Putin oyunu tərk edir - Britaniya

"Putin Suriyada geriyə strateji addım atıb. Bu, Rusiya ümid bəsləyənlər üçün bir siqnal olmalıdır".

Bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib.

Britaniyalı nazirin sözlərinə görə, ruslar Ukraynada müharibəni bir həftəyə bitirəcəklərini düşünürdülər, amma min gündən artıqdır buradadırlar.

O əlavə edib ki, Rusiyanın Suriyadan geri çəkilməsi hər bir ölkə üçün siqnal olmalıdır.

"Rusiyaya özünün bir növ qarantı, strateji və təhlükəsizlik müttəfiqi kimi baxan istənilən ölkə bilməlidir ki, risklər böyük olanda Putin sadəcə olaraq oyunu tərk edir”, - Britaniyalı nazir qeyd edib.

Culani BBC-yə müsahibə verdi, hər kəsi heyrətləndirdi: "Suriyada alkoqol ..." - VİDEO
Əl-Şaraa deyib ki, HTŞ terror təşkilatı deyil: "Bizi siyahıdan çıxardın"

Suriyanın faktiki lideri Əhməd Əl-Şaraa (Culani) deyib ki, ölkə müharibədən tükənib və nə qonşuları, nə də Qərb üçün təhlükə təşkil etmir.

Musavat.com bildirir ki, Dəməşqdə BBC-yə verdiyi müsahibədə o, Suriyaya qarşı sanksiyaların ləğv olunmasını tələb edib.
“İndi, bütün baş verənlərdən sonra, sanksiyalar ləğv edilməlidir, çünki onlar əvvəlki rejimə qarşı yönəlmişdi. Qurbanla zalımı eyni cür mühakimə etmək olmaz,” – deyə o bildirib.

Əl-Şaraa iki həftədən az bir müddət əvvəl Bəşər Əsəd rejimini devirən ildırımsürətli hücuma rəhbərlik edib. O, üsyançılar ittifaqının əsas qüvvəsi olan Hayat Təhrir əş-Şam (HTŞ) qruplaşmasının lideridir və əvvəllər Əbu Məhəmməd Əl-Colani adı ilə tanınırdı.

O bildirib ki, HTŞ terror təşkilatları siyahısından çıxarılmalıdır. Bu qruplaşma BMT, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və bir çox digər ölkələr tərəfindən terror təşkilatı kimi tanınır, çünki o, 2016-cı ildə Əl-Qaidədən ayrılmış bir qrup kimi fəaliyyətə başlamışdı.

Əl-Şaraa deyib ki, HTŞ terror təşkilatı deyil. O, mülki əraziləri və ya mülki şəxsləri hədəfə almadıqlarını bildirib. Əksinə, özlərini Əsəd rejiminin cinayətlərinin qurbanı hesab etdiklərini vurğulayıb.

O, Suriyanı Əfqanıstanın bir versiyasına çevirmək istədiyinə dair iddiaları təkzib edib. Əl-Şaraa bildirib ki, bu iki ölkə tamamilə fərqlidir və müxtəlif ənənələrə malikdir. Əfqanıstan qəbilə cəmiyyətidir. Suriyada isə fərqli düşüncə tərzi var.

O qeyd edib ki, qadınların təhsil hüququna inanır:

“İdlibdə səkkiz ildən çoxdur ki, universitetlərimiz fəaliyyət göstərir. Düşünürəm ki, universitetlərdə qadınların sayı 60%-dən çoxdur.”

Alkoqol istifadəsinin icazəli olub-olmayacağı ilə bağlı suala isə belə cavab verib:

“Bu barədə danışmağa haqqım yoxdur, çünki bunlar hüquqi məsələlərdir.”

O əlavə edib ki, Suriyada hüquq ekspertlərindən ibarət bir komitə yaradılacaq və bu komitə yeni bir konstitusiya hazırlayacaq.
“Onlar qərar verəcək. Hər bir hökmdar və ya prezident qanuna tabe olmalıdır.”

BBC yazır ki, müsahibə boyunca Əl-Şaraa sakit görünürdü, mülki geyimdə idi və qrupunun keçmiş radikal mövqelərindən ayrıldığına inandırmağa çalışırdı.

Lakin bir çox suriyalı onun sözlərinə inanmır.

Suriyanın yeni rəhbərlərinin qarşıdakı aylarda atacağı addımlar ölkənin necə bir dövlətə çevriləcəyini və onların bu ölkəni necə idarə edəcəklərini göstərəcək.

İsrail indi də bu ölkəni hədəf seçib bombaladı

İsrail Yaxın Şərqdə münaqişə coğrafiyasını genişləndiməkdədir. İsrail ordusu Qəzza, Livan və Suriyadan sonra Yəməni hədəf seçib.

İsrail ordusu Yəməndə İranın dəstəklədiyi husilərə qarşı bir sıra hava zərbələri endirib.

İsrail Ordusunun sözçüsü Aviçay Adraee bildirib ki, İsrail döyüş təyyarələri Yəməndə husilərə aid hərbi hədəfləri bombalayıb.

Adraee hücumun səbəblərini husilərin İsrailə PUA və husilərin Yəməndən həyata keçirdiyi raket zərbələrinə adekvat cavab kimi dəyərləndirib.

Adraee bildirib ki, İsrailin Yəmənə endirdiyi hava hücumları paytaxt Sənanın enerji infrastrukturu ilə yanaşı limanları da hədəf alıb.

Husilərə bağlı SABA xəbər agentliyinin yaydığı xəbərdə də İsrail ordusunun paytaxt Səna və Qırmızı dəniz sahilindəki Hudeydə şəhərinə silsilə hava zərbələri endirdiyini təsdiqləyib.

erdogan-misire-getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə rəsmi səfərə yollanıb.

“TRT Haber” xəbər verir ki, Türkiyə lideri Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində, eləcə də Fələstin və Livanla bağlı xüsusi iclasda iştirak edəcək.

Onu bu səfərdə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, ticarət naziri Ömər Bolat və digər rəsmilər müşayiət edir.

Ərdoğan səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirəcək.

Kəşfiyyat Roma Papasına hücumun qarşısını aldı

Papa Fransiskin İraqa səfəri zamanı ona qarşı sui-qəsd planlaşdırılıb, lakin bu cəhd Britaniya xüsusi xidmət orqanlarının müdaxiləsi ilə qarşısı alınıb. 2021-ci ilin martında pontifik İraqın Mosul şəhərində olub. Bu şəhər 2014–2017-ci illərdə İŞİD-in nəzarəti altında idi.

Fransisk öz memuarlarında sitat gətirdiyi kitabda iki intiharçı-terrorçunun onu öldürmək istədiyini, lakin özlərinin həlak olduğunu yazır.

"Polis Britaniya xüsusi xidmət orqanlarından əldə edilən məlumatı Vatikanın təhlükəsizlik şöbəsinə ötürdü: partlayıcı kəmər taxmış gənc qadın, kamikadze qatil, Mosula Papa ziyarəti zamanı özünü partlatmaq üçün gəlirdi", deyə Fransisk qeyd edib.

Hadisəyə baxmayaraq, Papa İraqda qalaraq səfər planına sadiq qalıb.

"Növbəti gün mən jandarmadan həmin iki terrorçu haqqında nə məlum olduğunu soruşanda, komandir qısaca belə cavab verdi: "Onlar artıq yoxdur", deyə Papa əlavə edib.

Pontifik qeyd edib ki, İraq polisi terrorçuları "ələ keçirib" və onlar partlayış nəticəsində həlak olublar. Fransisk insan tələfatından "dərin kədərləndiyini" və "belə hadisələrin müharibənin zəhərli meyvəsi" olduğunu vurğulayıb.(Qaynarinfo)

Suriyada keçmişin izləri SİLİNİR: Əsədin portretləri ZİBİL MAŞINLARINDA DAŞINIR - FOTO

Suriyada dövlət xidmətləri bərpa edilib.

Musavat.com xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Məlumatlara görə, Suriya hökuməti ölkə ərazisindəki küçələrdən keçmiş diktatorların şəkillərini və portretlərini toplamağa başlayıb. Portretlər zibil maşınlarına yığılaraq küçələrdən təmizlənir.

Qeyd edək ki, Bəşər Əsədin hakimiyyəti dövründə ölkənin küçələrində, dövlət binalarında və ictimai yerlərdə həm onun, həm də atası Hafiz Əsədin böyük portretləri geniş şəkildə yayılmışdı.

 

Donald Tramp saç düzümünü dəyişdi - Video

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp bu yaxınlarda “Trump International Golf Club Palm Beach”də görüntülənib.

sosial şəbəkələrdə ilk diqqət çəkən detal isə onun saç düzümündəki fərqlilik olub.

D.Trampın sözügedən görüntüləri maraq doğurub:

Generalın ölümünə görə iki nəfər saxlanılıb

FSB Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi İlya Polikarpovun qətli işi üzrə 29 yaşlı Özbəkistan vətəndaşının saxlanıldığını elan edib.

Bu barədə FTX-nin (FSB) yaydığı bəyanatda deyilir.

“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən Rusiya Daxili İşlər Nazirliyi və Rusiya İstintaq Komitəsi ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Özbəkistan vətəndaşı müəyyən edilərək saxlanılıb”, - bəyanatda qeyd olunub.

Bəyanatda həmçinin saxlanılan şəxs hadisəni Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlandığını da etiraf edib.

“Rusiya hərbçisinin qətlini törətdiyinə görə Özbəkistan vətəndaşına Ukrayna xüsusi təyinatlısı tərəfindən 100 min ABŞ dolları məbləğində mükafat və Avropa İttifaqı ölkələrindən birinə yaşamaq üçün getmək vəd edilib”, -  FTX-nin yaydığı məlumatda deyilir.

FTX onu da bildirib ki, saxlanılan şəxsi ömürlük həbsə qədər cəza gözləyir.

 

 
  •  

 

Tehrandan Suriyaya şok tələb: Qaytarın!

Silahlı müxaliflərin Dəməşqdə hakimiyyəti ələ keçirməsindən sonra Suriyada ağır zərbə alan İran Əsəd rejimindən qalan və 30 milyard dollar olduğu iddia edilən borcunu yeni hakimiyyətdən tələb edəcəklərini açıqlayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqeyi Suriyanın İrana olan borcu və bu kontekstdəki rəqəmlərlə bağlı sualı cavablandırarakən bunları deyib: "Biz Suriyada keçid mərhələsinin keçməsini gözləyirik. Ümumiyyətlə, iki ölkə arasında bağlanan razılaşmalar və anlaşma memorandumları iki ölkə arasında imzalanıb və gələcəkdə də əməkdaşlıq buna uyğun qurulacaq. Bu məsələ İranın gündəmindədir".

Əsəd rejiminin İrana 30 milyard dollar borcu olduğu iddia edilir.

Ukrayna seçkiləri gündəmdə: Zelenski qəzəbləndi

Ukrayna Rusiya ilə müharibə başa çatdıqdan sonra tezliklə seçki keçirmək məqsədilə elektron səsvermə də daxil olmaqla Avropa seçki qanunvericiliyi modellərini öyrənir.

Bu barədə "Politico" yazıb.

Nəşrin yazdığına görə, müharibə başa çatdıqdan sonra dünyanın hər yerinə səpələnmiş vətəndaşlara, o cümlədən Ukraynanın işğal olunmuş ərazilərinə səs vermək imkanının təmin edilməsi əsas problemlərdən biri olaraq qalacaq.
Ukrayna Ali Radasının (parlament) dövlət hakimiyyətinin təşkili komitəsinin rəhbəri Yelena Şulyak məsələ ilə bağlı açılamasında deyib ki, hazırda seçici siyahıları ilə bağlı böyük problemimiz var, çünki insanlar çoxu xaricə gediblər. “Müxtəlif hesablamalara görə, təkcə 6,5 milyon məcburi köçkün var”, - o qeyd edib.

Şulyak əlavə edib ki, bu məqsədlə Ukrayna rəsmiləri müharibə başa çatdıqdan sonra azad və ədalətli seçkilərin keçirilməsinin yolunu tapmaq üçün müxtəlif Avropa seçki modellərini öyrənirlər.

Bundan əvvəl Prezident Aparatının rəhbəri Andrey Yermak bəyan etmişdi ki, sülh əldə edildikdən sonra Ukrayna “dərhal” demokratik seçkilərə hazır olacaq.

Lakin Şulyak isə bildirib ki, hərbi vəziyyət ləğv edildikdən sonra seçkilərin keçirilməsinə ən azı altı ay vaxt lazım olacaq.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, dünyada heç kim müharibə zamanı Ukraynadan seçkilərin keçirilməsini tələb etməyib və tələb etmir. Onun sözlərinə görə, Ukraynada bəzi insanlar var ki, onlar dövlətin xatirinə deyil, dövlətin daxilində döyüşmək istəyirlər.

Xəbər lenti