Rusiya və Ukrayna arasında sülh danışıqları üçün İstanbul: Türkiyə rəsmi açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Rusiya və Ukrayna arasında sülh danışıqlarının İstanbulda keçirilməsi üçün dəstək verməyə hazır olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, bu açıqlama, Türkiyənin son dövrlərdə beynəlxalq diplomatiyada oynadığı mühüm rolu bir daha ön plana çıxarır.

Türkiyə, Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri hər iki tərəflə yaxın əlaqələr saxlayan nadir ölkələrdən biri olaraq diqqət çəkir. Həm Rusiya, həm də Ukrayna ilə iqtisadi, enerji və hərbi sahələrdə əməkdaşlıq edən Türkiyə, daha əvvəl də sülh danışıqlarına ev sahibliyi edib. Xüsusilə 2022-ci ilin mart ayında İstanbulda keçirilən görüşlər tərəflər arasında müzakirələr üçün mühüm platforma olmuşdu.

İstanbulun sülh danışıqları üçün seçilməsi təsadüfi deyil. Şəhərin həm coğrafi mövqeyi, həm də siyasi neytrallığı, tərəflər arasında etimad mühiti yaratmaq baxımından əhəmiyyətlidir. Eyni zamanda, Türkiyə NATO üzvü olaraq Qərb və Rusiya arasında diplomatik körpü rolunu oynayır.

Türkiyə tərəfi bildirir ki, münaqişənin davam etməsi yalnız regional deyil, qlobal sabitlik və iqtisadiyyata ciddi təhlükə yaradır. Buna görə də, Ankara Rusiya və Ukraynanın danışıqlar masasına oturması üçün hər cür dəstəyi göstərməyə hazırdır. Prezident Ərdoğan daha əvvəl dəfələrlə vurğulayıb ki, müharibənin diplomatik həlli üçün bütün beynəlxalq resurslar səfərbər edilməlidir.

Tramp yeni ərazi iddiasında- Təhlükəsizlik üçün nəzarətimizdə olmalıdır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyət daşıdığını bildirərək, bu ərazinin "milli təhlükəsizlik və dünya azadlığının təminatı" məqsədilə ABŞ-ın nəzarətində olmasını "tamamilə zərurət" adlandırıb.

Trampın bu bəyanatı ABŞ-ın başqa bölgələrdəki iddialarını da gündəmə gətirib. Belə ki, o, əvvəlcə ABŞ-ın 1999-cu ildə təhvil verdiyi Panama kanalını geri almaqla bağlı təhdid edib və bununla bağlı Amerika bayrağının fonunda kanalın fotosunu paylaşıb.

Bundan öncə isə Tramp, Kanada ilə ticarət balansı və sərhəd problemlərinin həll edilmədiyi təqdirdə, bu ölkənin 51-ci ştat olması təklifini irəli sürmüşdü.

Bu cür açıqlamalar beynəlxalq mühitdə geniş müzakirələrə səbəb olub və Trampın siyasi ambisiyalarını bir daha gündəmə gətirib.

Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp

Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırıram.

Belə bir bəyanatla ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp çıxış edib.

Onun sözlərinə görə, bu addım Ukraynada müharibəni mümkün qədər tez bitirmək məqsədi daşıyır.

“Bu mənim etmək istədiyim işlərdən biridir və tez... Prezident Putin mənimlə mümkün qədər tez görüşmək istədiyini söylədi. Ona görə də biz bunu gözləməliyik, lakin bu müharibəni bitirməliyik”, - Tramp bildirib.

Ukraynadakı müharibənin dəhşətli bir müharibə olduğunu qeyd edən Tramp bir daha təkrar edib ki, o vaxt ABŞ prezidenti olsaydı, bu müharibə başlamazdı.

“Bu müharibə dəhşətlidir. Heç kim belə bir şey görməmişdir. Biz, sadəcə, adamı dəli edəcək rəqəmlər görürük. Biz bunu dayandırmalıyıq", - Tramp qeyd edib.

İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir

İsrailin baş naziri Benyamin Netanyahu Yəməndə İranın dəstəklədiyi husilərə qarşı şiddətli əməliyyata başlayacaqlarını bəyan edib.

Baş nazir Netanyahu ölkənin şimalındakı Safed şəhərində İsrail Təhlükəsizlik Kabinetinin iclasından sonra yayımladığı videoda Yəməndəki husilərlə bağlı açıqlamalar verib.

Netanyahu Yəməndə husilərə qarşı “şiddətli əməliyyat” keçirəcəklərini bildirib və əlavə edib: “Husilərə qarşı İranın bölgədəki vəkil qüvvələrinə qarşı hərəkətə keçdikləri kimi, biz də onlara qarşı tədbir görəcəyik”.

O həmçinin əlavə edib ki, ABŞ və İsrail kimi digər ölkələr husiləri təkcə beynəlxalq daşımalara deyil, həm də dünya nizamına təhlükə olaraq görürlər.

Paşinyan Qarabağla bağlı səhvini etiraf etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı ciddi bir səhv etdiyini etiraf edib.

O, sosial şəbəkələrdəki paylaşımında 1994-cü ildə atəşkəs əldə olunduqdan sonra aparılan danışıqların yalnız Qarabağın Azərbaycanın tərkibinə qaytarılması ilə bağlı olduğunu bildirib.

“Danışıqlar prosesinin başqa bir məzmunu olmayıb. Ermənistanda başqa məzmun haqqında fikirlər yalnız daxili siyasi məqsədlər üçün yayılıb,” – deyə Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, 2018-ci ildə danışıqların məzmunu ilə tanış olarkən, bu reallığı özü üçün qəbul etməyib:

“Bu barədə xalqıma izahat vermədim, çünki mənim məlum patriotizm modelim buna imkan vermədi. Bu kontekstdə mən böyük bir səhv etdim".

Paşinyanın bu etirafı Ermənistanda geniş rezonans yaradıb və ictimai müzakirələrə səbəb olub.

Sanksiyalara rəğmən: Aİ Rusiya neftinin alışını maksimuma çatdırıb

Avropa İttifaqı (Aİ) oktyabrda Rusiyadan 687.5 milyon avro dəyərində neft almaqla alış həcmini 2024-cü ilin fevralından bəri ən yüksək həddə çatdırıb.

Oxu.Az xəbər verir ki, fevral ayında Avropa ölkələri Rusiyadan 690 milyon avroluq "qara qızıl" almışdı.

Oktyabrda isə alışların artması ay ərzində Rusiya neftinin idxalını iki dəfə (91.3 milyon avrodan 185.9 milyon avroya) artıran Çexiya ilə bağlı olub. Macarıstana (233 milyon avro) və Niderlanda da (60,7 milyon avro) neft tədarükü artıb.

Xamenei onlara səsləndi: "Şübhəsiz ki, sizi oradan qovacaqlar"

Suriyalılar İsrail ordusunun ölkələrinə hücumunu dayandıracaq və İsrail hərbçilərini ərazilərindən çıxaracaqlar.

Teleqraf.com xəbər vereir ki, bu sözləri İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib.

Xamenei israilli əsgərlərə səslənərək deyib: “Suriyada siz heç bir maneə ilə üzləşmədiniz, heç bir silahlı əsgər sizin yolunuzu kəsmədi, siz tankların və hərbi texnikanın köməyi ilə bir neçə kilometr irəlilədiniz. Suriyalı gənclər, şübhəsiz ki, sizi oradan qovacaqlar”, - Xamneyinin mətbuat xidməti onun sözlərindən sitat gətirir.

Xatırladaq ki, dekabrın 8-də İsrail hərbçiləri müqavimətlə qarşılaşmadan Qolan təpələrindəki Hermon dağ silsiləsinin Suriya tərəfini nəzarətə götürüblər. Yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahunun dediyi kimi, 1974-cü ildə Suriya ilə qüvvələrin bölüşdürülməsi haqqında imzalanmış saziş Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Suriya qoşunları ərazini tərk etdiyi üçün qüvvədən düşüb. Noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçiblər. Dekabrın 8-də onlar Dəməşqə daxil olaraq, Bəşər Əsədi vəzifədən deviriblər.

BVF: Ukraynada müharibə 2025-ci ildə bitməyəcək


Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri Ukrayna üçün neqativ ssenari ilə bağlı memorandumu yeniləyiblər.

Bu barədə UNİAN məlumat yayıb.

Məlumata görə, Ukrayna üçün 2026-cı ilin ortalarına qədər davam edəcək daha şiddətli müharibə vəziyyəti gözlənilir. Sənəddə qeyd edildiyi kimi, mənfi ssenariyə əsasən, daha uzun və gərgin müharibə nəzərdə tutulur.

Bu, vəziyyət ölkə iqtisadiyyatında daha uzun və daha güclü şoka səbəb olacaq.

Beləliklə, mənfi ssenariyə əsasən, Ukraynanın ümumi xarici maliyyə kəsirinin 177,2 milyard dollara qədər artacağı proqnozlaşdırılır. Həmçinin ekspertlər qeyd edirlər ki, bu halda inflyasiya daha yüksək və sabit olacaq.

BVF hesablamalarına görə, şok vəziyyət 2025-ci ilin birinci rübündə başlayacaq. Qeyd edilən mənfi ssenariyə həmçinin enerji infrastrukturuna daha geniş ziyan dəyməsi və elektrik enerjisinin kəsilməsi daxildir.(APA)
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto

Sürücülərin içkili olub-olmadığını müəyyənləşdirən alkotester cihazının yaradıcılarndan biri sərxoş halda saxlanılıb.

xarici KİV xəbər verir ki, alkotesterlərin dizaynında əməyi keçən ingilis təqaüdçü alim Dr. Riçard Leysi (70) içki içdikdən sonra sükan arxasına keçib və qəza törədib.

Noyabrın 23-də İngiltərənin Talqart şəhərində Leysinin avtomobili yol ayrıcında səkiyə çırpılıb.
Hadisə yerinə gələn polis alimi alkotesterlə yoxlayıb.
Sürücünün nəfəs testində 41 mikroqram (norma 35 mikroqram) spirt aşkar edilib. 

Leysi məhkəmədə nahar zamanı bir neçə stəkan şərab və bir şüşə pivə içdiyini etiraf edib. O, keçmişdə alkotesterlərin dizaynı ilə məşğul olduğunu bildirib.

“İçdiyim miqdarı yanlış qiymətləndirmişəm", - o söyləyib.

Əvvəllər heç vaxt bənzər hadisə yaşamayan Leysi 13 ay sürücülük hüququndan məhrum edilib.

Alkoqol haqqında maarifləndirmə kursu tamamlanarsa, bu müddət 13 həftə qısaldıla bilər. O, həmçinin 925 funt sterlinq cərimə olunub.

 

 

 

 
KİV: Mayotta sakinləri Makronun istefasını tələb edib

Mayotta sakinləri Fransa prezidenti Emmanuel Makrona dağıdıcı qasırğanın vurduğu adadakı vəziyyətə reaksiyasına görə qəzəblərini bildiriblər.

"Report" xəbər verir ki, Makron dəymiş ziyanın həcmini qiymətləndirmək və yerli sakinlərə öz dəstəyini göstərmək üçün Hind okeanındakı arxipelaqa səfər edib.

Mayottaya iki günlük səfəri zamanı Makron yerli sakinlərlə mübahisə edib.

Belə ki, görüş zamanı onun istefası ilə bağlı çağırışlar edilib, əlavə yardım tələb olunub.

Yerli sakinlər Parisin zərərçəkənlərə yardım üçün gördüyü tədbirlərdən narazı olduqlarını bildirərək Fransa prezidentini fitə basıblar.

Qeyd edək ki, “Çido” qasırğası dekabrın 14-də Hind okeanındakı Mayotta adasına təsir edib. Hadisə nəticəsində 31 nəfər ölüb, 1 400-dən çox insan xəsarət alıb.

Xəbər lenti