![]() |
|
ABŞ-li milyarder İlon Mask və ona məxsus “SpaceX” şirkətinin təhlükəsizlik protokollarına əməl etmədiyi üçün nəzarətə altındadır.
xarici KİV xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Nəşrin yazdığına görə, biznesmen qayda pozuntularına görə federal araşdırma ilə üzləşib.
Federal qurumlar şirkət və onun rəhbərinin dövlət sirlərini qorumaq məqsədi daşıyan açıqlama protokollarına əməl edib-etməməsi ilə bağlı azı 3 araşdırmaya başlayıb.
“Mask və onun “SpaceX” şirkəti dəfələrlə dövlət sirlərini qorumaq üçün federal hesabat protokollarına əməl etməyib, o cümlədən xarici liderlərlə görüşlərinin bəzi təfərrüatlarını gizlədiblər”.
Sözügedən xəbərlərə milyarderin reaksiyası sərt olub:
“Dərin dövlət xainləri ənənəvi mediada pullu tərəfdarlarından istifadə edərək üstümə düşüblər. Mübarizəni başladan mən olmaq istəmirəm, amma onlar başlasa, dərin dövləti bitirəcəyəm”.
Qeyd edək ki, İ.Mask dünyada sərvəti 400 milyard dolara çatan ilk adamdır. O bu sərvəti ilə dünyanın ən varlı insanıdır.
Ukraynadakı müharibə son mərhələyə qədəm qoyur. Döyüşləri sona çatdırmaq üçün razılaşma həmişəkindən daha real görünür.
Bu barədə ABŞ-nin “New York Times” nəşri yazıb.
Həmçinin bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmasını istəyir:
“Lakin bu, yəqin ki, qeyri-mümkün olaraq qalacaq. Çünki alyansın azı 7 ölkəsi Ukraynanın üzvlüyünə qarşıdır. Onlar üzvlüyü qeyri-müəyyən müddətə təxirə salmağı təklif edirlər”.
Qeyd olunub ki, Ukraynanın müdafiəsini təmin etməyə hazır olan koalisiyanın yaradılması mümkündür: “Ancaq ABŞ-nin iştirakı olmadan belə bir razılaşma etibarlı olmayacaq. Ölkənin yeni seçilmiş prezidenti Donald Trampın isə belə bir sazişi imzalaması ehtimalı yoxdur”.
Nəşrin yazdığına görə, Ukraynanın coğrafi baxımdan təhlükəsizliyi amerikalılar üçün deyil, avropalılar üçün vacibdir: “Artıq Avropanın bir neçə ölkəsi müharibədən sonra öz qoşunlarını Ukraynada yerləşdirmək variantını müzakirə edir”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Böyük Britaniya hökuməti Rusiya neftinin daşınmasında iştirak edən 20 gəmini sanksiya siyahısına daxil edib.
Bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu addım Rusiyanın enerji sektoruna təzyiqləri artırmaq və onun “kölgə donanması” adlandırılan gəmilərini hədəf almaq məqsədi daşıyır. Sanksiya tətbiq edilən gəmilər arasında “Andaman Skies”, “Mianzimu” və “Ocean Faye” də var. Onların hər biri bu il 4 milyon bareldən çox Rusiya nefti daşıyıb. Bu sanksiya tədbirləri gəmilərin hərəkətini məhdudlaşdırıb və bəzi Britaniya limanlarına girişini qadağan edib.
Ötən ay Böyük Britaniya Rusiyanın 30 neft tankerini sanksiya siyahısına əlavə edib və ümumilikdə daşımada iştirak edən 100-dən çox gəmi məhdudiyyətlərə məruz qalıb.
Yeni sanksiyalarla yanaşı, Böyük Britaniya Ukraynanın enerji infrastrukturunun bərpasına və müharibənin üçüncü qışında ən həssas təbəqələrə dəstək olmaq üçün 35 milyon funt sterlinq məbləğində əlavə maliyyə yardımı ayırıb.
Əsəd rejimin devrilməsindən sonra Yaxın Şərqdə yaranan yeni reallıqlar birbaşa və dolayısı ilə qonşu bölgələrə, xüsusən də Cənubi Qafqaza, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyəcək. Suriyada və Yaxın Şərqdəki əsas aktorların Cənubi Qafqazdakı marağını da nəzərə alsaq, o zaman mənzərə tam aydın olar.
Yaxın Şərqin əsas oyunçuları hesab edilən ABŞ, Türkiyə, İsrail, Rusiya, İran, Avropa İtttifaqı və digərlərinin Cənubi Qafqazda çox böyük maraqları var və bu maraqlarını təmin etmək uğrunda ciddi mübarizə aparırlar.
Suriyadakı son hadisələrdən sonra Yaxın Şərqdə Türkiyənin rolu əhəmiyyətli dərəcə artdığından növbəti mərhələdə bu rolun digər yaxın bölgələrə də öz təsirini göstərəcəyi istisnasızdır. Ankaranın Suriyada mövqeyinin möhkəmlənməsi birmənalı şəkildə Cənubi Qafqazda, Mərkəzi Asiya, Afrikada, xüsusən də Şimali Afrika, Sahel bölgəsində, Avropada geosiyasi təsir imkanlarının daha da artmasına geniş imkanlar yaradacaq.
İkinci Qarabağ savaşından sonra Ankaranın nəinki Cənubi Qafqazda, Mərkəzi Asiyada da təsir imkanları genişlənməkdədir. Ankaranın Avrasiya və Afrikada ciddi oyunçu və açar ölkə rolunda çıxış etməsi isə strateji müttəfiqi olan Azərbaycanın da tamamilə maraqlarına cavab verir. Bu eyni zamanda Bakının bölgədə və digər bölgələrdə nüfuzunun artmasına, qarşısında duran hədəflərə nail olunmasına yeni imkanlar yaradır. İkinci Qarabağ savaşından sonra Azərbaycanın bölgədə yaratdığı geosiyasi reallıqlardan irəli gələn hədəflərin və çağırışların icrasına öz töhfəsini verəcək.
Birincisi, Əsəd rejiminin çöküşü Ermənistan böyük zərbə olduğundan Ermənistan daha da küncə sıxılmış vəziyyətə düşəcək.
Suriyadakı erməni diasporu nəticəsində Əsəd rejimi ilə Ermənistan arasında çox sıx əlaqələr mövcud idi və bu hamıya bəlli idi. Məhz bunun nəticəsi olaraq Bəşər Əsəd 2020-ci ildə uydurma erməni soyqırımını tanımış oldu. Əsəd rejimi ermənilərin təsiri ilə beynəlxalq platformalarda davamlı Bakı və Ankaraya qarşı çıxaraq problemlər yaradırdı.
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də mediaya açıqlamasında aydın şəkildə bəyan edib. "Suriyadakı keçmiş rejim bir çox beynəlxalq təşkilatlarda Azərbaycana qarşı problemlər yaradırdı”, - Hikmət Hacıyev bildirib.
Azərbaycanla Suriya arasında diplomatik əlaqələr 1992-ci ilin mayında qurulsa da, 2014-cü ildən ölkəmizin Dəməşqdə səfirliyi yoxdur. Diplomatik əlaqələr minimum həddə enib. Tərəflər ancaq BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq edir.
İkitərəfli münasibətlər o səviyyəyə enib ki, Azərbaycan-Suriya parlamentlərarası işçi qrup belə yoxdur.
Amma Əsəd rejimin devrilməsi və Ankaranın yeni Suriyanın qurulmasında əsas açar ölkə rolu oynamasından sonra Bakı-Dəməşq əlaqələri yenidən bərpa olunacaq və inkişaf edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Bakının Suriyada humanitar problemlərin həllində iştirakında hazır olduğu mesajını verib.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də mətbuata açıqlamasında bəyan edib ki, Suriya ilə Azərbaycan arasında dostluq münasibətləri qurulacaq və ikitərəfli əlaqələr inkişaf edəcək.
Əsəd rejiminin çöküşü ilə erməni diasporunun Suriyadakı rolu tamamilə itib. Ermənilər yeni Suriyanın qurulmasında yerlərinin olmaması, onları çaşqın vəziyyətə salıb. Bu da Ermənistana böyük bir zərbədir. Çünki "böyük Ermənistan" ideologiyasında Suriya erməniləri çox aktiv rol oynayırdı. Lakin rejim dəyişikliyi ilə onlar bu imkanlarından da məhrum olacaqlar.
İkinci Qarabağ savaşından sonra Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan sülh danışıqlarından yayınmaqla geosiyasi vəziyyəti öz xeyirlərinə dəyişəcəyi düşüncəsi xam xəyaldan başqa bir şey deyil. Azərbaycan Prezidenti İrəvana onu da xəbərdarlıq edib ki, geosiyasi vəziyyət əksinə, onların maraqlarına uyğun olmayan istiqamətdə inkişaf edəcək. Bu da Ermənistanı üzləşdiyi vəziyyətdə daha da böhrana və çıxılmaz dalana dirəyəcək.
Bu baxımdan Suriyadakı hadisələr Azərbaycanın bölgədəki mövqeyinin möhkəmlənməsi ilə yanaşı daha üstün mövqeyə çıxmasına böyük imkan yaradır.
Bunu şərtləndirən digər amil isə Gürcüstandakı son hadisələrdir.
Yaranmış vəziyyət İrəvanı Bakının şərtləri daxilində sülh şərtlərini qəbul etməkdən yayınmaq istiqamətində manevr imkanlarını daha da daraldır və ona şərtləri qəbul etməkdən başqa alternativ buraxmır. Zaman Ermənistanın ziyanına işləyir. İrəvan tərəfi istər yaxın Şərqdə, istər Cənubi Qafqazda, istər Avropadakı dostlarının üzləşdiyi vəziyyəti düzgün dəyərləndirib Bakının şərtləri daxilində sülh sazişi imzalamasa, o zaman Ermənistanı proqnozlaşdırılması mümkün olmayan proseslər gözləyir.
İkincisi, Bakı və Ankaranın Orta Dəhlizin Cənubi Qafqazı tam əhatə edən şaxələndirilmiş, xüsusən də Zəngəzur dəhlizinin açılması ilə effektiv bir dəhlizə çevrilməsinə geniş fürsətlər açmasına öz töhfəsini verəcək. Ankaranın mövqeyinin güclənməsi Zəngəzur dəhlizinə qarşı çıxan gücləri zərərsizləşdirməyə imkan yaradacaq.
Üçüncüsü, Orta Dəhlizin imkanlarının artırılması baxımdan da mühüm əhəmiyyət kəsb edir.
Dördüncüsü, Türk Dövlətləri Birliyinin siyasi və iqtisadi güc kimi formalaşaraq ortaya çıxmasına öz müsbət təsirlərini göstərəcək.
Beşincisi, Azərbaycanın Yaxın Şərqdə, xüsusən də Suriyanın yenidən qurulma prosesinə cəlb olunması və Bakının da regional oyunçu qismində çıxışına fürsət yaradacaq.
Təbii ki, Suriyada baş verən hadisələr fonunda İsrail və Türkiyənin uğurları bölgəmizə doğru hərəkət edəcək. Türkiyə, İsrail və onların müttəfiqləri - yəni Azərbaycan - ətrafımızda cərəyan edən regional proseslərdə daha inamlı mövqedən çıxış edəcək.
Axar.az xəbər verir ki, bu sözləri erməni ekspert Şiraz Xaçatryan yerli mediaya geniş müsahibəsində deyib.
O bildirib ki, Rusiya və İranın Suriyada faktiki məğlubiyyəti fonunda xüsusilə Türkiyənin təsir imkanlarının son dərəcə genişlənməsi regional tənzimləmədə əhəmiyyətli dəyişiklik deməkdir:
“Hazırda regionumuzda daha aktiv addımlar atmaq, böyük oyunçularla yeni sövdələşmələr aparmaq üçün Türkiyənin əla fürsəti yaranıb. Deməli, Suriyada hərbi və siyasi baxımdan yekun nizamlanmadan sonra bölgəmizdə maraqlı inkişaflar başlaya bilər”.
Onun sözlərinə görə, Suriyada müxalifətin hakimiyyətə gəlməsi ilə İran Hizbullaha çatmaq üçün əsas quru yolunu, eyni zamanda, bu ölkədə İsraillə döyüşmək imkanı olan proksilərini itirdi:
“Bundan əlavə, İranın Aralıq dənizinə çıxışı daha da çətinləşdi və məhdudlaşdı. Deməli, Əsədin gedişi vəziyyəti kökündən dəyişir və İranın bölgədəki mövqeyi zəifləyir, o özünün proksi qüvvələri ilə əlaqədən və kommunikasiyalara nəzarətdən məhrum olur.
Hazırda görünən odur ki, ABŞ və kollektiv Qərb müttəfiqləri Türkiyə və İsrail timsalında Suriyada ciddi uğurlar qazanıb, orada Rusiya və İranın mövqelərini zəiflədiblər. Xüsusilə də Türkiyənin Yaxın Şərqdə uğurları bölgəmizdə davam edəcək. Necə, hansı alətlərlə və hansı məsələlər çərçivəsində? Aydındır ki, Türkiyə üçün ilk və əvəzolunmaz layihələrdən biri Zəngəzur dəhlizidir. Türkiyə də dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi ilə bağlı problem Ermənistanda deyil, İrandadır. Və hadisələrin necə inkişaf edəcəyi, Suriyadan sonra Yaxın Şərqdə hansı hərbi-siyasi vəziyyətin yarana biləcəyi, İranın ətrafındakı halqanın necə daralacağı və İranın bu çağırışlara necə reaksiya verəcəyi məsələsi var”.
O, təəssüflə qeyd edib ki, artıq İran ətrafında dairə daralır.
Suriya Mərkəzi Bankının qızıl ehtiyatları 26 ton olaraq qalır, bu da 2011-ci ildə vətəndaş müharibəsi başlamazdan əvvəlki göstəriciyə bərabərdir.
Reuters-in dörd mənbəsinə görə, bu ehtiyatların bazar dəyəri təxminən 2.2 milyard dollar təşkil edir.
Eyni zamanda, Suriya Mərkəzi Bankının valyuta ehtiyatlarının kəskin şəkildə azaldığı bildirilir. Mənbələrə əsasən, hazırda bu ehtiyatlar yüz milyonlarla dollar səviyyəsindədir. Müharibədən əvvəl – 2010-cu ildə – ölkənin valyuta ehtiyatları 18.5 milyard dollar idi.
Qeyd edək ki, keçmiş prezident Bəşər Əsəd və ailəsi 8 dekabrda ölkədən çıxarılaraq Rusiyada sığınacaq tapıb. Əsəd hökumətinin valyuta ehtiyatlarının bir hissəsi əvvəllər ərzaq, yanacaq və silah alışı üçün istifadə edilib.
“Financial Times”ın məlumatına görə, 2018-2019-cu illərdə Suriya Moskvaya ümumilikdə 250 milyon dollar nağd vəsait göndərib.
uriyadakı qeyri-müəyyənliklərin həllində açar ölkə Türkiyədir. Bölgədəki son vəziyyətin necə olacağını və qalib ölkənin kim olacağını heç kim bilmir. Amma məncə bu, Türkiyə olacaq.
Bunu ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp Suriyada Bəşər Əsəd rejiminin devrilməsinə səbəb olan və bundan sonrakı proseslərlə bağlı açıqlamasında deyib.
ABŞ-nin bölgədə Türkiyə ilə birgə işləyə biləcəyini ifadə edən Tramp Suriyadakı 900 amerikalı hərbçinin gələcək taleyi ilə bağlı məsələyə aydınlıq gətirib.
"Bunun başqa bir yolu olmalıdır. Bunlardan biri də Türkiyədir", - Tramp bildirib.
Türkiyənin "vacib bir güc" olduğunu qeyd edən Tramp bildirib ki, prezident Ərdoğan yaxşı anlaşdığı biridir: "Türkiyə böyük bir hərbi gücə malikdir. Və bu güc müharibələrdə zəifləmədi. Çox güclü bir dövlət və ordu qurdu".
“Bir neçə gündən sonra evliliyimizin 27-ci ildönümü olacaq, amma biz de-yure evli deyilik”.
“News.am” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyan barədə deyib.
“Biz nə dövlət qeydiyyatı, nə də dini baxımdan evliyik. Münasibətimiz ümumi övladlarımızla möhkəmlənir. Üstəlik, artıq neçə illərdir ki, Anna Akopyan faktiki olaraq Baş nazirin həyat yoldaşı kimi bəyannamə təqdim edir. Əslində, 27 ildir ailəliyik, amma evli deyilik”, - deyə o qeyd edib.
Akopyan isə əlavə edib ki, o, 17 yaşından həyatını Paşinyanla bağlayıb və ömrünün daha çox hissəsini onunla yaşayıb.
Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) Qərb ölkələrinə müraciət edib.
“Bu barədə “New-York Times”a istinadən xəbər verir.
“Ölkəmizdən bütün məhdudiyyətlərin götürülməsinə çağırırıq ki, dirçələ bilək. Hazırda ölkəni tərk edən cəllada qarşı sanksiyalar tətbiq edilib. Suriyada bütün sakinlərə xidmət edən ictimai qurumlar yaratmaq prioritet olmalıdır”.
Nəşr yazır ki, jurnalistlərə görüşdə, o, hərbi forma deyil, boz kostyum və mavi köynək geyinib. İçəriyə mobil telefonlar və səsyazma cihazları buraxılmayıb.
Əl-Şaraa geyimindəki dəyişikliyi ilə bağlı suala belə cavab verib: “Döyüş olduğu üçün biz hərbi geyimdə idik. Mülki görüşlərimiz olanda mülki geyim geyinirik”.
Moskvada yaşayış binasının birinci mərtəbəsində güclü partlayış baş verib.
“Bu barədə məlumatı rəsmi qurumlardakı mənbəyə istinadən TASS yayıb.
Bildirilib ki, ilkin məlumata görə, Ryazan prospektində qeydə alınan hadisə nəticəsində 2 nəfər həlak olub.
Rusiyanın “Baza” teleqram kanalı isə partlayışda həlak olanların rusiyalı general-leytenant İqor Kirillov və onun müavini olduğunu yazıb.
Generalın Rusiya Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının sədri olduğu qeyd olunub.