Ağdamda top mərmisi tapıldı

Ağdam rayonunun Çəmənli kəndində partlamamış hərbi sursat tapılıb. 

ANAMA-dan  verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları əraziyə baxış keçiriblər.

Təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri bir ədəd 125 millimetrlik top mərmisi (BM-26) aşkarlayıblar. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Top mərmisinin tapıldığı yerin ətrafında 2000 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

 


 

Vaxt başa çatır

Ümumi (9 illik)  və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanlar bu gün saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 

DİM-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

 

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.


Xaricdən telefon sifariş verənlər niyə növbə gözləyir?

Xəbər verdiyimiz kimi, ötən aydan başlayaraq mobil cihazların qeydiyyatı üçün Nazirlər Kabinetinin qərarı ilə yeni rüsumlar tətbiq olunur. “Qafqazinfo” xəbər verir ki, artıq şəxsi istifadə üçün telefon gətirənlər telefonun qiymətindən asılı olaraq 20 manatdan 150 manatadək rüsum ödəyirlər. 

Ancaq elektron ticarət vasitəsilə mobil telefon sifariş edənlər indi yeni situasiya ilə üz-üzə gəliblər.  Çindən və ya Dubaydan sifariş etdikləri mobil telefonlarını Poçt Daşıma Mərkəzindən təhvil almağa gedən vətəndaşlar günlərdir növbədə dayandıqlarını bildirirlər. 

Bu arada qeyd edək ki, sözügedən növbə prosesi ilə bağlı sosial şəbəkələrdə videolar da yayılıb. Onlar prosesin ləng getməsindən şikayətçidirlər. Telefonları təhvil almaq üçün  tək ünvanın Droqal döngəsi 702 olması da onları  narahat edən amildir. 

 

Bir neçə gün əvvəl Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də mövzu ilə bağlı yazısında qeyd etmişdi ki, Poçt Daşıma Mərkəzində DGK-nın geniş tərkibdə yeni komandası çalışır: “Nəqliyyat, Rabitə və Yüsək Texnologiyalar Nazirliyi onlar üçün burada, modern səviyyədə olmasa da, iş şəraiti yaradıb, otaqlar ayırıb. Əslində kommersiya məqsədi ilə telefon gətirənlərin qarşısını almağa yönələn NK-nın yeni qərarında şəxsi və ya kommersiya məqsədi ilə gətirilənlərin aşkara çıxarılması üçün hər hansı mexanizm nəzərdə tutulmadığından DGK kütləvi olaraq adı çəkilən ölkələrdən gələn bağlamalara baxış keçirir. Burada yerləşən poçt qurumları bağlamaları, necə deyərlər vətəndaşlara deyil, birbaşa DGK-ya təhvil verir.

Bütün telefonlar, şəxsi və ya kommersiya məqsədi ilə gətirilməsindən asılı olmayaq DGK tərəfindən qeydə alınır. Gömrük əməkdaşları, daxil olan hər bir bağlamanı açır və oradakı hər bir telefon üçün, uzun-uzadı sadələşdirilmiş bəyannamələri (kim gətirib, hardan gəlib, İMEİ kodu, dəyəri və s.) kompüterə daxil edirlər. Növbəlilik prosesinə də DGK nəzarət edir.

Ədalət naminə demək lazımdır ki, burada hansısa rüşvət və ya korrupsiya ilə bağlı halların olmadığını bildirilir. Sadəcə, bütün qeydiyyat və telefonların əldə edilməsi prosesləri primitiv qaydada icra olunur.

Yeni metodun tətbiqindən sonra əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, DGK “şəxsi məqsədlər” bəyannaməsi ilə, əslində isə kommersiya məqsədləri üçün ölkəyə gətirilməsi şübhə yaradan külli miqdarda telefonlar aşkar edib. Ölkəyə gətirilən çox sayda telefonların alınması ilə bağlı ödənişlərin birbaşa xaricdə həyata keçirilməsi onların əsil sahiblərini də aşkara çıxarmağa mane olduğu bildirilir”.

Problemlə bağlı Dövlət Gömrük Komitəsindən sorğumuza cavab olaraq bildirilib ki, fiziki şəxslər tərəfindən  poçt göndərişləri vasitəsilə ölkəyə gətirilən mobil telefonların vətəndaşlara təhvil verilməsi zamanı Poçt Daşıma Mərkəzində növbələrin yaranmasına görə gömrük orqanları hər hansı məsuliyyət daşımır.  

   Lakin gömrük vergi və rüsumlarından yayınaraq asan yolla qazanc əldə etmək istəyən və xüsusi şəbəkə şəklində fəaliyyət göstərən bəzi şəxslər onlayn ticarət portalları vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarının adına mobil telefonlar sifariş verir və ölkə ərazisinə gətirilən həmin telefonların daha sonra topdan və ya pərakəndə satışını təşkil edirlər.

   Bu yolla ölkə ərazisinə gətirilən mobil telefonların qanunvericiliyə görə yalnız  sifariş edən şəxsə təhvil verilməsi məcburiyyəti yarandığından, faktiki olaraq xarici ölkədən adına mobil telefon sifariş edilən şəxslər şəbəkə üzvləri tərəfindən kütləvi şəkildə Poçt Daşıma Mərkəzinə gətirilir və bu zaman qısa müddətli sıxlıqların yaranması baş verir ki, bu da təbii hal kimi qəbul olunmalıdır.

      Onu da qeyd edək ki, gömrük orqanlarının apardığı araşdırma zamanı  bir çox hallarda sənədlərdə adı çəkilən şəxslərin faktiki olaraq sifarişlərdən xəbərsiz olduğu müəyyən edilib.

  Üstəlik gömrük orqanlarına təqdim olunan bəyannamələrdəki rəqəmlərin sifarişçinin bank hesabındakı rəqəmlərdən dəfələrlə aşağı olduğu aşkar edilib ki, bunun da məqsədi gömrük vergi və rüsumlarından yayınmaqdır.

Digər tərəfdən gömrük orqanına təqdim olunan bəyannamələrdə malların tərkibi də düzgün göstərilmir. Bu kimi hallar da xüsusi araşdırma tələb etdiyindən əlavə vaxt itkisi yaranmasına səbəb ola bilər.

 Ümumilikdə isə Poçt Daşıma Mərkəzində gömrük işinin təşkili şəffaf, yüksək xidmət mədəniyyəti səviyyəsində qurulub və vətəndaşların rahatlığının təmin olunması üçün bütün zəruri addımlar atılır.

"Azərpoçt"dan mövzu ilə bağlı "Qafqazinfo"ya daxil açıqlamada qeyd edilib ki, Azərbaycana gün ərzində təqribən  5 000 -ə qədər poçt göndərişi daxil olur:

"Bunların 80%-i elektron ticarət məhsullarıdır. “Elektron ticarət”in inkişafı poçt operatoru üçün gəlir mənbələrindən biridir. Belə ki, hər bir poçt göndərişi üçün ayrı - ayrılıqda xarici ölkələrdən həm çəkiyə, həm də ədədə görə  rüsum alınır. Belə olan halda, milli poçt operatoru olan “Azərpoçt” MMC poçt göndərişlərinin gecikdirilmədən opetariv olaraq vətəndaşa  çatdırılmasında maraqlıdır. 

Aydın olsun deyə qeyd edək ki, mobil cihazların qeydiyyatı (IMEI qeydiyyat) və bununla əlaqədar müvafiq ödənişlərin qəbulu Poçt Daşıma Mərkəzi (PDM) tərəfindən deyil, poçt şöbələri, “Şəbəkə” xidmət mərkəzləri tərəfindən və eyni zamanda, onlayn qaydada  həyata keçirilir”. 

Poçt Daşıma Mərkəzində vətəndaşların növbəsinin yaranmasına gəlincə isə bildirilib ki, bu yaxınlarda poçt vasitəsi ilə ölkəyə gətirilən elektron ticarət məhsulları ilə bağlı gömrük prosedurları təkmilləşdirilib:"Hazırda ay ərzində 2 ədəddən artıq telefon  gətirən şəxslərin malları gömrük rüsumuna cəlb edilir. Hər bir şəxs ay ərzində 1000 ABŞ dolları dəyərində mal gətirə bilər. Qiymətindən asılı olmayaraq eyni maldan təkrar-təkrar gətirilməsi isə gömrük proseduruna cəlb edilir.

Sifarişçilərin sənədlərinin düzgün təqdim etməməsi, şəxsiyyət vəsiqəsinin  sürətinin, bankdan çıxarışın  və ya izləmə kodunun olmaması, qayda ilə müəyyən olunandan daha çox sifarişlər etməsi göndərişin müvafiq orqanlar tərəfindən araşdırılmasını zəruri edir. Bu kimi hallar əlavə vaxt itkisinə və uzun növbələrə gətirib çıxarır. Bu da şəxsi istifadə məqsədi ilə məhsul sifariş edən vətəndaşların haqlı narazılığına səbəb olur. 

 “Azərpoçt” MMC-nin üzv olduğu  Ümumdünya Poçt İttifaqının (ÜPİ) konvensiyasına əsasən, gömrük tərəfindən tətbiq edilmiş qərarlara poçt operatoru müdaxilə edə bilməz. “Azərpoçt” artıq Ümumdünya Poçt İttifaqına Gömrük Bəyannamə Sistemi (CDS) vasitəsilə mal tərkibli poçt göndərişlərinə dair elektron gömrük bəyannamələrinin mübadiləsi ilə bağlı müraciət edib. Hazırda 42 ölkənin poçt operatoru ilə CDS sistemində məlumat müvadiləsinə hazırlıq işləri gedir. Bu sistem poçt vasitəsilə daşınan elektron ticarət məhsulları sifarişçilərini hazırki bir sıra əlavə proaedurlardan azad edəcək".

 Sorğumuza cavabda növbə sisteminin qarşısını almaq üçün əlavə mərkəzlərin açılması məsələsinə də toxunulub:

“Poçt Daşıma Mərkəzinin emal olunan poçt göndərişlərinin həcmi və mövcud resurslar nəzərə alınarsa Azərbaycanda analoji hər hansı bir yeni mərkəzin yaradılmasına ehtiyac yoxdur. Poçt Daşıma Mərkəzinin birinci mərtəbəsində həm poçt, həm də gömrük xidmətlərinin fəaliyyəti üçün xüsusi yer ayrılıb. Hazırda həmin yerdə operativ xidmət üçün tam müasir standartlara cavab verən şərait yaradılır".

"Azərpoçt" tərəfindən vətəndaşın mobil telefonuna göndərilən SMS sisteminin ləğv edildiyi barədə yayılan məlumata isə belə münasibət bildirilib:

 ““Azərpoçt MMC”  poçt göndərişi ilə bağlı SMS xəbərdarlıq xidmətini ləğv etməyib. Xəbərdarlıq SMS-ləri PDM-də çeşidlənərək poçt şöbələrinə göndərilən poçt göndərişləri üçün nəzərdə tutulub. Bu yeni qaydalara görə, araşdırmaya cəlb olunan göndərişlərə şamil edilmir. Hazırda SMS  sistemi təkmilləşdirilir. Artıq,  mübadilə məntəqəsində sifarişi saxlanılan vətəndaş da öz  məhsulu ilə bağlı məlumat əldə edə biləcək.

Aparılan təhlillər göstərir ki, poçt vasitəsi ilə, sifariş olunan elektron ticarət məhsullarının heç də hamsı şəxsi istifadə üçün ölkəyə gətirilmirdi. Müvafiq qaydalara uyğun olaraq tətbiq edilən prosedurlar və yoxlamalar nəticəsində, digər məqsədlər üçün ölkəyə gətirilən elektron-ticarət məhsullarının qarşısı alınıb. Hazırda daha çox şəxsi istifadə məqsədi ilə, sifarişlər üstünlük təşkil edir ki, bu da uzun növbələrin azalmasına gətirib çıxarıb. “Azərpoçt” MMC tərəfindən  elektron ticarətin inkişafı və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər deməyə imkan verir ki, vətəndaşlar yaxın zamanda daha yüksək xidmətlərdən yararlana biləcəklər".

Tez-tez Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mühafizə olunan ərazilərdə qanunsuz ov edilməsi, yaşıllıqlara zərər verilməsi barəsində yayımladığı məlumatları oxuyuruq.

Ardını oxu...

Şəhərlərarası istiqamətdə sərnişin daşımalarının avtovağzallardan kənar həyata keçirilməsi qeyri-qanunidir.

Ardını oxu...

Yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması və Bakı Metropolitenində sərnişin axınının intensivləşməsilə əlqədar metroda qış qrafikinin tətbiqinə başlayacaq.

Ardını oxu...

Ana ölümləri ilə bağlı 11 tibb işçisi işdən çıxarıldı
 
Səhiyyə Nazirliyində Azərbaycanda doğuşayardım xidmətinin vəziyyəti və 2018-ci ilin 8 ayı ərzində riskli hamiləlik və doğuş hallarının təhlilinə həsr edilmiş geniş Kollegiya iclası keçirilib.
 
Səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə keçirilən iclasda Respublikanın baş mamaginekoloqu Sevinc Məmmədova 2018-ci ilin 8 ayının hesabatı və nəzərdə tutulan layihələrin tətbiqi üçün təkliflər planı ilə çıxış edib.
 
Bildirib ki, 8 ay ərzində ölkədə ümumi qeydiyyata götürülən hamilələrin sayı 76020 olub. Qadın məsləhətxalardan alınan məlumata əsasən respublikada ümumi doğuşların sayı 71477 təşkil edib. 8 ay ərzində Dövlət Statiastika Komitəsindən alınan rəqəmlərə görə ümumi doğuşların sayı 89202 olub. Doğuşların sayında olan uyğunsuzluq 18 min qadının qadın məsləhətxanasında qeydiyyatdan kənarda qalması ilə izah olunur.
 
Səkkiz ay ərzində ümumi doğuşun 0,015% ölümlə nəticələnib. Ana ölümlərinə səbəb kəskin qan itirmə, ağciyər-ürək-damar çatışmamazlığı, anestezioloji qüsur olmuşdur.
 
Hər bir ana ölümü doğuşayardım komissiyası tərəfindən müzakirə olunub və müvafiq tədbirlər görülüb. İşlərində yol verdikləri nöqsanlara görə 11 tibb işçisi tutduğu vəzifəsindən azad edilib: 1 baş həkim ,1 Regionlal Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən, 3 nəfər həkim mama-ginekoloq, 3 nəfər həkim anestezioloq-reanimatoloq, 1 nəfər həkim-cərrah, 2 nəfər orta tibb işçisi. 
 
Sonda səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək bildirib ki, səhiyyənin göstəricilərindən danışarkən ilk növbədə ana və uşaqların sağlamlığı önə çəkilir. Xoşagəlməz halların qarşısını vaxtından almaq üçün müxtəlif tədbirlər görülür, məlumatlar verilir. Lakin bütün bunlara baxmayaraq yenə də 18 min hamilə, qadın məsləhətxanasına müraciət etməyib. Bu çox böyük rəqəmdir və bu yolverilməzdir. 
 
Nazir Doğum Evlərinin və Qadın Məsləhətxanalarının baş həkimlərinə müvafiq tapşırıqlar verib.
Azərbaycanda nə qədər park var?

 
Azərbaycanda parkların sayı artıb.
2003-cü ildə Azərbaycanda 210 mədəniyyət və istirahət parkı olduğu halda, 2017-ci ildə onların sayı 348-ə yüksəlib.
 
Hazırda Azərbaycanda 1 heyvanat parkı fəaliyyət göstərir. Ötən müddətdə bu parka da gələn ziyarətçilərin sayı çoxalıb.
2003-cü ildə heyvanat parkını 64 min nəfər ziyarət etdiyi halda, 2017-ci ildə onların sayı 117 min nəfərə yüksəlib.
Məhərrəm ayı başladı: Aşura ayın neçəsinə təsadüf edir?
 
Bu gün, sentyabrın 11-dən, Azərbaycanda Hicri təqvimi ilə Məhərrəm ayı başlayıb.
 
Bu ayın 10-cü günü - Aşura sentyabrın 20-nə təsadüf edəcək. Səfər ayı isə oktyabrın 11-də başlayacaq və noyabrın 8-də bitəcək.
 
Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.
 
QMİ Əhli Beytin hər iki məzhəb üçün əziz olduğunu nəzərə alaraq, Azərbaycanda yaşayan hər iki məzhəb ardıcıllarına İslami həmrəylik nümayiş etdirərək, İmam Hüseyn (ə) mərasimlərində dini dəyərlərə uyğun olaraq birgə iştirak etmələrini tövsiyə edir.

Oktyabrın 5-28-də Bakıda Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Ardını oxu...

Xəbər lenti