird yerlik yeni binasında 24 sinif, informatika, əmək, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, yeməkxana və akt zalı yaradılıb. Dördmərtəbəli binanın ümumi sahəsi 5454 kvadratmetrdir.

Prezident İlham Əliyev məktəbin yeni binasının çağırışa qədər hərbi hazırlıq otağında, ekosinifdə, biologiya kabinetində, informatika və rəsm otaqlarında, yeməkxanada, əmək otağında və fizika kabinetində yaradılan şəraitlə tanış oldu.

Qeyd edək ki, təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, müasir əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması da bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı ilə davamlı şəkildə dəstək verir.

Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir.

 

 

 

 

Brüssel üçtərəfli görüşündən sonra Nikol Paşinyan İrəvanda dar çərçivədə görüş keçirib, o, əldə olunan razılaşmaları və müzakirə olunan məsələləri ətraflı təqdim edib.

Bu barədə “Past” qəzeti yazıb.

Mətbu orqanının mənbəsinin sözlərinə görə, Paşinyan “sülh müqaviləsi”nin mətn hissəsi üzərində işi sürətləndirməyi tapşırıb.

“Bu sazişin ilkin variantı noyabrın ortalarına qədər hazır olmalıdır”, - qəzet yazır.

Qəzetin Xarici İşlər Nazirliyindəki mənbəsinin verdiyi məlumata görə, bir aydan artıqdır ki, XİN-də xüsusi qrup fəaliyyət göstərir və bu, bütün diqqəti sözügedən sənəd üzərinə cəmləyib.

Siyasi partiyaların Azərbaycandan kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağan edilir.

Bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Layihədə qeyd edilib ki, siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağan olunur.

Üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi 10000 manatdan artıq ola bilməz. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab ediləcək.

Münaqişənin həllində Ermənistanın baş naziri və xarici işlər nazirinin yanaşmalarında ziddiyyətlər var.

Bunu politoloq Benyamin Matevosyan “news.am”a müsahibəsində bildirib.

“Biz artıq neçənci dəfədir görürük ki, Mirzoyanın bəyanatları ATƏT-in Minsk Qrupunun həmsədrliyinin formalaşmış mövqeyinə, eləcə də Lavrovun və Putinin Qarabağın statusu məsələsinin gələcək üçün təxirə salınması zərurəti ilə bağlı bəyanatlarının məntiqinə uyğundur. Demək olar ki, hər zaman Brüsseldəki görüşlərdən sonra və ya bu formatda görüşlərdən sonra Mirzoyan Lavrovla telefon danışığı aparır, sonra müvafiq bəyanatlar verir”, - Matevosyan vurğulayıb.

Ekspert təəssüflə qeyd edib ki, Brüsseldəki görüşlər sırf Azərbaycan gündəminə uyğun şəkildə keçirilir.

“Əvvəlki görüşün nəticələrinə görə, heç olmasa, Qarabağdan, etnik ermənilərdən bəhs edilirdisə, indi də belə bir şey yoxdur.

Paşinyan danışıqlardakı çətinliklərə istinad edir, Əliyev isə Azərbaycanın təklif etdiyi 5 bəndlik şərt əsasında sülh müqaviləsinin imzalanması üçün ilin sonuna qədər müddətə işarə edərək, buna aydınlıq gətirir. Daha sonra Mirzoyan bu sözlərə münasibət bildirərək, narazılığını bildirir. Maraqlıdır ki, bundan əvvəl Ermənistan XİN rəhbəri Lavrovla telefon danışıqları aparıb.

Versiyalardan birinə görə, Paşinyanla Mirzoyan bunu nə Moskvanı, nə də Qərbi incitməmək üçün razılaşdırılmış şəkildə edirlər.

Başqa bir versiyaya görə, Mirzoyan Paşinyanın siyasətinə uyğun gəlməyən ayrıca siyasət yürüdür. Bu səbəbdən də Paşinyan şəxsən Mirzoyanı xarici işlər naziri postuna təyin etmək istəmirdi. Onun başqa namizədi var idi”, - Matevosyan əlavə edib.

Ekspertin fikrincə, sülh müqaviləsi, Qarabağ və Ermənistanın gələcəyi, regional təhlükəsizlik məsələsi ilə bağlı Paşinyan komandası daxilində fərqli yanaşmalar var. Onların arasında hətta müxalifətin hərəkətlərinin məntiqini anlayanlar da var.

“Ermənistanda siyasi dəyişikliklər baş verənə qədər biz daim ərazi və insan itkiləri, suverenlik səviyyəsinin aşağı düşməsi təhlükəsi ilə üzləşəcəyik. Ermənistan hakimiyyəti öz mahiyyətinə görə əks-inqilabçıdır, çünki inqilab ideyası ölkənin suverenliyini möhkəmlətmək olub, amma hakimiyyət isə onu ardıcıl olaraq zəiflədir”, - deyə politoloq yekunlaşdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Elizabet Trasa təbrik məktubu ünvanlayıb.

"Yol-xeber.az" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Baş nazir,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Birləşmiş Krallığı ənənəvi dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. Dövlətlərarası əlaqələrimizin, siyasi, iqtisadi-ticari, enerji və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın hazırkı yüksək səviyyəsi və gündən-günə yeni məzmunla zənginləşməsi xüsusi məmnunluq doğurur.

Birləşmiş Krallıq Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir. Ölkənizi təmsil edən şirkətlər, ö cümlədən neft-qaz hasilatında etibarlı tərəfdaşımız olan BP Azərbaycanda uğurla fəaliyyət göstərir və bir sıra vacib layihələrin həyata keçirilməsində iştirak edirlər. Əməkdaşlığımızın prioritet istiqamətlərdən olan enerji sektorunda uzunmüddətli və məhsuldar işbirliyimiz qlobal enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan əsaslı bərpa və yenidənqurma işləri tərəfdaşlığımızın əhatə dairəsinin daha da genişlənməsi üçün əlverişli şərait yaratmışdır. Biz bu ərazilərin minalardan təmizlənməsi işinə Birləşmiş Krallığın verdiyi töhfəni yüksək qiymətləndiririk.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, birgə fəaliyyətimizin dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə bir daha təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Xəbər lenti