![]() |
|
Bu gün Məhərrəm ayının 10-cu-Aşura günüdür.
“Qafqazinfo”nun məlumatına görə, Aşura günü hicri 61-ci ildən etibarən yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasında qeyd olunur ki, İmam Hüseynin haqq-ədalət naminə şəhadəti böyük mənəviyyat və dirçəliş nümunəsidir:
“Ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı bədbinlik əhvali-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır. Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, onların qanlarının yerdə qalmamasını, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də Azərbaycan dindarları tərəfindən ənənəvi olaraq yaşadılır.
Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri moizələrində Həzrət Hüseynin (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, habelə vətən təəssübü və milli mənafelərimizin təbliğinə çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur. Allah rizası üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər bu tövsiyələrə əməl etməlidirlər".
Hər il olduğu kimi, bu il də Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək.
Saat 09:00-dan başlayan aksiyalar Bakı şəhəri üzrə Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası, “Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı), 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas məscidi”, Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı”, “İçəri şəhər Cümə məscidi”, Suraxanı rayonu “Qaracuxur məscidi”, Yasamal rayonu “Təzə pir məscidi”, “Hacı Soltanəli məscidi”, regionlar üzrə isə Gəncə şəhəri “İmamzadə kompleksi”, Lənkəran şəhəri “Böyük bazar məscidi”, Mingəçevir şəhəri “Heydər məscidi”, Sumqayıt şəhər “Cümə məscidi”, Şəki şəhəri “İmam Əli məscidi”, Mərkəzi Qan bankının Şırvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə məscidi” (mərasim zalı), Cəlilabad Mərkəzi rayon xəstəxanası, Xaçmaz şəhər məscidi, Ağsu rayon mərkəzi xəstəxanası, Qan bankının Quba bölgəsi və Masallı şəhər Cümə məscidində təşkil olunacaq.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Prezident İlham Əliyev qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycanda qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu sektorun potensial imkanları genişlənib, yeni istehsal sahələri yaradılıb, idxalı əvəz edən məhsulların yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təminolunma səviyyəsi yüksəlib, ixrac qabiliyyəti artıb.
Qeyri-neft sektorunun inkişafını daha da sürətləndirmək üçün bu sahəyə birbaşa xarici investisiyalar cəlb etməklə daxili istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi və yerli məhsullarla özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi, qeyri-neft sektorunun ixrac imkanlarının artırılması Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində strateji məqsədlər olaraq müəyyən edilib.
Ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılması, habelə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrindən irəli gələn tədbirlərin icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinə aşağıdakılar barədə təkliflərini və normativ hüquqi akt layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb:
- ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsullar istehsalının təşkili üçün “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizmi;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının dəstəklənməsi məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi mexanizmi;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi üçün onların kadr potensialının artırılmasına dövlət dəstəyi mexanizmi;
- ölkədə istehsal olunmayan və daxili istehsalda istifadə edilən xammalın idxalına gömrük güzəştlərinin tətbiqi;
- mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsi;
- “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”;
- ölkə iqtisadiyyatına birbaşa investisiyalar cəlb edilməsinin dəstəklənməsi məqsədilə “Azərbaycana sərmayə” (“Invest in Azerbaijan”) mexanizmlərinin tənzimlənməsi Qaydası”.
İqtisadiyyat Nazirliyinə tapşırılır ki, qeyri-neft sektorunun rəqabət və ixrac qabiliyyətinin artırılması məqsədilə ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin; müqayisəli üstünlük əsasında yerli istehsalı rəqabətqabiliyyətli olan konkret məhsulların siyahısının hazırlanmasını və istehsalının təşkili kommersiya cəhətdən səmərəli olan məhsulların təşviqini təmin etsin; bu sərəncamın 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Energetika Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin və Dövlət Neft Şirkətinin nümayəndələrini cəlb etməklə işçi qrup yaratsın; “www.azexport.az” və “www.enterpriseazerbaijan.com” internet portallarının imkanlarından istifadə etməklə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi, alternativ maliyyələşməyə açıq investisiya layihələrinin təqdim olunması, yerli malların ənənəvi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi, qeyri-neft məhsulları istehsalçılarının beynəlxalq bazara inteqrasiyası prosesinin sürətləndirilməsi və bu sektorun ixrac qabiliyyətinin artırılması istiqamətində tədbirlər görsün.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə isə tapşırılır ki, Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platforma olan “www.enterpriseazerbaijan.com” internet portalının istifadəyə verilməsini təmin etsin.
Bu gün yerli vaxtla 02:57-də Qobustan stansiyasından 18 kilometr şimal-qərbdə 3,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, 2 gün əvvəl də eyni ərazidə 3,4 bal gücündə zəlzələ baş vermişdi.
Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən çörək istehsalı müəssisələrində qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.
Agentlikdən daxil olan məlumaat görə, həyata keçirilən tədbirlər zamanı agentliyin əməkdaşları tərəfindən çörək istehsalı müəssisələrindən çörək və çörəyin istehsalında xammal kimi istifadə olunan un məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyalarına göndərilib.
Aparılmış sınaq nümunələrinin nəticələrinə əsasən Səbail rayonu Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsi 4 ünvanında fəaliyyət göstərən fiziki şəxs Muradov İlqar Nizami oğluna məxsus, Xətai rayonu Neapol küçəsi 23 ünvanında fəaliyyət göstərən "Xətai-3" Kommersiya İstehsalat Mərkəzinə məxsus, Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri şossesi ev 25 ünvanında fəaliyyət göstərən “31 saylı çörəkbişirmə müəssisəsi” MMC-yə məxsus, Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi şossesində fəaliyyət göstərən "Baker Azərbaycan" MMC-yə məxsus və Xətai rayonu S.Əhmədov küçəsi 6 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əsədov Ehtiram Hüseynbala oğluna məxsus çörəkbişirmə müəssisələrində istifadə olunan unda kartof xəstəliyi, digər müəssisələrdə isə istehsal olunan çörək nümunələrinin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi aşkar olunub.
Kartof xəstəliyi aşkar olunan çörəkbişirmə müəssisələrində nöqsanların ətraflı araşdırılması, mezenterikus bakteriyalarının yayılmasının qarşısının alınması üçün tədbirlərinin gücləndirilməsi məqsədilə yoxlama həyata keçirilmiş və aşkar olunmuş nöqsanlarla bağlı həmin müəssisələr barədə yol verilmiş pozuntular aradan qaldırılanadək məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmişdir. Həmçinin həmin müəssisələr barəsində sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə inzibati protokol tərtib edilib.
Digər müəssisələrdə aşkar olunmuş faktlar insan həyatı və sağlamlığına mühüm təhlükə yaratmadığından, həmin müəssisə sahiblərinə aşkar olunmuş nöqsanların qısa müddətdə aradan qaldırılması və təkrar müayinələrin aparılacağı ilə bağlı xəbərdarlıq edilib.
Neftçilərin peşə bayramı ərəfəsində neftçilər üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 28 May küçəsində 5c və 18c ünvanında inşa edilmiş 7 ədəd 9 mərtəbəli yeni yaşayış kompleksinin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak edib. Məlumat verilib ki, “Neftçi” mənzil-tikinti kooperativi binaların tikintisinə 2016-cı ilin yanvarından başlanıb. Yeni binalarda 452 mənzil var. Binalarda ümumilikdə 27 ədəd dörd otaqlı, 199 ədəd üç otaqlı, 199 ədədi iki otaqlı və 27 ədədi isə bir otaqlı mənzillər var.
Rövnəq Abdullayev çıxış edərək bildirib ki, prezident İlham Əliyev neftçilərin sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqətində saxlayır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də neftçilərin növbəlilik əsasında mənzillərlə təmin edilməsidir.
Daha sonra R. Abdullayev binaların açılışını bildirən rəmzi qırmızı lenti kəsərək, burada mənzil alan neftçilərə order və açarları təqdim edib.
2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana dünyanın 193 ölkəsindən 1976,9 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsinin hesablamalarına görə, gələnlərin 31,6 faizi Rusiya Federasiyası, 19,5 faizi Gürcüstan, 9,8 faizi Türkiyə, 9,4 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi İraq, 2,0 faizi Ukrayna, 21,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Gələnlərin 66,4 faizini kişilər, 33,6 faizini isə qadınlar təşkil edib.
Cari ilin yanvar-avqust aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 2,2 dəfə, Səudiyyə Ərəbistanı və Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 19,0 faiz, Oman vətəndaşlarının sayı 9,5 faiz artıb.
Amma Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında 5,6 faiz, İrandan gələnlərin sayında isə 25,4 faiz azalma müşahidə edilib. Ümumilikdə ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olub.
2018-ci ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artaraq 3089,8 min nəfər olub.
Səfər edənlərin 65,7 faizi kişilər, 34,3 faizi isə qadınlar olub.
Bakının Yasamal rayonu “Sovetski” adlanan ərazidə aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində koomunikasiya xətlərinin yenilənməsi və yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar Nəriman Nərimanov prospektinin Mirzağa Əliyev küçəsi ilə kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Prezident İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev Sənaye Məhəlləsində görülən işlər, həmçinin digər sənaye məhəllələri barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət başçısı Masallı Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə tanış olub.
Sonra prezident Masallı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
***
Daha sonra dövlət başçısı “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinin açılışında iştirak edib.
Müəssisənin direktoru Ağamirzə Kərimov prezidentə burada yaradılan şərait barədə məlumat verib. Yeni yaradılmış müəssisəsinin ümumi ərazisi 1 hektar, tikinti sahəsi isə 600 kvadratmetrdir. Bu istehsalat sahəsinin aylıq emal gücü 300 ton, düyü qurutma gücü isə 900 tondur.
Prezident İlham Əliyev müəssisəni işə salıb.
***
Dövlət başçısı Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib.
SOCAR 2017-ci il üzrə “Davamlı inkişaf haqqında hesabat”ını açıqlayıb.
Hesabat şirkətin ötən il əldə etdiyi əsas istehsalat və maliyyə göstəriciləri, şirkət və onun struktur bölmələri ilə yanaşı xaricdə fəaliyyət göstərən nümayəndəlik və törəmə şirkətlərinin fəaliyyət nəticələrini özündə əks etdirir.
Hesabatda bildirilir ki, şirkət ötən il büdcəyə 1,5 milyard manat həcmində ödəmələr edib, bu da 2016-cı illə müqayisədə 8 faiz və ya 114,7 milyon manat çoxdur. Hesabat ilində şirkət ölkə hüdudlarında və Xəzər dənizinin Azərbaycana aid olan hissəsində 7,4 milyon ton neft hasil edib, həmçinin quru və dəniz sahələrində 81 quyu qazaraq istismara təhvil verib. Dövr ərzində 5,9 milyon ton neft emal edilib.
SOCAR ötən il 1886,2 km uzunluğunda yeni qaz kəmərləri çəkib, qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 221,1 km qaz kəməri əsaslı təmir olunub.
Hesabatda deyilir ki, 01.01.2018-ci il tarixində SOCAR üzrə işçilərin sayı 50 min nəfərdən artıq olub. Mənzil növbəsində olan 89 neftçi ailəsi “Neftçi” mənzil-tikinti kooperativi vasitəsilə yeni mənzillərlə, 4 nəfər isə Suraxanı rayonunda torpaq sahəsi ilə təmin olunub. Ötən dövr ərzində respublikanın istirahət zonalarında, ümumilikdə 2991 nəfərə yaxın neftçinin və onların ailə üzvlərinin istirahəti təşkil olunub. Müalicəyə ehtiyacı olan 2 677 nəfər neftçi istirahət və sanator-kurort müalicə mərkəzlərinə göndərilib, Naftalan şəhərində 3 227 nəfərə yaxın işçinin müalicəsi təmin edilib.