![]() |
|
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Məzəm, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 1-də 85,94 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,16 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 1-də 85,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,16 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 1-də 82,26 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,16 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə oktyabrın 1-də 84,69 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,04 dollar/barel çoxdur.
SOCAR-la Çin Milli Neft Şirkətinin (“CNPC”) törəməsi olan “BGP Inc.” şirkəti arasında birgə müəssisənin yaradılmasına dair Təsis Müqaviləsi imzalanıb.
imzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, birinci vitse-prezident, akademik Xoşbəxt Yusifzadə, Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov və “BGP Inc.” şirkətinin prezidenti Gou Liang, eləcə də hər iki şirkətin digər yüksək vəzifəli şəxsləri iştirak edib.
R. Abdullayev bildirib ki, bu gün SOCAR bütün sahələrdə müasir texnologiyalardan istifadə etməklə yanaşı, həm də fərqli və alternativ üslubları sınamaqla yeni yataqların kəşf edilməsi və hasilat səviyyəsinin davamlı stabilləşməsi üçün çalışır. Çinin BGP şirkəti ilə geoloji və geofiziki işlər üzrə birgə müəssisənin yaradılması bu sahədə alternativ baxış gətirərək, hər iki ölkənin mütəxəssisləri arasında qarşıtərəfli fayda kəsb edəcək təcrübə mübadiləsi üçün münbit zəmin yaradır.
BGP-nin əsas fəaliyyət sahələrinə quruda, keçid zonasında və dənizdə kəşfiyyat işlərinin aparılması, o cümlədən mürəkkəb əməliyyatlar aparmaqla seysmik məlumatların əldə edilməsi, emalı və interpretasiyası, seysmik avadanlıqların istehsalı və əlaqədar informasiya-kommunikasiya texnologiyaları (İKT) xidmətlərinin göstərilməsi daxildir.
Naxçıvanda dini icmalar üçün xidməti avtomobillər verilib.
Maşınlar Babək qəsəbəsində məscid və mərasim evinin istifadə verilməsi zamanı təqdim olunub.
Açılışda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, Azərbaycan Konstitusiyasına əsasən din dövlətdən ayrıdır. “Lakin buna baxmayaraq dövlətimiz dini-mənəvi dəyərlərimizin qorunub yaşadılmasına qayğı göstərir, dindarlar üçün hərtərəfli şərait yaradır. Dindarlarımız isə ölkəmizdəki sabitliyin qorunmasına, İslam dininin olduğu kimi təbliğinə xüsusi diqqət yetirirlər. Birgə fəaliyyətin nəticəsidir ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında dövlət-din münasibətləri qarşılıqlı anlaşma və hörmət əsasında qurulub”.
Ali Məclisin Sədri bu sahədəki fəaliyyətə görə muxtar respublika dindarlarına təşəkkür edib.
Sonda V. Talıbov Şərur, Babək və Ordubad rayonlarının dini icmalarının rəhbərlərinə “NAZ Lifan 330” markalı xidməti avtomobillərin açarlarını təqdim edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib.
Reyd zamanı Şəmkir və Yenikənd su anbarlarının sol sahillərində icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.
Araşdırma zamanı icazəsiz ov edən şəxslərin Şəmkir rayon sakini Elşən Əhmədov və Gəncə şəhər sakini Nüsrət Eminov olduğu müəyyən edilib. Onlardan müxtəlif növ balıqlar, ov alətləri, rezin və taxta qayıq götürülüb.
Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkarlar barəsində ümumilikdə 847 manat məbləğində iddia qaldırılıb.
Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.
160 gəmiçi yeni mənzillə təmin olunacaq.
Bu fikri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbəri Rauf Vəliyev “Gəmiçilik-160” adlı təsviri incəsənət sərgisinin açılış mərasimində səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan gəmiçiliyinin 160 illik yubileyi ərəfəsində bir sıra layihələr və tədbirlər həyata keçirilir ki, bunlardan biri də 160 gəmiçinin yeni mənzillə təmin olunmasıdır.
İsveçrənin təhsil, araşdırma və innovasiyalar naziri Mauro Dell’Ambrogio bu ölkənin təhsil sisteminin nümayəndə heyəti ilə birlikdə 29-30 oktyabrda Azərbaycana səfər edəcək.
Azərbaycanın İsveçrədəki səfirliyindən , bu barədə razılıq, səfir Xanım İbrahimova ilə Mauro Dell’Ambrogio arasında keçirilmiş görüş zamanı əldə olunub.
Səfər zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə danışıqların aparılması nəzərdə tutulur. Bundan başqa, İsveçrənin peşə təhsili sistemi sahəsində təcrübəsinin araşdırılması imkanları da müzakirə olunacaq.
Bu gün Azərbaycanın Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 26 il ötür.
sahəsi 145 647 hektar olan Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də erməni işğalçıları tərəfindən zəbt olunub.
Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb. Rayonun sahəsi 1458 kvadratkilometr, əhalisi 41 216 nəfərdir. Rayonda bir şəhər (Xocavənd şəhəri - rayon mərkəzi), iki iri qəsəbə (Qırmızı bazar və Hadrut), 83 kənd var.
Xocavəndin yüzdən çox sakini Vətən uğrunda döyüşlərdə şəhid olub.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"inin əldə etdiyi məlumatlara əsasən, rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər müntəzəm yandırılır, fauna və flora tamamilə məhv edilir, yararlı ağaclar qırılaraq Yerevana aparılır və digər ölkələrə satılır.
Xatırladaq ki, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 yaşlı Şərq çinarı qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində “Qırmızı kitab”a düşən, üçüncü dövrün relikt növü olan, diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində mühafizə məqsədilə əkilən ağaclar da kəsilib.
Baş nazir Novruz Məmmədov “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edib.
Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyinatı olub.
Kənd təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmri ilə İkram Abdul oğlu Əliyev Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edilib.
İ.Əliyev bundan əvvəl Şirvan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Şirvan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsi isə müvəqqəti olaraq həmin mərkəzin Bitkiçilik və heyvandarlıq sektorunun aparıcı məsləhətçisi Teymur Quluyevə həvalə edilib.