Ukraynanın beş bəndli qələbə planı: Zelenski Rusiyanı necə məğlub etmək istəyir?

ABŞ-nin "NBC News" telekanalına müsahibə verən Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, onun beş bəndlik qələbə planı var.

Planın bəndlərindən biri də Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyatdır.

Zelenski qeyd edib ki, öz planını hələ ABŞ Prezidenti Co Baydenə təqdim etməyib, çünki indiyədək Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki uğurunu gözləyib.

Kursk əməliyyatının əsl mahiyyətini izah edən Zelenski gözlənilməz etiraf edib. Onun sözlərinə görə, Ukrayna ordusu Qərbin diqqətini silah təchizatında, xüsusilə artilleriya mərmilərindəki çatışmazlığa cəlb etmək üçün qeyri-ənənəvi addım atmalı idi.

Zelenskinin fikrincə, Ukrayna Silahlı Qüvvələri öz məqsədlərindən birinə nail ola bilib və Rusiya ordusu Ukraynadakı cəbhələrdən 60 min hərbçini çıxarıb.

Dövlət başçısı bəyan edib ki, onun qələbə planı beş bənddən ibarətdir, lakin o, bu bəndləri daha ətraflı açıqlamaqdan imtina edib.

"Dördü bizə lazım olan şeydir, biri isə müharibədən sonradır", - deyən Ukrayna prezidenti əlavə edib ki, Qərb müttəfiqləri bu işdə kömək edə bilərlər.

Eyni zamanda o, etiraf edib ki, Rusiyasız sülhə nail olmaq mümkün deyil.

"Biz başa düşürük ki, Rusiya tərəfi olmadan bu müharibəni diplomatik yolla bitirmək çox çətindir. Və bütün ölkələr bizdən xahiş etdilər ki, ikinci sammitdə Rusiya Federasiyasının nümayəndələri də olsun. Dedik ki, biz bunun əleyhinə deyilik, gəlin plan hazırlayıb onları çağıraq", - Zelenski bildirib.(Oxu.az)

Prezident baş naziri Rusiya kəşfiyyatı ilə əlaqədə ittiham etdi

Polşa Prezidenti Andjey Duda ölkənin Baş naziri Donald Tusku Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlığı davam etdirməkdə ittiham edib.

Bu barədə TVN24 məlumat yayıb.

"Polşa Hərbi Əks-Kəşfiyyat Xidməti ilə Rusiya FTX arasında əməkdaşlıq müqaviləsi 2012-ci ildə imzalanıb.

Bu, cənab Baş nazir Tusk hakimiyyətdə olanda baş verib və o, bu sövdələşməyə razı olub. Polşa və Rusiya kəşfiyyat xidmətləri arasında bu əməkdaşlıq hələ də davam edirmi? Çünki belə görünür",- o bildirib.(axar.az)

Müharibə ermənilər üçün çox ağır zərbə olacaq - Çernamoryan

Yaxın Şərqdə müharibənin coğrafiyası genişlənərsə, o zaman bölgədə yaşayan ermənilər atəş altında qalacaq.

Bunu “Nairi” İsrail Erməniləri İttifaqının rəhbəri Artem Çernamoryan deyib.

“Müharibənin Yaxın Şərqdə yaşayan erməni icmaları üçün təbii ki, çox ciddi nəticələri olacaq. Xüsusən də Livandakı erməni təşkilatlarını, qəzetlərini, təhsil mərkəzlərini və kilsələrini təhlükə gözləyir. Müharibə erməni icması üçün çox ağır zərbə olacaq", - o qeyd edib.

O əlavə edib ki, İsraildəki erməni icması sayına görə Livanla müqayisə oluna bilməsə də, problemlər eynidir.

Avropa bizə kömək edəcək  - Aslanyandan "Zəngəzur dəhlizi" açıqlaması

Ermənistan dövlətçiliyini qurmaq yolu ilə gedir və bu işdə Avropa bizə kömək etsə də, Rusiya mane olur.

Bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Akop Aslanyan deyib.

Onun sözlərinə görə, Rusiya Ermənistanda öz hakimiyyətinin bərqərar olmasına nail olmaq, “Zəngəzur dəhlizi” adlanan ərazini əldə etmək və bununla da bütün məsələləri bağlamaq istəyir. “Rusiya Ermənistanı müstəqil dövlət kimi görmək istəmir. Avropa isə bizə bu yolda kömək edəcək. Bütün fərq budur. Bəziləri bizə kömək edir, bəziləri isə mane olur”, - o əlavə edib.

Ruslar Lvovu və Krivoy Roqu bombardman etdi: çoxsaylı ölü və yaralı - VİDEO

Rusiya ordusu sentyabrın 4-ü səhər saatlarında Ukraynaya növbəti raket və PUA hücumu həyata keçirib.

Əsas hədəf Ukraynanın Lvov və Krivoy Roq şəhəri olub. 

Hücum nəticəsində əsasən dəmiryol stansiyanın ərazisində yaşayış binaları yanıb. Aralarında bir neçə uşaq olmaqla xeyli sayda ölən olub. Ölənlərin sayı artmaqda davam edir. Son məlumata görə ölənlərin sayı 10-a çatır. 25 nəfərin isə yaralandığı bildirilir. Onların bir çoxunun vəziyyəti ağırdır.

Hücum nəticəsində bir sıra istiqamətə qatarların yola salınmasında gecikmə yaranıb. 

Krivoy Roq şəhərinə atılan raketlər şəhər mərkəzinə düşüb və nəticədə 10-dan çox çoxmərtəbəli binaya ziyan dəyib, 5 nəfər isə xəsarət alıb.

Zelenskiyə şok: Kuleba istefa verdi

Ukrayna xarici işlər naziri Dmitri Kulebanın istefa vermək qərarına gəlib və o bununla bağlı Ali Radaya müraciət edib.

Bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk bildirib.

"Parlament ölkənin xarici işlər naziri Dmitri Kulebanın istefası ilə bağlı bəyanat alıb. Müraciətə qarşıdakı plenar iclaslardan birində baxılacaq", - spiker "Facebook"da yazıb.

Dmitri Kuleba 4 mart 2020-ci ildə Ukrayna Xarici İşlər Nazirliyinə rəhbərlik edib. “Ukrayinska pravda” mənbələrinin məlumatına görə, yeni xarici işlər naziri onun birinci müavini, aprel ayından departamentdə çalışan Andrey Sibiqa ola bilər.

Qeyd edək ki, sentyabrın 3-də Ukrayna prezidenti Zelenski öz ofisinin rəhbərinin müavini Rostislav Şurmanı işdən çıxarıb. Baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina və reinteqrasiya üzrə baş nazirin müavini İrina Vereşçuk istefa veriblər. Daha üç nazir də istefa məktubu yazıb .

ABŞ Məxfi Xidmətindən Baydenə QADAĞA

ABŞ Məxfi Xidməti təhlükəsizlik baxımından ABŞ prezidenti Cozef Baydenə böyük izdihamlı insanlara yaxınlaşmağı qadağan edib.

Bu barədə ABŞ dövlət başçısı Ağ Evin ərazisində jurnalistlərə bildirib.

Xüsusilə dövlətin yüksək vəzifəli şəxslərini, prezidentliyə namizədləri və keçmiş liderləri qoruyan Gizli Xidmətin bu qərarının səbəbləri ilə bağlı sualı cavablandıran Bayden vurğulayıb: “Çünki bunun çox təhlükəli olduğunu söylədilər”.

Lavrov: Paşinyan təpədən-dırnağadək yalan danışır, Zəngəzur dəhlizinin açılmasına söz verib

Bu yaxınlarda baş nazir Paşinyanın Ermənistanı prosesləri ləngitməkdə ittiham etməsinin yalan olduğunu və hər şeyi təpədən-dırnağadək tərsinə çevirdiyi müsahibəsini oxuyanda təəccübləndim.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDBMİ-də çıxışı zamanı Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli sazişlərdən danışarkən deyib.
“Vəzifələrdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrini bərpa etməkdir. Amma mən bu yaxınlarda baş nazir Paşinyanın Ermənistanı prosesi ləngitməkdə ittiham etməsinin yalan olduğunu və hər şeyi təpədən-dırnağadək tərsinə çevirdiyi müsahibəsini oxuyanda təəccübləndim. Qəribədir, çünki əslində Ermənistan əvvəlcə avtomobil yolundan imtina edib və yalnız dəmir yoluna razılıq verib. Azərbaycan buna etiraz etmədi, amma vasitəçiliyimizlə razılaşdı. Sonra birdən Ermənistan dedi ki, rus sərhədçilərinin iştirakı olmayacaq... "Biz bunu özümüz edəcəyik." Azərbaycanlılar bildirirlər ki, azərbaycanlıların Ermənistan ərazisindən keçərək Naxçıvana gedərkən ilk mərhələdə öz təhlükəsizliyinə arxayın olması üçün inamsızlıq, hətta belə demək mümkünsə, düşmənçilik səviyyəsi hələ də çox yüksəkdir. Ona görə də bu danışıqların mümkünlüyü və ya olmaması çox vaxt həlledici rol oynayır”, - Sergey Lavrov bildirib.

Lavrov: İrəvan-Ankara münasibətləri Qarabağ probleminin həlli konteksində mümkündür

Cənubi Qafqazda normmalaşma prosesi həlli vacib olan bütün digər problemlər fonunda, prinsipial olaraq Qarabağ probleminin həlli kontekstində baş verməlidir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasından danışarkən deyib.

“Biz bu məsələdə Türkiyə ilə əməkdaşlıq edirik. Türkiyənin Azərbaycanda təbii ki, çox ciddi təsiri var. Türkiyə, bizim köməyimizlə bir müddət əvvəl Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi başladı. İndi dalana dirənib, amma Türkiyənin marağı qalır və biz buna hazırıq. Yaxşı, aydındır ki, normallaşma Cənubi Qafqazda həll edilməli olan bütün digər problemlər fonunda, Qarabağ probleminin prinsipial həlli kontekstində baş verməlidir”, - Lavrov bildirib.

Putin o ölkəyə getsə də, həbs olunmadı

Rusiya Prezidenti Vladimir Putin Monqolustana rəsmi səfərə gedib.

Xarici KİV xəbər verir ki, bu, Rusiya liderinin ötən il barəsində həbs qərarı çıxarıldıqdan sonra Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) üzvü olan ölkəyə ilk səfəridir.

O, Monqolustanın paytaxtı Ulan-Batora ensə də, həbs olunmayıb.
Putinin bu səfəri məhkəməyə, Kiyevə, Qərbə və onun həbs olunmasına çağırış edən hüquq təşkilatlarına qarşı “meydan oxuma” kimi qiymətləndirilib.
Ukrayna rus liderin hava limanında saxlanmamasından sonra Monqolustanı Putinin hərbi cinayətlərinə görə məsuliyyəti bölüşməkdə günahlandırıb.

Qeyd edək ki, ötən il Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.
Kiyev Monqolustanı həbs qərarına əməl etməyə çağırıb, ICC isə keçən həftə onun bütün üzvlərinin məhkəmə tərəfindən axtarışda olan insanları həbs etmək “öhdəliyi” olduğunu bildirib.

Beynəlxalq Amnistiya Təşkilatı öz bəyanatında xəbərdarlıq edib ki, Monqolustanın Putini həbs etməməsi ICC-nin legitimliyini daha da zəiflədə bilər.

Xatırladaq ki, Monqolustan Rusiyanın Ukraynaya təcavüzünü pisləməyib və BMT-də münaqişə ilə bağlı səsvermədə bitərəf qalıb.
Kreml ötən həftə verdiyi açıqlamada Putinin səfər zamanı həbs olunmasından narahat olmadığını bildirib.

Xəbər lenti